16 dekabr 2023 01:35
515

Böyük Qayıdış: Arzular gerçəkliyə qovuşur

44 günlük Vətən müharibəsində qazandığımız Zəfərimiz postmüharibə dönəmində yeni reallıqlar yaratdı. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə yeni ab-hava var. Təqribən 30 ilə yaxın dövr ərzində işğal altında olan torpaqlarımız öz azadlığına qovuşduqdan sonra həmin ərazilərdə böyük quruculuq işləri geniş vüsət alıb. Prezident İlham Əliyevin tapşırıqlarına müvafiq olaraq düşmən əsarətindən qurtulmuş şəhər və rayonlarımızda bu gün irimiqyaslı tikinti layihələri həyata keçirilir, infrastruktur əsaslı şəkildə yenilənir.  Qələbədən sonrakı üç il müddətində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonundakı bərpa-quruculuq işlərinə dövlət büdcəsindən 12 milyard manat vəsait ayrılıb. 2024-cü ilin dövlət büdcəsində isə 4 milyard manat vəsait nəzərdə tutulub.

Yeni mərhələdə qarşıya qoyulmuş hədəflərin reallaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq edilmişdir. Bu prioritetlərə söykənən Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli       Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əks olunmuş “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramı” hazırlanmışdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 iyun tarixli sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə yaşıl enerji zonasının yaradılması üzrə tədbirlər planı” təsdiq edilib və “Optimal istilik və isti su təchizatı sistemlərinin seçilməsi və müvafiq infrastrukturun qurulması ilə bağı təkliflərin hazırlanaraq təqdim edilməsi” “Azəristiliktəchizat” ASC-ə həvalə edilib. Təbii ki, Böyük Qayıdışın tam şəkildə təmin üçün bir sıra mühüm amillər vacib şərtdir. Bunların sırasında isə minalanmış əraziələrin təmizlənməsi də öncül sıralarda yer alır. Mənfur düşmənin 30 il ərzində işğal altında saxladığı torpaqlarımızda basdırdığı minalar indiyə qədər yüzlərlə vətəndaşmızın həyatına son qoyub. Həmin ərazilərin minadan təmizləmə işləri isə sürətlə davam etdirilir.

Vergi güzəştlərinin tətbiqi, özəl təşəbbüslərin, emal sahəsinin stimullaşdırılması üçün güzəştlərin tətbiqi, müasir bilik və bacarıqlara malik mütəxəssislərin azad edilmiş ərazilərə cəlb edilməsi, bu ərazilərdə yaşayış massivlərinin inşası ilə bağlı dövlət-özəl tərəfdaşlığının artırılması planlaşdırılır. Azad edilmiş ərazilərdə əlavə olaraq yeni iş yerləri yaradılacaq. Qarabağa Böyük Qayıdış Proqramı çərçivəsində ilk olaraq əhalinin məskunlaşması və məşğulluğunun təmin edilməsi əsas proitet məsələlərdəndir. Məskunlaşma ilə eyni vaxtda infrastrukturun qurulması gələcəkdə turizm, nəqliyyat, logistika, kənd təsərrüfatı, emal sənayesi və yaşıl enerji istiqamətində görüləcək xeyli işlər var. Adları çəkilən sahələrin hərəkətə gətirilməsi üçün insan resursları potensialına ehtiyac duyulur. Əhalinin məskunlaşması və məşğulluğunun təmin edilməsi üçün geniş perspektivlər mövcuddur. Azərbaycan dövləti postpandemiya və postkonflikt dövrünü əhatə edən strateji dövrə daxil olub. Milli iqtisadiyyatın maliyyə dayanıqlılığının daha da gücləndirilməsi istiqamətində yeni hədəflər gerçəkləşdirmək əzmindəyik.

Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış Proqramına uyğun olaraq ümumilikdə 987 ailənin (3932 nəfər) köçürülməsi təmin olunub. Cari ilin sonunadək əlavə olaraq 215 ailənin köçürülməsi gözlənilir. Böyük Qayıdışa dair I Dövlət Proqramı üzrə qayıdış prosesinin ilkin mərhələsinə start verilib. 2026-cı ilədək 34 500 ailənin və ya 140 min vətəndaşın köçürülməsi nəzərdə tutulub. Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası üçün sonrakı illərdə 14,5 milyard manat vəsait nəzərə alınmaqla 2022-2026-cı illərdə ümumilikdə təqribən 30,5 milyard manat məbləğində vəsait tələb olunur.

Böyük Qayıdış Proqramının uğurla həyata keçirilməsi üçün bütün tədbirlər görülür və bu proses şəxsən ölkə Prezidentinin nəzarəti, birbaşa qayğısı əsasında həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin görülməsi, Böyük Qayıdış prosesinin sürətləndirilməsi gücümüzü, məqsədimizi, birliyimizi, xalqımızın böyüklüyünü bir daha göstərir. Ali Baş Komandanın qətiyyətli mövqeyi, xalqımızın birliyi və ordumuzun əzmi ilə ölkəmiz istədiyi bütün hədəflərə nail ola bilmə bacarığına sahibdir.

Əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində işğaldan azad olmuş torpaqlarımız tezliklə bərpa ediləcək və daimi sakinlərinin  yurd yeri olacaq. Bu işdə hər birimiz ölkə başçımıza əməli işimizlə dayaq olmalıyıq və olacağıq.

Yaqut Ağaşahqızı, “İki sahil”