14 dekabr 2023 02:58
419

Fransız sayağı davranış

Fransa mediasında azərbaycanlı jurnalistlərə qarşı qarayaxma kampaniyasının başladılması Makron hakimiyyətinin yürütdüyü anti-Azərbaycan siyasətinin tərkib hissəsidir

Bu gün Avropa məkanında insanların hüquqlarının tez-tez pozulması, hansısa lobbi təşkilatlarının təsiri nəticəsində dövlətlərin qondarma məsələlərlə bağlı qanunlar qəbul edib vətəndaşlarını cəzalandırması kimi hallarla qarşılaşırıq. Amma müəyyən vaxta qədər Avropa insan hüquqlarının qorunduğu, bəşəri dəyərlərin müdafiə olunduğu və dünya üçün nümunə sayıla biləcək məkan kimi qəbul edilirdi. Hazırda isə bəşəriyyət Avropanın dünyaya sırıdığı dəyərlərdən üz döndərdiyini görməkdədir. Konkret olaraq, Fransada erməni lobbisinin təsirilə ölkə parlamentində qərarlar qəbul edilir, manipulyasiyalar yolu ilə ictimaiyyətdə çaşqınlıqlar yaradılır və fransızlar tarixi həqiqətlərə kor kimi baxmağa başlayırlar. Bu isə öz növbəsində böyük problemlərə yol açır. Həmçinin Fransa hökuməti azad söz, müstəqil fikir yürütmə, özünü ifadəetmə kimi dəyərlərə qarşı çıxır və insanların hüquqlarını məhdudlaşdırır. Burdan da, Fransanın əsl siması - yalançı demokratiyanın altında gizlənən despotik mahiyyəti üzə çıxır. Bir müddət öncə, daha doğrusu dekabrın 3-də azərbaycanlı jurnalist Aygün Həsənovanın yerli əhalinin azadlıq hərəkatını işıqlandırmaq məqsədi ilə 200 ilə yaxındır Fransa müstəmləkəsi olan Yeni Kaledoniyaya ezamiyyəti zamanı yaşanan olaylar deyilənlərin təsdiqidir. Xatırladaq ki, hava limanında onun əraziyə girişinə imkan verilməmiş, guya vizasının olmaması bəhanə gətirilmişdi. Polis onu həbslə hədələyərək üçüncü ölkəyə deportasiya etmişdi. Halbuki, Yeni Kaledoniya hələ də Fransa ərazisi sayıldığından və ölkə qanunları orada da qüvvədə olduğundan Aygün Həsənovanın Şengen vizası bu ərazi üçün keçərli sayılırdı.

Bunlar azmış kimi Fransa Prezidenti Emmanuel Makron hakimiyyətinin azərbaycanlı jurnalistlərə qarşı hikkəsi hələ də davam edir. Ötən gün ölkənin bir sıra informasiya vasitələri söz mətbuat və fikir azadlığı kimi demokratiyanın başlıca prinsiplərini tapdayıblar. Belə ki, Fransa mediasında Aygün Həsənovaya, eləcə də azərbaycanlı jurnalistlərə qarşı qarayaxma kampaniyası başladılıb. Fransa mətbuatında guya AZƏRTAC-ın əməkdaşlarının Yeni Kaledoniyaya Fransada sabitliyi pozmaq üçün göndərildiyi, hətta onların “casus” adlandırıldıqları dezinformasiya tirajlanır. Bu, Yeni Kaledoniyada jurnalistimizə qarşı törədilən haqsızlığı ört-basdır etmək cəhdindən başqa bir şey deyildir. Yeni Kaledoniyada azadlıq tələbi ilə yürüşə çıxanların haqq səsini dünyaya çatdırmaq istəyən jurnalistlərə Fransa hökumətinin bu cür qeyri-rəsmi formada “casus” damğası vurmaq cəhdi demokratiya, azad söz, media azadlığı kimi fundamental prinsiplərin tələblərinə qarşı çox böyük hörmətsizlikdir. Jurnalistimizə qarşı Yeni Kaledoniyada edilən haqsızlığı hətta Kaledoniya İttifaqı siyasi partiyasının prezidenti Daniel Qoa da öz açıqlamasında pisləyib. Onun jurnalistimizə yazdığı məktubda deyilir: “Kaledoniya İttifaqı siyasi partiyasının prezidenti, Kanak və Sosialist Milli Azadlıq Cəbhəsinin (FLNKS) sözçüsü olaraq, 2023-cü il dekabrın 3-də Numeaya səfəriniz zamanı məruz qaldığınız ayrı-seçkiliklə əlaqədar Sizə tam dəstəyimi ifadə etmək istəyirəm. Biz bir daha müstəmləkə hökmranlığı altında olan xalqlarla bağlı məlumatların yayılmasına qarşı həqiqətən ifrat müstəmləkəçi münasibətinin şahidi olduq”.

Avropalı təlimçilər hər zaman bildirirlər ki, ölkələrindəki mətbuat orqanları müstəqildir və hakimiyyətin sifarişlərinə əməl etmirlər. Ancaq Fransa KİV-də Aygün Həsənovaya qarşı qarayaxama kampaniyası bunun əksini isbatlayır. Məlum olur ki, Fransa kimi demokratiyaya iddialı bir dövlətdə söz və fikrə sayğı heç də deyilən qədər deyil. Fransa mediası azərbaycanlı jurnalistin ünvanına şər-böhtan yazmaqla Azərbaycan jurnalistlərinin peşəkar nüfuzuna xələl vurur, şərəf və ləyaqəti aşağılayır. Bu, diffamasiyadır. Məlumdur ki, Afrikadan sıxışdırılıb qovulmaqda olan Fransa Cənubi Qafqazda da öz çirkin planlarını həyata keçirməyə çalışır. Onun yeni müstəmləkəçilik siyasətinə qarşı isə təkcə Azərbaycan çıxır. Ona görə də rəsmi Paris Ermənistandan Azərbaycana təzyiq vasitəsi olaraq istifadə etməyə çalışır. Fransa hakimiyyəti təkcə siyasi sahədə deyil, hərbi istiqamətdə də bu ölkəni silahlandırmaqla Cənubi Qafqazda hərbi gücünü nümayiş etdirməyə can atır.

Fransanın timsalında bəzi qüvvələrin Cənubi Qafqazdan əl çəkmədiklərini, bölgədə sülhə doğru gedən yola maneçilik törətdikləri aşkardır. Ermənistan onların təsiri altındandır. Özlüyündə də ölkə heç vaxt müstəqil xarici siyasət yürütməyib. Əvvəl Rusiyanın bölgədəki “forpostu” idi, indi Fransanın koloniyası olmağa can atır. Nəinki can atır, eyni zamanda, bununla özünün avantürası və ərazi iddiası üçün “platforma” hazırlayır. Belə “dəst-xətt” isə hərbi və siyasi məğlubiyyətlərdən dərs çıxarmaq deyil. Ermənistanın rəhbərliyi unutmamalıdır ki, bu cür yolverilməz yanaşma ölkəsinə baha başa gələ bilər.

Sevinc Azadi, “İki sahil”