11 dekabr 2023 15:39
95

Ürəklərdə yaşayan dahi şəxsiyyət

Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycan xalqının tarix boyu yetişdirdiyi nadir və bənzərsiz şəxsiyyətlərdən olaraq milyonlarla insanın qəlbində əbədi yaşayır. Həyatının mənasını xalqa və dövlətə xidmətdə görən ulu öndərimiz bu müqəddəs amal uğrunda ən çətin maneələrə, problemlərə mərdliklə sinə gərən millət fədaisi kimi daim böyük ehtiramla, rəğbətlə xatırlanır.

Ulu Öndər rəhbərlik etdiyi illər ərzində respublikamızda böyük elmi, intellektual kadr, iqtisadi və enerji potensialı yaradılmasına nail olmuş, ölkəmizin müstəqil yaşaması üçün möhkəm təməl qoymuşdur. Məhz buna görə Azərbaycan xalqı qazandığı müstəqilliyə və onun qorunub saxlanması sahəsində əldə etdiyi bütün nailiyyətlərə görə dahi oğluna minnətdardır.

Heydər Əliyev Azərbaycan xalqının suverenlik arzusunu tarixi reallığa çevirmiş, böyük qurbanlar bahasına əldə olunmuş müstəqilliyi zamanın çətin sınaqlarından çıxararaq qoruyub saxlamışdır. Ulu öndərin respublikamıza rəhbərlik etdiyi. 34 il ərzində xalqımızın tərəqqisi naminə göstərdiyi xidmətləri saymaqla qurtaran deyil Milyonlarla insanın ümid çırağına çevrilərək qəlblərdə əbədi yurd salmaq heç də bütün rəhbərlərə, liderlərə nəsib olmur. Hələ sağlığında canlı əfsanəyə çevrilmiş Heydər Əliyev ürəklərdə özünə əbədi abidə ucaldıb. Onun parlaq ideyaları hələ uzun illər boyu gələcəyə gedən yollarımızı işıqlandıracaqdır.

Müstəqil Azərbaycan dövləti Heydər Əliyevin şah əsəridir. Heydər Əliyev Azərbaycan xalqına son müraciətində ölkədə rəhbərlik etdiyi illərdə bir azərbaycanlı, vətəndaş və rəhbər kimi yeganə amalının varlığı qədər sevdiyi Azərbaycan xalqına, dövlətinə, ölkənin iqtisadi-siyasi, mənəvi inkişafına xidmət etməkdən ibarət olduğunu söylədi. O bu yolda bütün gücünü, iradəsini yalnız müdrik və qədirbilən xalqından almışdı. Ən çətin vəziyyətlərdə bu inam və xalqına arxalanmaq Heydər Əliyevə dözüm, iradə verib, bütün uğurlarını təmin edib. Elə "Xalq-Heydər, Heydər-Xalq” birliyi də belə yaranıb.

Ümummilli Liderimizin bizə ərmağan qoyub getdiyi zəngin irsi bu gün də, sabah da öyrənilməli, onun əsas mahiyyəti dərk edilməlidir. Bu zəngin irs müstəqil Azərbaycan dövlətinin sütunudur. Məhz bu qüdrətli sütunlar üzərində ucalan müasir Azərbaycan güclü ola bilib. İctimai həyatımızın elə bir sahəsini tapmaq mümkün deyil ki, orada Heydər Əliyevin hərarəti duyulmasın.

Xalqımız xoşbəxtdir ki, Ümummilli Liderimizin siyasi kursu bu gün onun layiqli siyasi varisi, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İndi Azərbaycan iqtisadi inkişaf tempinə görə öndədir. Dünyada əhəmiyyətli regional layihələrin təşəbbüskarı və iştirakçısıdır. Əminik ki, ulu öndərimizin bütün arzuları çin olacaq və Azərbaycan dünyanın ən qüdrətli dövlətləri arasında özünə layiq yüksəkliyə ucalacaqdır.

Lətafət Alcanova,
YAP  Xətai rayon təşkilatının “ Məzahir Rüstəmov 35” ünvanı üzrə ərazi partiya təşkilatının üzvü