15 dekabr 2023 22:53
490

Qayıdış hüququ və ədalət...

Prezident İlham Əliyev: Qarabağın erməni azlığının daimi yaşamaq üçün geri qayıtması otuz il əvvəl Ermənistandan qovulmuş azərbaycanlıların qayıdışı ilə eyni vaxtda və eyni şərtlər daxilində həll edilməlidir

Bu gün riyakarcasına Azərbaycanı guya etnik təmizləmə siyasəti aparmaqda ittiham edən, baş verənlərə ikili standartlarla yanaşan bəzi Qərb dairələri ermənilərin tarix boyu soydaşlarımıza qarşı dəfələrlə soyqırımı törətmələri, onları öz ata-baba yurdları olan Qərbi Azərbaycan torpaqlarından didərgin salmaları faktlarını görməzdən gəlirlər. Ancaq həqiqətləri iftiralarla ört-basdır etmək mümkün deyil. Təkcə hazırda Ermənistanda bir nəfər belə azərbaycanlının yaşamaması reallığının özü kimin haqlı, kimin haqsız olduğunu sübut edir

Əslində, Qarabağın erməni azlığı ilə Qərbi azərbaycanlılara münasibəti də eyniləşdirmək düzgün deyil. Çünki Azərbaycan dövləti ermənilərə Qarabağda qalıb yaşamaları üçün hər cür şərait yaradır, onların təhlükəsizliyinə təminat verirdi. Ancaq onlar könüllü şəkildə Ermənistana köçməyə qərar verdilər. Azərbaycan Prezidenti İlham Əliyevin dekabrın 9-da “Euronews” televiziyasında yayımlanan müsahibəsində bildirdiyi kimi, bu, onların öz qərarı idi: “Qarabağ erməniləri ilə bağlı ictimaiyyətə verdiyimiz bəyanat və sonradan atdığımız addımlar göstərdi ki, biz istəyirdik onlar qalsınlar. Biz açıq şəkildə elan etdik və mən antiterror əməliyyatı başa çatdıqdan sonra Azərbaycan xalqına müraciətimdə bildirdim ki, onlar qala bilər. Biz elektron qeydiyyat portalını açdıq. Qayıtmaq istəyən hər kəsin belə bir hüququ var. Onların mülkiyyəti lazımi dərəcədə qorunur. Bütün tarixi və dini yerlər lazımınca qorunur.”

Ancaq 1991-ci ildə soydaşlarımızın vaxtilə əhalisinin mütləq əksəriyyətini təşkil etdikləri indiki Ermənistan ərazisindən tamamilə, özü də ən vəhşi üsullarla qovulmaları başa çatdırıldıqdan sonra həmin torpaqlar ermənilər tərəfindən mənimsənilib, tarixi irsimiz, dini abidələrimiz tamamilə dağıdılaraq məhv edilib. Dövlət başçımızın dediyi kimi “Biz onlar oranı sülh şəraitində tərk etsinlər deyə, onlara maksimum dərəcədə rahat şərait yaratdıq. Azərbaycanlılara qarşı tam əksi edilmişdir. Onlar otuz il bundan əvvəl ya qətlə yetirilmiş, ya da deportasiya olunmuş, işgəncələrə məruz qalmış, həbs edilmişdir və onların bəziləri yüksək dağlıq əraziləri aşmaq məcburiyyətində qalaraq həmin ərazilərdə donub ölmüşdür. Bu sənədlərlə təsdiq edilib. Qarabağ bölgəsinin ermənilərinin Ermənistana daxil olmaları da sənədləşdirilmişdir və hər şey humanitar standartlara əsasən edilmişdir.”

Əgər Qərb Qarabağın erməni azlığının geri qayıdışında belə maraqlıdırsa, eyni şərtlər daxilində azərbaycanlıların da Ermənistana qayıdışı təmin edilməlidir. Bunun ən ədalətli, beynəlxalq hüquqa uyğun formulunu da yenə Azərbaycan Prezidenti təqdim edib. Dövlət başçısı müsahibəsində bildirib ki, ya Qarabağın erməni azlığının daimi yaşamaq üçün geri qayıtması otuz il əvvəl Ermənistandan qovulmuş azərbaycanlıların qayıdışı ilə eyni vaxtda və eyni şərtlər daxilində həll edilməlidir, yaxud da sülh müqaviləsində bu məsələyə ümumiyyətlə toxunulmamalıdır: “Əgər onlar Azərbaycanda erməni azlığı məsələsini əks etdirmək istəyirlərsə, onda biz də otuz il əvvəl Ermənistandan qovulmuş azərbaycanlı azlığı məsələsini daxil etmək istərdik. Özü də Ermənistanda azərbaycanlıların sayı ermənilərin Azərbaycandakı sayından daha çoxdur və təxminən 300 min insan təşkil edir. Bir sözlə, mövqeyimiz belədir ki, həmin məsələ qarşılıqlı olmalıdır. Yaxud da ki, biz sülh sazişində bu məsələni qeyd etmirik.”

Azərbaycan çoxmillətli, çoxkonfessiyalı dövlətdir. Ölkəmizdə bir çox etnik qruplar birgə yaşasalar da heç zaman onların arasında dil, din, milli mənsubiyyət fərqi qoyulmayıb. Hamımız sülh içində yaşayırıq, hamımız eyni hüquq və təminatlardan faydalanırıq. İkinci Qarabağ müharibəsi də göstərdi ki, bizim hər birimiz canımızdan çox sevdiyimiz Azərbaycan adlı Vətənin vətəndaşlarıyıq və onun naminə yumruq kimi birləşməyə, uğrunda ölümə belə getməyə hazırıq. Üstəlik, ölkəmizdə yaşayan həmin etnik qrupların bəziləri say baxımından Qarabağı könüllü tərk etmiş ermənilərdən qat-qat çoxdur. Ona görə də bu gün ermənilər üçün “canıyananlıq” edən, dəridən-qabıqdan çıxan Qərb dairələri anlamalıdırlar ki, Azərbaycanda ermənilər heç vaxt başqalarından əlavə imtiyazlara malik olmayacaqlar. Qayıdıb vətəndaşlığımızı qəbul edib yaşamaq istəyirlərsə onu da nəzərə almalıdırlar ki, Ermənistan hökuməti Qərbi azərbaycanlılara da eyni şərtlərlə qayıdış imkanları yaratmalıdır. Beynəlxalq qanunlar da belə tələb edir, ədalətin də tələbi budur. Necə deyərlər, haqq da, hüquq da eyni şeyi deyir...

Mahir Rəsuloğlu, “İki sahil”