15 dekabr 2023 01:37
281

7 fevral - Xalqımızın Zəfər seçkisi

2024-cü ilin fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri xalqımızın birlik və həmrəyliyinin təntənəsi kimi tarixə yazılacaq

Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda növbədənkənar prezident seçkilərinin elan edilməsi tarixi əhəmiyyətli hadisədir. 2024-cü il fevralın 7-nə təyin olunan növbədənkənar prezident seçkiləri Azərbaycan xalqı üçün Zəfər seçkisidir. Üç il bundan əvvəl başlanan İkinci Qarabağ müharibəsində Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur edən Prezident, Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Silahlı Qüvvələrimiz 44 gün ərzində torpaqlarımızı erməni işğalından azad etdi. Bu il sentyabr ayının 19-20-də isə uğurlu antiterror tədbirləri ilə Azərbaycan beynəlxalq qanunlarla təsbit olunmuş ərazilərində suverenliyini, ərazi bütövlüyünü tam bərpa etdi. Beynəlxalq vasitəçilərin, təşkilatların 30 ildə görə bilmədikləri və yaxud görmək istəmədikləri ədaləti öz gücü ilə reallaşdırdı. Artıq Azərbaycan ərazi bütövlüyünü tam təmin edən suveren respublika kimi dünyada söz sahibidir və taleyini özü həll etmək imkanlarına malikdir. Keşməkeşli və gərgin hadisələrlə yaddaşlarda iz salan o illər Azərbaycanın dövlətçilik tarixinə mübarizələr ili kimi yazıldı.

…20 il bundan əvvəl Azərbaycan xalqı müdrik seçim edərək dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin siyasi kursu və layiqli davamçısı İlham Əliyevə etimad göstərərk taleyini etibarlı əllərə tapşırdı.

Ulu Öndər Heydər Əliyev 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına müraciət edərək sonrakı illərdə belə Azərbaycanın müstəqilliyini qoruya biləcək şəxsiyyəti xalqa, xalqı da Ona əmanət etdi. Müraciətdə deyilirdi: «Üzümü Sizə - həmvətənlərimə tutaraq qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası Sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər.»

Bir qədər keçmişə nəzər salaq. Milli Məclisin deputatı, AŞPA-da Azərbaycan nümayəndə heyətinin başçısı, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini kimi ona göstərilən etimadı layiqincə, vətəndaş məsuliyyəti ilə doğruldan cənab İlham Əliyev Azərbaycana rəhbərliyinin 20 illik dönəmində ölkəmizi lider dövlətlər sırasına çıxırmağı bacardı. 2003-cü ilin oktyabrın 15-də keçirilən prezident seçkilərində Azərbaycan xalqı Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevi birmənalı şəkildə dəstəkləməklə Heydər Əliyev siyasi kursunun, Ulu Öndərin müəllifi olduğu inkişaf strategiyasının davamına səs verdi. Həmin seçkilərdə xalqın mütləq əksəriyyətinin etimadını qazanaraq Azərbaycan Prezidenti seçilən cənab İlham Əliyev oktyabrın 31-də Vətənə və xalqa sədaqət andı içdi. Bununla da müstəqil Azərbaycanın dövlətçilik tarixində yeni dövr başladı.

2003-cü il oktyabrın 31-də Prezident kimi, KİV-lərə ilk müsahibəsində «Sizcə, Sizi asan işlər gözləyir, yoxsa çətin» sualını «Həm asan, həm də çətin. Asan o mənada ki, artıq Azərbaycanda ölkəmizi hərtərəfli inkişaf etdirmək üçün gözəl zəmin yaranıbdır. On il ərzində Heydər Əliyevin siyasəti Azərbaycanda çox güclü bir təməl qoyubdur. Bu təməlin üzərində gözəl binanın inşa edilməsi asan görünə bilər. Amma eyni zamanda həyat yerində durmur. Yeni tələblər çıxır, qarşımıza yeni vəzifələr çıxır. Əlbəttə, yəqin çətinliklər də olacaqdır. Amma mən bu çətinliklərə hazıram. Əgər mən özümdə belə bir hazırlıq görməsəydim, heç vaxt bu yola getməzdim. Mən məsuliyyətə də, çətinliklərə də hazıram. Əminəm ki, Azərbaycan xalqının dəstəyi ilə qarşıda duran bütün vəzifələri ləyaqətlə yerinə yetirəcəyəm. Demişəm, Azərbaycan xalqı görəcək ki, mən Azərbaycan üçün, xalqımız üçün yaxşı Prezident olacağam» sözləri ilə cavablandıran cənab İlham Əliyev milyonların ona inamını, güvənini doğrultdu.

2024-cü il fevralın 7-ə təyin edilən növbədənkənar prezident seçkilərində iştirak edəcək seçicilər o illəri, respublikamızda aparılan quruculuq işlərini, həyata keçirilən islahatları xatırlamaqla seçimlərini edəcəklər. Azərbaycan xalqının, xarici ölkələrdə məskunlaşan dünya azərbaycanlılarının Prezidenti İlham Əliyevin xidmətlərini dəyərləndirəcəklər.

Bu inamı yaradan amillər son 20 ildə qazanılan siyasi- iqtisadi, sosial nailiyyətlər, Azərbaycanın dünya birliyində möhkəmlənən mövqeyi, artan nüfuzu, dəstəklənən diplomatik uğurları, güclənən müdafiə qüdrəti, xalq-iqtidar birliyinin sarsılmazlığıdır.

Fevral seçkilərinin ən önəmli cəhəti isə budur ki, keçmiş köçkünlər artıq doğma yurdlarında- Zəngilanda, Laçında, Şuşada, Füzulidə, Ağdamda , Kəlbəcərdə və azad olunmuş digər yerlərdə səs verəcəklər. 2018-ci ildə növbəti dəfə Prezident seçildikdən cəmi iki il sonra - 2020-ci ilin sentyabrında Ermənistanın sərhəd bölgəmizdə törətdiyi təxribat nəticəsində başlanan İkinci Qarabağ müharibəsini Qələbə ilə başa çatdıran cənab İlham Əliyev Ali Baş Komandan kimi döyüş meydanında, zəngin praqmatik düşüncəyə malik dövlət başçısı kimi informasiya cəbhəsində düşmənə qalib gəldi. Erməni faşizminə, separatçı rejimin mövcudluğuna son qoyuldu. Torpaqlarımızı işğaldan azad etməklə seçkilərin Azərbaycan Bayrağının dalğalandığı bütün ölkə ərazisində keçirilməsi üçün şərait yarandı.

Azərbaycanın son 20 ildə qazandığı nailiyyətlərin qısa xronologiyasından da aydın olur ki, cənab İlham Əliyev həqiqətən hər azərbaycanlının Prezidenti olduğunu siyasi fəaliyyəti, həyata keçirdiyi önəmli islahatları ilə təsdiqlədi. Qarşıya qoyulan hədəflərə qətiyyəti, siyasi –diplomatik səriştəsi ilə çatan, Bakı-Tbilisi-Qars dəmir yolu, Cənub Qaz Dəhlizi kimi qlobal enerji və nəqliyyat layihələrini gerçəkləşdirən, Şərqi Avropa ölkələrinin Azərbaycan qazı ilə təminatında böyük rolu olan Prezident İlham Əliyev Bakıda Beynəlxalq Dəniz Limanının salınması, Ələt Azad İqtisadi Zonasının yaradılması ilə respublikamızı Cənubi Qafqazın ən böyük tranzit ölkəsinə çevirdi. Azərbaycan hazırda az sayda olan kosmik ölkələr sırasında yer alır. Dövlət başçımızın «Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, rifahı, sağlamlığı və təhlükəsizliyi dayanır» sözlərini hər bir ölkə vətəndaşı öz həyatında hiss edir. Xüsusilə son 5 ildə 4 sosial islahat paketinin icrası ilə ölkə vətəndaşlarının rifahı xeyli yüksəlib.

Prezident kimi andiçmə mərasimində torpaqlarımızın işğaldan azad olunmasını siyasi fəaliyyətinin əsas prioriteti kimi diqqətdə saxalayacağını bildirən Prezident İlham Əliyev «Bu problem yalnız bir neçə prinsiplər, beynəlxalq hüquq normaları əsasında həll oluna bilər: Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır, bir milyon qaçqın və köçkün öz doğma yurdlarına qayıtmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır. Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir» sözlərini cəsarəti ilə reallaşdırdı.
30 il davam edən münaqişə ilə bağlı milli maraqlarımza zidd bütün təhdidlərə siyasi iradəsi, qətiyyəti ilə cavab verən Prezident İlham Əliyev 44 gün davam edən Vətən müharibəsində qazanılan Qələbə ilə vədini yerinə yetirdi. Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verilməyəcəyini bildirən, modern ordu yaratmaqla şərəfli missiyasını yerinə yetirən Ali Baş Komandan İlham Əliyev daşnakların zəhərli ideologiyasına son qoydu.

Sentyabrın 19-20-də keçirilən və cəmi 23 saat davam edən antiterror tədbirləri ilə Qarabağdakı erməni silahlı dəstələrinin kökü kəsildi. Bu gün Şuşada, Xankəndidə, Xocalıda, Kəlbəcərdə, Laçında, Suqovuşanda , Hadrutda-Qarabağın bütün rayon və şəhərlərində Azərbaycan Bayrağı əzəmətlə dalğalanır. Müzəffər Ali Baş Komandan İlham Əliyev qalibə layiq Qələbəsi ilə tarix yazdı. Bu tarixin unudulmaz səhifələrindən olan Zəfər yolu, Füzuli və Zəngilan Beynəlxalq Hava limanları, Qarabağ və Şərqi Zəngəzurun yenidən bərpası, «ağıllı şəhər» və «ağıllı kənd» layihələrinin cografiyasının genişlənməsi qürurvericidir.

Doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlər fevralın 7-də öz seçimlərini edəcək, bu inkişafa səs verəcəklər. Gözlərinin önündə yenidən qurulan, siması gözəlləşən diyarın «Qarabağnamə» salnaməsinin müəllifinə etimad göstərəcəklər. «Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm, bu dəstəyə arxalanmışam. Mənim fəaliyyətimdə Azərbaycan xalqının dəstəyi əsas rol oynayır. Həmişə çalışmışam ki, xalqa sədaqətlə, ləyaqətlə xidmət edim» söyləyən Prezident İlham Əliyev bütün dünyaya bəyan etdi ki, güclü dövlət olan Azərbaycanın müstəqillik, xoşbəxt gələcəyə aparan yolu əbədidir. Xalqımızın taleyi öz əlindədir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu yolun həm bələdçisi, həm də sərkərdəsidir.

Xuraman İsmayılqızı, «İki sahil»