11 dekabr 2023 14:13
348

Ermənistan Qərbi Azərbaycandakı kəndlərimiz haqqında elektron reinteqrasiya portalı yaratmağa borcludur

İkinci Qarabağ müharibəsində parlaq Qələbəyə nail olan Azərbaycan Ordusu növbəti tarixi Zəfərini  2023-cü ili sentyabrın 19-da bir günlük lokal antiterror tədbirləri ilə qazandı. Bununla da qondarma «dqr» birdəfəlik  məhv edildi. Onun qondarma «liderləri» isə həbs edilərək Azərbaycan dövlətinin ədalət mühakiməsinə təhvil verildi.

Təbii ki, bu  zəfərlərdən sonra  Azərbaycan dövlətinin növbəti tarixi missiyası Qərbi azərbaycanlıların pozulan hüquqlarını bərpa edərək onları əzəli yurdlarına qovuşdurmaqdır. Prezident İlham Əliyev 2022-ci ilin dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə açıq şəkildə bildirib ki, vaxtilə yurdundan deportasiya edilən yüz minlərlə Qərbi azərbaycanlı soydaşlarımız da tarixi torpaqlarına qovuşacaqlar: «Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar.»

Tarixin təkrarlanan dönəmlərində azərbacanlılar bir çox deportasiyalara məruz qalıb. Belə ki, 1948-1953-cü illərdə xalqımız növbəti dəfə  Qərbi Azərbaycandakı  öz doğma torpaqlarından  deportasiya ediliblər. Ermənilər SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il tarixli  «Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında» xüsusi qərarına və 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail olublar.

1980-ci illərin sonlarında isə erməni millətçiləri növbəti dəfə xalqımıza qarşı soyqırımı və deportasya planlarını işə saldılar. Belə ki, Ulu Öndər Heydər Əliyevin 1987-ci ilin oktyabrında sovet hökumətindəki ali vəzifələrindən uzaqlaşdırılmasından dərhal sonra erməni millətçiləri SSRİ-nin qatı ermənipərəst rəhbəri Mixail Qorbaçova arxalanaraq  həm Qarabağda, həm də Ermənistan SSR-də xalqımıza qarşı növbəti soyqırıma başladılar. Nəticədə qısa müddətdə azərbaycanlılar tarixi torpaqlarından- Qərbi Azərbaycandan tamamilə deportasiya edildilər. Bu deportasiya ilə kifayətlənməyən barbar ermənilər yenə də Rusiyadan hərbi dəstək alaraq 1990-1993- cü illərdə  Qarabağı və Şərqi Zəngəzuru işğal etdilər. Nəticədə on minlərlə azərbaycanlı məhv edildi, 1 milyona yaxını isə qaçqın və məcburi köçkünə çevrildi.

Ermənilər tarixin müxtəlif dönəmlərində qəsb etdikləri Azərbaycan torpaqlarında, o cümlədən Qərbi Azərbaycanda maddi-mədəni irsimizə qarşı soyqırımı siyasəti həyata keçiriblər. Tarixi torpaqlarımız olan İrəvana,  Zəngəzura, Göyçə mahalına zorla yiyələnən ermənilər özlərinə saxta tarix quraşdırmaq üçün ilk növbədə o ərazilərdəki qədim kənd və qəsəbələrimizin adlarını erməniləşdiriblər.
Bu gün Azərbaycan dövlətinin strateji hədəfində Şərqi Zəngəzura və Qarabağa qayıtdığımız kimi, Qərbi Azərbaycana da qayıdışı təmin etməkdir.

Bu arada bir faktı da açıqlamaq lazımdır ki, ötən 30 ildə Ermənistandakı sosial-iqştisadi tənəzzül yaşayış məskənlərini də viranə qoymuşdur. Xüsusilə soydaşlarımızın 1988-1989-cu illərdəki öz doğma yurdlarından deprotasya edilməsindən sonra həmin kəndlər hələ də boş qalıb. Çünki haylar Ermənistanı hər il daha çox sayda tərk edirlər. Ona görə də indi qarşıda duran digər önəmli məsələ Qərbi Azərbaycandakı kəndlərimiz haqqında məlumat əldə etmək üçün elektron reinteqrasiya portalını yaratmaqdır. Bu gün orada azərbaycanlıların yaşadıqları kəndlərin əksər hissəsi ya dağıdılıb, ya boş qalıb. Ermənistanda çətin demoqrafik vəziyyətdən irəli gələrək, onlar istədiyi kimi Azərbaycan kəndlərində məskunlaşmanı təşkil edə bilmirlər. Bəzilərində onlar yaşayır və lakin onların əksər hissəsi boşdur. Yəni, ən azı Ermənistan dövləti azərbaycanlılara həmin yerlərə getmək, görmək və ziyarət etmək imkanı yaratmalıdır.

İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri