15 dekabr 2023 15:08
379

Azərbaycanın qaz ixracı coğrafiyası daha da genişlənir

Serbiya-Azərbaycan əlaqələri sürətlə və dinamik şəkildə inkişaf edir. Dövlət başçılarının qarşılıqlı səfərləri onu göstərir ki, əməkdaşlıq əlaqələri davamlı olaraq inkişaf edir. Prezidentlərin şəxsi dostluq münasibətləri böyük dərəcədə Serbiya-Azərbaycan əlaqələrinin inkişafına xidmət edir. Prezident cənab İlham Əliyev  dekabrın 10-da Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində  çıxışı zamanı Serbiya-Azərbaycan əlaqələri haqqında danışarkən bu fikirləri səsləndirdi.  Ölkə başçısı həmçinin Azərbaycan və Bolqarıstan münasibətlərinə də toxunaraq strateji tərəfdaşlıq Sazişindən bəhs etdi. Ölkələrimiz arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamə əməkdaşlıq əlaqələrinin yüksək statusundan xəbər verir.

Azərbaycanın qaz ixracı coğrafiyası daha da genişlənir. Hazırda ölkəmiz səkkiz ölkəyə təbii  qaz ixrac edilir. Serbiya doqquzuncu ölkədir. Bu doqquz ölkənin yeddisi Avropa ölkəsidir. Açılış mərasimində  çıxışı zamanı Prezident cənab İlham Əliyev   vurğuladı ki, interkonnektorun fəaliyyətə başlaması həm ölkələrin sənaye inkişafına, həm də Avropanın enerji təhlükəsizliyinə önəmli töhfə verəcəkdir.

Məlim olduğu kimi, keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır və bu memorandum effektiv şəkildə icra edilir. Bu memoranduma görə, Azərbaycan 2027-ci ilə qədər Avropaya göndərilən qazın həcmini iki dəfə artırmalıdır. Prezident cənab İlham Əliyev  də çıxışında qeyd etdi ki, 2021-ci ildə Avropa məkanına qaz ixracımız 8 milyard kubmetrdən bir qədər çox olmuşdursa, bu il bu, təxminən 12 milyard kubmetrə çatacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir.

Həyata keçirilən işlərə nəzər yetirdikdə görmək mümkündür ki, Azərbaycanın bütövlükdə enerji strategiyası uğurla icra edilir. Ölkəmiz tərəfindən irəli sürülmüş və icra edilmiş layihələr Avropanın və Asiyanın - Avrasiyanın enerji xəritəsini böyük dərəcədə yenidən tərtib etmişdir.

Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində  çıxışı zamanı Prezident cənab İlham Əliyev strateji əhəmiyyət kəsb edən neft kəmərlərinin önəminə də diqqət çəkərək bildirdi ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft kəmərləri bu gün Azərbaycan neftini Aralıq dənizinin və Qara dənizin bazarlarına çatdırır. Eyni zamanda, uzunluğu 3500 kilometr olan nəhəng infrastruktur layihəsi olan Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinə çox böyük töhfə verir.

Məhz həyata keçirilmiş regional və beynəlxalq əhəmiyyətli enerji layihələrinin nəticəsi olaraq Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı kimi dəyərləndirir. Prezident cənab İlham Əliyev  dekabrın 10-da Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində  çıxışı zamanı bu məsələyə diqqət çəkdi. Ölkə başçısı xatırlatdı ki, Azərbaycan, sözün əsl mənasında, etibarlı tərəfdaşdır, dostluq ənənələrinə həmişə sadiqdir və dostluğu yüksək qiymətləndirir. Məhz dostluq, qarşılıqlı anlaşma, strateji tərəfdaşlıq üzərində qurulmuş əlaqələr bir çox ölkələrin maraqlarını təmin edir və qaz sahəsində əməkdaşlıq, eyni zamanda, genişmiqyaslı regional əməkdaşlığa da güclü zəmin yaradır.

Cavid Osmanov,

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı