12 dekabr 2023 01:57
296

Yeni tarixi mərhələnin böyük başlanğıcı - Zəfər seçkiləri

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə qəhrəman Azərbaycan Ordusunun cəbhə boyunca əks-hücum əməliyyatında qazandığı uğurlar, torpaqlarımızın düşmən işğalından azad edilməsi Silahlı Qüvvələrimizin, dövlətimizin gücünü, qüdrətini bir daha nümayiş etdirdi. Bu döyüşlər Azərbaycan əsgərinin döyüş və mənəvi-psixoloji hazırlığını, yüksək qələbə əzmini, vətənpərvərliyini, milli birliyimizi, həmrəyliyimizi, Azərbaycanın heç vaxt işğalla barışmayacağını, nəyin bahasına olursa-olsun ərazi bütövlüyünü bərpa etmək əzmində olduğunu bir daha təsdiq etdi. Şanlı ordumuz öz gücü ilə tarixi ədaləti bərpa etməyə, cəzasızlıqdan quduran işğalçı, Azərbaycanın sülh çağırışlarını saymazyana şəkildə rədd edən terrorçu Ermənistanı diz çökdürməyə qadir olduğunu bütün dünyaya sübut etdi. Bütün dünya Ali Baş Komandanın başçılığı ilə ordumuzun işğala söykənən status-kvonu dəyişdirdiyinə şahid oldu.  Hamıya aydın oldu ki, Azərbaycan xalqının yenilməz iradəsi qarşısında heç bir qüvvə tab gətirə bilməz. Qırx dörd gün ərzində Azərbaycan öz ərazi bütövlüyümüzü bərpa etdi. 30 illik torpaq nisgilinə, həsrətinə son qoyuldu. Mənfur düşməni torpağımızdan qovdu, milli ləyaqəti və tarixi ədaləti bərpa etdi, erməni faşizminin başını əzdi.        

Qırx dörd günlük Vətən müharibəsində və 2023-cü ilin lokal antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası, tarixi ədalətin bərqərar olması Cənubi Qafqazda və ölkəmizdə yeni reallıqlar yaradıb. İndi xalqımız öz Liderinin rəhbərliyi ilə Qarabağı və Şərqi Zəngəzuru yenidən qurur, yağı tapdağından qurtulan bu torpaqları yenidən həyata qaytarır, demək olar ki, yeni tarix yazır. İşğaldan azad edilmiş ərazilərdə uğurla davam etdirilən bərpa-quruculuq işləri Böyük Qayıdışı sürətləndirir.

Bu, bir gerçəklikdir ki, Azərbaycan öz torpaqlarını 30 illik işğaldan azad etməklə tarixi inkişafının irimiqyaslı bərpa-quruculuq layihələri ilə səciyyələnən, dayanıqlı sülhə, tərəqqiyə əsaslanan və bir çox ölkələr üçün nümunə olan yeni mərhələsinə qədəm qoyub. Bu mənada 2024-cü il fevralın 7-də növbədənkənar prezident seçkilərinin keçirilməsi qırx dörd günlük müharibədə qazandığımız tarixi Qələbənin yaratdığı yeni reallıqlardan irəli gəlir. Gerçəklik ondan ibrətdir ki, tarixi Zəfərimizin yaratdığı yeni reallıqlar hədəflərimizi də dəyişib. Həmin hədəflərdən irəli gələn vəzifələrin yerinə yetirilməsi isə başlıca vəzifələrdən birdir.

Əslində növbədənkənar prezident seçkiləri İkinci Qarabağ müharibəsində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin təsbitidir. Çünki müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq bütün ölkə ərazisində seçkilər keçiriləcək. Qətiyyətlə demək lazımdır ki, Ali Baş Komandanımız xalqımıza verdiyi vədlərə ən yüksək səviyyədə əməl etdi. Qarabağı və Şərqi Zəngəzuru işğaldan azad etdi, bölgədə separatizmə son qoydu və status-kvonu dəyişdirdi, Silahlı Qüvvələrimizin hərbi uğurlarını siyasi-diplomatik müstəvidə uğurla davam etdirdi.

Prezidentimiz 2020-ci il oktyabrın 9-da xalqa müraciətində status-kvonun artıq olmadığını və təmas xəttinin yarıldığını elan etdi: “Mən dəyişdirdim status-kvonu, dəyişdirdim! Bax, orada, döyüş meydanında. Yoxdur status-kvo. Təmas xətti, yoxdur təmas xətti. Yarmışıq onu. Onlar 30 il idi ki, qururdular bu təmas xəttini… Yarıb keçmişik. Azərbaycan əsgərinin qabağında heç kim heç nə edə bilməz”.

Prezident İlham Əliyev qalib Sərkərdə kimi xalqımızın qarşısında duran tarixi vəzifəni şərəflə yerinə yetirdi, Qarabağı və Şərqi Zəngəzuru işğaldan azad edərək üçrəngli bayrağımızı Xankəndidə, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə, Qubadlıda və digər ərazilərimizdə şərəflə dalğalandırdı. Bütün bunların fonunda 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar prezident seçkiləri Zəfər seçkiləri kimi dəyərləndirilməlidir. Ölkəmizin inkişafında yeni müsbət meyillər yaradacaq bu seçkilər Prezident İlham Əliyevin özünə inamının, “Qarabağ Azərbaycandır!” şüarını dilindən düşürməyən xalqımızın siyasi dəstəyinə əminliyinin ən bariz göstəricisidir.

Yeri gəlmişkən, növbədənkənar prezident seçkilərinin keçirilməsinə dair qərar ölkədə siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması prosesinin tamamlanmasından sonra qəbul olunub. Bununla da seçkilərdə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara geniş imkanlar yaradılıb. Bu yanaşma ölkəmizdə ədalətli rəqabət mühitinin təmin edildiyinin bariz göstəricisidir. Bu gün potensialı və elektoratı olan bütün siyasi qüvvələr üçün geniş imkanlar yaranıb. Çünki zamanın çağırışı, sosial sifarişi dövrün tələbi olan növbədənkənar seçkilərin keçirilməsi üçün hazırda ölkəmizdə tam demokratik mühit mövcuddur.  Gələn il fevralın 7-də növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı qarayaxmalar, əsassız iddialar yalnız qərəzli mövqeyin və məhdud potensialın təcəssümü kimi dəyərləndirilməlidir. Öz qərəzli ritorikalarında daim seçkiləri tələb edən radikal müxalifətin növbəti ilin fevral ayında nəzərdə tutulmuş seçkilərin keçirilməsi ilə bağlı çürük fikirləri riyakarlıqdan, ucuz demaqogiyadan, manipulyasiyadan və məğlubiyyətin acı etirafından başqa bir şey deyil.

Bu, bir həqiqətdir ki, bu gün dövlətimizin başçısı öz reytinqinin pik nöqtəsindədir. İkinci Qarabağ müharibəsindəki tarixi Qələbədən sonra ölkədə onun heç bir rəqibi yoxdur. Xankəndidəki paraddan sonra isə dövlətimizin başçısı reytinqini ən yüksək səviyyədə təsdiq etdi. Bütün bunlar bir daha deməyə əsas verir ki, respublikamızda azad, şəffaf və beynəlxalq standartlara cavab verəcək şəkildə keçiriləcək növbədənkənar seçkilərdə Prezident İlham Əliyev mütləq üstünlüklə qalib gələcəkdir.

Zahid Rza, “İki sahil”