13 dekabr 2023 18:00
739

Əməkdaşlığa verilən mühüm töhvələr

Qədim tarixə, zəngin mədəni-mənəvi irsə malik olan Azərbaycan xalqı hər zaman haqqın, ədalətin tərəfində olub və beynəlxalq hüquq prinsiplərinə hörmətlə yanaşıb. Hətta bədnam qonşumuz Ermənistan əzəli və əbədi torpaqlarımızı 30 ilə yaxın müddətdə işğal altında saxlayanda belə Azərbaycan daim sülh çağırışları edir və münaqişənin qan tökülmədən həllinə var qüvvəsi ilə çalışırdı. Lakin təəssüf ki, Ermənistan xarici havadarlarına arxalanaraq Azərbaycanın sülh təkliflərini cavabsız qoydu. Bununla yanaşı düşmən tərəf cəbhədə tez-tez təxribatlar törətməkdən də çəkinmirdi. Ermənistanın bütün təxribatlarının qarşısı qəhrəman Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınırdı. 27 sentyabr 2020-ci ildə düşmənin növbəti təxribatının qarşısını alan Azərbaycan Silahlı Qüvvələri uğurlu əks-hücum əməliyyatlarına başladı və cəmi 44 gün ərzində 30 il düşmən tapdağı altında inləyən Vətən torpaqlarını işğaldan azad etdi. 8 noyabr Zəfəri tariximizə qızıl hərflərlə yazıldı. Artıq yaşadığımız bu günlərdə xalqımızın Böyük Qayıdış ideyası reallaşır. Soydaşlarımız böyük sevinc və qürur hissi ilə öz doğma torpaqlarına qayıdırlar. Dövlətimiz həmin vətandaşlar üçün yüksək səviyyədə mənzil-məişət şəraiti yaradır.

6 dekabr 2023-cü il tarixində “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” forumundakı çıxışında Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev 30 illik erməni işğalı və onun nəticələri, regional əməkdaşlıq, Azərbaycanın tranzit imkanları ilə bağlı maraqlı açıqlamalarını iştirakçıların diqqətinə çatdırdı. Dövlət başçımız bildirdi ki, Azərbaycan regiona sülhü müharibə ilə gətirib. Ölkəmiz sübut etdi ki, münaqişənin hərbi yolla həlli var. Ərazi bütövlüyümüz təmin olunduqdan sonra qarşıda duran əsas vəzifə Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasıdır. Bu prosesdə əsas maneə isə zaman və minalardır. Təəssüf ki, mina terroru hələ də davam edir. Digər bir problem isə ondan ibarətdir ki, Ermənistan xarici havadarlarının təhrikinə uyaraq Zəngəzur dəhlizinin açılmasına mane olur. Böyük praktiki təsirə malik olan layihələrin reallaşdırılması regional əməkdaşlığa əvəzsiz töhvələr verər.

Möhtərəm Cənab Prezident İlham Əliyev həmçinin qeyd etdi ki, işğal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyət göstərən şirkətlərlə bağlı hüquqi prosedurlara İkinci Qarabağ müharibəsi başa çatdıqdan dərhal sonra başlanılıb. Xüsusilə mədənçilik, qızıl və digər qiymətli metalların hasilatı ilə məşğul olan şirkətlərlə bağlı lazımi proseduralar görülür. Təbii sərvətlərimizi qanunsuz şəkildə mənimsəyənlərin məsuliyyətə cəlb edilməsi üçün artıq üç ilə yaxındır ki, müxtəlif hüquq şirkətləri ilə fəal iş aparırıq. Hazırda işğaldan yeni azad edilmiş ərazilərdə vəziyyətin qiymətləndirilməsi üzrə iş gedir. Müxtəlif dövlət qurumlarının nümayəndələrindən ibarət xüsusi qrupumuz kəndbəkənd, sahəbəsahə gəzərək ərazilərin monitorinqini davam etdirir, ekoloji ziyanı qiymətləndirir. Xüsusilə Kəlbəcər, Laçın və Zəngilan meşələrinə daha çox ziyan dəyib.

Ölkə başçımız həmçinin əlavə etdi ki, Azərbaycan Mərkəzi Asiya ölkələrinə, ilk növbədə Qazaxıstana və Türkmənistana tranzit xidməti göstərir. Mərkəzi Asiya ölkələrində yaşıl enerjini istehsal etmək üçün çoxlu investisiya layihələri mövcuddur. Azərbaycan dövləti bu ölkələrlə sıx əməkdaşlıq edir. Avropadan Mərkəzi Asiyaya gedən yol Azərbaycandan keçir. Azərbaycan dövləti öz növbəsində regional və qlobal əməkdaşlığa mühüm töhvələr verməkdədir.

Cavid Məmiyev,

YAP Sumqayıt şəhər təşkilatının sədr müavini