14 dekabr 2023 02:16
417

Zəngəzur dəhlizi bölgənin siyasi-strateji mənzərəsini dəyişəcək

Bu kommunikasiyanın açılması ilə Azərbaycan xalqının doğma torpağa, milli-mənəvi dəyərlərimizə varislik ənənəsi bərpa olunacaq

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın bölgədə yaratdığı mühüm reallıqlardan biri də 2020-ci ildə imzalanan üçtərəfli Bəyanatın 9-cu maddəsinə görə Zəngəzur dəhlizinin bərpası ilə bağlı məsələnin aktuallaşması oldu. Azərbaycanın tarixi ərazisi, respublikanın digər bölgələri ilə Naxçıvanı birləşdirəcək, İrək Yolunun üzərində yerləşən Zəngəzur dəhlizi yüz illərlə ticari-iqtisadi və mədəni kommunikasiya yolu kimi mühüm əhəmiyyətə malik olub. Vətən müharibəsindən sonra bu dəhlizin bərpasının aktuallaşması, dünya siyasətinin başlıca mövzusu kimi diqqətdə saxlanılması təsadüfi deyil. Siyasi, yükdaşımalar baxımından mühüm əhəmiyyətə malik bu dəhliz «Bir kəmər, bir yol» layihəsinin davamı olmaqla Mərkəzi Asiya, Xəzər regionu, Azərbaycan və Ermənistanı Türkiyə ilə birləşdirən sosial-iqtisadi, geosiyasi və geostrateji xüsusiyyətlərə, ticarət yollarında hərəkəti intensivləşdirmək xüsusiyyətlərinə malikdir.

Zəngəzur dəhlizinin strateji əhəmiyyətini müxtəlif regional və beynəlxalq forumlarda, o cümlədən Birləşmiş Millətlər Təşkilatının (BMT) Asiya və Sakit Okean üzrə 77-ci İqtisadi və Sosial Komissiyasında çıxışlarında qeyd edən Prezident İlham Əliyevin vurğuladığı kimi, Zəngəzur dəhlizinin bərpası ilə bölgənin siyasi-strateji mənzərəsi dəyişəcək. «Bir kəmər, bir yol» layihəsi çərçivəsində Azərbaycanın Türkiyə ilə Çin arasında mövqeyi möhkəmlənəcək, respublikamız Orta Dəhliz marşrutunun tranzit ölkəsinə çevriləcək. Çox təəssüf ki, geosiyasi mühasirədən çıxış yolu­ olan bu dəhlizin açılmasına mane olan rəsmi İrəvan hələ də qərbli havadarlarının çaldığı havalara oynayaraq üzərinə düşən məsuliyyətdən yayınır. Ancaq nə qədər maneçilik törədilsə də regional, iqtisadi və geosiyasi maraqların kəsişdiyi və toqquşduğu məkanda yerləşən Zəngəzur dəhlizi reallaş­acaq. Bu layihənin bərpası üçün hər iki qardaş ölkə tərəfindən konkret addımlar atılır. Bu dəhliz vasitəsilə ilk dəfə olaraq Ankara ilə Bakı arasında birbaşa quru əlaqəsi yaradılacaq, kommunikasiya şəbəkələri quraşdırılacaq. Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin Yol Xəritəsinə Zəngəzur dəhlizinin əlavə edilməsi Orta Dəhlizin inkişafına da təkan verəcək.

Şərqlə Qərb arasındakı yükdaşımalarda Orta Dəhlizin bir hissəsi olacaq Zəngəzur dəhlizinin böyük potensialı təkzibolunmazdır. Təkcə Azərbaycan deyil, Rusiya, İran və Ermənistan da bu dəhlizdən yararlanaraq daha çox gəlir əldə edə bilərlər. Ermənistan öz mallarını təkcə Rusiya bazarlarına deyil, Türkiyə üzərindən Avropaya, Yaxın və Orta Şərqi Asiya və Şimali Afrika ölkələrinə çıxarmaq imkanı qazanacaq. Bu baxımdan daha çox yüklərin daşınması və bütövlükdə regionun iqtisadi fayda götürməsi üçün Zəngəzur dəhlizinin bərpası labüddür.

Şuşada Azərbaycanla Türkiyə arasında imzalanan Müttəfiqlik Bəyannaməsinə Zəngəzur dəhlizi ilə bağlı bəndin salınması dövlət başçımız İlham Əliyevin siyasi iradəsinin, qətiyyətinin nəticəsi olmaqla daha realdır. Beynəlxalq əhəmiyyətli bu yolun açılması Azərbaycanın siyasi , iqtisadi uğuru olmaqla, muxtar respublikanın Avropaya açılan qapısı statusunu gerçəkləşdirəcək. Orta Dəhliz layihəsinin əsas tərəfdaşı və iştirakçısı olan ölkəmizin önəminin artması türk dünyasının birlik və həmrəyliyinə etibarlı zəmindir. Bu dəhliz məğlub ölkəni bataqlıqdan çıxara biləcək tək infrastruktur layihəsidir. Ermənistan bunu istəsə, məsələ daha tez və asanlıqla öz həllini tapmış olacaq. Əks halda yolun açılmasına süni əngəllər törədən Ermənistan heç vaxt istəyinə nail ala bilməyəcək. Çünki Azərbaycan qarşısına qoyduğu bu strateji hədəfi reallaşdır­mağa qadirdir və dünyanın nəqliyyat xəritəsini yenidən formalaşdıracaq Şərq–Qərb dəhlizinin tərkib hissəsi olacaq bu dəhliz” üzərində ciddi çalışır. Bu dəhlizin bərpası ilə ölkəmizin Avra­siyanın nəqliyyat və logistika mərkəzi kimi geostrateji mövqeyi möhkəmlənəcək, tranzit imkanları genişlən­əcək. Böhrandan çıxmaq imkanlarını revanşist çağırışlarla əvəzləməyə çalışan rəsmi İrəvan onu gözləyən təhlükələr barədə düşünməlidir.

«Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqla­rımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də... İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən mü­haribədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq» söyləyən döv­lət başçımız İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan xalqı imperiyanın xəyanətinin qurbanı olan və əlindən alınmış Zəngə­zura qayıdacaq. Beləliklə, bu dəhlizin bərpası Cənu­bi Qafqazdan keçən bütün marşrutlar sisteminə yeni nəfəs verəcək.

Bu nəqliyyat yolunun bərpasına fərqli yanaşmalar, eyni zamanda, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına da mane olur. Ermənistanı bu cür əhəmiyyətli kommunikasiyadan çəkindirən Qərb Çinin layihəsi olan Orta Dəhlizin Cənubi Qafqazda mövqeyinin artmasını istəmir. Avra­siyanın qlobal nəqliyyat şəbəkəsində əhəmiyyətinə görə seçilən, strateji və gəlirli marşrut Zəngəzur dəhlizinə nəzarət məsələsində maraqları üst-üstə düşməyən Rusiya, Qərb və ABŞ arasındakı «üstünlük mübarizəsi»nin Ermənistan üçün mənfi nəticə verəcəyini ekspert rəyləri, proqnozları da təsdiqləyir. Şübhəsiz ki, region ölkələ­ri arasında baş verən proseslər Zəngəzur dəhlizinin açılmasına öz təsirini göstərir. İlkin mərhələdə dəmir yolu xəttinin açılaması ilə bağlı məsələ müzakirə olunur. Bəllidir ki, Ermənistanın dəmir yolu xətti, bütövlükdə, Rusiyaya aiddir. Eyni zamanda, bu xətt hazırda iş­lək vəziyyətdə deyil. Ona görə də bu məsələ, istər-istəməz, müəy­yən qədər vaxt aparacaq. Amma önəmli olan odur ki, Zəngəzur dəhlizi və sülh müqaviləsi məsələ­si ayrıca müzakirə edilir. Zəngəzur dəhlizinin Azərbay­can hissəsinin 2024-cü ildə fəaliyyətə başlayacağı barədə proqnozu Şərqi Zəngəzur dəhlizi adlandı­rılan, Araz çayının sol sahili boyunca Azərbaycanı Naxçıvanla birləşdirə­cək nəqliyyat kommunikasiyalarının Zəngilanda ilk təməlqoyma mərasimi də təsdiqləyir. Cənubi Qafqaz regionunun ən böyük layihələrindən biri ola­caq, eləcə də Avrasiyanın əsas nəqliyyat qovşağına çevriləcək Zəngəzur dəhlizinin reallaşması istiqamətində görülən işlər, Azərbaycanın və və Türkiyənin dövlət başçılarının bu yolun mütləq açılacağı ilə bağlı inamla söylədikləri sözlər daha inandırıcıdır. Bu, təkcə Naxçıvanı Azərbay­canla birləşdirən bir xətt olma­yacaq. Dəhliz iki yüz ildən sonra Avrasiyanın mərkəzində yeni kommunikasiya qovşağına çevriləcək. Bu da siyasi-iqtisadi, humanitar və mədəni cəhətdən böyük önəm daşıyır. 

Bu dəhlizin açılması ilə Ermənistanın revanşist qüvvələrin sərsəm ideyalarına son qoyulacaq. Zəngəzur dəhlizinin açılması ilə bağlı işlərin sürətlənməsi, danışıqların daha da intensivləşməsi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpasına böyük diqqət və qayğı ilə yanaşılması bu dəhlizin açılmasına inamı artırır.

Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci iclasındakı çıxışında Azərbaycanla həmrəyliyini «Qarabağ Azərbaycan torpağıdır, bunun xaricində heç bir status qəbul edilməyəcək!» sözləri ilə ifadə edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın «Naxçıvanı Azərbaycana birləşdirəcək Zəngəzur dəhlizi ilə bağlı bəzi çevrələrdəki qorxu və əndişələr, mənə görə, yersizdir. Artıq bütün Qarabağın atdığı bu addımlardan sonra belə qorxulara yer yoxdur», Prezident İlham Əliyevin «Zəngəzur dəhlizinin açılması mütləq olmalıdır, Ermənistan bunu istəsə də, istəməsə də. Biz ortaya güclü iradə qoymuşuq, bütün işlər plan üzrə gedir. Bizim tələbimiz əsaslıdır və ədalətlidir. Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə bizim bağlantımız olmalıdır və olacaqdır»” sözləri Ermənistanı düşündürməlidir. Həm də ona görə düşündürməlidir ki, bu dəhlizin açılması Azərbaycanın doğma torpağa, milli-mənəvi dəyərlərimizə varislik prinsipinə sadiqlikdir. Şuşada, Xankəndidə dalğalanan bayrağımız bu varisliyin mübarizlik təntənəsi idisə, Zəngəzur dəhlizinin reallaşması Azərbaycanın siyasi, diplomatik uğurlarının məntiqi nəticəsi olacaq. Ermənistanın sülh sazişi ilə bağlı dəyişən mövqeyindən fərqli olaraq Azərbaycan bölgədə sabitlik, əmin-amanlıq, Zəngəzur dəhlizinin reallaşmasını istəyir. Rəsmi Bakı sərhədlərin delimitasiyasının ermənilərin təqdim etmək istədikləri kimi deyil, tarixi xəritələr əsasında həyata keçirilməsinin tərəfdarıdır.

Prezident İlham Əliyevin «Biz Azərbaycandan Türkiyə və Avropa istiqamətində gedən əlavə yol olacaq Zəngəzur dəhlizi üzərində çox fəal şəkildə çalışırıq. Azərbaycan ərazisində tikinti işlərinin təxminən 70 faizi artıq başa çatdırılıb. Beləliklə, Azərbaycan ərazisindən təkcə Bakı-Tbilisi-Qars kimi bir yol keçməyəcək, o cümlədən Zəngəzur dəhlizi işə salınacaq. Bir sözlə, bütün bunlar əlavə yüklər üçün digər imkanlar açacaq… Həqiqətən, daşımalarda əməkdaşlıq bütün ölkələr üçün çox faydalı olacaq və eyni zamanda, o da vacibdir ki, bu işlər ölkələr arasında əlaqələri gücləndirəcək» sözləri bölgə dövlətləri arasında əməkdaşlığın, iqtisadi münasibətlərin gücləndirilməsi üçün ən etibarlı qarantdır.

Xuraman İsmayılqızı, «İki sahil»