16 dekabr 2023 00:02
539

Türkiyə nüvə dövləti olmaq yolunda uğurla addımlayır

Qardaş ölkənin son 13 ildə qazandıqları siyasi-iqtisadi uğurlar AES kimi bir çox böyük layihələrin öhdəsindən gələ biləcəyini göstərir

Son illər iqtisadi, siyasi və hərbi sahədə ciddi uğurlara imza atan qardaş Türkiyə bu gün dünyada söz sahibi olan dövlətlər sırasında yer alır. Regionda və hətta ətraf bölgələrdə Türkiyənin iştirakı olmadan hansısa ciddi layihənin icrası faktiki olaraq mümkün deyil. 15 il əvvəlki Türkiyə ilə bugünkü Türkiyə hərbi, iqtisadi və siyasi baxımdan ciddi fərqlənir. Enerji habına çevrilən Türkiyə öz maraqlarından çıxış edərək istənilən dövlətlə, beynəlxalq təşkilatla münasibətlər qurur, irimiqyaslı layihələrə imza atır. Bir neçə il əvvəl Rusiya ilə nüvə sahəsində əməkdaşlıq anlaşması əldə olunub və anlaşmaya əsasən, Rusiyanın “Rosatom” şirkəti Türkiyədə Akkuyu nüvə mərkəzi inşa edib. Mərkəz 10 kvadratkilometr ərazidə 4 min 800 meqavat gücə malik 4 reaktordan ibarətdir.

Bu bir faktdır ki, Birləşmiş Ştatlarda hakimiyyətdə olan bütün prezidentlər Türkiyənin nüvə enerjisi əldə etməsinə açıq şəkildə etiraz edib. Alternativ mənbələrə müraciət etməyə məcbur olan Ankara hətta Cənubi Koreya ilə nüvə stansiyasının tikilməsi ilə bağlı razılaşma əldə etsə də, onu reallaşdırmaq mümkün olmadı. Nəhayət ki, Rusiya ilə anlaşma imzalandı. Məhz Akkuyu layihəsindən sonra Türkiyənin bu stansiyanı qorumaq üçün hava hücumundan müdafiə sistemlərinə ehtiyacı yarandı və bu məqsədlə S-400 zenit qurğuları alındı. S-400 sistemləri məhz nüvə stansiyasını və Türkiyənin Aralıq dənizindəki maraqlarını qorumaq üçün alınıb.

Bu günün reallığı odur ki, əgər hansısa bir dövlət dünyada güclü iqtisadiyyata malik olmaq hədəfini seçibsə, mütləq nüvə enerjisinə malik olmalıdır. Dünyada ən çox istifadə olunan enerji mənbələrindən biri sözsüz ki, nüvə enerjisidir və qardaş ölkə də bundan yararlanmağa çalışır. Türkiyənin qarşıdakı dövrlərdə yeni bir nüvə stansiyası layihəsi də var. Türkiyə Nüvə Sənayesi Assosiasiyasının rəhbəri Alikaan Çiftçinin türk mediasına dediyi kimi, ölkədə enerji tələbatını ödəmək üçün bir neçə atom elektrik stansiyasına ehtiyac var. Bu layihələrin reallaşması Türkiyə sənayesi, iqtisadiyyatı üçün böyük dəstək olacaq. AES Ankara və İzmirin elektrik tələbatının hamısını, İstanbulun isə 90 faizini qarşılaya biləcək. Qeyd edək ki, Türkiyənin nüvə iddiasının güclü tərəfi ondan ibarətdir ki, ölkə geniş yanacaq yataqlarına malikdir. Bu da onu xarici tədarükçülərdən asılı vəziyyətə salmır. Türkiyə Respublikası Enerji və Təbii Ehtiyatlar Nazirliyinin məlumatına əsasən, ölkənin uran mədənlərində sübut edilmiş ehtiyatın həcmi 9 min ton təşkil edir. Bu da elektrik enerjisinin 30-35 il uranla təmin olunmasına kifayətdir. Həmçinin ehtiyatlara ən az 380 min ton torium filizini əlavə etmək olar.

Qeyd edək ki, qardaş ölkə son 60 ildə nüvə sisteminə sahib olmaq istiqamətində ciddi cəhd göstərib. Lisenziyanı illər öncə alsa da, indiyə qədər nüvə stansiyası tikə bilməmişdir. Qərb ölkələri, xüsusən də NATO üzrə müttəfiqi Birləşmiş Ştatlar hər vəchlə Ankaranın nüvə stansiyası əldə etmək istəyinə mane olub. Lakin Rusiya ilə Akkuyu Nüvə Stansiyasının tikintisi ilə bağlı anlaşma imzalamaqla Türkiyə bütün maneələri aradan qaldırmış oldu. Bu sazişə uyğun olaraq 300 türkiyəli tələbə Rusiyanın ən nüfuzlu ali məktəblərində nüvə enerjisi mühəndisliyi üzrə təhsil alıb. Hədəfi nüvə enerjisi olan Türkiyə hesab edir ki, ölkədə istehsalın genişlənməsi enerji məsrəflərinin azalmasından keçir. Bu səbəbdən də nüvə enerjisinin əldə olunması iqtisadiyyatı canlandıracaq vasitə kimi nəzərdən keçirilir.

“Türkiyənin Akkuyu AES-in ilk bloku 2025-ci ilin iyulunda istifadəyə veriləcək”, – Atom Stansiyasının tikintisi üzrə direktor müavini Dmitri Romanets bildirib. Romanetsin sözlərinə görə, AES-in birinci enerji blokunda ümumi tikinti işləri yekunlaşır və stansiyanın yaxın vaxtlarda istifadəyə verilməsi üçün hazırlıqlara başlanılacaq. “Bu mərhələdə biz bütün elementləri və avadanlıqları yoxlayacağıq. Akkuyu AES-in istismar müddəti 60 il göstərilsə də, daha 20 il uzadıla bilər. Müqaviləyə əsasən, biz ilk elektrik enerjisini 2025-ci ilin iyulunda verməliyik”.

Qeyd edək ki, hazırda atom elektrik stansiyasının tikintisində 30 minə yaxın insan gecə-gündüz işləyir. Obyektin tikintisi Türkiyə ilə Rusiya arasında 2010-cu il mayın 12-də imzalanmış hökumətlərarası sazişə uyğun olaraq həyata keçirilir. Türkiyənin ən böyük investisiyalarından biri olan elektrik stansiyasının Türkiyənin elektrik enerjisinə olan tələbatının 10 faizini təmin edəcəyi proqnozlaşdırılır. Noyabrın 25-də Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib ki, Rusiya və Türkiyə kiçik atom elektrik stansiyaları sahəsində əməkdaşlığı genişləndirməyə hazırdır. Onların perspektivli müştərək layihələrindən biri də yeni Sinop AES-in tikintisi, eləcə də az enerjili atom stansiyalarının tikintisi və qeyri-enerji sektoru texnologiyalarından istifadədir.

Sevinc Azadi, “İki sahil”