14 dekabr 2023 01:36
350

Daha 25 ailə doğma yurdda yaşayacaq - Böyük Qayıdış

Dekabrın 13-də Qobu Park yaşayış kompleksindən Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Qırx dörd günlük Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərimizin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin bölgəyə hər səfəri xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır.  Çünki bu səfərlər zamanı Qarabağda və Şərqi Zəngəzurda yeni müəssisələrin təməli qoyulur, açılışlar edilir, həmin rayonların sosial-iqtisadi inkişafı üçün ciddi bazalar, infrastruktur yaradılır.

İşğaldan azad edilimiş ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmin edilməsi üçün ciddi addımlar atılır. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncamı bunun bariz nümunəsidir. Ekspertlərin qeyd etdikləri kimi, Dövlət Proqramının əsas hədəfləri infrastrukturun, iqtisadiyyatın formalaşması, inteqrasiyası, sosial inkişaf və ərazilərdə ekoloji mühitin yaxşılaşdırılmasıdır. Hədəflər müasir çağırışlara uyğundur. Qarabağ və Şərqi Zəngəzurda mənfur düşmən tərəfindən infrastruktur tamamilə dağıdılıb. Hazırda onun yenidən qurulması istiqamətində işlər gedir. Proqramda nəqliyyat və logistik imkanların genişlənməsi, şəhər, qəsəbə və kənd tipli yaşayış məntəqələrinin qurulması nəzərdə tutulub.

Təbii ki, həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır.

Düşmən əsarətindən azad edilmiş ərazilərə əhalinin qayıdışını təmin etmək üçün bu ərazilərdə tikiniti-quruculuq işləri sürətlə davam etdirilir. Hazırda erməni quldurları tərəfindən dağıdılan Şuşa, Ağdam, Cəbrayıl, Zəngilan, Qubadlı, Füzuli, Laçın və Kəlbəcərdə infrastruktur yenidən qurulur. Uzun müddətin və böyük maliyyənin tələb olunmasına rəğmən hazırda Azərbaycan dövləti tərəfindən heç bir donorun-digər dövlətlərin və beynəlxalq təşkilatların yardımı olmadan azad edilmiş ərazilərin minalardan təmizlənməsi prosesi davam edir. Bütün bunların sayəsində vətəndaşlarımız öz yurdlarına, yeni evlərinə köçürülür.  

Sevindirici haldır ki, indiyədək işğaldan azad olunan ərazilərdə 1 037 ailənin 4 124 nəfərin daimi məskunlaşması təmin edilib. Təkcə Füzuli şəhərində 358 ailənin, yəni 1298 nəfərin daimi məskunlaşması həyata keçirilib. İşğaldan azad edilmiş ərazilərə ilk növbədə respublikanın müxtəlif bölgələrində yerləşən yataqxana, pansionat, uşaq bağçaları, inzibati binalar və yaşayış şəraiti ağır olan keçmiş məcburi köçkün ailələrin köçürülməsi həyata keçirilir. Köçürüləcək ailələrə bir gün öncədən komitə tərəfindən əşyaların yığılması üçün yük avtomobilləri ayrılır. Həmin yük avtomobilləri Qobu Park yaşayış kompleksində toplanır. Köçürüləcək ailələr onlar üçün ayrılan mikroavtobuslarla birlikdə vahid formada köç karvanı vasitəsi ilə işğaldan azad olunmuş ərazilərə yola salınır.

Ölkəmizin başçısının tapşırığına uyğun olaraq, dekabrın 13-də Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 25 ailə-112 nəfər köçürülüb. Doğma yurda qayıdan Füzuli sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Qətiyyətlə demək olar ki, işğaldan azad olunmuş ərazilərin sürətlə bərpa edilməsi, əhalinin dayanıqlı məskunlaşması, Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdış Proqramının uğurla reallaşdırılması məhz Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin, Azərbaycan dövlətinin gücünün və qüdrətinin əyani göstəricisidir.

Zahid Rza, “İki sahil”