20 mart 2018 00:06
1629

Azərbaycan dövlətlər, xalqlar arasında körpü roluna yeni əlavələr edir

VI Qlobal Bakı Forumu bir daha əməkdaşlığa, dostluğa və tərəfdaşlığa nail olmağın yollarını açıqladı

500 nəfərədək nümayəndənin, o cümlədən müasir dünya siyasətinin yönəldilməsində, bir çox regional proseslərin qiymətləndirilməsində mühüm rolu olan çox nüfuzlu dövlət xadimlərinin, siyasətçilərin, elm adamlarının, siyasi ekspertlərin iştirak etdikləri, “İnklüziv cəmiyyətlərin qurulması üçün ziddiyyətlərin uyğunlaşdırılması” mövzusunda keçirilən VI Qlobal Bakı Forumunda bir daha bu reallıq qeyd olunmuşdur ki, bütün səylər təhlükəsizliyin, sabitliyin və proqnozlaşdırmanın, eləcə də xalqlar arasında sülh şəraitində birgə yaşamanın və anlaşmanın möhkəmləndirilməsinə yönəlib.

Dövlətimizin başçısı İlham Əliyev çıxışında Azərbaycanın 26 ildən artıq müstəqillik tarixində qazandığı uğurlardan geniş bəhs edərək, bildirmişdir ki, Şərqlə Qərbin qovşağında yerləşən ölkəmiz xalqlar, dövlətlər arasında əməkdaşlıq körpüsü rolunu oynayır: “Azərbaycanın beynəlxalq əməkdaşlığa verdiyi töhfə çoxşaxəlidir. Qeyd etdiyimiz kimi, onlardan biri mədəni körpülərin qurulmasına yönələn səylərimizdir ki, onlar Asiya və Avropa, Avropa ilə müsəlman dünyası arasında daha yaxşı anlaşmanın yaradılmasına xidmət edir... Beləliklə, biz apardığımız siyasətin bəhrəsini görürük. Həmin siyasət ki, hər zaman təhlükəsizlik, sabitlik və proqnozlaşdırıla bilməyə yönəlmiş qarşılıqlı əməkdaşlıq və dəstək üzərində qurulub. Bizə lazım olan məhz budur və düşünürəm ki, Azərbaycanın qonşuları ilə qura bildiyi münasibətlər mehriban qonşuluğun yaxşı nümunəsidir.” Bu inam da ifadə olunmuşdur ki, qarşıdakı illərdə ölkəmizin siyasi və iqtisadi potensialının daha da gücləndirilməsi, beynəlxalq nüfuzunun artırılması, beynəlxalq təşkilatlarla, ayrı-ayrı ölkələrlə tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində səylər davam etdiriləcək.

Ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm İli”, 2017-ci ilin isə “İslam Həmrəyliyi İli” elan edilməsi də ölkəmizin qazandığı imicin, uğurların, tutduğu mövqeyin təqdimatında əhəmiyyətli rola malikdir. 2015-ci ildə ölkəmiz ilk Avropa Oyunlarına, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etdi. Cənab İlham Əliyevin vurğuladığı kimi, bütün bu addımlar əməkdaşlığa xidmət edir, körpülər salır, müxtəlif ölkələrin və dinlərin təmsilçiləri, fərqli fikirli insanlar arasında daha böyük anlaşmanı təmin edir. Sivilizasiyaların qovşağında yerləşən Azərbaycanın zəngin mədəni-mənəvi irsə və tolerantlıq ənənələrinə malik olması beynəlxalq aləmdə etiraf edilən həqiqətlərdəndir. Ölkə Prezidenti, həmçinin bu kimi addımları multikulturalizmin həyat tərzinə çevrildiyi Azərbaycanın dünyaya tolerantlıq nümunəsi olaraq daha geniş tanıdılmasının vacibliyini, eləcə də ayrı-ayrı ölkələrdəki müxtəlif multikultural modellərə xas fəlsəfi, sosial, siyasi və digər aspektlərin Azərbaycan reallığında təhlili və təşviqinin əhəmiyyətini nəzərə alaraq atır. Dövlətimizin başçısı bildirmişdir: “Multikulturalizm Azərbaycanda dövlət siyasətidir, bizim həyat tərzimizdir. Biz çoxmillətli, çoxkonfessiyalı cəmiyyətimizdən fərəhlənirik. Bütün dinlərin və etnik qrupların nümayəndələri Azərbaycanda bir ailə kimi sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Hesab edirəm ki, bu, indiki dünyada böyük zənginlikdir. Biz həmçinin öz təcrübəmizi bölüşmək istərdik. Fikrimcə, müasir Azərbaycanın bugünkü inkişafı bunun yeganə düzgün siyasət olduğunu göstərir.”

Ölkəmizin ənənəvi olaraq ev sahibliyi etdiyi  Qlobal Forumlar bir daha Azərbaycanın malik olduğu imkanları dünyaya nümayiş etdirir. Forumda müzakirə edilən mövzular bu günümüzün qlobal məsələlərinə aydınlıq gətirməklə yanaşı, hər bir ölkənin qeyd edilən sahələrdə hansı potensiala malik olduğunu ortaya qoydu. Ölkə Prezidenti İlham Əliyevin bildirdiyi kimi, hər bir dövlətin gücü iqtisadi qüdrəti ilə yanaşı, milli və dini birlikləri ilə ölçülür. Millətlərarası, dinlərarası münasibətlərin sağlam istiqamətdə inkişafında Azərbaycanın sadiq qaldığı dəyərlər həqiqətən öyrənilməyə və təbliğ olunmağa layiqdir. Ulu öndər Heydər Əliyevin “Biz demokratik, dünyəvi, sivilizasiyalı dövlət quraraq, bütün bəşəri dəyərlərdən istifadə edərək, ümumbəşəri dəyərlərin xalqımız üçün və milli mentalitetimiz üçün, mənəviyyatımız üçün uyğun cəhətlərini götürüb tətbiq edərək heç vaxt dilimizdən, adət-ənələrimizdən ayrıla bilmərik və imtina edə bilmərik” tezisinin davamı olaraq dövlətimizin başçısı İlham Əliyevin söylədiyi “Azərbaycanın təcrübəsi hesab edirəm ki, əslində, multikulturalizm ideyalarının təbliği üçün çox dəyərli və qiymətlidir” fikirləri ölkəmizdə mədəniyyətlərin sintezinin mövcudluğunun təsdiqidir.

Göründüyü kimi, Azərbaycanın hər sahədə təcrübəsi nümunədir. Ölkə Prezidenti uğurlarımızı şərtləndirən amillərə də açıqlama gətirir: “Biz siyasətimizi real vəziyyətə uyğun qururuq. Bəzən biz vəziyyəti dəyişməyə müvəffəq oluruq. Azərbaycan həm də bəzi dövlətlər arasında problemlərin olduğu vaxtda kommunikasiya baxımından sabitləşdirici amil rolunu oynayır.” Ölkəmizin bu gün etibarlı tərəfdaş kimi tanınması və nüfuz qazanması da uğurlu siyasətin nəticəsidir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, bu gün regionda Azərbaycanın iştirakı olmadan hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsi mümkünsüzdür. Təşəbbüsləri gerçəkliyə çevirən Azərbaycanın iştirakçısı və təşəbbüsçüçü olduğu enerji layihələri nəinki iştirakçı, eyni zamanda dünya dövlətlərinin uzunmüddətli iqtisadi inkişafına şərait yaradır. Çoxtərəfli əməkdaşlığa töhfə kimi dəyərləndirilən “Cənub Qaz Dəhlizi” tarixi layihədir. 7 dövləti birləşdirən bu layihə əlavə ölkələrin də cəlb edilməsi üçün yaxşı potensiala malikdir. Bu layihə regionun və Avropanın enerji təhlükəsizliyinə mühüm töhfədir.  “Cənub Qaz Dəhlizi” layihəsinin ən mühüm hissəsinin- TANAP-ın istifadəyə verilməsi bu ilin mühüm uğurları sırasında olacaq.

Neft siyasətinin məntiqi davamı kimi qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlardan da geniş bəhs edən cənab İlham Əliyev bildirmişdir ki, iqtisadiyyatın şaxələndirilməsi siyasəti artıq öz bəhrəsini verir. Qarşıdakı illər üçün hədəfimiz ixracın şaxələndirilməsidir. Dövlətimizin başçısı qeyd etmişdir ki, Azərbaycan iqtisadi siyasətinin uğurlu olduğunu artıq sübut edib. Bu, yalnız ölkə daxilində deyil, həmçinin regionda da sərmayə yatırmağa imkan, regional əməkdaşlıq üçün isə daha yaxşı platforma yaradır.

Qeyd olunanlar fonunda cənab İlham Əliyev bildirmişdir ki, bizim beynəlxalq və regional fəaliyyətimiz, bütün regiona müsbət təsir göstərən təşəbbüskarı olduğumuz müxtəlif layihələr ölkəmizin dünyaya təqdim edilməsi üsullarından biridir. Bakı Qlobal Forumları kimi böyük beynəlxalq tədbirlər də həmin fəaliyyətimizin bir hissəsidir.

Forumda əsas diqqət göstərilən məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi oldu. Hər bir beynəlxalq tədbirdə bu reallıq diqqətə çatdırılır ki, bəzi hallarda müəyyən ölkələr sanksiyalara məruz qalır, digər hallarda isə bu, baş vermir. Münaqişənin həlli beynəlxalq hüquqa əsaslanmalı, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməli və əhalimiz doğma torpaqlarına qayıtmaq hüququna malik olmalıdır. Münaqişənin həlli üçün möhkəm hüquqi baza mövcud olsa da, işğalçı Ermənistan qərar və qətnamələrə məhəl qoymur, dünya isə buna göz yumur. Bu göz yummalar, layqeyd yanaşmalar davam etdikcə, dünyanın ədalət meyarına maraqların arxasından baxdığı bir daha açıqlanır. Belə olan təqdirdə isə ədalətli yanaşmadan, münaqişəli məsələlərin həllindən danışmaq mümkünsüz olur. Bir halda ki, dünya hüquq problemini yaşayır, onun bu və ya digər dövlətdən hüquq normalarına hörmətlə yanaşmağa tələb etməsi nə dərəcədə real görünə bilər. Bu kimi problemlərin mövcudluğu ənənəvi keçirilən Qlobal Forumlar üçün seçilən mövzulardan da bəlli olur. “Çoxqütblü dünyaya doğru” mövzusuna həsr olunan IV Bakı Qlobal Forumunda münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, multikulturalizm və inteqrasiya məsələləri önə çəkilirdisə, “Beynəlxalq münasibətlərin gələcəyi: “güc və maraqlar” mövzusunda V Qlobal Bakı Forumunda bu iki amilin münasibətlərin inkişafına nə kimi təsir göstərdiyi təhlil edildi. Seçilən mövzulardan asılı olmayaraq, bu forumların dövlətlərarası əməkdaşlığa, siyasi münasibətlərə töhfə verdiyi, dialoq üçün əlverişli şərait yaratdığı şübhəsizdir.

Qısa təhlilə, eyni zamanda Forumun mövzusuna söykərək, bir daha bu ümumiləşdirməni də aparmağa əsas verir ki, səylərin birləşdirilməsi fonunda qarşıya qoyulan məqsədlərə lazımi səviyyədə nail olmaq mümkündür. Əsas olan budur ki, maraqlar ədalət prinsipini üstələməsin. Maraqlar öndə olanda ikili yanaşmalar daha çox nəzərə çarpır ki, bu da qarşıya qoyulan məqsədlərə çatmağa mənfi təsirini göstərir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, özgələşdirmə və siyasi qarşıdurma, habelə sivilizasiyalararası dialoqun inkar olunması əvəzinə, daha çox əməkdaşlıq, qarşılıqlı anlaşma və hörmətə üstünlük verilməlidir. Siyasətimiz əməkdaşlığa, dostluğa və tərəfdaşlığa nail olunmasına yönəlib.

Forumda çıxış edən Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırım da ölkələrin get-gedə bir-birindən daha çox asılı olduqları bir dünyada yaşadığımızı önə çəkərək bildirmişdir ki, bu vəziyyətdə geniş bölgələri, iqtisadiyyatları və xalqları bir-birinə bağlayan layihələrlə regional və qlobal rifahı təmin etmək mümkün olacaq: “Hər məsələnin mərkəzində insan amili var. Hamımız gələcək nəsillərə əmin-amanlıq, rifahın olduğu dayanıqlı dünya təqdim etməkdə məsuliyyət daşıyırıq. “İnsanı yaşat ki, dövlət yaşasın, insanı yaşat ki, dünya yaşasın” prinsipinə önəm verməliyik. Buna görə də qlobal sülhün qorunması, dayanıqlı inkişaf, ədalətli bölüşmə, regional rifah və inkişafda uçurumun azaldılması önəmli hədəflərimiz arasında olmalıdır.”

Yeganə Əliyeva, “İki sahil”