14 dekabr 2023 01:57
405

Parisin Ermənistanı silahlandırması haylara yaxşı gələcək vəd etmir

Bu gün dünyadakı real münaqişələrə Fransa qədər ədalətsiz, ikili standartlarla yanaşan ikinci bir ölkə yoxdur

Fransa Cənubi Qafqazda sülhə və əmin-amanlığa ən böyük təhlükə olmaqda davam edir. Xüsusilə son bir ayda Ermənistana göndərdikləri xeyli sayda silah və hərbi texnika bir daha sübut edir ki, bu Avropa ölkəsi hələ də anti-Azərbacan mövqeyindən əl çəkə bilmir. Ötən ay Fransa Ermənistana  «Arquus» qrupunun istehsalı olan «Bastion» tipli 24 zirehli texnika göndərib. Siyahıya hazırda istehsalda olan eynitipli daha 26 hərbi maşın da əlavə ediləcək.

Qeyd olunur ki, Ermənistan bu yaxınlarda Fransa şirkəti  olan «Thales»dilə üç ədəd GM2 200 radarı üçün sifariş imzalayıb və MISTRAL 3 zenit-raket komplekslərinin tədarükü ilə bağlı danışıqlar aparılır.

Bir müddət əvvəl  Fransanın müdafiə naziri Sebastyen Lekornu ölkəsinin üç ədəd GM 200 radarının satışı və «Mistral» zenit raketlərinin gələcək tədarükü ilə Ermənistana hava hücumundan müdafiə potensialını yaxşılaşdırmağa kömək etdiyini söyləmişdi. Həmçinin qeyd etmişdi ki, Fransa Ermənistana quru müdafiə qüvvələrinin hazırlanmasına kömək edəcək və ölkənin silahlı qüvvələrini islahatlar aparmaqla onun modernləşdirməsini sürətləndirəcək. Ötən günlərdə isə artıq iki ölkə arasında bu barədə Anlaşma Memorandumu imzalanıb.

Ümumiyyətlə, aydın görünür ki, bu gün dünyadakı real münaqişələrə Fransa qədər ədalətsiz, ikili standartlarla yanaşan ikinci bir ölkə yoxdur. Bu rəzilliyin arxasında isə Prezident Emmanuel Makron və  onun komandası dayanır.  Makronun ən böyük riyakarlığı ondadır ki, tarixi cinayətlərlə dolu ölkəsinin törətdiyi soyqırmılara görə üzrxahlıq etmək əvəzinə  öz sərhədlərindən min kilometrlərlə uzaqlarda, xüsusilə də İslam ölkələrində cinayətkar siyasətini davam etdirir.

Erməni lobbisinin köləsinə çevrilən Makron və  komandası son zamanlar daha da azğınlaşaraq Cənubi Qafqazı öz inhisarına almaq istəyir. Xüsusilə Ermənistanı silahlandırmaqla bu bölgədə müharibəni yenidən alovlandırmağa çalışır. Makronun son addımları göstərir ki, bu ölkə Cənubi Qafqazda sülhün və əmin-amanlığın bərqərar olmasında  qətiyyən maraqlı deyil. Xüsusilə, Azərbaycan Ordusunun  həm İkinci Qarabağ müharibəsində, həm də 2023-cü ilin sentyabrın  19-da Qarabağ iqtisadi rayonunda başladığı və cəmi bir günə uğurla başa çatdırdığı  lokal antiterror tədbirlərindəki hərbi  qələbələrini həzm edə bilmir  Bu qələbələrimizlə Ermənistan  barışsa da Makron barışmaq istəmir. Bu isə elə avropalılar demişkən  «Roma Papasından da artıq katolik olmaq» anlamına gəlir.  

Bu gün haylar elə bir iflas həddindədirlər ki, onlar müharibə etmək iqtidarında deyillər. Ancaq Makron isə onları məcburən müharibəyə sürükləyiir. Rəsmi Parisin bu xain addımlarını qınayan  Prezident İlham Əliyev  bildirib ki, Fransanın Ermənistana silah verməsi sülhə deyil, yeni qarşıdurmaya xidmət edən yanaşmadır və əgər regionda hər hansı yeni qarşıdurma baş verərsə, bunun səbəbkarı məhz Fransa olacaq.

O da xüsusi vurğulanmalıdır ki, Avropa Parlamentində Azərbaycana qarşı qəbul edilən haqsız qətnamələrin təşəbbüskarı da Makrondur. Bir sözlə, bizə qarşı ortaya qoyulan bu haqsız mövqelər heç bir halda regionda sülhün, sabitliyin təmin olunmasına xidmət etmir. Təbii ki, burada məqsəd Azərbaycanla Ermənistan arasında gözlənilən  sülh danışıqlarını  pozmaq və sülh müqaviləsinin imzalanmasına hər vəchlə mane olmaqdır.

Fransa bu son davranışları ilə həm də dünyaya nümayiş  etdirmək istəyir ki, guya Rusiyanı  buradan sıxışdırıb çıxarmaqla bölgəyə sülh gətirməyə çalışır. Ancaq dünya ictimaiyyəti yaxın tarixdən də yaxşı bilir ki, Fransa 30 il ATƏT-in keçmiş Minsk qrupunun həmsədr dövləti kimi bir dəfə də olsun sülh təşəbbüsü ilə çıxış etməyib. Əksinə, ortaya atılan təşəbbüslərin müzakirəsinə mane olub. 2020-ci ildə isə ölkəmiz işğaldakı torpaqlarını  azad edəndə Fransa bizə qarşı çirkin böhtan kampaniyasına başladı. Eyni zamanda, hərbi əməliyyatların dayandırılmasına çalışdı.

Rəsmi Parisin informasiya mənbələrində qeyd olunur ki, İrəvana təyin edilən yeni hərbi attaşe Fransanın istehsal etdiyi öldürücü silahların Ermənistana tədarükünə nəzarət edəcək. Bütün hallarda Frasanın bu anormal addımları Ermənistana yaxşı heç nə  vəd etmir. Görünən odur ki, Ermənistan dünya güclərinin hərbi poliqonuna çevrilməklə Suriyanın, Ukraynanın, Qəzzanın  taleyini yaşayacaq. Təbii ki, bütün bunların isə məsuliyyəti  tam olaraq Fransanın və Ermənistanı himayə edən digər Qərb dövlətlərinin  üzərinə düşəcək .

Elçin Zaman, «İki sahil»