12 dekabr 2023 12:57
481

Könül İsmayılova: Ulu Öndər Heydər Əliyev ucalığının təcəssümü

“Məhz Ulu Öndər Heydər Əliyevin həlledici bir məqamda respublikamızda hakimiyyətə gəlişi Azərbaycanın müasir tarixinin şərəfli səhifələrinin yazılmasına və ölkəmizin müstəqilliyinin əbədiliyinə hərtərəfli zəmin yaratdı. Qısa zaman kəsiyində ulu öndər xalqının əsrlər boyunca uğurunda çarpışdığı ən ümdə haqqını reallığa çevirdi - bizləri müstəqilliyə qovuşdurdu”.

“İki sahil” xəbər verir ki, bunu Ümummilli Lider Heydər Əliyevin 12 dekabr anım günü ilə əlaqədar paylaşımında Nizami rayon İcra Hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının Siyasi Şura və İdarə Heyətinin üzvü Könül İsmayılova bildirib.

Tarixə diqqət çəkən Könül xanım qeyd etdi ki, 1969-cu il iyulun 14-də Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi seçildi və 1969-1982-ci illər respublikamızda quruculuq salnaməsinin parlaq dövrü kimi tarixə düşdü. Ümummilli lider hələ Sovet dövründə böyük uzaqgörənliklə və müdrikcəsinə Azərbaycanın gələcək müstəqilliyinə hərtərəfli zəmin yaratdı:

“Heydər Əliyev hakimiyyətə gələnə qədər ən geridə qalan respublikalardan biri sayılan Azərbaycan qısa müddətdə iqtisadi artım tempinə görə orta ittifaq səviyyəsini ötdü. Heydər Əliyevin həyata keçirdiyi titanik və kompleks fəaliyyət nəticəsində Azərbaycan keçmiş ittifaqın daxili imkanlarına və intellektual potensialına arxalanaraq özünü idarə etmək iqtidarında olan 2 respublikasından birinə çevrildi.

1993-2003-cü illər də Ulu Öndərin planetin nadir şəxsiyyətlərindən, dövlət və ictimai xadimlərindən biri olduğunu növbəti dəfə sübuta yetirdi. Onun mükəmməl idarəçilik məktəbi sayəsində Azərbaycan keçid dövrünün mürəkkəb labirintlərindən uğurla çıxdı. 1996-cı ildən respublikamız yenidən dirçəliş mərhələsinə qədəm qoydu. 1996-2003-cü illərdə bütün makroiqtisadi göstəricilər 2-3 dəfə artdı. Bütün sahələrdə islahatlar vüsət götürdü. Respublikamızın beynəlxalq nüfuzu durmadan yüksəldi. Ümummilli Liderin müdrik siyasəti hesabına düşmənlərin ara verməyən məkrinə, min bir hiyləsinə baxmayaraq Azərbaycandakı müxtəlif mədəniyyətlərin, fərqli dünyagörüşlərinin toqquşması baş vermədi, respublikamızda anlaşma hökm sürdü, tolerantlıq başlıca meyar olaraq qaldı. Məhz Heydər Əliyevin beynəlxalq səviyyədə siyasi və ictimai xadim kimi bir mənalı şəkildə qəbul edilməsini şərtləndirən həlledici amillər onun Azərbaycana, ölkəmizin timsalında regiona, nəticə etibarı ilə dünyaya sülh, sabitlik, davamlı inkişaf və harmoniya gətirmək yolunda atdığı mühüm addımlardır. Ümumilikdə, Ulu Öndərin Azərbycana rəhbərlik etdiyi illər ölkəmizin tarixinin ən intensiv inkişaf mərhələsinə təkan verdi”.

K.İsmayılova vurğulayıb ki, 2003-cü ildən bəri ötən zaman kəsiyi də ümummilli liderin ideya və idarəçilik məktəbinin əbədiyaşarlığının növbəti sübutu oldu:  “Onun layiqli davamçısı Prezident İlham Əliyev istər övlad, istərsə də bir millətin təmsilçisi, sərkərdəsi kimi Heydər Əliyev ucalığının təcəssümüdür. O da ən ümdə xəyalları gerçəyliyə çevirən dövlət başçısı, millətinin həqiqi lideridir. Məhz Heydər Əliyev siyasi kursuna əsaslanan, yaradıcı şəkildə zamanın nəbzinə uyğun yeni keyfiyyətə köklənən, maksimum milli mənafeyə söykənən dövlət siyasəti hesabına dünyanın sükanından möhkəm-möhkəm yapışan, dünən bizlərə yarımkönül münasibət bəsləyən millətlər indi bütün varlıqları ilə Azərbaycana əl üzadır, strateji dostluq andı içirlər. Artıq Azərbaycanın mükəmməlliyi ilə fərlənən, peşəkarcasına balanslaşdırılan dövlət siyasəti, o cümlədən xoşməramlı energetika siyasəti bariz nümunə rolunu oynayır”.