13 dekabr 2023 16:03
174

Azərbaycan-Serbiya münasibətləri yeni inkişaf mərhələsində

Cari ilin 10 dekabr tarixində Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Serbiya Prezidenti Aleksandar Vuçiç və Bolqarıstan Prezidenti Rumen Radev iştirak ediblər.

Açılış mərasimində Azərbaycan Prezidenti bildirib ki, Serbiya-Bolqarıstan Qaz İnterkonnektoru Serbiya və Bolqarıstanın enerji təhlükəsizliyinə böyük töhfə verə biləcək layihədir.Belə ki, “Azərbaycan hazırda təbii qazını səkkiz ölkəyə ixrac edir, Serbiya doqquzuncu ölkədir. Bu doqquz ölkənin yeddisi Avropa ölkəsidir və təbii ki, bugünkü mərasim - interkonnektorun fəaliyyətə başlaması Avropanın enerji təhlükəsizliyinə də önəmli töhfə verəcək” - deyərək Prezident qeyd edib. Eyni zamanda Ölkəmizin başçısı keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə imzalanmış Anlaşma Memorandumu xatırladıb. Bu memoranduma əsasən, Azərbaycan 2027-ci ilə qədər Avropaya göndərilən qazın həcmini 2 dəfə artırmalıdır. Onu da qeyd edək ki, mərasimində o cümlədən, Azərbaycanın Bolqarıstana bu il 1 milyard kubmetrə yaxın qaz ixrac edəcəyi bildirilib.

Serbiya-Bolqarıstan qaz interkonnektoru layihəsi (Niş-Dimitrovqrad-Bolqarıstan) qismən Avropa İttifaqının 49,6 milyon avro məbləğində qrantları, eləvə də Serbiyanın Avropa İnvestisiya Bankının 25 milyon avro güzəştli krediti hesabına maliyyələşdirilib. Belə ki, bu vəsaitləri Serbiya qaz kəmərinin öz hissəsinin tikintisi üçün ödəyəcək. Yeni qaz kəməri Nişdəki mövcud Serb şəbəkəsini paytaxt Sofiyadakı Bolqarıstan şəbəkəsi ilə birləşdirəcək. Qaz kəmərinin Serbiya hissəsinin uzunluğu 109 kilometrdir. Diametri 700 mm və maksimum təzyiqi 55 bar olan borunun gücü ildə Serbiyanın ümumi illik istehlakının 60 faizinə bərabər olan 1,8 milyard kubmetr təbii qazı vurmağa imkan verəcək. Boru kəmərinə Nişdən əlavə, Bela Palanka, Pirot və Dimitrovqradda daha üç ölçmə stansiyası da daxil olacaq ki, bu da Serbiyanın bu 3 şəhəri və bölgəsinə qaz təchizatı əldə etməyə imkan verəcək. Qeyd edək ki, tikinti işlərinə 2022-ci ilin yanvarında başlanılıb. Aparılmış təsmi statistikaya görə Azərbaycanın 800 milyon tondan çox neft, 2,6 trilyon kubmetr qaz ehtiyatları var

Fəyaz Həsənli,
Bakı Ali Neft Məktəbinin metodisti,
YAP Xətai rayon təşkilatının üzvü