15 dekabr 2023 02:57
418

Ermənistan anlamalıdır ki...

Bu günlərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatının birgə açıqlama yayması, qarşılıqlı şəkildə hərbçilərin azad edilməsi qərarı, Ermənistan Respublikasının BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək Azərbaycan Respublikasının namizədliyini dəstəkləməsi müsbət impulsların artmasının göstəricisidir. Bu kimi faktlar həm də qarşılıqlı təmasların ikitərəfli müstəvidə inkişafı üçün mühüm zəmin yaradır. 

Bütün bunlarla bərabər, Ermənistan dərk etməlidir ki, sülh müqaviləsinin imzalanması bu gün daha çox onların marağında olan məsələdir. Rəsmi İrəvan başa düşməlidir ki, Azərbaycan bu gün regionun aparıcı siyasi-iqtisadi aktoru kimi qəbul olunur. Sülh müqaviləsinin, imzalanmasının Ermənistanın da regional və qlobal əməkdaşlıq platformalarına yolunu açacaq. Ermənistanın başqa çıxış yolu yoxdur, Azərbaycanla sülh müqaviləsi imzalanmalıdır. Çünki Ermənistanın qeyri-konstruktiv mövqeyi regionda təhlükəsizliyin təmini ilə yanaşı, gələcək inkişafı da yubadır. Sülhün bütün detalları Azərbaycanın mövqeyi ilə uzlaşdırılır -  Ermənistan isə sonda bu qərara imza atmaqla həm özünü xilas edəcək, həm də yeni inkişaf mərhələsinə qədəm qoyacaq.

Dövlətimizin başçısı vurğulayıb ki, sülh sazişinin imzalanmasının üçün alternativi yoxdur: “Əgər sülh sazişi imzalanmasa, bu, bütöv bölgə üçün çox pis olacaq. Biz istəyirik ki, Cənubi Qafqaz bölgəsində hər hansı risk olmasın. Əlbəttə, biz istəyirik ki, Ermənistan nə bu gün, nə də gələcəkdə ərazi bütövlüyümüzü sual altına qoymasın və Azərbaycana qarşı hər hansı ərazi iddialarından tam əl çəksin”.

Azərbaycanın irəli sürdüyü sülh şərtləri məlumdur - dövlətimiz prosesin şəffaf və beynəlxalq hüquq müstəvisində tənzimlənməsində maraqlıdır. Müzakirə olunan bütün predmetlər isə beynəlxalq hüquqa əsaslanmalıdır. 30 il bundan öncə zorla öz yurd-yuvasından, evindən didərgin salınmış azərbaycanlıların öz doğulub boya-başa çatdığı ərazidə yaşamaq hüququ tanınmalıdır. Bu hüquq ermənilərin Qarabağda yaşaması hüququ ilə analogiya təşkil etməlidir. Sülh üçün ən real şərtlərdən biri də məhz budur. Azərbaycan regionda davamlı sülhün formalaşdırılması istiqamətində öz mövqeyini qəti şəkildə ortaya qoyub - sülh müqaviləsi üçün Azərbaycanın irəli sürdüyü şərtlər real zəmindir. Ölkəmizin təqdim etdiyi və dayanıqlı sülhün söykənəcəyi 5 baza prinsiplərinə nəzər saldıqda bunu görməmək mümkün deyil.

Lakin, Ermənistanın bəzi davranışları, xüsusilə sülh prosesi ətrafında əl atdığı siyasi manipulyasiyalar, törətdiyi siyasi təxribatlar rəsmi İrəvanın sülh prosesini inkişaf etdirmək arzusunu istisna edir. Bir zamanlar Azərbaycanın separatçı xuntanı ləğv etməsi qərarı ilə barışmayan revanşist Ermənistan müxalifəti bu gün daha fərqli aspektlərlə gündəmə gəlməyə çalışır. Təsadüfi deyil ki, bu günlərdə “Hraparak” nəşri Azərbaycanın sülh sazişinə dair təklifləri ilə tanış olan erməni deputatlara  istinadən müəyyən detalları dərc edib. Bu iddialarda sülh müqaviləsində Bakının İrəvan qarşısında qaldırdığı tələblərlə bağlı yeni “iddialar” irəli sürdüyü əks olunur.

Eyni zamanda,  “Hraparak” iddia edir ki, Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanıyır, lakin bunu rəqəmlə qeyd etmir.  Nəşr yazır ki, sərhədlərin delimitasiyası üçün seçim 1974–1979-cu il xəritələri arasında olsa da, Azərbaycanın guya ərazi ambisiyaları var və demarkasiya-delimitasiya zamanı Ermənistandan yeni ərazilər ələ keçirmək istəyir, ona görə  heç bir xəritə ilə razılaşmır.

Əslində, bu yanaşma da təxribatçı mahiyyət daşımaqdadır. Ötən əsrin əvvəlində Azərbaycan torpaqları hesabına yaradılan Ermənistan tərəfindən SSRİ dövründə də ərazilərimiz zəbt olunub. Sovetlər dövründə Azərbaycan əraziləri otlaq və əkin sahələri adı altında Ermənistana bağışlanıb. Azərbaycan delimitasiya prosesində bu tarixi ədalətsizliyi bərpa etmək niyyətindədir. Bəli, əzəli torpaqlarımız Azərbaycandan alınıb Ermənistana veriləndə və həmin ərazidə Meğri rayonu formalaşdırılanda bizim fikrimiz nəzərə alınmamışdı. Lakin 44 günlük müharibədəki qalibiyyətimiz isə imkan yaratdı ki, bu gün biz mövqeyimizi diktə edək. İndi məğlub Ermənistan Azərbaycanla sülhün şərtlərinə əməl etməlidir. “Hraparak” kimi qəzetlər, Ermənistan hakimiyyətinin başıpozuqları Azərbaycanla sülhə gəlməməyin ölkələri üçün böyük fəsadlar doğuracağının fərqinə varmayacaq qədər iflicdirlər.

Nigar Orucova, “İki sahil”