15 dekabr 2023 02:17
379

Azərbaycan üçün yeni tribuna

Sürətlə inkişaf edən ölkəmiz artıq beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməkdə və dünyanın nüfuzlu dövlətlərindən birinə çevrilməkdədir. Bu fikri bir çox dövlət başçıları, diplomatları və siyasətçiləri ifadə edirlər. Son iyirmi ildə Azərbaycanın sürətli inkişaf yolu ilə irəliləməsi, iqtisadi, siyasi və ictimai sahələrdə qazandığı böyük nailiyyətlər belə fikrə gəlməyə əsas verir.

"Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un keçirilməsi üçün uyğun ölkədir".

Bunu mətbuata açıqlamasında ABŞ-dan olan politoloq və beynəlxalq münasibətlər sahəsində ekspert Piter Teys deyib.

"Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə dünya miqyasında xüsusi əhəmiyyətə malik ölkəyə çevrilib. 2024-cü ildə Bakı ekoloji və iqlim məsələlərinin həll olunduğu qlobal mərkəzə çevriləcək. 190-dan çox ölkənin nümayəndələrinin iştirakı gözlənilir. COP29 konfransında 190-dan çox ölkədən nümayəndənin Azərbaycanda bir araya gəlməsi gözlənilir”, - o vurğulayıb.

Ekspertin sözlərinə görə, Azərbaycanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının əvvəlki təşkilatçılarını üstələmək, nəticədə iqlim və ekoloji çağırışların həllində təsirli nəticələr əldə etmək üçün bütün ilkin şərtlər var: “Azərbaycan hökumətinin ekoloji siyasəti və qlobal istiləşmə ilə mübarizə üzrə fəal tədbirləri digər regionları və ölkələri də analoji tədbirlər həyata keçirməyə sövq edir. Bu, böyük ümidlər vəd edən təcrübədir və müsbət nəticələr verir”.

Xatırladaq ki, dekabrın 11-də isə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının - COP-un 29-cu sessiyasının gələn il Azərbaycanda keçirilməsi rəsmən elan edilib. Bu, beynəlxalq aləmin Azərbaycana etimadının parlaq nəticəsidir, həm də onun artan hörmət və nüfuzunun göstəricisidir. Eyni zamanda, Azərbaycan öz sözünü demək üçün daha bir yüksək tribuna qazanıb.

Konfransda Azərbaycanın deyəcəyi mətləblər çoxdur. Çünki 30 ilə yaxın davam edən işğal dövründə ölkəmizin işğal altında qalan ərazisinin 20 faizində ekologiyamız demək olar ki, məhv edilmişdir. Meşələrimizdəki qiymətli ağaclar qırılıb Ermənistana daşınmış, flora və faunaya ciddi zərər vurulmuşdur. Çaylar tullantılarla çirkləndirilmiş, partlayışlardan yer altında tektonik dəyişmələr baş vermişdir. Nəticədə heyvanlar, quşlar və həşəratlar öz yerlərindən köçmüşlər. Bir çox yerlərdə bulaqlar qurumuş və ya yatağını dəyişmişdir.

Vəli İlyasov, "İki sahil"