14 dekabr 2023 00:58
402

Dünyada sülhün, inkişafın və əməkdaşlığın təminatı üçün fəal informasiya mübadiləsinin həyata keçirilməsi vacibdir

Dünya Media Sammiti tarixi Zəfərə imza atan Azərbaycanın postmünaqişə dövrünün reallıqları ilə bağlı beynəlxalq ictimaiyyətin daha dolğun məlumatlandırılmasında növbəti platforma oldu

Dünya informasiya məkanına inteqrasiya dövlətimizin siyasətində bütün dövrlər üçün aktuallığını qoruyur. Təbii ki, təcrübə mübadiləsi, səylərin birləşdirilməsi, əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi günümüzün əsas çağırışları sırasında xüsusi yer tutur. Bu əlaqələr digər sahələr kimi, cəmiyyətin güzgüsü kimi dəyərləndirilən, ictimai fikrə təsir imkanları geniş olan mətbuat üçün daha vacib amillərdən biridir. Bugünümüzün reallıqları fonunda dövlət başçısı İlham Əliyevin 2016-cı ildə Heydər Əliyev Fondunun və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə Bakıda, Heydər Əliyev Mərkəzində Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının birgə açılış mərasimində çıxışında yer alan mühüm çağırışları yada salaq. «Hamımız azad medianın tərəfdarıyıq. Hamımızın, xüsusilə də 70 il Sovet İttifaqının tərkibində yaşamış Azərbaycan kimi dövlətlərin doğru məlumata ehtiyacı var. O dönəmdə yalnız vahid rəsmi siyasət və vahid ideologiya mövcud idi və bizim heç bir məlumata çıxışımız yox idi. Təkcə bizim deyil, bütün ölkələrin və xalqların həqiqətən nələrin baş verdiyi ilə bağlı məlumat əldə etmək hüququ var» söyləyən cənab İlham Əliyev onu da əlavə etmişdir ki, medianın beynəlxalq hadisələrdəki rolu dəqiqliklə təhlil edilməlidir. Çünki medianın rolu gündən-günə artır və bununla yanaşı, məsuliyyət də artır. Beş qitəni, 80 ölkəni və dünyanın 100-dən artıq aparıcı xəbər agentliyini təmsil edən 200 nəfər qonağı bir araya gətirən belə qlobal və beynəlxalq əhəmiyyətli tədbirin Bakıda keçirilməsi müstəqil medianın inkişafı sahəsində Azərbaycanın fəaliyyətinin və nailiyyətlərinin yüksək qiymətləndirilməsinin göstəricisi kimi dəyərləndirildi. Müstəqilliyinin bərpasının 32 ilini arxada qoyan Azərbaycanın uğurları media azadlığı ilə yanaşı, bütün digər fundamental azadlıqların təmin edilməsinə müvəffəq olduğumuzu nümayiş etdirir.

Hər dövrün öz tələbi, çağırışı vardır. Azərbaycan hər dövrün çağırışlarını yüksək səviyyədə yerinə yetirmək üçün ciddi səylər göstərir. Bunun üçün tarixi Zəfərimizin yaratdığı reallıqlar əsasında bütün sahələrdə, o cümlədən mətbuatda baş verən yeniliklərə, islahatlara diqqət yetirmək kifayətdir. Dövlət başçısı İlham Əliyevin 12 yanvar 2021-ci il tarixli “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı, bu sənəd əsasında “Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxsin yaradılması media sahəsinə yeni bir ab-hava gətirdi. Medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə belə bir sənədin imzalanması həm ölkəmizdə, həm də beynəlxalq səviyyədə yüksək dəyərləndirildi. Günümüzün əsas çağırışı olan media resurslarının iqtisadi müstəqilliyinin stimullaşdırılması, KİV sahəsində şəffaflığın təmin edilməsi, ən əsası jurnalistikanın, media mühitinin sağlamlaşdırılması, “reket jurnalistika”ya qarşı mübarizə tədbirlərinin gələcəkdə hansı nəticələrə yol açacağı kimi sual doğuran məqamlara işıq salındı. Bunun ardınca yeni «Media haqqında» Qanun qəbul edildi. Müasir çağırışlara cavab verən “Media haqqında” yeni Qanunun qəbuluna ehtiyac var idi. “Kütləvi informasiya vasitələri haqqında” Qanun artıq müasir tələblərə cavab vermirdi. Media hər zaman dinamik və dəyişkən bir sahə olub. Yeni texnologiyaların inkişafı və tətbiqi günümüzün əsas çağırışları sırasındadır.

Ölkəmiz bu il Qlobal Media Forumuna ev sahibliyi etdi. Şuşa şəhəri müstəqil Azərbaycanın tarixində ilk dəfə dünyanın aparıcı media, jurnalist təşkilatları rəhbərlərini, media, informasiya-kommunikasiya sahəsində nüfuzlu ekspertləri, tanınmış jurnalistləri bir araya gətirdi. 49 ölkədən 150 xarici qonağın, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyinin, 12 beynəlxalq təşkilatın və media qurumunun, həmçinin 60 yerli media rəhbəri və nümayəndəsinin iştirak etdiyi Forumda media və informasiya-kommunikasiya sahəsində qlobal səviyyədə mühüm aktuallıq kəsb edən məsələlər müzakirə edildi. Dünyanın tanınmış və nüfuzlu media rəhbərləri, ekspertləri rəqəmsal dövrdə jurnalistika və kommunikasiyada yeni alətlər, rəqəmsal transformasiya, müasir informasiya mühitində media menecmenti və dayanıqlı media biznes modellərinin yaradılması, yeni mediada istehlak tendensiyaları və media savadlılığı, dezinformasiya və feyk nyusla mübarizə üsulları, jurnalistlərin təhlükəsizliyi və digər məsələləri müzakirə etdilər. Yeni texnologiyalar mətbuatın hərəkətverici qüvvəsidir. Bu sahədə əməkdaşlığın inkişaf etdirilməsi prioritet məsələlər sırasındadır. Azərbaycan daim əməkdaşlığa, yeniliyə açıqdır. Yazının əvvəlində qeyd etidyimiz beynəlxalq əhəmiyyətli tədbirdə dövlət başçısı İlham Əliyevin səsləndirdiyi çağırışların hər birində əsas mahiyyət səylərin birləşdirilməsi, təcrübə mübadiləsinin aparılması fonunda daha dəqiq, qərəzsiz məlumatların əldə olunmasıdır.

Qlobal Media Forumunda dövlət başçısı İlham Əliyevin üç saata yaxın yerli və xarici media nümayəndələrinin suallarını cavablandırarkən Azərbaycanın, regionun gələcəyi, həmçinin dəyişən dünyada baş verən hadisələrlə bağlı söylədiyi fikirlər ölkə və dünya mətbuatında geniş müzakirə olundu. Prezident İlham Əliyevin çıxışının mahiyyətində daha çox gələcəklə bağlı hədəflər öz əksini tapdı. Dövlət başçısı Azərbaycanın gələcəyi ilə bağlı fikirlərini belə ifadə etdi ki, prinsip etibarilə strateji inkişaf istiqamətləri bir çox illər bundan əvvəl müəyyən edilmişdir. Yeganə məqam odur ki, həyat öz dəyişikliklərini əlavə edir və dəyişən reallıqları planlarımıza inteqrasiya etməli oluruq. İşğal altındakı ərazilərin azad olunmasından sonra sosial-iqtisadi məsələlər ön planda dayanır. Çünki Azərbaycanda siyasi proseslər düzgün istiqamətdə gedir. Cəmiyyətdə gələcəyimizin əsas məsələləri üzrə həmrəylik var. Birinci planda dayanıqlı inkişaf məsələləri dayanır. İstənilən şəraitdə və vəziyyətdə iqtisadiyyatın dayanıqlı olmasını təmin etməliyik. Valyuta ehtiyatlarımızı artırırıq, idarəetmə sistemini təkmilləşdiririk. Bütün bunlar əlavə imkanlar qazandırır. Hazırkı dövrün əsas çağırışı olan Ermənistanla münasibətlərin tənzimlənməsinə gəldikdə isə dövlət başçısı bildirmişdir ki, sülh müqaviləsinin imzalanmasına nail olsaq, Cənubi Qafqazda vəziyyət sağlamlaşacaq və bu bölgə yüksək risk zonasından çıxmış olacaq. İnvestorlar, ilk növbədə, potensial və mümkün riskləri nəzərə alırlar. Ermənistanla münasibətlərin tənzimlənməsi bu sualı gündəmdən çıxaracaq. Münasibətlərin normallaşması həm Azərbaycan, həm də Ermənistan iqtisadiyyatı üçün daha genişmiqyaslı planların gerçəkləşdirilməsinə imkan verəcək. Təbii ki, burada Qarabağın və Şərqi Zəngəzurun malik olduğu potensial da nəzərdə tutulur. Hazırda bərpa olunan enerji mənbələrinə investisiyaların yatırılmasının prioritetliyini nəzərə alsaq, işğaldan azad edilmiş ərazilərimizin bu sahədə zəngin potensiala malik olduğu inkaredilməzdir.

Bunları qeyd etməyimiz səbəbsiz deyil. Dövlət başçısı İlham Əliyevin tapşırığı ilə Media Forumunun qlobal miqyas alması həm Azərbaycanın dünəni, həm bu günü, həm də gələcəyi ilə bağlı reallıqların dünya ictimaiyyətinə çatdırılmasında əhəmiyyətli platforma oldu. Dövlət başçısı İlham Əliyev bunu belə əsaslandırdı ki, ötən il Şuşada Azərbaycanın media nümayəndələrinin birinci Forumu keçiriləndə bu tədbirdə iştirak etmədi. Prezident Administrasiyasına göstəriş verildi ki, gələn dəfə bu tədbiri beynəlxalq Forum səviyyəsində təşkil etmək lazımdır. Cənab İlham Əliyev Azərbaycanın informasiya blokadasının yarılmasında mətbuatın böyük işlər gördüyünü bildirdi. İşğal dövründə tutduğu vəzifədən asılı olmayaraq hər bir vətənpərvər azərbaycanlı torpaqlarımızın azadlığa qovuşmasına gedən yolu hər an yaxınlaşdırmaq üçün səylər göstərirdi. Ölkə Prezidenti «Azərbaycan mediasının bu sahədəki fəaliyyəti, o cümlədən ona görə qiymətlidir ki, dünya ictimaiyyətinə təkcə beynəlxalq hüquq prizmasından yox, ümumi insani prizmadan üzləşdiyimiz problemi çatdırmaq üçün bizim birinci vasitəmiz media olmuşdur. Ona görə mən media nümayəndələri ilə əvvəlki dövrlərdə, yəni işğal dövründə görüşlər əsnasında hər zaman bunu qeyd edirdim. Qeyd edirdim ki, biz daha çox beynəlxalq auditoriyaya çıxmalıyıq» fikirləri mətbuatın qarşısında dayanan vəzifələri yerinə yetirdiyinə işarədir.

Təbii ki, dövr dəyişir, qarşıya yeni vəzifələr qoyulur. Azərbaycan mediası da zamanın tələbinə uyğun olaraq təkmilləşir, cəmiyyətin gözləntilərində də fərqlilik özünü aydın şəkildə büruzə verir. Belə ki, işğal, eyni zamanda, 44 günlük İkinci Qarabağ müharibəsi dövründə cəmiyyət Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər barədə dolğun məlumatların əldə edilməsində nə qədər maraqlı idisə, hazırkı dövrün, postmünaqişə mərhələsinin tələbləri fərqlidir. Burada Qarabağın və Şərqi Zəngəzurun dirçəlməsi, sülh müqaviləsinin imzalanması ilə bağlı hazırkı vəziyyət barədə informasiyalar ictimaiyyət üçün maraqlıdır. Yazılı və elektoron KİV-lər bu tələbatın yerinə yetirilməsi üçün bütün səylərini səfərbər edir. Dövlət başçısı Forumdakı çıxışında bu çağırışı etmişdir ki, bu gün yenə də öz həqiqətlərimizi sübut etməyə məhkumuq. Çünki bizə qarşı bu gün yenə də kampaniya davam edir. Qələbəmizi həzm edə bilməyən, uğurlarımıza qısqanclıqla yanaşan, bizə qarşı açıq informasiya savaşına çıxanlara tutarlı, real arqumentlərlə cavab verməliyik və veririk. Məhz bunun nəticəsidir ki, bu gün bütün bu iftiralara, böhtanlara, yalanlara baxmayaraq, Azərbaycanın sözü, Azərbaycan xalqının, dövlətinin haqlı səsi eşidilir və bunun əsas aləti bizim media resurslarımızdır. Ona görə cəmiyyətdə mövcud olan həmrəylik və birlik, bax, bu üstünlüyü bizə təmin edir.

Dövlət başçısı İlham Əliyevin hər bir fikri gələcək üçün bir ideya, istiqamət oldu. Mətbuat postmünaqişə dövrünün reallıqlarının qarşıya qoyduğu tələbləri yerinə yetirəcək, qlobal çağırışları yüksək səviyyədə cavablandırmaq üçün səylərini daha da artıracaq. Şuşa Qlobal Media Forumu bu hədəflərə nail olmaq üçün təcrübə mübadiləsinə, səylərin birləşdirilməsinə geniş yol açacaq. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, dövlət başçısı İlham Əliyev hədəflərə çatmaq üçün yol xəritəsini təqdim etdi və bu fikri diqqətə çatdırdı ki, biz hədəfə doğru gedirdik və gedirik, bir çox hədəflərə çatmışıq. Bəzi hədəflər var ki, biz hələ onlara çatmamışıq, amma onlara da çatacağıq.

Tarixi Zəfərimizin reallıqları fonunda gündəmə gətirilən əsas məsələlərdən biri də bu oldu ki, iki qardaş ölkə- Azərbaycanla Türkiyə arasında Ortaq Media Platforması yaradılsın. Vətən müharibəsi zamanı iki qardaş ölkə arasında kommunikasiya sahəsində formalaşan əməkdaşlıq Birgə Media Platforması vasitəsilə rəsmiləşdirildi. Media və kommunikasiya sahələrində nümayiş etdirilən həmrəyliyin qısa zaman ərzində uğurlu nəticələri göz önündədir. Bu mühüm məqam da qeyd edildi ki, sosial və beynəlxalq media platformalarında Azərbaycana qarşı aparılan dezinformasiyaya qarşı mübarizədə Türkiyənin təcrübəsindən istifadə ediləcək. Azərbaycan-Türkiyə Ortaq Media Platformasına yeni-yeni tərəfdaşlar da cəlb edilə bilər. Belə ki, Türk Dövlətləri Təşkilatına üzv dövlətlərlə bu sahədə əməkdaşlığın qurulması inkaredilməzdir. Hazırkı dövrdə türk dünyasının birliyi istiqamətində atılan addımlar xarici siyasətimizin əsasını təşkil edir. Azərbaycan daim bu çağırışı edir ki, biz birlikdə güclüyük. Bir türk dövlətinin problemi digərinin probemi kimi qəbul edilməlidir. Bu çağırışlar təbii ki, öz növbəsində media sahəsində əməkdaşlığı aktuallaşdırır. Bu mühüm məqam da vurğulanır ki, ortaq maraqları olan digər dövlətlər də bu platfomada əməkdaşlıq etmək imkanındadır. İnformasiya mübarizəsi dövründə bu kimi əməkdaşlıq platformalarının yaradılması təqdirəlayiqdir.

Azərbaycanın hər bir sahədə qazandığı təcrübə həm onun ev sahibliyi etdiyi, həm də qonaq qismində qatıldığı tədbirlərin say tərkibinin genişliyində özünün aydın ifadəsini tapır. Əvvəldə də qeyd etdiyimiz kimi, hər bir ölkənin inkişaf səviyyəsinin təqdimatı olan mətbuat zamanın tələblərinə uyğun olaraq təkmilləşdikdə qarşıya qoyulan vəzifələrə yüksək səviyyədə nail olmaq imkanındadır. Bu baxımdan Azərbaycanın demokratik inkişafının əsas göstəricilərindən olan mətbuatın inkişafı daim dövlətin diqqətində olduğundan uğurların davamlılığı inkaredilməzdir. Azərbaycanın dünya informasiya məkanına inteqrasiyasının sürətləndiyini təsdiqləyən xeyli sayda faktlar sadalmaq mümkündür. Hazırkı dövrün informasiya-kommunikasiya texnologiyaları əsri olduğunu nəzərə alsaq Azərbaycanın bu sahədə hansı uğurlara imza atdığını xatırlamaqla ortaya çıxan sualları dolğun şəkildə cavablandırmaq mümkündür. Azərbaycan kosmik klubun fəal üzvüdür.

Bu gün ölkə və dünya mətbuatında müzakirə edilən əsas məsələlərdən biri bu günlərdə Çinin Quancou şəhərində V Dünya Media Sammitinin keçirilməsi və onun yol açdığı perspektiıvlərdir. Sinxua agentliyinin ev sahibliyi ilə keçirilən tədbir 101 ölkədən və regiondan 450-dən çox iştirakçını, o cümlədən 197 aparıcı media qurumunun nümayəndələrini, analitik mərkəzlərin, hökumət strukturlarının, Çində yerləşən diplomatik nümayəndəliklərin, həmçinin BMT-nin agentlikləri və beynəlxalq təşkilatların təmsilçilərini bir araya gətirdi. Azərbaycandan nümayəndələrin həmin sammitdə iştirakı onun ölkəmiz üçün əhəmiyyətinə bir daha işıq saldı. İştirakçıların say tərkibinə diqqət yetirməklə ümumilikdə sammitin gələcək əməkdaşlıqda nə kimi rol oynayacağı özünü qabarıq şəkildə büruzə verir. “Qlobal etibarlılığı artırmaq, medianın inkişafını təşviq etmək” devizi altında keçirilən sammitin açılış mərasimində və plenar iclasında çıxış edənlər medianın müasir problemlərinə, yeni çağırışlar fonunda jurnalistlərin üzləşdikləri çətinliklərə diqqət yönəltdilər. Medianın cəmiyyətin həyatında vacib sosial məsuliyyət daşıdığı xüsusi vurğulandı. Saxta informasiya yayımı ilə mübarizədə səylərinin artırılmasının vacibliyini çağırışlarda xüsusi yer tutdu. Çıxış edənlər dünyada sülhün, inkişafın və əməkdaşlığın təminatı üçün fəal informasiya mübadiləsinin həyata keçirilməsinin vacibliyini qeyd etdilər. Medianın işində müasir texnologiyaların, o cümlədən süni intellektin tətbiqinin faydaları vurğulandı. Bu reallıq bir daha önə çəkildi ki, Dünya Media Sammiti kimi platformalar müxtəlif ölkələri və xalqları bir araya gətirərək sülh və inkişafa dialoq vasitəsilə nail olmağın yollarını axtarmağa imkan verir. Bu səbəbdən də sammitin işində təkcə media qurumlarının rəhbərləri deyil, cəmiyyətin daha geniş spektrini əhatə edən təbəqələrin nümayəndələri iştirak etdilər.

Qeyd edək ki, Dünya Media Sammiti 2009-cu ildə Sinxua, “Associated Press”, “Reuters”, “Kyoda” və TASS İnformasiya Agentliyi daxil olmaqla aparıcı media qurumlarının birgə təşkilatçılığı ilə təsis edilib və elə ilk sammit də Çində, Pekində keçirilib. Ardınca Moskva və Dohada sammitlər təşkil olunub. Pandemiyanın səngiməsindən sonra digər beynəlxalq tədbirlər kimi Dünya Media Sammitinin işi də bərpa olunub. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Dünya Media Sammiti kütləvi informasiya vasitələrinin nümayəndələrinə təcrübə mübadiləsi aparmaq, tərəfdaşlarından yenilikləri öyrənmək, ümumi mövqeni ortaya qoymaq, qarşıda dayanan vəzifələrin icrası üçün yeni yollar axtarmaq və perspektivləri müzakirə etmək baxımından geniş imkan yaradır. Yeni dövrün yeni çağırışları əsasında hər bir iştirakçının günün aktual məsələləri ətrafında aparılan müzakirələrin fonunda ölkələrinə yaxşı nəticələrlə qayıtmaq imkanı əldə etmələri təqdirəlayiqdir.

Yeganə Əliyeva, «İki sahil»