15 dekabr 2023 00:57
324

Jozep Borrelin açıqlamaları siyasi dəllallıqdır

Aİ-nin Ermənistandakı mülki missiyanın sayını artırmaqda məqsədi nədir?

Avropa İttifaqının (Aİ) Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel yenə də ermənipərəstliyini açıq şəkildə büruzə verməkdədir. Əvvəla, onun Qarabağ iqtisadi rayonundan öz istəkləri ilə köçüb gedən ermənilərin sayını saxtalaşdıraraq 150 minədək göstərməsi açıq- aşkar dəllallıqdır. Halbu ki, həmin ermənilərin sayı dəfələrlə azdır.  Bundan başqa, Borrel bəyan edib ki, Avropa İttifaqı ölkələrinin  Ermənistandakı mülki missiyasının sayını artırmağa ehtiyac var: «Dekabrın 11-də Aİ-nin Şurası Ermənistandakı mülki missiyasını gücləndirmək, oradakı mövcudluğumuzu 138 nəfərdən 209 nəfərə çatdırmaq qərarına gəlib”»

Xatırladaq ki, Avropa İttifaqı ölkələrinin xarici işlər nazirlərinin Ermənistandakı mülki missiyası ötən ilin oktyabr-dekabr aylarında Ermənistan-Azərbaycan sərhədində yerləşdirilib. İrəvanda yaradılan əlaqə və dəstək ofisinə isə Almaniya federal polisinin zabiti rəhbərlik edir.

Bütün bunlar bir daha göstərir ki, bəzi Qərb dövlətləri Cənubi Qafqazda sülhün yaranmasına, hər vəchlə mane olmağa çalışırlar. Belə ki,  nə vaxt ki, rəsmi İrəvan sülh sazişinin bağlanmasına razılıq işarəsi verir o halda jozep borrellər dərhal ortaya sərsəm ideyalar atırlar. Məqsəd Ermənistanı hələlik sülh platformasından uzaq tutmaqdır.

Bəli, ölkəmiz beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini bərpa etməklə regionda  yeni reallıqlar yaradıb. Sülh və inkişaf üçün tarixi fürsətin əldə olunduğunu artıq hər iki tərəf – Azərbaycan və Ermənistan təsdiq edib. Bunu Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı dekabrın 7-də birgə açıqlamada bəyan ediblər. Bildirilib ki, iki ölkə regionda çoxdan gözlənilən sülhün əldə olunması üçün tarixi fürsətin yarandığı fikrini bölüşür. Ölkələr münasibətləri normallaşdırmaq, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh sazişinə nail olmaq niyyətini bir daha təsdiq edirlər.

Qəribədir ki, Aİ-nin Ermənistanda monitorinq missiyasının mandatı heç bir tərəflə məsləhətləşmədən, özbaşına formada genişləndirilib. Yəni, bu missiya Cənubi Qafqazda iki ölkə arasında qarşılıqlı etimada xidmət etməli olduğu halda, əksinə anti-Azərbaycan fəaliyyətlə məşğuldur. Xüsusilə Aİ-nin ən fəal üzvü olan Fransa tərəfindən Ermənistanın silahlandırılması da sülhə ciddi maneə olan amildir.

Digər tərəfdən, haqlı sual yaranır ki,  bu missiyanın sayının artırılması nəyə xidmət edir? Axı Ermənistanın təhlükəsizliyinə heç kim problem yaratmır. Xüsusilə nə Azərbaycan Ermənistana qarşı ərazi iddiası ilə çıxış edir, nə də Türkiyə… Siyasi şərhçilərin qənaətincə, ola bilsin ki,  Aİ bu gün daha çox  Rusiyanın bölgədən sıxışdırılıb çıxarılmasına nail olmaq istəyir. Burada ilk olaraq Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk etməsi və yekunda Rusiya həbi bazasının ölkədən çıxarılması nəzərdə tutulur.

Məlumdur ki, Qərb dövlətləri və bir sıra beynəlxalq təşkilatlar, o cümlədən Avropa İttifaqı Azərbaycana münasibətdə hər zaman qərəzli mövqe nümayiş etdiriblər. Bununla belə, ümid edək ki, sözügedən missiyanın sayının xeyli artırılmasının pərdə arxasında ölkəmizə qarşı hansısa məkrli oyun oynanılmayacaq.

Elçin Zaman, «İki sahil»