15 dekabr 2023 01:58
388

Sülh “istəyən” İrəvan hərbi büdcəni niyə artırır?

Ermənistanda müdafiə xərcləri 2024-cü ildə ÜDM-in 5,3 faizini təşkil edəcək. Belə ki, gələn il hökumət Müdafiə Nazirliyinə 554 milyard dram (1 milyard 377 milyon dollar) ayırmağı planlaşdırır.

Bu barədə Ermənistanın maliyyə naziri Vahe Ovannisyan parlamentdə 2024-cü il üçün dəqiqləşdirilmiş dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib. Onun sözlərinə görə, bu, 2023-cü il dövlət büdcəsində nəzərdə tutulan müdafiə xərclərindən 7 faiz çoxdur. Ermənistanın müdafiə naziri Suren Papikyanın, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın bu il ərzində dəfələrlə Parisə, Nyu-Dehliyə, Vaşinqtona səfərlər etmələrinin tək hədəfi də yeni silah-sursat və hərbi sistemlər əldə etməkdir. Onlar açıq-aşkar havadarlarına güvənərək və sülh danışıqlarını imitasiya etmək hesabına vaxt qazanmağa çalışırlar. Ermənistanı revanşist və militarist ruha sövq edən, onu silahlandırmağa, saysız-hesabsız müasir silah-sursatla təmin etməyə çalışan bəzi Avropa dövlətləri isə unudurlar ki, vaxtilə bu ölkənin təmənnasız aldığı silahlar ona heç bir kömək etməmişdi.

“Fransa və Hindistan Ermənistanı silahlandırmaqla, necə deyərlər, tonqala yanacaq tökürlər və Ermənistanda qeyri-real fikir formalaşdırırlar”. Bu sözləri Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən Forumda bildirmişdir. Dövlət başçısı qeyd etmişdir ki, Ermənistan fikirləşə bilər ki, həmin silahları istifadə etməklə yenidən Dağlıq Qarabağı işğal edə bilər: “Mən hələ o silahların keyfiyyəti haqqında danışmıram. Ən müasir silahları olsa belə, bu, mümkün deyil. Çünki müharibənin nəticəsi insanlar və onların ruhu sayəsində həll edilir. Hətta İkinci Qarabağ müharibəsindən sonra Ermənistan özü bəyan etdi ki, müharibə zamanı onların 12 min dezertiri, fərarisi olub. Yəni onlar Azərbaycan qarşısında tab gətirə bilməzlər”.

Ölkə başçısının da qeyd etdiyi kimi, Ermənistanın ordusu müharibədə və sonra elə vəziyyətə düşüb ki, silahdan öncə bu ordunun şəxsi heyətinin formalaşması problemi dayanır. Ermənistan üçün bu problemi həll etmək elə də asan deyil. 2020-ci ildə müharibədə Ermənistan ordusunun arsenalındakı silahların 70 faizi məhv edildi. İndi Ermənistanın hərbi büdcəsini 7 faiz artırmaqla həmin itkiləri bərpa etməsi mümkünsüz görünür. Bu büdcə ən uzağı verdikləri itkilərin müəyyən hissəsini bərpa etməyə yetər. Bərpa isə uzun müddət tələb edir. Müdafiə naziri Suren Papikyanın həm Hindistanda, həm də Fransada keçirdiyi görüşlər Ermənistanın rus silahlarından imtina etmək niyyətini göstərir. Ermənistan Fransa silahlarını əldə etməklə NATO silahına yiyələnmək istəyir. Amma sonradan məlum oldu ki, Fransanın da Ermənistana göndərdiyi silahlar, hərbi texnikalar köhnə və yararsızdır. Hətta Rusiyanın xarici İşlər Nazirliyinin sözçüsü bəyan etdi ki, Fransa istismar müddəti bitmiş yararsız silahları Ermənistana sırıyıb.

Fransa, Hindistan və İran tərəfindən Ermənistana müxtəlif təyinatlı silahlar göndərilməsi Nikol Paşinyan hakimiyyətinin bəyan etdiyi sülh gündəliyinə sadiq olmadığını göstərir. Əslində dünya siyasətinə nəzər yetirən zaman görürik ki, bir çox dövlətlər tarixin müəyyən dövrlərində buna oxşar addımlar atıblar. Yəni, həm dünya ictimaiyyətini sülh niyyətində olduqlarını inandırmağa çalışıb, həm də müharibə həyata keçiriblər. Məsələn, 1939-cu ildə Hitler Almaniyası Sovet İttifaqı ilə Molotov-Ribbentrop paktı imzalayır və qarşı tərəfi hücüm etməyəcəyi barədə əmin edir. Amma 2 il keçmədən, 1941-ci ilin iyununda məhz nasist Almaniyası Sovet İttifaqına hücüm edən tərəf olur. Bununla da Sovet İttifaqı İkinci Dünya müharibəsinə qoşulur. Ona görə də Ermənistanın gələcəkdə Azərbaycana qarşı hansısa təxribat törətməyəcəyinə zəmanət yoxdur.

Azərbaycan Ordusunun gücləndirilməsi prosesi isə daimi hal alıb. Prezident İlham Əliyev bəyan edir ki, ordunun gücləndirilməsi, ən müasir silahlarla təminatı davamlı olaraq həyata keçirilir və keçiriləcək. Yəni, müşahidə olunan tendensiya əminliklə onu deməyə əsas verir ki, Ermənistan hərbi büdcəsindəki artımla Azərbaycan Ordusunun inkişaf tempinin heç yaxınına da gələ bilməz. Azərbaycanın Ermənistandan daha bir üstünlüyü odur ki, ölkəmizin müdafiə sənayesi işğalçı dövlətin müdafiə sənayesindən dəfələrlə güclüdür. Azərbaycan istehsal etdiyi bir sıra silahlarla nəinki öz ordusunu təmin edir, hətta xaricə silah satmaq imkanındadır. Azərbaycan ordusunun arsenalında elə müasir silahlar var ki, təkcə onun dəyəri Ermənistan hərbi büdcəsinin az qala yarısı qədərdir. Ermənistanın hərbi büdcəsi həmin silahı almaq iqtidarında deyil.

Sevinc Azadi, “İki sahil”