13 dekabr 2023 02:36
300

Makron badalaq gəlmək istədi...

Erməni olanda nə olar, onların da arasında başlarına açılan oyunları anlayanları az deyil. Bəziləri Ermənistandan uzaqlarda yaşasalar da buradakı hərbi-siyasi vəziyyəti düzgün qiymətləndirirlər. Onlar Qərbin Cənubi Qafqazda yerləşmək üçün Hayastandan "maşa" kimi istifadə etmək niyyətlərindən xəbərdardırlar. Xüsusilə Fransanın canfəşanlığı, məğlub olmuş ölkəni yeni müharibəyə təhrik etməsi, xırda-xuruş humanitar yardım göndərməsi, ona silah verməsi diqqətlə izlənilir və nəticə çıxarılır.

“Fransanın Ermənistandakı rolu simvolik, emosional jestlərlə məhdudlaşır”.

Bu sözləri Stenford Universitetinin siyasi elmlər üzrə professoru Artur Xaçikyan deyib. Xaçikyanın fikrincə, Fransanın verdiyi “Bastion”lar məhz bu məntiqə uyğundur. O, bu zirehli maşınların Fransanın Afrika ölkələrində sülhməramlı missiyaları çərçivəsində istifadə olunduğunu vurğulayıb. Erməni ekspertin sözlərinə görə, bu maşınların hər hansı hücumu dəf etmək üçün ciddi potensialı yoxdur. "Zirehi çox zəifdir. “3 “Thales Ground Master 200” radarının Ermənistana satılmasına gəlincə, bu addım simvolluqdan o yana getmir, çünki bu radarlar düşmən tərəfindən 15 dəqiqə ərzində məhv edilə bilər. Fransanın “Le Monde” qəzeti yazır ki, Ermənistana göstərilən yardım çox məhduddur və Fransanın erməni icmasını sakitləşdirmək üçün nəzərdə tutulub. Mən Fransadakı erməni icmasının üzvləri ilə danışdım, onlar Müdafiə Nazirliyinin və Fransa hökumətinin nümayəndələri ilə görüşlərin məzmununu mənimlə bölüşdülər. Onlara deyildiyinə görə, Fransanın Ermənistanda heç bir marağı yoxdur və Ermənistan üçün edilən hər şey sadəcə erməni icmasına hörmətdən irəli gəlir. Bu, o deməkdir ki, yardımın həcminin artacağını gözləmək lazım deyil, gec-tez puç olacaq. Üstəlik, həm Fransa, həm də ABŞ Ermənistana hücum olacağı təqdirdə birbaşa müdaxilə etməyəcəklərini açıq şəkildə bildirirlər”, - deyə Xaçikyan qeyd edib.

Bundan sonrasını qanmağa nə var ki? Bu erməni soydaşlarını açıq şəkildə qandırır ki, üzütüpürcəkli Emmanuel Makronun hay-küyünə, aldadıcı doğmalıqlarına inanmayın, həlledici məqamda sizi meydanda tək qoyacaq. Makronun əvvəllər dediyi “biz həmişə Ermənistanın yanında olacağıq” sözləri əməldə özünü doğrultmadı. Özündən də bic-kəzzab olan haylar bütün vədlərin yalançı manevrlər olduğunu nəhayət, anladılar. Sərsəm ideyalar və daşnak təbliğatı gözlərini nə qədər bağlasa da reallıqlar onları əsl həqiqəti başa düşməyə məcbur edir. Əgər Fransa hayları həqiqətən də bu qədər sevsəydi, onda ərazisində yaşayan yüz minlərlə ermənilərə hər hansı bir muxtariyyət verərdi. Ancaq görünən odur ki, Fransada söz başqadır, əməl başqa. Haylar kor deyillər ki, hər şeyi görürlər.

Çox keçməz ki, Hayastan özünün xilas yollarının yalnız Azərbaycandan keçdiyini də  anlayacaq. Ona görə də sülh sazişini nə qədər tez imzalasalar, o qədər də öz xeyirlərinə olar. Bölgəyə əmin-amanlıq gələr, gərginlik aradan qalxar. Onda nə hiyləgər, başqalarının qanı tökülən yerdə yalnız öz xeyirini güdən Fransaya, nə də qonşular arasında düşmənçiliyin davam etməsinə çalışan digər xarici dairələrə ehtiyac qalar. Ermənistan və Azərbaycan öz talelərini özləri dinc şəkildə müəyyən edə bilərlər. Hansısa vasitəçiyə, ara adamına ehtiyac yoxdur. Çünki mübahisəli məsələlər getdikcə aradan qalxır. Rəsmi Bakı vasitəçilərsiz nümunə göstərir. Qalan digər məsələlər isə gec, ya tez bu platformada həll olunacaq. Proseslərin gedişi ora aparır...

Vəli İlyasov, "İki sahil"