14 dekabr 2023 00:19
423

AXCP-dəki siyasi qoturlaşma davamlı istefalar güzgüsündə

AXCP sədri Əli Kərimli öz ampluasına sadiq qalaraq yenə çirkin və xəbis əməllərini davam etdirir. Özünü müxalifətin “əsas siması” kimi cəmiyyətə sırımaq mərəzi onu sakit dayanmağa qoymur. Araşdırmalardan məlum olub ki, Əli Kərimli trollarına tapşırıq verib ki, “Toplum tv”dəki sorğuya müdaxilə edib onun faizini artırsınlar və bundan “ictimai rəy” yaratmaq üçün istifadə etsinlər.  Trollar da bu tapşırığı canla-başla yerinə yetiriblər. Ancaq onların növbəti fırıldaqlarının üstü qısa müddətdə açılıb. Belə ki, Tural Sadıqlının “Azad söz” internet kanalı Əli Kərimliyə və onun sosial şəbəkələrdə çirkli pullar hesabına saxladığı muzdlu troll dəstəsinə bu sorğu məsələsində çox ağır zərbə vurub. “Toplum tv”dən bir gün sonra sorğu keçirən Tural Sadıqlı real mənzərəni göstərib və Əli Kərimlinin trol dəstəsindən istifadə edərək özünə xal qazanmağa, saxta rəy yaratmağa yönəlik əməllərini ifşa edib. Tural Sadıqlı əslində müxalifət düşərgəsində Əli Kərimlinin nüfuzunun olmadığını da sübut edib. Məsələ çox sadədir. Bir halda ki, “Azad söz”ün izləyicilərinin sayı “Toplum tv”dən 10 dəfə çoxdursa, demək ki nəticələrin də həqiqiliyində 10 dəfə fərq var. Elə bu anda qeyd etmək yerinə düşər ki, son 2 həftə ərzində AXCP-dən onlarla üzv istefa verib. Təbii ki, bu istefalar həmin izləmələrə öz mənfi təsirini göstərir.

Madam ki, söz AXCP-dəki istefalardan düşdü, elə buradaca bir haşiyə cıxaq. Partiyada hökm sürən avtoritar idarəçiliyə, qarşıdurma və ziddiyyətlərə, sıravi üzvlərin həqiqətə, məntiqə söykənən mühakimələrinin heçə sayılmasına etiraz edərək Əli Kərimlinin girovluğundan xilas olmaq üçün təşkilatdan istefa verən gənclərin muzdlu “cəbhəçilər” tərəfindən davamlı olaraq ağır ifadələrlə təhqir edilməsi davam edir. Bütün bunlar AXCP-də onsuz da mövcud olan gərginliyi, parçalanmanı və qarşıdurmanı daha da artırıb. Təşkilatdan istefa verənlərin Ə.Kərimlinin əlaltıları tərəfindən sosial şəbəkələrdə ağır şəkildə, nalayiq sözlərlə  təhqir olunmaları və bu tapşırığın trollara “baş çəbhəçi” tərəfindən verilməsinin aşkara çıxması ilə  ziddiyyətlər pik nöqtəsinə çatıb. Kütləvi istefalara dözümsüzlük nümayiş etdirən Ə.Kərimlinin göstərişi ilə partiyadan ayrılan gəncləri xəyanətdə ittiham edənlər onlara qotur deməkdən belə çəkinmirlər. AXCP Binəqədi rayon şöbəsinin sədri Ramid Nağıyevin partiyadan istefa verənlərlə bağlı sosial şəbəkələrdə yazdıqlarına diqqət yetirək: “Bu partiya sənin kimiləri qədər görüb… Anladığını da yazırsan, anlamadığını da. Sən nə yatıb, nə də yuxu görmüsən ki, indi fəxrlə partiyanı suçlayırsan? Görünən də budur ki, xainlərin hamısı xüsusi cənfəşanlıqla bir-birinə bu işdə dəstək verir… Sizin kimi qoturlar 30 ildə çox ürək bulandırıb, amma heç nə alınmayıb. Gedin özünüzə kişi sənəti seçin, q… sənəti yox…”.

Bütün bunlar nə deməkdir?  O deməkdir ki, Ə.Kərimli və onun orbitinə yaxın olan şəxslər çox ağır şəkildə əxlaqi-mənəvi deqradasiyaya uğrayıblar. Təhqir, əxlaqsızlıq, mənəviyyatsızlıq  bu marginalların həyat tərzinə çevrilib. Təbii ki, bu cür həyat tərzi dağıdıcı müxalifət düşərgəsinin  və qaragüruhunun ön cəbhəsində yer alan AXCP-də elə “cəbhəçilər”in xoşladığı ifadələrlə desək, gec-tez siyasi qoturlaşmaya gətirib çıxarmalı idi. Bax, belə də oldu...

Zahid Rza, “İki sahil”