16 dekabr 2023 01:54
586

Hərbçilərə yeni dövlət qayğısı

Hələ dünyada elə bir ölkə yoxdur ki,  öz hərbçilərinə Azərbaycandakı kimi diqqət və qayğı göstərsin. Mübaliğəsiz deyə bilərik ki, bu sahədə ölkəmiz hamıya nümunədir. Bunu faktlara nəzər salanda aydın görə bilərik.

Birinci və İkinci Qarabağ müharibələrində torpaqlarımızın azad edilməsi uğrundakı döyüşlərdə şəhid olanların ailələrinə, hərbi əməliyyatlarda iştirak edən və yaralanıb qazi olanlara dövlət qayğısı yüksək səviyyədədir. Onlar ev, torpaq sahəsi ilə təmin olunur, maddi ehtiyacları qarşılanır, pulsuz müayinə və müalicə olunurlar.  Lazım gələrsə yaralılar dövlət hesabına xarici ölkələrə müalicəyə göndərilirlər. Qısaca desək, ölkəmizdə bütün qapılar onların üzünə açıqdır və bütün istəkləri qeyd-şərtsiz yerinə yetirilir. Qısaca desək, cəmiyyətimizdə onlara hörmət və məhəbbət hissləri formalaşdırılıb. Əgər kimsə qeyri-qanuni tələb irəli sürürsə bu, dövlətin göstərdiyi qayğıya heç bir kölgə sala bilməz. Yaxşı ki, belə tələblərin sayı sıfıra bərabərdir.

Bu günlərdə hərbi qulluqçulara şamil edilən daha bir güzəşt paketi qəbul edilib. İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına güzəştli şərtlərlə ev alan zabit və gizirlərin kreditinin faizini dövlət qarşılayacaq.

 Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin "Gənclərin hərbi sahədə təhsil almasının təşviq edilməsi ilə bağlı tədbirlər haqqında" Fərmanında qeyd edilib. Sənədə əsasən, 2024-2025-ci tədris ilindən başlayaraq ali hərbi təhsil müəssisəsinə və hərbi kolleclərə daxil olan kursantlar həmin təhsil müəssisələrindən məzun olaraq Azərbaycan Ordusunda 5 təqvim ili zabit və ya gizir kimi həqiqi hərbi xidmət keçdikdən sonra yaşayış sahəsinin alınması üçün İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına güzəştli ipoteka kreditindən istifadə etdikdə müvafiq yaşayış sahəsinin qiymətinin 15 faizədək olan hissəsi dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir.

Nazirlər Kabineti üç ay müddətində güzəştli ipoteka krediti üzrə yaşayış sahəsinin qiymətinin 15 faizədək olan hissəsinin maliyyələşdirilməsi, habelə güzəştli ipoteka kreditinin bir hissəsinin ödənilməsinə dövlət tərəfindən maliyyə dəstəyi göstərilməsi ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Əlbəttə, böyük güzəştdir. Tutaq ki, həmin hərbi qulluqçu dəyəri 100 min manat olan mənzil alır. Həmin pulun 15 min manatı dövlət tərəfindən ödənilir. Bu, kiçik məbləğ deyil!

Bütün güzəşt və imtiyazlar hərbçilərimizə halaldır. Çünki onlar  Vətənimizi qəhrəmanlıqla qoruyur, düşmən ordusunu darmadağın edirlər. Məhz onların qəhrəmanıqları hesabına hələ də İkinci Qarabağ müharibəsində qazanılan Böyük Qələbənin xoş təsiri altında yaşayırıq. Başımız uca, üzümüz ağ olur!

Vəli İlyasov, "İki sahil"