14 dekabr 2023 11:45
4837

Strateji hədəflər

“Euronews” televiziyasına müsahibəsində Prezident cənab İlham Əliyev qeyd edib ki, əsas dövlət xərcləri azad edilmiş Qarabağa və Şərqi Zəngəzura yönləndiriləcək. Keçmiş məcburi köçkünlər mümkün qədər tez yerləşdirməlidirlər. 2026-cı ilin sonunadək 140 min insanın yerləşdirilməsi planlaşdırılır. Bunun üçün isə infrastruktura, yaşayış yerlərinin inşasına və sosial infrastruktura böyük vəsait yatırılmalıdır. Ölkə başçısı həmçinin qeyd edib ki, yanacaq enerjisi sahəsinə investisiyaların qoyuluşu davam edəcək. Çünki təbii ehtiyatlar baxımından Azərbaycanda böyük potensial var, Avropada Azərbaycan qazına böyük ehtiyac var və bu ehtiyac artmaqdadır. Əhəmiyyətli inkişaf bərpaolunan enerji mənbələri ilə bağlıdır. Bu, birbaşa xarici investisiyaların əsas istiqaməti olacaq. Ötən ay regionun ən böyük, 230 meqavat gücündə olan və xarici investorlar tərəfindən tam maliyyələşdirilmiş günəş elektrik stansiyasının açılışı olub. Növbəti 5-6 ildə 10 qiqavat həcmində günəş və külək enerjisinin istehsalı planlaşdırılır. Azərbaycan bir çox böyük beynəlxalq oyunçular tərəfindən etibarlı tərəfdaş hesab edilir və biz bu əməkdaşlığın real nəticələrini görürük. Azərbaycanı istənilən rəqabətdən, geosiyasi mübarizədən və ya böyük dövlətlərin toqquşmasından qorumaq üçün lazımi addımlar atılır. Azərbaycan müstəqil xarici və daxili siyasətə malik ölkədir və bu siyasəti milli maraqlara əsaslanaraq yürüdür. Əsas amillərdən biri ölkəni qarşıdurma, yaxud rəqabət arenasına çevirməməklə dövləti mənfi xarici təsirdən və daxili işlərə müdaxilədən qorumaqdır.

Prezident cənab İlham Əliyev müsahibəsində onu da bildirib ki, ölkəmizin enerji sahəsinin inkişafı neft hasilatından təbii qaz istehsalına keçid edib. Bununla yanaşı, Azərbaycanın neft hasilatı və ixracı hələ də bir çox ölkənin enerji təhlükəsizliyinin bir hissəsidir. Üç il öncə 3500 kilometr uzunluğunda inteqrasiya edilmiş qaz boru kəmərlərindən ibarət olan Cənub Qaz Dəhlizinin başa çatdırılması Azərbaycana özünün qaz təchizatının coğrafiyasını genişləndirmək imkanı yaratdı. Bu gün ölkəmiz Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya və Rumıniyaya qaz ixrac edir.

“Euronews” televiziyasına müsahibəsində Prezident cənab İlham Əliyev vurğulayıb ki, hətta işğal dövründə iqtisadiyyatımız inkişaf edib. Artıq ölkəmiz ərazi bütövlüyü və suverenliyini tam bərpa edib. Genişmiqyaslı iqtisadi islahatlar aparılır ki, büdcədə daha çox vəsait toplansın. Gömrük və vergi inzibatçılığı sahəsində olduqca uğurlu islahatlar həyata keçirilib. Bundan əlavə, bağlantı layihələrindən böyük həcmdə mənfəət əldə olunacaq. Şimal-Cənub və Şərq- Qərb nəqliyyat dəhlizlərindən Azərbaycan ərazisindən keçən, müxtəlif istiqamətlərə daşınan 10 milyonlarla ton əlavə yük gözlənilir. Bu, məşğulluq, əlavə vəsait, Azərbaycanın geosiyasi əhəmiyyəti deməkdir. Azərbaycan bir ay içində xarici borcunu ödəyə bilər. Dünyada bunu edə biləcək çox ölkə yoxdur. Əsas beynəlxalq aktorlarla yaxşı siyasi əlaqələri olan, özünü təmin edən iqtisadiyyat və ölkədəki siyasi sabitlik və birlik - bütün bu amillər onu göstərir ki, ölkəmizdə daxili risklər yoxdur.

Bildirməliyəm ki, keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır və bu memorandum icra edilir. Bu memoranduma görə, Azərbaycan 2027-ci ilə qədər Avropaya göndərilən qazın həcmini iki dəfə artırmalıdır. Artıq rəqəmlər onu göstərir ki, biz inamla bu hədəfə doğru gedirik. 2021-ci ildə bizim Avropa məkanına qaz ixracımız 8 milyard kubmetrdən bir qədər çox olmuşdursa, bu il bu, təxminən 12 milyard kubmetrə çatacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir.

Bizim çox genişmiqyaslı başqa planlarımız var. Azərbaycanın bütövlükdə enerji strategiyası uğurla icra edilir. Bizim tərəfimizdən irəli sürülmüş və icra edilmiş layihələr Avropanın və Asiyanın - Avrasiyanın enerji xəritəsini böyük dərəcədə yenidən tərtib etmişdir. Bakı-Tbilisi- Ceyhan, Bakı-Supsa neft kəmərləri bu gün Azərbaycan neftini Aralıq dənizinin və Qara dənizin bazarlarına çatdırır. Cənub Qaz Dəhlizi - uzunluğu 3500 kilometr olan nəhəng infrastruktur layihəsi Avropanın enerji təhlükəsizliyinə çox böyük töhfə verir. Təsadüfi deyil ki, Avropa Komissiyası, onun yüksək vəzifəli şəxsləri Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı kimi dəyərləndirirlər. Onu da bildirməliyəm ki, - bu sözləri əminəm ki, dostum Rumen də təsdiq edə bilər, - bizim Bolqarıstana qaz təchizatımız iki il bundan əvvəl başlamışdır. 2021-ci ildə 270 milyon kubmetr qaz təchiz edilmişdir. Keçən il 500 milyon kubmetrdən bir qədər çox. Bu il isə bu rəqəm 1 milyard kubmetrə yaxın olacaqdır. Azərbaycan, sözün əsl mənasında, etibarlı tərəfdaşdır, dostluq ənənələrinə həmişə sadiqdir və dostluğu yüksək qiymətləndirir. Məhz dostluq, qarşılıqlı anlaşma, strateji tərəfdaşlıq üzərində qurulmuş əlaqələr bir çox ölkələrin maraqlarını təmin edir və qaz sahəsində əməkdaşlıq, eyni zamanda, genişmiqyaslı regional əməkdaşlığa da güclü zəmin yaradır. Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi, Avropa məkanı və Azərbaycan, Avropa İttifaqı əlaqələri - bütün bu istiqamətlər müsbət məcrada inkişaf edir və bizim gələcək planlarımız da bu istiqamətlərə xidmət göstərəcəkdir.

Gələcək planlarımız, təbii ki, qaz təchizatının coğrafiyasını daha da genişləndirməkdir və gələcəkdə Avropa məkanında yeni yaradılacaq interkonnektorlar vasitəsilə yeni ölkələrin bazarlarına çıxmaqdır. Bizim əsas hədəfimiz bərpaolunan enerji növləri ilə bağlıdır və 10 qiqavat bərpaolunan enerji növlərinin yaradılması üzrə Azərbaycan tərəfindən investorlarla sazişlər və anlaşma memorandumları imzalanmışdır. Bir neçə gün bundan əvvəl yenə də biz növbəti dostluq təzahürünün şahidi olmuşuq. Həm Serbiya, həm Bolqarıstan, həm Şərqi Avropa qrupuna daxil olan digər ölkələr Azərbaycanın namizədliyini dəstəkləyərək COP29 konfransının Azərbaycanda, Bakıda keçirilməsinə izn verdilər, öz dəstəyini göstərdilər. Bu, bir daha həm dostluğumuzun nümunəsidir, eyni zamanda, onu göstərir ki, baxmayaraq, Azərbaycanın zəngin neft və qaz resursları var, biz gələcəyimizi təmiz yaşıl enerjinin istehsalında və ixracında görürük. Əminəm ki, gün gələcək və buna oxşar mərasim yaşıl enerji layihələri ilə bağlı keçiriləcəkdir.

Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevlə birgə Belqradda keçirilən mətbuat konfransında bildirib. Serbiya Prezidenti qeyd edib ki, Azərbaycan qaz hasilatı və ixracı ilə bağlı böyük imkanlara malikdir. Azərbaycan bu il 22 milyard kubmetr qaz ixrac edəcək. Gələcəkdə isə bu rəqəmin 35   milyard   kubmetrə   çatacağı   gözlənilir. "Biz Serbiya-Bolqarıstan arasında interkonnektorun inşasına çalışırıq. Biz əvvəlcədən Bakıdakı dostlarımızla qazın həcmi ilə bağlı razılığa gəlmişik. Biz müvafiq transmissiya məsələlərini müzakirə etmişik. Bu, nəhəng bir layihədir. Qara dənizin altından çəkiləcək boru xətti bir çox ölkələri əlaqələndirəcək və bizim enerji müstəqilliyimizi təmin edəcək", - deyə Aleksandar Vuçiç vurğulayıb.

Orxan İsmayılov, 
YAP Xətai rayon təşkilatının fəalı