16 dekabr 2023 00:58
483

Könüllülük hərəkatı: xeyirxahlıq, fədakarlıq və təmənnasız yardım

Bu günlərdə Azərbaycan könüllülərinin VI Həmrəylik Forumu keçirilib. Prezident İlham Əliyev Forum iştirakçılarına müraciət ünvanlayaraq respublikamızda bu hərəkatın tarixi və fəaliyyəti ilə bağlı mühüm məqamlara diqqət çəkib.

“Azərbaycan Könüllülərinin VI Həmrəylik Forumu” Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə 5-19 dekabr tarixlərində keçirilən “Azərbaycan Könüllülük Həftəsi 2023” çərçivəsində Gənclər Fondunun, Gənclər və İdman Nazirliyinin, “ASAN xidmət”in təşkilati dəstəyi ilə baş tutub. Forum 3 minə yaxın Azərbaycan könüllüsünü bir araya gətirib. Tədbirə ölkəmizdə fəaliyyət göstərən 30 gənclər təşkilatının təmsilçiləri qatılıblar.

Dekabrın 13-də Bakı Konqres Mərkəzində baş tutan Forum Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunub ki, bu da təsadüfi deyil. Prezident İlham Əliyev bəhs olunan müraciətində vurğulayıb ki, Forumun Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar ölkəmizdə elan olunmuş “Heydər Əliyev İli” çərçivəsində təşkili xüsusi əhəmiyyət daşıyır. “Könüllülük hərəkatı məhz Ulu Öndərin xeyir-duası ilə geniş vüsət alaraq Azərbaycan gənclərini vahid platformada birləşdirmiş və ötən müddət ərzində ictimai həyatımızın ən müxtəlif sahələrini əhatə etmişdir. Zəngin mədəni-mənəvi dəyərlərimizi rəhbər tutan hərəkat əməli fəaliyyətində xeyirxahlıq, fədakarlıq və təmənnasız yardım kimi ali bəşəri keyfiyyətləri təcəssüm etdirmiş, cəmiyyətin etimadını layiqincə doğrultmuşdur”, - deyə dövlətimizin başçısı bildirib.

Respublikamızda son 20 ildə könüllülük hərəkatı keyfiyyətçə yeni bir mərhələyə yüksəlib. Dövlət başçısının imzaladığı Sərəncam əsasında respublikamızda 2020-ci il “Könüllülər İli” elan olunub. Prezident İlham Əliyevin 2019-cu ilin fevralında Azərbaycan Gəncləri Gününə həsr olunmuş Respublika Toplantısında etdiyi çağırışa əsasən bir çox dövlət qurumlarının nəzdində yaradılmış könüllü qrupları və könüllü təşkilatlarının birləşərək Azərbaycan Könüllü Təşkilatları İttifaqını təsis etməsi ölkəmizdə könüllülük hərəkatına güclü təkan verib. Hazırda ölkə həyatının hansısa bir sahəsini könüllülərsiz təsəvvür etmək belə mümkün deyil. “ASAN Könüllüləri”, “Bir Könüllü”, “Könüllü DOST”, “Aqrar İnkişaf Könüllüləri”, “İslahat Könüllüləri”, “Eko Könüllüləri”, “Gənc Könüllülər”, “Azərbaycan Diaspor Könüllüləri”  və digər belə təşkilat və proqramlarda birləşən könüllülər ölkəmizin inkişafına öz töhfələrini verirlər. Könüllülər, həmçinin ölkəmizin ev sahibliyi etdiyi mötəbər beynəlxalq yarışlar olan “Eurovision-2012” mahnı müsabiqəsi, 2015-ci il Avropa Oyunları, 2017-ci il IV İslam Həmrəliyi Oyunları, “Formula-1” yarışlarında misilsiz rol oynayıblar. Bu tədbirlərin keçirilməsi nəticəsində Azərbaycanın beynəlxalq miqyasa çıxarılacaq böyük potensiala malik təcrübəli könüllü bazası formalaşıb.

2020-ci ildə bütün dünyanı bürüyən koronavirus (COVID-19) pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin çağırışına cavab olaraq Azərbaycan könüllüləri hökumətə dəstək fəaliyyətində iştirakları ilə xüsusi seçildilər. Belə ki, hələ pandemiyanın ilk başladığı günlərdə “Könüllü Qonşu”, “Böyüklərimizi qoruyaq” və digər aksiyalara start verildi. Aksiyalar çərçivəsində könüllülər ölkəmizin dörd bir yanında yaşlı vətəndaşlarımızın təhlükəsizliyinin qorunması məqsədilə onların evlərini tərk etməmələri üçün ərzaq və dərman kimi zəruri ehtiyaclarını operativ şəkildə həll edərək, köməklik göstərdilər. O cümlədən iş yerlərini itirmiş, ehtiyacı olan ailələrə də ərzaq və digər yardımların edilməsində yaxından iştirak etdilər.

Azərbaycan könüllüləri Vətən müharibəsi dövründə də öz fəaliyyətləri ilə yadda qaldılar. Belə ki, könüllülər informasiya müharibəsində Azərbaycanın səsini dünyaya çatdırmaq üçün “Facebook”, “Twitter”, “Youtube” kimi böyük platformalarda #KarabakhisAzerbaijan, #StopArmenianAggression, #Karabakh kimi həştəqlərdən istifadə edərək on minlərlə foto və video, məlumatlar, tarixi faktlar paylaşıblar. Bu birlik nəticəsində “Twitter” platformasında qeyd edilən və digər bir sıra həştəqlər dünya trendinə düşüb.

Könüllülər Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisi və mülki infrastrukturuna vurulan zərərdən əziyyət çəkən vətəndaşlarımıza baş çəkərək onları diqqətdə saxlayıb, öz yardımlarını əsirgəməyiblər.

Bundan başqa, müharibə və postmüharibə dövründə şəhid və qazi ailələrinə edilən maddi və mənəvi yardımlar çətin günlərində könüllülərimizin də münasibəti sayəsində dövlətimizin vətəndaşının yanında olduğunu hiss etdirdi.

Postmüharibə dövründə də könüllülərin fəaliyyəti kifayət qədər geniş olub. Xüsusilə də 2022-ci ildə  Azərbaycan könüllüləri Xankəndi-Laçın yolunda keçirilən və 138 gün davam edən ekoloji aksiyanın əsas iştirakçıları qismində çıxış ediblər. Cari ildə isə könüllülərimiz dövlət başçısının çağırışına qoşularaq Türkiyədə baş vermiş ağır zəlzələ ilə bağlı səfərbər olaraq təbii fəlakətin fəsadlarının aradan qaldırılmasında yaxından iştirak ediblər.

Azərbaycan könüllülərinin bundan daha sonra da yeni çağırışlara hazır olduqları Forumda Azərbaycan könüllüləri adından Prezident İlham Əliyevə ünvanlanan müraciətdə öz əksini tapıb. Könüllülər öz müraciətlərində bildiriblər: “Biz - Azərbaycan könüllüləri, bundan sonra da dövlətimizin və xalqımızın qarşısında duran taleyüklü məsələlərin həllində Sizin, Müzəffər Ali Baş Komandanın yanındayıq. Sizinlə növbəti qələbələrə doğru addımlamağa hazırıq!”.

Nigar Orucova, “İki sahil”