16 dekabr 2023 02:16
487

Türkiyə hərbi sənayesi dünya silah bazarında gücə çevrilib FOTO

Qardaş ölkənin bu tərəqqisi düşmənlərin kabusu,  dostların qürur mənbəyidir

Qardaş Türkiyənin son bir neçə ildə hərbi sənayedə qazandığı ciddi uğurlar dünyanı heyrətləndirir.  Xüsusilə İkinci Qarabağ müharibəsində Türkiyə istehsalı olan PUA-lardan məharətlə istifadə edən Silahlı Qüvvələrimizin işğalçı Ermənistan ordusunu darmadağın etməsi hərb tarixinə qızıl hərflərlə yazıldı. Həmin uçuş aparatlarının döyüş tapşırıqlarını dəqiq və vaxtında icra etməsindən sonra dünyanın bir çox ölkələri qardaş Türkiyədən  bu aparatlardan almağa can atdılar.

Hazırda həmin PUA-lar dünyanın 10-dan çox ölkəsinə ixrac olunur.  2022-ci ildə Türkiyə yalnız PUA-ların ixracatından 4 milyard dollardan çox gəlir əldə edib. Qardaş ölkə bu uğurlarını davamlı etmək üçün hərbi büdcəsini də durmadan artırır. Belə ki, 2023-cü ildə bu sahəyə 25.2 milyard dollar ayrılıb. Halbuki, bu vəsait 2021-ci ildə 15,4 milyard dollar olmuşdu.

Digər sevindirici xəbər isə Türkiyənin  bu ilin əvvəlində dünyanın ilk hərbi PUA gəmisi – «TCG Anadolu»nu istifadəyə verməsi oldu. Gəmi orduda xidmətə tam hazırdır və Prezident Rəcəb Tayyib Ərdoğanın da qatıldığı mərasimlə Dəniz Qüvvələri Komandanlığına (DQK) təhvil verilib. Amfibiya hücum gəmisinin layihəsi DQK-nin ehtiyaclarına uyğun olaraq 2015-ci ildən hazırlanmağa başlanılıb və 2022-ci ildə onun  sınaqları həyata keçirilib. Gəminin uzunluğu 231, eni isə 32 metrdir. Maksimum yükdəyişmə qabiliyyəti  27 min 436 ton olan gəmi 13 tank, 27 zirehli amfibiya hücum maşını, 6 zirehli personal daşıyıcısı, 33 müxtəlif texnika və 15 qoşqu olmaqla ümumilikdə 94 nəqliyyat vasitəsini göyərtəsində daşıya bilir.

Belə bir məşhur atalar sözü var: «Borcluyam düşmənə, qoymur məni düşməyə». Yəni, mənası odur ki, düşmənlə mübarizədə ona ciddi müqavimət üçün fərd olaraq hər bir insan, toplum olaraq bir ölkə kimi inkişaf etməyə, heç kimdən asılı olmamağa məhkumsan. Bunun üçün milli iradə və qətiyyət mühüm şərtdir. Bu mənada qardaş Türkiyə ötən onilliklərdə ona tətbiq edilən ədalətsiz sanksiyalara qarşı özü ayaqda durmağa çalışdı və bacardı.  Belə ki, son illərdə ABŞ-ın Türkiyəyə «F-16» döyüş təyyarələri satışını dayandırması, Türkiyənin Rusiyadan «S-400» zenit-raket komplekslərini (ZRK) almasından sonra ABŞ-ın Türkiyəni «F-35» qırıcılarının istehsalı proqramından çıxarması və bu kimi bəhanələrlə hərbi sanksiyaların tətbiqi qardaş ölkənin hərbi sənaye sahəsinə ciddi yatırımlar etməsinə və nəticədə uğurlar qazanmasına səbəb oldu. Pilotsuz uçuş aparatları (İHA) və silahlı pilotsuz uçuş aparatlarının (SİHA) istehsalı ilə Türkiyə dünyada yüksələn bir gücə çevrildi. Müdafiə sənayesi sahəsində «Akıncı», «Hürkuş», «Singur», «Aksungur» kimi adlar adətən dünyada bir marka olaraq tanınmağa başlandı.

Həmçinin yaxın zamanlarda Türkiyə Jandarma Baş Komandanlığına GÖKBEY helikopterlərinin və Hərbi Hava Qüvvələrinə «Özgür» layihəsi əsasında modernləşdirilən «F-16» döyüş təyyarələrinin ilk partiyasının təhvil verilməsi planlaşdırılır. Eyni zamanda, «Meltem-3» layihəsi çərçivəsində hazırlanan sonuncu (6-cı) P-72 dəniz patrul təyyarəsi də Hərbi Dəniz Qüvvələrinin (HDQ) istifadəsinə təqdim olunub. Dəniz platformalarına gəldikdə burada «İstif» sinfinə aid «İstanbul» adlı freqat, «Derya» təminat gəmisi, habelə yeni tipli sualtı qayıq olan «Piri Reis» Türkiyəə aktiv şəkildə xidmət göstərməyə başlayıb.  Həmçinin embarqolar ilə üzləşməsi səbəbindən xaricdən alınan bəzi alt sistemləri də  qardaş ölkə özü istehsal edəcək. Bununla da «Altay» tankının ilk seriyalı istehsalı tamamlanacaq.

Bunlara əlavə olaraq yaxın gələcəkdə  «Şimşək» hədəf dronunun, uzun mənzilli «Siper» hava hücumundan müdafiə (HHM) sisteminin, «hava-hava» tipli «Bozdoğan» və «Gökdoğan» raketlərinin, habelə tank əleyhinə idarəolunan raket (TƏİR) kompleksinin ilk partiyası Türkiyə Silahlı Qüvvələrinə təhvil veriləcək. Eləcə də bu il «Gökdeniz» yaxın məsafəli raketlərinin döyüş gəmilərinə inteqrasiya edilməsinə və sualtı qayıqlar üçün hazırlanan AKYA torpedosunun istehsalına başlanılıb.

Prezident İlham Əliyev 2023-cü ilin aprelin 3-də Türkiyənin «Baykar» şirkətinin texniki direktoru Selcuk Bayraktarı qəbul edərkən bu fikri xüsusi qeyd etmişdir ki, Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətləri bütün  sahələrdə uğurla inkişaf edir. Türkiyənin müdafiə sənayesinin son illərdə çox böyük nailiyyətlər əldə etməsində «Baykar» şirkətinin fəaliyyətinin aparıcı rolunu qiymətləndirən Prezident İlham Əliyev Vətən müharibəsində bu şirkətin istehsal etdiyi məhsulların erməni işğalçılarının hərbi texnikasının məhv edilməsindəki rolunu qardaş dəstəyi adlandırmışdır.

Bu həmrəyliyi müxtəlif səviyyəli görüşlərdə diqqətə çatdıran, Türkiyənin artan gücünü Azərbaycanın qüdrəti kimi dəyərləndirən Ali Baş Komandanımızın qardaş ölkələrimiz arasındakı hərbi əməkdaşlığın daha da möhkəmlənəcəyi ilə bağlı əminliklə söylədiyi sözlər Ermənistanı və havadarlarını bundan sonra da ciddi düşündürməlidir.

Əgər 2002-ci ildə Türkiyə müdafiə sənayesinin xarici bazarlardan asılılığı 70 faiz idisə, son 20 ildə bu rəqəm 30 faizədək enib. Eyni zamanda, 2023- 2025-ci illərdə bu asılılığın tamamilə aradan qaldırılması planlaşdırılır.

Təbii ki, qardaş Türkiyənin  hərbi sənayesinin qlobal gücə çevirilməsi təkcə özünün deyil, bütün türk dünyasının əmin- əmanlığının qarantıdır. Xüsusilə indiki gərgin mərhələdə  Azərbaycan Ordusunun NATO-nun ən güclü ordularından biri hesab edilən Türkiyə Silahlı Qüvvələrinə uyğun modernləşdirilməsi  önəmli hadisədir və hərbi gücümüzə güc qatacaq amildir.

Elçin Zaman, «İki sahil»