13 dekabr 2023 01:37
285

Bizim siyasətimiz bütün ölkələrə dost münasibətin nümayiş etdirilməsinə hədəflənib

Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində bir daha bildirmişdir ki, Azərbaycan bu gün böyük beynəlxalq potensiala, müsbət reputasiyaya malik ölkədir

Azərbaycan tarixi Zəfərinin reallıqlarını yaşayır. Şanlı Qələbəmizdən sonra ölkəmizin beynəlxalq münasibətlər sistemində yerinin və rolunun daha da möhkəmlənməsi diqqətdən kənarda qalmır. Bu, ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin yüksələn xətlə inkişafında, ev sahibliyi etdiyi tədbirlərin davamlılığında özünün aydın ifadəsini tapır. Zəfərimizin yaratdığı reallıqlar dünya siyasətinin yenidən formalaşdırılmasını bir zərurətə çevirdi. Azərbaycanın dünyanın yeni xarici siyasətinin müzakirəsi üçün ideal məkan kimi qəbul olunması, dövrün əsas çağırışlarının ölkəmizdə müzakirə edilərək təcrübəsinin yüksək dəyərləndirilməsi, böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar prinsipləri əsasında əməkdaşlıq əlaqələri qurması dünya birliyinin fəal üzvü kimi artan nüfuzunun göstəricisidir.

Beynəlxalq səviyyədə Azərbaycanla bağlı səsləndirilən fikirlər ölkəmizin həyata keçirdiyi siyasətin nümunə olması və öyrənilməsinin vacibliyi barədə aydın təsəvvür yaradır. Bildirilir ki, Azərbaycan çox nadir bir ölkə olaraq özündə ənənə və müasirliyi birləşdirir. Ölkəmizin ədalətə və beynəlxalq hüquqa əsaslanan müstəqil siyasətinin uğurları davamlılığı ilə diqqətdədir. Bu gün ölkəmiz, eyni zamanda, Avrasiya regionunun nəqliyyat və logistika qovşağı rolunu oynaması üçün mühüm addımlar atır. Azərbaycanın Şərq və Qərb, eyni zamanda, Şimal və Cənub tərəfdaşlarını birləşdirmək məqsədi bütünlükdə regionda və dünyada əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə xidmət edir. Tarixi Zəfərimizdən sonra günümüzün əsas müzakirə mövzularından olan Zəngəzur dəhlizinin açılması da ölkəmizin regionda və dünyada artan nüfuzuna öz müsbət təsirini göstərəcək. Zəngəzur dəhlizi hazırkı dövrün əsas çağırışları sırasında xüsusi yer tutan türk dövlətlərinin həmrəylik körpüsü kimi dəyərləndirilir. 

Qeyd etdiyimiz kimi, Azərbaycan iqtisadi, siyasi, humanitar mərkəzə çevrilib. Müxtəlif mədəniyyətlərin, dinlərin qovuşuğunda yerləşən Azərbaycan sivilizasiyalararası dialoq məkanı olmaqla yanaşı, iqtisadi inkişaf modeli ilə dünyanın diqqətindədir. Dayanıqlı dinamizmin Azərbaycanda müzakirə olunması ölkəmizin davamlı inkişafına yol açan təkmil sosial-iqtisadi islahatlarına söykənir. Hər zaman vurğulandığı kimi, bütün sahələrdə dinamizm inkişafa səbəb olur. Dövlətimizin siyasətində təkmilləşmənin, yeniləşmənin prioritetliyi Azərbaycanın beynəlxalq aləmdə yenilikçi, islahatçı ölkə kimi tanınmasına və nüfuz qazanmasına səbəb olur. Məhz uğurlarımıza əsaslanaraq Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək istəyimizi reallaşdırmaq istiqamətində uğurlu addımlar atılır. Ölkəmizin Dünya İqtisadi Forumunun hesabatlarında daim liderliyini qoruması da deyilənlərin təsdiqidir.

“Euronews” televiziyasına müsahibəsində «Beynəlxalq arenada biz müstəqil siyasət yürütməyə davam edəcəyik. Biz dördüncü ildir ki, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik edirik. Bir çox üzv ölkənin - 120 üzv ölkənin ümumi rəyinə əsasən Azərbaycan Qoşulmama Hərəkatına yeni ölçü və dinamika verməkdə önəmli rol oynamışdır» söyləyən dövlət başçısı İlham Əliyev onu da əlavə etmişdir ki, Qoşulmama Hərəkatının institusional inkişafı ilə bağlı çoxlu addımlar atdıq, parlament və gənclər platformalarını yaratdıq, qadınlar üçün platformanın yaradılması üzərində işlədik. COVID pandemiyası məsələsi ilə bağlı çox fəal olmaqla 80-dən çox ölkəyə yardım etdik. Qoşulmama Hərəkatında sədrliyimiz bizə siyasətimizi, imkanlarımızı nümayiş etdirməyə şərait yaratdı. Sədrliyimiz yekdil qərarla əlavə bir il uzadılmışdır. 120 ölkə, onların heç də hamısı bir-biri ilə yaxşı münasibətdə deyil, lakin Azərbaycana gəldikdə onların hamısı yekdilliklə dəstəklədi. Bu, beynəlxalq dəstəyi ən yaxşı şəkildə nümayiş etdirir.

Azərbaycan qonşuları ilə münasibətlərini yaxşı balanslaşdırıb. Bu əlaqələr dostluğa və qarşılıqlı marağa əsaslanır. Ölkəmizin Avropa təsisatları ilə münasibətlərinin müsbət dinamikası var. Hər zaman qeyd etdiyimiz kimi, bu əlaqələrdə enerji amili əsas yer tutur. Dövlət başçısı İlham Əliyevin sözugedən müsahibəsində əsas diqqət göstərdiyi məsələ məhz ölkəmizin iqtisadi imkanları, dünyanın enerji təhlükəsizliyinin təminatına verdiyi töhfələr oldu. Enerji layihələri dövlətlər, xalqlar arasında əməkdaşlıq və dostluq körpüsü rolunu oynayır. Hər gündəmə gətirilən yeni layihə bu körpünün daha da möhkəmləndirilməsinə əhəmiyyətli rol oynayır. Bu gün Avropa İttifaqı-Azərbaycan əməkdaşlığı uğurla inkişaf edir. Avropa İttifaqı ölkəmizin əsas ticarət tərəfdaşıdır. Avropa İttifaqının 9 üzv ölkəsi ilə Azərbaycan artıq strateji tərəfdaşlıq haqqında bəyanatlar imzalayıb. Bu, üzv dövlətlərin üçdə biridir. Bu, onu göstərir ki, Avropa İttifaqı da bizim kimi əməkdaşlıqda maraqlıdır.

Azərbaycanın xarici siyasətində türk dünyası ilə birlik, həmrəylik və tərəfdaşlıq xüsusi yer tutur. Azərbaycanın Türk Dövlətləri Təşkilatı, həmçinin quruma üzv dövlətlərlə əlaqələri yüksələn xətlə inkişaf edir Dövlət başçısı İlham Əliyev daim bu çağırışı edir ki, biz birlikdə güclüyük. Dünya Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının timsalında ümumilikdə türk dünyasının birliyinin şahidi olur. Bu birlik özünün aydın ifadəsini işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərində də tapır. Hələ tarixi Zəfərimizin dünyaya təqdimatı olan Zəfər paradında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirmişdir: «Rəbbimə bizlərə bu günləri yaşatdığı üçün sonsuz şükür edirəm. Bu gün burada bütün qəlbimlə bir daha təkrarlamaq istəyirəm: Qarabağ Azərbaycandır! Qarabağ artıq Ana Vətəninə qovuşmuş, otuz illik həsrət sona çatmışdır. Türkiyə və Azərbaycan olaraq bundan sonrakı hədəfimiz bu torpaqları daha abad, daha inkişaf etmiş, uşaqlarımızın daha yaxşı yaşayacağı bir yerə çevirmək üçün mübarizə aparmaqdır. Türkiyə və Azərbaycan kürək-kürəyə verdikcə Allahın izni ilə çətinliklərin öhdəsindən gəlməyə, uğurdan-uğura çatmağa davam edəcəkdir.» Tarixi Zəfərimizdən sonra Azərbaycan və Türkiyənin dostluğunun, qardaşlığının, müttəfiqliyinin rəsmi təsdiqi olan Şuşa Bəyannaməsinin imzalanmasıilə münasibətlərimizdə yeni mərhələnin əsası qoyuldu.

Təhlillər əsasında bu fikir xüsusi qeyd edilir ki, tarixi Zəfərimiz regionda və dünyada yeni reallıqlar yaratmaqla yanaşı, türk ailəsinin birliyinə də öz müsbət təsirini göstərdi. Bunun üçün dövlət başçısı İlham Əliyevin türkdilli dövlətlərə davamlı səfərlərinə, həmçinin həmin ölkələrin dövlət başçılarının Azərbaycana səfərlərinin say tərkibinə, imzalanan sənədlərə diqqət yetirmək kifayətdir. Hər bir sənəd münasibətlərin inkişafında hüquqi bazadır. Dövlət başçısı İlham Əliyevin çağırışları sırasında bu məqam da xüsusi qeyd edilirdi ki, bir türkdilli dövlətin problemi digərinin problemi kimi qəbul olunmalı və birgə səylər göstərməlidirlər. 

«Bizim siyasətimiz həmişə kiməsə dəstək lazım olduqda ona dəstəyin göstərilməsinə və bütün ölkələrə dost münasibətin nümayiş etdirilməsinə hədəflənib. İndi isə - ərazi bütövlüyümüz və suverenliyimizin bərpasından sonra Azərbaycanın beynəlxalq arenada imkanları, əlbəttə ki, qat-qat böyük olacaq» söyləyən cənab İlham Əliyev bildirir ki, döyüş meydanında öz ərazisini, öz ləyaqətini qorumuş, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrini özü yerinə yetirmiş Azərbaycanın nüfuzu daha da artıb. Prezident İlham Əliyev «Siz regionunuzda nəyi müşahidə edirsiniz - rəqabət, yoxsa əməkdaşlıq» sualına cavabında bildirmişdir ki, Azərbaycana gəldikdə əməkdaşlıq görürəm. Bu da ölkəmizin siyasəti ilə bağlıdır. Hər zaman Azərbaycanı istənilən rəqabətdən, geosiyasi mübarizədən və ya böyük dövlətlərin toqquşmasından qorumaq istəmişik və buna müvəffəq olmuşuq. Azərbaycan bir çox böyük beynəlxalq oyunçular tərəfindən etibarlı tərəfdaş hesab edilir. Əməkdaşlığın real nəticələrini görürük. Azərbaycanda enerji sahəsinin inkişafına nəzər yetirdikdə geniş beynəlxalq təmsilçiliyi görürük.

Azərbaycan müstəqil xarici və daxili siyasətə malik ölkədir. Bu siyasət milli maraqlara əsaslanır. Əsas amillərdən biri ölkəni qarşıdurma, yaxud rəqabət arenasına çevirməməklə dövləti mənfi xarici təsirdən və daxili işlərə müdaxilədən qorumaqdır. Azərbaycan bu riskləri azaltmağı uğurla bacardı. Bu gün Azərbaycan böyük beynəlxalq potensiala, müsbət reputasiyaya malik ölkədir. Elə bir ölkə ki, son 20 ildə 300 milyard dollardan artıq sərmayə cəlb edə bilib.

Ölkəmizin qitə dövlətləri üçün etibarlı tərəfdaş olması dəfələrlə təsdiq olunmuş həqiqətdir. Prezident İlham Əliyev ölkəmizin daim marağında olan enerji layihələrinin şaxələndirilməsi prinsipinin diqqətdə saxlanılacağını vurğulamaqla qeyd edir ki, Avropa Azərbaycan qazı üçün mühüm bazara çevriləcək. Dövlət başçısı bir məqamı da xüsusi qeyd edir ki, birinci böyük layihələrin icrası nəticəsində bizim şirkətlərimiz, demək olar ki, ayağa qalxa bilmişlər, kapital, təcrübə toplamışlar. Ondan sonra Azərbaycana investisiya qoymağa başlamışlar. Azərbaycanda belə bir şərait yaratmışıq ki, buraya investisiya qoymaq ən sərfəli yoldur. İnvestisiyaların həcminin artırılması üçün ölkəmizdə geniş imkanlar mövcuddur. Sabitlik iqtisadi inkişafın əsas məsələsidir.

Bütün bunlar onu təsdiqləyir ki, Azərbaycan böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraqlar və hörmət prinsipləri əsasında münasibətlər qurur. Ölkəmizin müstəqil siyasəti davamlı uğurlarımızın əldə olunmasında əsas faktordur. Tarixi Zəfərimiz zamanı dünya Azərbaycanın müstəqil siyasətinin bir daha şahidinə çevrildi.

Yeganə Əliyeva, «İki sahil»