11 dekabr 2023 13:50
446

Müstəqil Azərbaycanın memarı və xilaskarı

Dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyev haqqında danışarkən öncə Azərbaycan qarşısında xidmətləri və xalqına qoyduğu miras yada düşür. Ulu Öndərimizin xalq və dövlət qarşısındakı xidmətləri misilsizdir. Bu xidmətlər Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Millətinin və dövlətinin taleyüklü anlarında, ən çətin vaxtlarında yanında olmaq və onu uçurumun kənarından xilas etmək hər insana, hər siyasətçiyə, hər dövlət başçısına müəssər olmur. Bunun üçün bütün keyfiyyətlərə malik olmaq gərəkdir. Ulu Öndər Heydər Əliyevdə də sadaladığımız bütün keyfiyyətlər cəmləşmişdi. Və bu keyfiyyətlər sayəsində dağılmaqda, məhv olmaqda olan Azərbaycan bu gün dirçəlib, inkişaf edib, dünyanın tərəqqi etmiş ölkələri sırasına qoşulub.
Ümummilli liderimiz bugünkü müstəqil Azərbaycanın memarıdır. Ulu Öndərimiz xalqa bağlı insan, əvəzolunmaz şəxsiyyət, prinsipial dövlət xadimi idi. Hakimiyyətinin həm birinci, həm də ikinci dönəmində vahid amal uğrunda mübarizə aparırdı, xalqın firavanlığı, dövlətin inkişafı onun həyat fəlsəfəsi idi. Azərbaycan dilinin, elmi, ədəbi, mədəni abidələrin tədqiqi və qorunması, dövlət quruculuğu, iqtisadi inkişaf, imperialist qüvvələrin korporativ maraqlarına xidmət edən avantürist subyektlərin zərərsizləşdirilməsi, təhlükəsizlik və ölkədaxili stabillik, hərbi sahənin inkişafı, ərzaq təhlükəsizliyinin təmin edilməsi kimi vacib əhəmiyyətli addımların atılması dahi siyasətçinin sadalanan keyfiyyətlərindən az bir qismidir. 12 noyabr 1995-ci il tarixində ümumxalq səsverməsi-referendum yolu ilə qəbul eilən müstəqil Azərbaycanın Konstitusiyası da Ümummilli Liderin böyük xidmətlərindən biridir. Ulu Öndər ölkəmizdə iqtisadi dirçəlişin, qadın və gənclər siyasətinin, hərbi sənaye quruculuğunun banisidir. Heydər Əliyev hər zaman Azərbaycan iqtisadiyyatının inkişafına böyük önəm verib. 

1969-cu ildə Azərbaycan keçmiş SSRİ-də, demək olar ki, iqtisadiyyatı ən geridə qalmış respublikalardan biri idi. Ümummilli lider rəhbərliyə gəldiyi ilk gündən Azərbaycanın güclənməsini, keçmiş ittifaq daxilində olsa belə, iqtisadi baxımdan müstəqilləşməsini qarşıya məqsəd qoydu və qısa müddətdə onu həll etdi. Artıq 1982-ci ildə Azərbaycan iqtisadiyyatın inkişaf səviyyəsinə görə SSRİ-də öncüllər sırasında dayanırdı. Müstəqillik dövründə də əvvəlki siyasət davam etdi, azad bazar iqtisadiyyatına uğurlu keçid sayəsində ölkədə orta və kiçik sahibkarlıq sürətlə inkişaf etməyə başladı. Ulu öndərin Azərbaycan gəncliyinə göstərdiyi xüsusi diqqət və qayğı barədə danışmamaq olmaz. Bu diqqət və qayğı sayəsində ölkəmizdə həyatın bütün sahələrində xüsusi fəallıqları ilə seçilən gənclər cəmiyyətin məsul və şərəfli yükünü öz çiyinlərində daşıyırlar.
Ulu Öndər Heydər Əliyev Azərbaycan tarixində əbədi qalacaq şəxsiyyət, xalqımızın qəlbində daim yaşayacaq dahi insan, müstəqil Azərbaycan dövlətinin yaşamasında, inkişafında müstəsna xidmətləri olan Liderdir. Bu gün Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsi dərindən öyrənilir, geniş təbliğ olunur. Onun fiziki yoxluğundan neçə illər ötməsinə baxmayaraq, Azərbaycan xalqı öz xilaskarını heç zaman unutmur, daim onu ehtiramla yad edir.
Ümummilli liderin ötən əsrin 70-80-ci illərinin əvvəllərində həyata keçirdiyi kompleks inkişaf proqramları nəticəsində Azərbaycan Sovet İttifaqında qabaqcıl sənaye, kənd təsərrüfatı və digər sahələrin fundamental inkişaf etdiyi respublikaya çevrildi. Uzaqgörənliklə və planlı şəkildə ölkənin uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edən kompleks inkişaf proqramları hazırlandı və dərhal onların icrasına başlanıldı. Qazanılan bu uğur və nailiyyətlərin davamlı olmasını təmin etmək üçün Ulu Öndər unikal layihələrin icrasını təmin etdi.
Düzdür, Sovet İttifaqının dağılması bəzi qrupların hakimiyyəti zorla ələ keçirməsinə şərait yaratdı və həmin səriştəsiz insanların fəaliyyəti, uğursuz siyasəti nəticəsində dövlətçiliyimiz sual altına düşdü. Ordu quruculuğunda və ölkənin milli təhlükəsizlik sisteminin formalaşdırılmasında yol verilən kobud səhvlər nəticəsində Azərbaycanda qanunsuz hərbi birləşmələrin timsalında artıq vətəndaş müharibəsi başlamışdı. Belə bir ağır məqamda xalq yenə ümidini dahi siyasətçi, böyük dövlət xadimi Heydər Əliyevə bağladı. Xalq öz seçimində yanılmadı. Çünki təcrübəli dövlət xadimi Heydər Əliyev Azərbaycanı vətəndaş müharibəsindən, qardaş qırğınından, tənəzzül və məhv olmaq təhlükəsindən xilas edəcək yeganə şəxs idi. Ulu Öndər Azərbaycanı dirçəliş, inkişaf yoluna çıxardı və ölkəmizi parçalamaq istəyənlərin niyyətlərini ürəklərində qoydu.
Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və qəbul olunan müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə müasir dövlətçilik sisteminin bərqərar edilməsi üçün möhkəm hüquqi baza yaratdı. Məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin və digər mühüm təsisatların yaradılması ölkədə demokratikləşdirmə prosesinin irəliyə aparılmasında mühüm rol oynadı.
Tarixi şəxsiyyət Heydər Əliyev hər zaman elm və təhsilə böyük önəm verib, bu sahəyə xüsusi diqqət və qayğı göstərib. Azərbaycan dilinin idarəçiliklə geniş tətbiqi, böyük klassiklərin yubileylərinin keçirilməsi, Azərbaycan mədəniyyətinin ümumittifaq miqyasında təbliğ olunması Heydər Əliyevin gələcək milli dövlətçiliyimizin təməlində dayanan siyasət olduğunu açıq şəkildə görmək olar. Şübhəsiz, Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu dövlət quruculuğu siyasətinin fonunda əldə edilən nailiyyətlərin sayını istənilən qədər artırmaq olar. Ulu Öndər Azərbaycanı, sözün əsl mənasında, müstəqil ölkəyə çevirdi, müstəqilliyimizi daimi və dönməz etdi.
Heydər Əliyev siyasəti bu gün ölkəmizi uğurlu gələcəyə doğru aparır. Ulu Öndər özündən sonra ölkəmizə layiqincə rəhbərlik edərək qazanılan uğurların davamlılığını təmin edən, xalqın alternativsiz liderinə çevrilən cənab İlham Əliyev kimi davamçı-varis yetişdirib. Məhz 44 günlük Vətən müharibəsində Qarabağ torpaqlarını, Şuşanı azad edən gənclər Heydər Əliyev məktəbinin, İlham Əliyev idarəçiliyinin yetirmələridir. Əminliklə demək olar ki, hazırda Azərbaycanın taleyi etibarlı əllərdədir.

1993–2003-cü illər Azərbaycan tarixinə dirçəliş, inkişaf illəri kimi daxil olub, 2003-cü ildən sonrakı dövr böyük yolun davamı kimi dəyərləndirilir. Bu gün Prezident İlham Əliyevin gördüyü işlər Azərbaycanın güclü, bütün məsələlərlə bağlı özprinsipial mövqeyi olan, müstəqil siyasi iradə nümayiş etdirən ölkə kimi tanınmasını şərtləndirib. Azərbaycan Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən Azərbaycan xalqı 2023-cü ili – “Heydər Əliyev İli”ni doğma Qarabağımızın yenidən çiçəklənməsi və Böyük Qayıdışla qeyd edir. 
Ulu Öndərin Azərbaycan qarşısında xidmətləri haqqında günlərlə danışmaq olar. Çünki Azərbaycan xalqının Heydər Əliyevə olan məhəbbəti əbədidir, sonsuzdur. Nə qədər Azərbaycan var, nə qədər bu millət var, Heydər Əliyev də var olacaq, qəlbimizdə yaşayacaq.

Aydın Hüseynov,
Milli Məclisin deputatı