14 dekabr 2023 00:06
396

Azərbaycanda yaşamaq istəyirlərsə...

Bu gün Qarabağdan köçən ermənilər üzərindən əsassız “etnik təmizləmə” təbliğatı qurmaq Ermənistanın bütün cəhdləri fiaskoya uğrayır. Daha doğrusu, onların öz mahiyyətləri bu məsələdə əsl ifşaedici fakta çevrilir. Son dövrlərdə Qarabağdan köçən ermənilərlə bağlı Ermənistanın vətəndaş cəmiyyəti institutlarının yaydıqları məlumatlar, sosial şəbəkələrdə yer alan hadisələr birmənalı qarşılana bilməz. Hətta Ermənistanın internet televiziyalarının apardıqları sorğularda İrəvan sakini olan ermənilər Qarabağdan gələn ermənilərin paytaxta buraxılmasını yolverilməz hesab edirlər, onların ucqar əyalətlərə yerləşdirilməsinin vacibliyini söyləyirlər. Bəziləri isə açıq mətnlə Qarabağdan gələn erməniləri “öz ölkələrində” görmək istəmədiklərini dilə gətirirlər. Lakin insan hüquq və azadlıqlarının qorunmasına məsul beynəlxalq strukturlar Ermənistanın illərlə apardığı “etnik təmizləmə” siyasətinin ifşasından qorxaraq bu kimi faktları ictimailəşdirmirlər.

Xüsusilə Qarabağdan könüllü köçən ermənilərin uşaqları Ermənistanda məktəblərdə kütləvi şəkildə bullinqə (UNICEF-ə görə bullinq uşaqların incidilməsinə səbəb olan ixtiyari və təkrar olaraq törədilmiş aqressiv davranışdır) məruz qalırlar.

Göründüyü kimi, ötən əsrin 80-ci illərinin sonlarında vətəndaşları olduqları Azərbaycan dövlətinə qarşı çıxan, separatizm, xəyanət yolu tutan Qarabağ erməniləri hazırda, necə deyərlər, öz qazdıqları quyuya düşürlər. Bu vəziyyətdən nə vaxt yaxa qurtaracaqları isə onların özlərindən asılıdır. Azərbaycan dövlətinin mövqeyi və siyasi iradəsi ortadadır. Onun nədən ibarət olduğunu isə əvvəllər Qarabağda yaşayan ermənilər çox yaxşı bilirlər.

Azərbaycan dəfələrlə bəyan edib ki, dövlətimiz Qarabağın erməniəsilli sakinlərini qovmayıb və ya onların getməyə məcbur etməyib. Bu onların şəxsi qərarıdır. Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində bildirib ki, bu, onların öz qərarı idi: “Qarabağ erməniləri ilə bağlı ictimaiyyətə verdiyimiz bəyanat və sonradan atdığımız addımlar göstərdi ki, biz istəyirdik onlar qalsınlar. Biz açıq şəkildə elan etdik və mən antiterror əməliyyatı başa çatdıqdan sonra Azərbaycan xalqına müraciətimdə bildirdim ki, onlar qala bilər. Biz elektron qeydiyyat portalını açdıq. Qayıtmaq istəyən hər kəsin belə bir hüququ var. Onların mülkiyyəti lazımi dərəcədə qorunur. Bütün tarixi və dini yerlər lazımınca qorunur”.

Geri qayıtmaq üçün isə həmin şəxslər Azərbaycan vətəndaşlığı ilə bağlı müraciət etməlidirlər. Bu şəxlərlə bağlı reinteqrasiya proqramı təqdim edilib. Antiterror tədbirlərindən sonrakı mərhələdə bu proqramla bağlı detallar açıqlanıb - Reinteqrasiya Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi çərçivəsində Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və beynəlxalq öhdəlikləri əsasında həyata keçirilir. Etnik, dini və ya dil mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə, o cümlədən hər kəsin təhlükəsizliyinə təminat verilir.

Dövlətimizin başçısı vurğulayıb ki, mən antiterror əməliyyatının keçirilməsindən bir neçə ay əvvəl demişdim ki, qalmaq istəyənlər Azərbaycan vətəndaşlığı üçün müraciət etməlidirlər: “Çünki insanlar başqa ölkənin vətəndaşı olmaqla Azərbaycanda necə yaşaya bilərlər? Ya vətəndaşlıq, ya iş icazəsi, ya da yaşayış icazəsi olmalıdır. Onlar dırnaqarası “dağlıq qarabağ respublikasında” yaşadıqlarını deyərək Azərbaycanda yaşaya bilməzlər. Çünki dırnaqarası “dağlıq qarabağ respublikası” mövcud deyil. Onlar bunu öz xəyallarında, mifologiyasında uydurublar. Onlar Azərbaycan vətəndaşları olaraq Azərbaycanda yaşamaq istəyirlərsə, əlbəttə ki, bunu edə bilərlər”.

Bunun analogiyası isə Ermənistandan qovulmuş azərbaycanlılara tətbiq edilməlidir. Çünki Qarabağ əsilli ermənilərin Azərbaycanda yaşamaq hüququ olduğu kimi, eyni hüquq həm də 300 min azərbaycanlının doğulduğu torpaqlarda  - Ermənistanda yaşamaq hüququnu təsbit edir. Bu gün işğalçı ölkə Azərbaycanı heç bir həqiqətə əsaslanmadan etnik təmizləmədə ittiham edirsə, bəs onda 1980-ci ilin sonlarında Qərbi Azərbaycandan qovulan azərbaycanlıların öz ata-baba yurduna qaytarılması və onun təhlükəsizliyinə təminat verilməsi barədə niyə susmağa üstünlük verir. Axı illərdir ki, dədə-baba torpaqlarının həsrətini çəkən soydaşlarımız Qərbi Azərbaycana – İrəvana, Zəngəzura, Dərələyəzə, Göyçəyə, Amasiyaya və azərbaycanlıların vaxtilə kompakt yaşadıqları digər ərazilərə qayıtmaq istəyirlər. Lakin biz bu məsələdə də ikili standartlarla qarşılaşırıq.

Belə ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel “Azadlıq” radiosunda bu il dekabrın 12-də yayımlanmış müsahibəsində etnik və dini əsasda ayrı-seçkiliyə yol verib. Azərbaycan və Ermənistan arasında münasibətlərdə milli azlıqlar məsələsi barədə danışan cənab Mişel etnik ermənilərin Azərbaycana qayıtmasından geniş danışdığı halda, Ermənistandan qovulmuş azərbaycanlıların qayıtması haqqında heç bir kəlmə deməyib.

Bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib ki, Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququna dəstək vermək, onların orada qalmış evlərini, qəbiristanlıqlarını və mədəni abidələrini ziyarət etmələrinə yardım etmək xahişi ilə Avropa İttifaqına, o cümlədən, şəxsən Şarl Mişelə dəfələrlə müraciətlər edib. Avropa İttifaqı qovulmuş azərbaycanlıların bu müraciətlərinə etinasız yanaşıb.

Bəyanatda vurğulanıb ki, Avropa İttifaqının bu cür ayrı-seçkili mövqeyi insan hüquqlarına zidd olmaqla bərabər, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinə mənfi təsir göstərir.

Qərbi Azərbaycan İcması Avropa İttifaqını Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququna dəstək ifadə etməyə, ikili standartlarına, etnik ayrı-seçkilik siyasətinə və Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olunmasına mane olan cəhdlərinə son verməyə çağırır.

Nigar Orucova, “İki sahil”