14 dekabr 2023 23:19
387

Qərbin gözləmədiyi addım

Xəbər verildiyi kimi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində iki ölkə arasında etimad quruculuğu istiqamətində ciddi addımların atılmasına dair razılıq əldə olunub. Hazırda həmin razılaşmaya əsasən, Azərbaycan ilə Ermənistan arasında qarşılıqlı surətdə əsir mübadiləsi aparılır, müsbət mesajlar verilir. Şübhəsiz, bütün bu hadisələr Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına müsbət təsir göstərir. Bu da yaxın gələcəkdə iki ölkə arasında sülh müqaviləsinin imzalanacağından və diplomatik əlaqələrin qurulacağından xəbər verir. Belə razılaşmanın əldə olunması, həm də ölkələrarası münasibətlərin tənzimlənməsi baxımından yeni bir səhifənin açılması deməkdir.

Bunu dünyanın aparıcı dövlətləri, beynəlxalq təşkilatlar, həmçinin politoloqlar da təsdiq edirlər. Hətta həmin razılaşma iki ölkə arasında ədalətli və davamlı sülh yolunda mühüm inam yaradan sənəd kimi xarakterizə olunur. Məsələn, Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun sabiq həmsədri, Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, beynəlxalq ekspert Metyu Brayza bildirib ki, Azərbaycanın Qarabağ bölgəsindən erməni qoşunlarının çıxarılması və separatçı rejimin ləğv edilməsi ilə sülh müqaviləsinə gedən yolda sonuncu maneə aradan qaldırılıb. Bunu vacib addım adlandıran Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel də elə bu qənaətdə olduğunu bildirib. Hətta dekabrın 8-də Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç Prezident İlham Əliyevlə görüşərkən rəhbərlik etdiyi qurumun Azərbaycan ilə Ermənistan arasında etimad quruculuğu proseslərinə  töhfə verməyə hazır olduğunu vurğulayıb.
Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanla Ermənistan arasında əsir mübadiləsi, habelə bəzi digər məqamlarla bağlı anlaşmanın əldə edilməsi Qərb, o cümlədən ABŞ üçün olduqca gözlənilməz oldu. Daha doğrusu, Bakı-İrəvan trekində ikitərəfli, vasitəçilər olmadan danışıqların aparılmasının özü Vaşinqton, Brüssel və Paris üçün siyasi sürprizə çevrildi.

Şübhəsiz, bütün bunlar bölgədə yeni reallıqlar yaradan, xalqın etimadını doğruldan  Azərbaycan dövlətinın, Prezident İlham Əliyevin  yürütdüyü uğurlu siyasətin nəticəsidir. Bu addımı ilə dövlətimizin başçısı, həm də  münasibətlərin tənzimlənməsində vasitəçilərin iştirakı olmadan aparılan danışıqların daha effektiv olması reallığını ortaya qoydu. Bəli, indi qarşılıqlı etimad mühitinin və ölkələrarası münasibətlərin formalaşdırılması üçün fürsət yaranıb. Bu fürsət həm də regionda sülhün bərqərar olmasını sürətləndirə bilər. Məlum olduğu kimi, Azərbaycan–Ermənistan sülh prosesində hər zaman vasitəçilər olub. Lakin həmin vasitəçilər heç nəyi həll etməyiblər. Bu da onların  Cənubi Qafqaza olan özəl maraqlarından irəli gəlib. Bu mənada bu razılaşma, həm də həmin qüvvələrin məkrli siyasətlərinə zərbə oldu.

Yeri gəlmişkən, üç il əvvəl müharibə başa çatanda Ermənistanla sülh danışıqlarının aparılmasının, həmçinin delimitasiya işlərini başlamağın təşəbbüskarı da  Prezident İlham Əliyev olub. Bu gün ikitərəfli razılaşma da dövlətimizin başçısının təşəbbüsü ilə reallaşıb. Bütün bunlar bir daha sübut edir ki, Prezident İlham Əliyevin bu cür humanist addımları regionda davamlı sülhün əldə olunmasına yol açır. Onu da xüsusi vurğulamaq gərəkdir ki, Azərbaycan postsovet məkanında ərazisindəki separatizm problemini birdəfəlik həll edərək öz ərazi bütövlüyünü və suverenliyini bərpa edən ilk və yeganə dövlətdir. Bu gedişlə Azərbaycanın səyləri ilə bütövlükdə Cənubi Qafqazda sülhün reallaşacağı istisna deyil. Çünki faktiki olaraq ölkəmiz Ermənistan qarşısındakı maneələri aradan qaldırıb. Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibəsində bir daha vurğulayıb: “Sülh üçün alternativ yoxdur. Əgər sülh sazişi imzalanmasa, bu, bütöv bölgə üçün çox pis olacaq. Biz istəyirik ki, Cənubi Qafqaz bölgəsində hər hansı risk olmasın”. Göründüyü kimi, Azərbaycan bunun reallaşması üçün hər cür şərati yaradıb. Ermənistana gəldikdə isə… “Miatsum” nağıllarından, etnik nifrətdən xilas ola bilməyən və havadarlarının göstərişləri əsasında hərəkət edən revanşıstlər ərazi bütövlüyümüzü sual altına qoymaq  cəhdlərindən hələ də əl çəkməyiblər. Məsələn, Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan sülh sazişinin mətnində keçmiş qondarma quruma aid bir kəlmə də yer almadığını bildirib. Oskanyanın fikrincə, Ermənistan hakimiyyəti bu sənədi imzalamaqla “artsax”ı unutduracaq.

Ermənistandakı revanşist qüvvələrin Nikol Paşinyana Azərbaycanla sülh sazişi imzalamaqdan yayınması üçün təzyiqləri davam etdirəcəkləri aydın görünür. Amma onlar unutmasınlar ki, İkinci Qarabağ müharibəsində məğlubiyyətə uğrayan Nikol Paşinyanı devirə bilmədilərsə, bu məsələdə də onun qarşısında tab gətirə bilməyəcəklər. Yəni, Ermənistan hökuməti əgər həqiqətən də sülhdə maraqlıdırsa, o zaman Azərbaycana qarşı yönəlmiş bu cür təxribatçı addımların qarşısını alacaq.

Qvami Məhəbbətoğlu, “İki sahil”