15 dekabr 2023 11:16
586

Səmimi dostluğun təzahürü

Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən sonra hər zaman dostluğa və qarşılıqlı faydalı əməkdaşlığa açıq bir dövlət olmuşdur. Xüsusilə 20 sentyabr 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə “Əsrin müqaviləsi” imzalandıqdan sonra Azərbaycan Respublikası bir sıra dövlətlərlə enerji sahəsində fəal əməkdaşlığa başladı. Qeyd etmək lazımdır ki, Ulu Öndər Heydər Əliyev ölkəmizin enerji siyasətini sağlam təməllər üzərində formalaşdırmışdır. Ümummilli liderimiz Heydər Əliyevin siyasi və iqtisadi kursunu layiqincə davam etdirən möhtərəm Cənab İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə də enerji strategiyamız daha da şaxələndirilmişdir. Azərbaycan Respublikası son dövrlərdə Avropanın enerji təhlükəsizliyinə mühüm töhfələr verməkdədir. Əksər Avropa dövlətləri də ölkəmizlə əməkdaşlığa xüsusi maraq göstərirlər.

Enerji sahəsində əməkdaşlıq etdiyimiz dövlətlər içərisində Balkan ölkələri özünəməxsus yer tutur. Bu baxımdan ölkə başçımızın 10 dekabr 2023-cü ildə Serbiyaya səfəri çox mühüm əhəmiyyət daşıyırdı. Qeyd olunan tarixdə Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimindəki çıxışında Cənab İlham Əliyev vacib mesajlar səsləndirdi. Dövlət başçımız bildirdi ki, gələcək planlarımız qaz təchizatının coğrafiyasını daha da genişləndirməkdir və gələcəkdə Avropa məkanında yeni yaradılacaq interkonnektorlar vasitəsilə yeni ölkələrin bazarlarına çıxmaqdır. Bizim digər mühüm hədəfimiz bərpaolunan enerji növləri ilə bağlıdır və 10 qiqavat bərpaolunan enerji növlərinin yaradılması üzrə Azərbaycan tərəfindən investorlarla sazişlər və anlaşma memorandumları imzalanmışdır. Bütün bu addımlarımız enerji strategiyamızı daha da dərinləşdirməyə və şaxələndirməyə hesablanıb. Dövlət başçımız qeyd etdi ki, bir neçə gün bundan əvvəl biz növbəti dostluq təzahürünün şahidi olduq. Həm Serbiya, həm Bolqarıstan, həm Şərqi Avropa qrupuna daxil olan digər ölkələr Azərbaycanın namizədliyini dəstəkləyərək COP-29 konfransının Azərbaycanda, Bakıda keçirilməsinə izn verdilər, öz dəstəyini göstərdilər. Bu səmimi dostluğumuzun nümunəsidir. Eyni zamanda, baxmayaraq ki, Azərbaycanın zəngin neft və qaz resursları var, biz gələcəyimizi təmiz yaşıl enerjinin istehsalında və ixracında görürük. Gün gələcək və buna oxşar mərasimlər yaşıl enerji layihələri ilə bağlı keçiriləcəkdir.

Azərbaycan Respublikası həm də eyni zamanda şərq ilə qərb arasında mühüm körpü rolunu oynayır. Ölkəmiz sözün əsl mənasında, etibarlı tərəfdaşdır, dostluq ənənələrinə həmişə sadiqdir və dostluğu yüksək qiymətləndirir. Məhz dostluq, qarşılıqlı anlaşma, strateji tərəfdaşlıq üzərində qurulmuş əlaqələr bir çox ölkələrin maraqlarını təmin edir və qaz sahəsində əməkdaşlıq, eyni zamanda, genişmiqyaslı regional əməkdaşlığa da güclü zəmin yaradır. Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi, Avropa məkanı və Azərbaycan, Avropa İttifaqı əlaqələri - bütün bu istiqamətlər müsbət məcrada inkişaf edir. Dövlətimizin yürütdüyü uğurlu enerji siyasəti həm ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun daha da artmasını təmin edir, həm də hər bir vətəndaşımızın sosial rifah halının yüksəlməsinə əvəzsiz töhvələr verir.

Vasif Səfiyarov,

YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi