15 dekabr 2023 00:35
442

Kitabı çoxdan bağlanmış Sarkisyan

Qarabağ münaqişəsi həll olunub, Qarabağ mövzusu bağlanıb. Qarabağ Azərbaycandır! Bu barədə Prezident İlham Əliyev müxtəlif tədbirlərdə dəfələrlə məlumat verib. Bu adi həqiqəti haylar da etiraf edirlər. Məsələn, elə bu günlərdə arxiyepiskop Mikael Acapaxyan da mətbuata açıqlamasında artıq Qarabağ səhifəsinin bağlandığını bildirib. Buna baxmayaraq son günlər Erməninstandakı revanşistlər bu məsələni havadarlarının köməyi ilə yenidən gündəmə gətirməyə çalışırlar. Onlardan biri də Ermənistanın keçmiş prezidenti, iyirmi səkkiz il işğalda saxladıqları Qarabağ üçün nostalji keçirən Serjik Sarkisyandır. Bu faşist xislətl terrorçu Polşanın yeni Baş naziri seçilən Donald Tuska yazdığı məktubunda Azərbaycanın suveren əraziləri ilə bağlı gülünc iddialar səsləndirməklə yanaşı, “artsax” səhifəsinin bağlanmadığını iddia edib. Bununla da o nəyə isə ümid etdiyini bildirib: “Fikrimizcə, problem həll olunmayıb, sadəcə olaraq, belə həll oluna bilməz və “erməni artsaxı”nın səhifəsi bağlanmayıb”.

Bu, həmin Sarkisyandır ki,  bir zamanlar Xocalıda əliyalın dinc sakinlərin soyqırımında iştirakı ilə qürrələnirdi. Hətta jurnalist Tomas de Vaalın: “Yüzlərlə insanın ölümünə görə təəssüflənirsinizmi” sualına o heç bir vicdan əzabı çəkmədən belə cavab vermişdi: “Heç bir peşmanlığım yoxdur”. O həmin Sarkisyandır ki, Azərbaycanın istənilən şəhərini Ağdam kimi xarabalığa çevirməklə hədələyir, erməni gənclərinə “Biz Qarabağı aldıq, siz isə “Ararat”ı alın” kimi absurd açıqlama verirdi. Azərbaycan Ordusu 2016-cı ildə aprel ayında ona elə dərs verdi ki… Aprel döyüşləri ilə hakimiyyəti sarsılan S.Sarkisyan 2018-ci ildə biabırcasına məğlub olaraq qaçdı. 2020-ci ildə Vətən müharibəsinin ilk günlərində nümayişkəranə şəkildə Qarabağa gəlməklə özünü “qəhrəman” kimi göstərməyə çalışan Serjik Sarkisyan öz məsləkdaşı Robert Köçaryanla birgə bir müddət sonra  rəşadətli Azərbaycan Ordusunun qabağından Prezident İlham Əliyevin təbirincə desək, dovşan kimi, fərari kimi qaçdı. Azərbaycan həmin 44 günlük Vətən müharibəsindən və bu ilin sentyabrında keçirilən lokal antiterror tədbirlərindən sonra bütün ölkə ərazisində beynəlxalq hüquq çərçivəsində öz müstəqilliyini və suverenliyini bərpa etdi. Təkcə “artsax”ın, onun separatçı qondarma, kriminal xunta rejiminin deyil, “miatsum”un,  ATƏT-in Minsk qrupunun, separatizmin də kitabını bağladı  və bölgəyə yeni reallıqlar bəxş etdi. Üstəlik, Azərbaycan antiterror tədbirlərindən sonra erməni əsilli sakinlərə çağırış edərək onları ölkəmizi tərk etməməyə çağırdı. Lakin  separatçıların,  eyni zamanda Ermənistanın və bu ölkənin havadarlarının yalanlarına uymaları nəticəsində onların əksəriyyəti Qarabağı tərk etdi.  "Euronews"a müsahibəsində həmin məsələyə bir daha toxunan dövlət başçısı İlham Əliyev demişdir: “Tərk etmək qərarı onların öz qərarı idi və bizim indi əldə etdiyimiz məlumata əsasən bu dırnaqarası “dağlıq qarabağ respublikası”nın dırnaqarası “sabiq rəhbərləri”nin qəsdən etdiyi hərəkət idi. Onlara oranı tərk etməyə ehtiyac yox idi, lakin onlar tərk etmək qərarını verdikdə biz onları dayandıra bilməzdik. Biz onlar oranı sülh şəraitində tərk etsinlər deyə, onlara maksimum dərəcədə rahat şərait yaratdıq”.

Bəli, de-yure Azərbaycanın ərazisi olsa da, 1988-ci ildən etibarən Xankəndi de-fakto qanunlarımızın işləmədiyi, separatizmin at oynatdığı, Sarkisyan kimi şeytanların yuva qurduqları "boz zona"ya çevrilmişdi. İndi artıq Xankəndi dövlət qurumlarımızın fəaliyyət göstərdiyi bölgəyə çevrilib. Məgər bu “artsax”ın səhifəsinin bağlanması demək deyilmi? Azərbaycan "dəmir yumruq"u ilə separatizmi ölkəmizdən birdəfəlik süpürüb atdı. İndi ölkəmizdə bir nəfər də separatçı yoxdur. Məgər bu “artsax”ın səhifəsinin bağlanması demək deyilmi?
Bütün bunları Serjik Sarkisyan dərk etməmiş deyil. Bəs onun məqsədi nədir? Görünür, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində iki ölkə arasında etimad quruculuğu istiqamətində ciddi addımların atılmasına dair razılaşmanın əldə olunması onu da qane etmir. Elə bu kimi səbəblərdən o, xislətinə uyğun olaraq növbəti təxribatlara, dezinformasiyalara əl atır. Yəni, Ermənistanda revanşist əhval-ruhiyyəni gücləndirməyə çalışır. Elə bu günlərdə iqtidardakı “Vətəndaş müqaviləsi” fraksiyasının deputa­tı Gevorq Papoyan deyib: “Bilirik ki, İrəvanda bu cür düşünən­ləri, belə zərərli mövzuları qızışdıran xarici qüvvələr var. Həmin qüvvələrə Ermənistanın dövlət kimi mövcudlu­ğu lazım deyil”. Hətta o bu prosesdə keçmiş Qara­bağ separatçısı  Robert Koçaryanla yanaşı, Serjik Sarkisyanın daha çox canfəşanlıq etdiyini, İrəvanda “Qara­bağ parlamenti”ni yaratmaq xülyasına düşdüyünü də bildirib. Papoyan, həmçinin qeyd edib ki, halbuki, bu, qətiyyən qəbuledilməzdir.

Baş nazir Nikol Paşinyanın Avropa paytaxtlarındakı “müşavirlər”indən asılı olan ölkədəki revanşistləri nəzarətdə saxlaya bilmədiyi aşkardır. Şübhəsiz, elə bu kimi səbəblərdən Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilmiş “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda Ermənistanda hər hansı bir revanşizm cəhdlərinin olmayacağı ilə bağlı Azərbaycana qəti şəkildə qarantiya lazım olduğunu bildirmişdi.

Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş əməliyyatlar zamanı vaxtilə soydaşlarımıza qarşı soyqırımlar törətmiş və hərbi cinayətlərdə əli olmuş bir qrup separatçı, o cümlədən Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, David İşxanyan  və digərləri artıq Bakıdadırlar. Müharibə canisi, soydaşları­mıza qarşı çoxsaylı hərbi cinayət­lərdə birbaşa iştirak etmiş Serjik Sarkisyanın da gec, ya tez qolları qandallanıb Bakının həbsxanasına salınacağı uzaqda deyil.

Qvami Məhəbbətoğlu, “İki sahil”