13 dekabr 2023 01:58
506

Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin təzahürü

Azərbaycanın bu günü və gələcək taleyi baxımından önəmli tarixi hadisə olan 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri yaddaşlara iqtidar - xalq birliyinin daha bir parlaq təcəssümü, xalqımızın öz liderinə olan sonsuz inam və etibarının, dərin məhəbbətinin əyani təsdiqi kimi həkk olunacaq

Azərbaycanın əldə etdiyi möhtəşəm uğurları təmin edən əsas səbəb Ulu Öndər Heydər Əliyevin dəqiqliklə işləyib hazırladığı ümumi strategiya, müdrik siyasi kursdursa, digər mühüm səbəb isə Prezident İlham Əliyevin bu stategiyanı uğurla reallaşdırması, müstəsna bacarıq və qabiliyyəti, Azərbaycanda və dünyada baş verən proseslərə təsir etmək səriştəsi, nüfuzlu siyasətçi və dövlət xadimi kimi yetişməsi, mahir diplomatik gedişləri, bir sözlə, dünyada tanınan, şəxsiyyətinə və fəaliyyətinə hörmətlə yanaşılan lider səviyyəsinə yüksəlməsidir. Azərbaycanın siyasi arenası üçün sözün həqiqi mənasında çox uğurlu dövlət başçısı olduğunu sübut edən cənab İlham Əliyevin Prezidentliyi dövründə əldə olunan möhtəşəm nailiyyətlərin, qazanılan qələbələrin canlı şahidləri kimi qəti əminliklə söyləyə bilərik ki, müstəqil Azərbaycan dövləti bu illər ərzində bir neçə 10 illərə bərabər sürətli inkişaf yolu keçib. Dövlətimizin başçısının yürütdüyü uğurlu daxili və xarici siyasət bir-birini tamamlayaraq Azərbaycanın milli maraqlarının maksimum dərəcədə təmin olunmasına yönəlib. Həm ölkə daxilində gedən proseslər, həm də Azərbaycanın dünyada daim möhkəmlənən mövqeyi deməyə əsas verir ki, indiyədək aparılmış və bu gün də dönmədən davam etdirilən siyasət düzgündür və xalqımızın maraq və mənafeyinə uyğundur.

Məhz Prezident İlham Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində bu gün Azərbaycan qlobal proseslərin mənfi təsirindən minimum itkilərlə çıxan azsaylı ölkələrdən biri olmaqla yanaşı, beynəlxalq əhəmiyyətli strateji, enerji, nəqliyyat, logistika və kommunikasiya qovşağına, investorların maraq mərkəzinə çevrilmişdir. Prezident tərəfindən aparılan uğurlu, qətiyyətli siyasət, həyata keçirilən dövlət proqramları və iqtisadi layihələr Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafına təkan verməkdədir. Son 20 ildə iqtisadi artım dinamikasına dair rəqəmlər bütün mənzərini aydın göstərir. Belə ki, “Güclü iqtisadiyyat ən önəmli şərtdir” deyən Prezident İlham Əliyevin hakimiyyəti illərində Azərbaycanın ümumi daxili məhsulu real ifadədə 3,6 dəfə artmışdır. Dövlət başçısı iqtisadiyyatın şaxələndirilməsini milli iqtisadiyyat qarşısında əsas çağırış olaraq qoymuş və bu istiqamətdə görülən işlər nəticəsində ötən 20 il müddətində qeyri-neft sektoru üzrə ÜDM 3,4 dəfə, dövlət büdcəsinin xərcləri 30 dəfə artmışdır. Əgər 2003-cü ildə adambaşına düşən büdcə xərcləri 150 manatdan az idisə, hazırda bu rəqəm 3500 manatdan çoxdur. Xarici ticarət dövriyyəsi 10,8 dəfə, o cümlədən ixrac 16,1 dəfə artmışdır. 2003-cü illə müqayisədə 2022-ci ildə adambaşına düşən ÜDM 3 dəfəyə yaxın artaraq, 13 256 manat təşkil etmişdir. Aparılan çoxşaxəli iqtisadi siyasət nəticəsində davamlı iqtisadi inkişaf təmin olunmuşdur. Birbaşa xarici borcun həcmi azalaraq hazırda ümumi daxili məhsulun 9,3 faizini təşkil edir. Azərbaycanın xarici valyuta ehtiyatları son 20 ildə 47 dəfədən çox artaraq 66 mlrd ABŞ dollarını keçmişdir, və hazırda birbaşa xarici borcumuzu 10 dəfə üstələyir. Bu dövr ərzində sərmayələrin ümumi həcmi 300 milyard ABŞ dollarından çoxdur və onlardan 190 milyard dolları qeyri-enerji sektoruna yatırılmışdır.

Görülmüş məqsədyönlü tədbirlər nəticəsində son 20 ildə qeyri-neft ixracı 8 dəfədən çox artmışdır. Bu dövr ərzində respublika üzrə 51 aqropark yaradılmışdır. İnfrastruktur layihələrinin icrası olaraq ölkənin ümumi elektrik enerjisi sisteminə daxil olan yeni elektrik stansiyaları tikilib istifadəyə verilmiş, mövcud yarımstansiyalar yenidən qurulmuş və yeniləri inşa edilmişdir. Ümumilikdə, son 20 ildə respublika üzrə ümumi gücü 4 min MVt olan 71 yeni elektrik stansiyası istismara verilmişdir. Hazırda ölkədə ümumi gücü 8 min MVt olan 93 elektrik stansiyası mövcuddur. Məhz elektroenergetika sahəsinə göstərilən diqqət və ayrılan dövlət sərmayəsi imkan vermişdir ki, Azərbaycan öz enerji təhlükəsizliyini tam təmin etməklə yanaşı, elektrik enerjisi ixrac edən ölkəyə çevrilsin.

Əhalinin sosial müdafiəsi, xüsusilə ən həssas kateqoriyadan olan insanların sosial təminat məsələləri, bütövlükdə əhalinin sosial-iqtisadi rifah halının yaxşılaşdırılması Prezident İlham Əliyevin daim diqqət mərkəzində olmuşdur. Hər il dövlət büdcəsi tərtib edilərkən büdcənin sosial yönümlü olmasına xüsusi diqqət yetirilmişdir. Bunun nəticəsidir ki, 2003-2023-cü illərdə sosial təyinatlı büdcə xərcləri 20 dəfədən çox artmışdır. Prezidentin rəhbərliyi altında keçən dövrdə orta aylıq nominal əməkhaqqı 12 dəfə, minimum əməkhaqqı isə 38 dəfədən çox artmışdır. Son 20 ildə orta aylıq pensiya 18 dəfəyə yaxın, minimum pensiya məbləği isə 14 dəfə yüksəlmişdir. Eyni zamanda, yoxsulluğun azaldılmasına, məşğulluq imkanlarının artırılmasına, işsizliyin aradan qaldırılmasına, qaçqın və məcburi köçkün ailələrinin güzəranının yaxşılaşdırılmasına yönəlmiş ardıcıl tədbirlər görülmüşdür. Əgər 20 il əvvəl yoxsulluq şəraitində yaşayan insanların sayı 45 faizə yaxın idisə, aparılan işlər nəticəsində hazırda cəmi 5,5 faiz təşkil edir.

Prezident İlham Əliyev dövlətimizin başçısı kimi 20 illik fəaliyyəti dövründə xalqa verdiyi bütün vədləri tərəddüdsüz yerinə yetirmişdir. Möhtəşəm Prezidentlik dövrünün zirvəsində təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır. 44 günlük bu müharibədə əldə olunmuş şanlı Zəfər, həm də bu ilin sentyabrında Qarabağda keçirilən antiterror tədbirləri Azərbaycan dövləti və xalqı üçün yeni bir gələcək, yeni bir inkişaf mərhələsi yaradıb. Bütün bunların fonunda ölkəmizin tarixində ilklər yaşanmaqdadır. Belə ki, müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq bütün ölkə ərazisində prezident seçkiləri keçiriləcək. Ona görə də bu seçkilər cəmiyyətdə haqlı olaraq Zəfər seçkisi kimi səciyyələndirilir. Növbədənkənar seçkilər həm də ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir. 

Göründüyü kimi, bu gün Azərbaycan xalqı öz tarixinin ən şərəfli və qürurverici dövrünü yaşayır. Biz qalib xalqın nümayəndələri, qalib dövlətin vətəndaşlarıyıq. Müzəffər Ali Baş Komandan Qarabağın hər yerində bayrağımızı ucaldıb, tarixi ədaləti və ərazi bütövlüyünü bərpa edib, Azərbaycanı əsrimizin qalib ölkəsinə çevirib. Azərbaycan Bayrağı 30 il həsrətini çəkdiyimiz tarixi torpaqlarımızda – Qarabağda qürurla dalğalanır. Dövlətimizin başçısı Şuşanı, Xankəndini azad etməklə, Qarabağı qaytarmaqla, erməni terrorçularını və separatizmi torpaqlarımızdan tamamilə silib atmaqla hər bir azərbaycanlının qəlbində qəhrəmanlıq abidəsi ucaldıb. Bu bir reallıqdır ki, son bir neçə əsrdə Azərbaycan tarixində İlham Əliyev kimi Sərkərdə olmayıb.

Bu tarixi hadisələrin əhəmiyyəti milli inkişafımızın yeni bir mərhələsinin başlanması ilə əlamətdardır. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin ən mühüm istiqaməti işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılması, müasir sosial-mədəni infrastrukturun qurulması, kommunikasiya və nəqliyyat xətlərinin bərpasıdır. Qələbədən sonrakı üç il müddətində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonundakı bərpa-quruculuq işlərinə dövlət büdcəsindən 7 milyard ABŞ dolları vəsait ayrılmışdır. Böyük Qayıdışa dair I Dövlət Proqramı qəbul edilmiş və uğurla icra edilir. Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir. Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə azad edilmiş torpaqlarımızı addım-addım, qarış-qarış gəzərək möhtəşəm quruculuq işlərinə bilavasitə başçılıq edir. Əminliklə demək olar ki, münaqişəyə dəmir yumruqla son nöqtəni qoyan, iki əsrlik problemi həll etmiş Prezident İlham Əliyevin Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirdiyi kimi, Xankəndi, Ağdərə, Xocavənd, Xocalı, Əskəranın da simasını dəyişəcəyi gün yaxındadır. 

Bu gün dövlətimizin başçısı bölgəmizdə düşmənçiliyə son qoyulması, qarşılıqlı etimada əsaslanan davamlı sülhə, dincliyə, əmin-amanlığa nail olunması uğrunda təşəbbüslər irəli sürür, çalışır, mübarizə aparır. Xalqımız bu mübarizənin də Cənubi Qafqazda sabitlik və inkişaf üçün zəruri şəraitin yaradılmasına xidmət edəcəyinə əmindir.

Sevinc Azadi, “İki sahil”