13 dekabr 2023 21:28
153

Əsirlərimizin qaytarılması Prezidentin hərbçilərə verdiyi yüksək dəyərin göstəricisidir

Bu gün Qazax rayonunda Azərbaycan ilə Ermənistan arasında əsirlərin qarşılıqlı surətdə azad edilməsi prosesi baş tutdu. Proses zamanı Ermənistan tərəfindən Azərbaycanın 2 hərbi qulluqçusu - Hüseyn Axundov və Aqşin Bəbirov azad olundu. Azərbaycan tərəfi isə erməniəsilli 32 şəxsi qarşı tərəfə təhvil verdi.

Bu addım Prezidenti İlham Əliyevin Azərbaycan xalqına verdiyi dəyərin bariz nümunəsi olmaqla bərabər, dövlətimizin sülh və normallaşma səylərinə göstərdiyi dəstəyin əyani sübutdur. Prezident İlham Əliyev bu addımı ilə Azərbaycanın hər bir vətəndaşının nə qədər dəyərli olduğunu göstərdi.
Həmçinin razılaşmanın təkcə Azərbaycan və Ermənistan arasında olması,  problemlərin birbaşa dialoq formatında həll edilə biləcəyini sübuta yetirdi, bundan sonrakı prosesləri daha da irəli aparmaq üçün təkan verdi. Ermənistana qaytarılan 32 nəfərlik siyahıya Azərbaycan xalqına qarşı müharibə cinayətləri törətmiş qondarma rejimin rəhbərlərinin daxil edilməməsi ölkəmizin hər zaman olduğunu kimi, prinsipial mövqeyə sadiqliyini nümayiş etdirdi.

Amma istənilən halda erməni əsilli şəxslərin azad edilməsi Azərbaycan dövlətinin Ermənistana sülh üçün növbəti təklifi kimi də dəyərləndirilə bilər. İrəvan hakimiyyəti isə Azərbaycanın etibarlı və sözünə əməl edən dövlət kimi davranışını yüksək qiymətləndirib, səmimi, konstruktiv və birbaşa dialoqa öz töhfəsini verməlidir. 

Təbii ki, iki dövlət arasındakı problemlər əsirlərin mübadilə edilməsi ilə yekunlaşmır. Belə ki,  Ermənistanın cinayətləri üzündən Birinci Qarabağ müharibəsində itkin düşmüş 4 minə yaxın azərbaycanlının taleyi bu günədək qeyri-müəyyən olaraq qalır. Əlbəttə ki, rəsmi İrəvan itkin düşən şəxslər barədə məlumatlıdır. Ona görə də əgər Ermənistan səmimidirsə, itkin düşmüş azərbaycanlılar haqqında məlumatları ölkəmizə təhvil verilməlidir. Ermənistanın indiyədək bu məsələyə beynəlxalq hüququn norma və prinsipləri prizmasından yanaşmamasına baxmayaraq, bu ölkə heç bir məsuliyyətə cəlb edilmədi, təzyiqlərlə üzləşmədi. Ona görə də artıq hər kəs anlayır ki, beynəlxalq təşkilatlar dövlətlərarası problemləri həll etməkdə maraqlı deyil. Ya da öz maraqlarına uyğun hərəkət edir. 

Amma Azərbaycan artıq hər şeyin keçmişdə qaldığını atdığı humanist addımlarla sübuta yetirir və qarşı tərəfi konkret mövqe sərgiləməyə dəvət edir. Bu baxımdan da Ermənistan əlaqələrin normallaşmasına sadiqliyini nümayiş etdirməli və Azərbaycanın təşəbbüslərini nəzərə alaraq, əməli addımlar atılmalıdır. Ermənistan həm minalanmış ərazilərin xəritəsinin verilməsində, həm də bu sahədə dəstək göstərmək üçün əməkdaşlıq mühitinin yaradılmasında ölkəmizin təkliflərinə müsbət cavab verməlidir. Beynəlxalq konyekturanın tələbləri də bunu ehtiva edir ki, siyasi məsələlər və problemlər qarşılıqli surətdə və güzəştli şəkildə həll edilməlidir.

Elmir Səftərov
Siyasi şərhçi