16 dekabr 2023 01:05
576

Zəfər seçkisi dağıdıcı ünsürlərin birdəfəlik iflası olacaq

Azərbaycanda gələn ilin 7 fevral tarixinə növbədənkənar prezident seçkilərinin təyin edildiyi gündən radikalların  nağıllar aləminə  səyahəti  aktuallaşıb. Azərbaycan xalqının Zəfər seçkisi  kimi dəyərləndirdiyi bu siyasi kampaniya bir neçə baxımdan əhəmiyyətli və  tarixi hadisədir.  Torpaqlarımızın 20 faizi Ermənistanın işğalı altında daldığı üçün əvvəllər  ölkədə  keçirilən prezident, parlament, bələdiyyə seçkiləri respublikanın bütün bölgələrini  əhatə etmirdi. Artıq  7 fevral seçkisində Azərbaycanın bütün ərazilərində vətəndaşlar, inandıqları namizədinə etimad göstərəcəklər.  Növbədənkənar prezident seçkiləri ilə bağlı  qərarı vaxtında atılan addım kimi dəyərləndirən  xalqımız həmin gün  Azərbaycanın əbədi müstəqilliyinə, sarsılmaz həmrəyliyimizə, xalq –iqtidar birliyinə səs verəcək. Ötən seçkilərdən fərqli olaraq  ölkəmizdə  yaranan dəyişiklikləri, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərini , yeni hədəflərə çağırışları dəstəkləyən seçicilərin  seçki məntəqələrinə axını daha  intensiv olacaq. Bütün insanlar bu seçkidə fəallıq iştirak etməklə Ermənistan üzərində Qələbəmizin  sevincini bir daha yaşayacaqlar.

Həmişə özlərini xalqdan kənarda hiss edən radikal düşərgə mənsubları isə yasa batıblar. Çaşqınlıq içərisində  çabalayan radikallar əvvəlki  ənənələrinə sadiq qalaraq seçkidə iştirak etmək yox, biri-birinə badalaq gəlməyin yollarını axtarır, milli maraqlarımızın əleyhinə iyrənc çıxışlar edir, bəyanatlar  səsləndirirlər.  Özlərini siyasətçi adlandıran AXCP sədri Əli Kərimli kimi, digər funksionerlər də  illərdən bəri vərdiş etdikləri satqınlıq ənənələrini davam etdirirlər.

 …Hər bir insan səhv edir. Amma sarsaq adam səhv etməkdə israrlıdır. Çox insan özü-özünün düşməni olur. Hər bir insan öz daxili dünyasının inikasıdır. İnsan özü haqqında necə düşünürsə, həyatda da elədir.  Nifrət dolu qəlblərini sağaltmadan sağlam düşünmə bacarığından danışanlar unudurlar ki,  heç bir ağıllı adam satqına inanmağı mümkün saymaz. Kədərlənmə ki,  səni heç kim tanımır,  özünün yetkinləşməməyindən kədərlən. Çox danışmaq əqlin azlığına, yalan danışmaq iradənin zəifliyinə  dəlalət edir. Yalan danışmağa adət edən adam tez rüsvay olar və çox ehtimal ki,  onun doğru sözünə də  inamazlar. Yalan yalnız insanı alçaldar. Bu müdrik kəlamları təsadüfən sadalamadıq. Çünki  illərdən bəri siyasi kampaniyalarda  məğlub olan, başları əhləd daşına dəysə də səhvlərini etiraf etmək iqtidarları olmayan, siyasi etikadan kənar  AXCP sədri Əli Kərimli, «Milli Şura» mənsubları  yenə də «mənəm-mənəm» deyirlər.

    Müxalif düşərgə mənsublarını, ən başlıcası isə AXCP-ni illərdən bəri təşvişə salan sosial bazalarının olmaması dərdi yenə də aktuallaşıb. Sosial şəbəkələrdə şər, böhtan yağdırmaqla  guya cəmiyyətdə  növbədənkənar seçkilərlə bağlı  mənfi rəy fomalaşdırmağa çalışsalar da  yalanlarını təsdiqləyəcək  real faktlar tapa bilmədikləri üçün havadan, sudan bəhs edirlər.

   Hələ də  Ermənistan üzərində Qələbəmizi qəbul etməyən,  hətta Silahlı Qüvvələrimizi belə gözdən salmağa çalışan AXCP sədri Əli Kərimli kimi, ona bənzər digər buqələmunlar  düşüncələrində yer alan « Köhnə hamam, köhnə tas» iddialarından çıxa  bilmirlər. Hələ də Nuh əyyamından qalmış çürük fikirləri ilə zehinləri korlamağa çalışırlar.  Siyasi perrondan uzaqlaşan  qatarlarının arxasınca baxaraq 10 il bundan öncəki fikirlərinin, arqumentlərinin ətrafında var-gəl edirlər. Ancaq bütün hallarda nə etdiklərini özləri də bilmədikləri üçün əliboş qalırlar.

 Çünki  torpaqlarımızın işğaldan azad edilməsi ilə onların bu bəhanələri aradan qaldırılıb. Azərbaycanın ərazi bütövlüyü bərpa edilib.  Xankəndidə dalğalanan  Bayrağımız ermənilər kimi, radikalların da gözünə ox kimi batır. Arada bir barmaqla sayılan «pullu üzvlərini» meydana çıxaran, trolları ilə sosial şəbəkələri zibilləyən,  xarici ölkələrdə  veyillənən anti-Azərbaycan şəbəkəsinin çığır-bağır, şər-böhtan maşınları olan internet  telekanallarına xalqın maraqlarına uyğun olmayan müsahibələr verən milli satqınların söyüş şəbəkəsinin «inqilaba hazırıq» sözlərinə heç özləri də inanmırlar. Çünki tarixdə görünməyən sərkərdəlik məharətini, qətiyyətini İkinci Qarabağ müharibəsində  bütün dünyaya bəyan edən Prezident, Ali Baş Komandan  İlham Əliyevin ətrafında sıx birləşən Azərbaycan xalqı 7 fevral seçkilərində də həmrəyliklərini nümayiş etdirəcəklər.
Azərbaycan xalqına bu xoşbəxtliyi yaşadan Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev   təkcə ölkəmizin vətəndaşlarının deyil, bütün dünya azərbaycanlılarının  yeganə namizədi kimi dəstəklənir. Ən əsası odur ki, hələ ortaya çıxarılası namizədləri olmayan Əli Kərimli kimi  müsavatçılar da nə istədiklərini dərk edə bilmirlər.

Azərbaycanın müstəqilliyinin əbədiliyi, xalqımızın xoşbəxt gələcəyi üçün qarşıda duran vəzifələri yerinə yetirən,  44 günlük Vətən müharibəsində və 2023-cü ilin sentyabrın 19-da başlayan və cəmi 23 saat 44 dəqiqə çəkən antiterror tədbirləri ilə erməni faşizmini, separtizmini məhv edən Prezident İlham Əliyev
Xankəndi şəhərinin meydanında Azərbaycan dövlətinin üçrəngli Bayrağını dalğalandırmaqla  Ermənistan kimi onun havadarlarına, respublikamızın daxilindəki  satqınlara tarixi dərs verdi. Dövlət başçımızın iştirakı ilə Xankəndidə keçirilən parad 7 fevral seçkilərinin qalibini də müəyyən etdi. Qarabağ Zəfərindən sonra Prezident İlham Əliyevin Azərbaycanda və beynəlxalq aləmdə artan nüfuzu, dəstəklənən diplomatiyası ermənipərst dairələr kimi, dağıdıcı müxalifəti də məyus etdi. Bütün Azərbaycan xalqının ətrafında birləşdiyi cənab İlham Əliyevlə müqayisədə özlərindən razı bəylərin hər rayondan 200 imza toplaya bilməməsi o deməkdir ki, sosial bazası olmayan radikal müxalifət iflasa məhkumdur. Başqa sözlə deyilsə, dünya miqyasında nüfuz və hörmət qazanan Prezident İlham Əliyevlə rəqabət apara biləcək siyasətçi yoxdur.

 Həmişə olduğu kimi, 7 fevral 2024-cü ildə  keçiriləcək növbədənkənar Prezident seçkilərində  də milyonlarla ölkə vətəndaşı  birmənalı olaraq Yenilməz Sərkərdə, Prezident İlham Əliyevə səs verməklə tərəqqiyə, inkişafa, təhlükəsizliyə, başlıcası Azərbaycanın firavan gələcəyinə səs verəcəklər.

 Əlacları kəsilən, guya namizədlərin seçilməsi, imzatoplanması, təbliğat-təşviqat üçün vaxtın azlığını bəhanə  gətirən müxalif ünsürlərin bu əsassız iddiaları boşboğazlıqdan başqa bir şey deyildir.  Cəmiyyətdə sosial dayaqları olan siyasi partiya üçün tələb edilən 40 min imzanı toplamaq o qədər də çətin deyil. Amma qovluq partiyalardan ibarət olan, özlərini siyasi təşkilat hesab edərək  prezident seçkilərinə bəhanələrlə böhtan yağdıranları  narahat edən də elə  sosial baza kasadlığıdır.  Özünü ana müxalifət hesab edən AXCP və «Milli Şura» da   daxil olmaqla bütün partiyaların sosial bazasının ümumi sayı heç bir rayonun, qəsəbənin, hətta iri kəndərin əhalisinin sayı qədər deyil.  Partiya üzvləri arsında istefaların sürətləndiyi AXCP, «Milli Şura» belə birlikdə tələb olunan imzanı toplaya bilməyəcəklərsə  günahı özlərində görüb, siyasi arenanı tərk etməlidirlər.

  Hamıya bəllidir ki, dağıdıcı müxalif ünsürlər, o cümlədən Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Fuad Qəhrəmanlı və digərlərinin  böhtanlarının məqsədi  7 fevral seçkilərində iştirak etmək deyil, bəhanələr gətirməklə  ölkədə sabit olan siyasi ab-havanı qarışdırmaq, daha çox qranta nail olmaqdır. Bəlli olan budur  ki,  cəmiyyətdə yeri, rolu olmayan, bütün siyasi kampaniyalarda  məğlubiyyətə uğrayan agent şəbəkəsi üçün  Zəfər seçkisi ilə radikal düşərgə mənsubları arxivə göndəriləcək

 Özlərini ana müxalifət adlandırsalar belə Əli Kərimli kimi, digər siyasi işbazların pozucu və məkrli  oyunları öz başlarında çatlayacaq. Bu dardüşüncəli məxluqlar  cənab İlham Əliyevin Prezidentliyi dövründə  ölkədə həyata keçirilən islahatlara, layihələrə  qısqanclıqla baxdıqları kimi, işğaldan azad edilən torpaqlarımızda aparılan bərpa-quruculuq  illərinə də kölgə salırlar. Nökər kimi xarici ağalarından aldıqları sifarişlər əsasında « siyasiləşən» bu yaramazların təxribatları xalq tərəifəndən nifrətlə qarşılanır. Siyasi kampaniyalar ərəfəsində  apardıqları anti-Azərbaycan təxribatları heç vaxt nəticə verməyib, verməyəcək.

 Çünki xalq-iqtidar birliyi, xüsusilə də ölkə vətəndaşlarının Prezident İlham Əliyevə olan sonsuz etimadı, sevgisi, inamı daha yüksək və sarsılmazdır. Bəlli olan budur ki,  İkinci Qarabağ müharibəsində, lokal xarakterli antiterror tədbirlərində,  işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa –quruculuq işlərində  xalqa arxa çevirən radikallar, pozucu ünsürlər üçün  növbədənkənar prezident seçkisi  son məğlubiyyətləri olacaq və  dağıdıcı müxalifət tarixin  arxivinə  gömüləcək.

Xuraman İsmayılqızı, «İki sahil»