21 mart 2018 22:58
2448

Azərbaycan dünyada əsl söz sahibidir

Azərbaycan dünyada söz sahibi olduğunu uğurlu addımları ilə təsdiqləyib

Dövlətimizin başçısı İlham Əliyevin milli maraqlara əsaslanan xarici siyasəti sayəsində ölkəmizin keçdiyi yolun zənginliyi qarşıdakı illərin aydın mənzərəsini yaradır

2003-cü il 15 oktyabr prezident seçkilərində 76,84 faiz səs toplayaraq Prezident seçilən cənab  İlham Əliyev oktyabrın 31-də keçirilən andiçmə mərasimində bildirmişdir: “Mən bu etimadı doğruldacağam, bu vəzifənin öhdəsindən layiqincə gələcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm. Oktyabarın 15-də Azərbaycan xalqı seçki məntəqələrinə gələrək Heydər Əliyev siyasətinə səs veriblər.

Sülhə, əmin-amanlığa, tərəqqiyə, inkişafa, quruculuğa, sabitliyə səs veriblər. Bu siyasətə Azərbaycanda alternativ yoxdur.” Artıq həmin vaxtdan 14 ildən artıq zaman  keçib. Bu illərdə əldə olunan uğurlar, sözlə əməl birliyi, ən əsası Heydər Əliyev yolunun uğurlu davamı cənab İlham Əliyevin 2008 və 2013-cü il prezident seçkilərində də qələbəsini təmin etdi. 14 illik zaman Azərbaycanın tarixinə biri-birindən əhəmiyyətli uğurlar yazdı.

Azərbaycan sabitlik diyarı kimi mövqeyini daha da möhkəmləndirdi, ən əsası regionda sabitləşdirici faktor kimi nüfuz qazandı. Novruz bayramı münasibətilə ümumxalq şənliyində dövlətimizin başçısı İlham Əliyev bir daha  diqqəti keçilən yola yönəldərək  müqayisəli təhlil fonunda bildirmişdir: “Dünyada gedən proseslər bir daha onu göstərir ki, ancaq sabit olan ölkələr uğurla inkişaf edə bilər. Ancaq sabit olan ölkələrə xarici sərmayə qoyulur, insanlar rahat, təhlükəsizlik şəraitində yaşayırlar. Bu gün dünyanın müxtəlif yerlərində sabitlik pozulur, qanlı toqquşmalar baş verir, müharibələr alovlanır, yeni risklər yaranır. Bu gün dünya gündəliyinin əsas məsələsi məhz təhlükəsizlik məsələləridir. Azərbaycan bu istiqamətdə apardığı siyasətlə dünyada böyük rəğbət qazanmış ölkələrdən biridir. Ölkəmizdə daxili risklər üçün heç bir mənbə yoxdur. Xarici risklərdən isə biz özümüzü qoruyuruq və bundan sonra da qoruyacağıq, Azərbaycan xalqının rahat yaşamasını təmin edəcəyik.”  Sabitliyin, qanunun aliliyinin təmin olunduğu ölkədə demokratik inkişafın qaçılmaz olduğunu önə çəkən dövlətimiz insan hüquq və azadlıqlarının  qorunması və  yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi istiqamətində də biri-birindən əhəmiyyətli addımlar atdı.  “Biz qanunun aliliyinin təmin olunduğu, yüksək səviyyədə şəffaflıq olan, hər bir insanın sülh və əmin-amanlaq şəraitində  yaşadığı və bütün azadlıqlardan  istifadə etdiyi cəmiyyət qururuq” söyləyən  Prezident İlham Əliyev, eyni zamanda, bu fikri də  önə çəkir ki, iqtisadi artım, cəmiyyətin demokratikləşməsi siyasətimizin əsas elementləridir və biri digərsiz mümkün ola bilməz. İqtisadi cəhətdən güclü olan ölkədə  demokratiya, şəffaflıq yoxdursa, insan hüquqları yüksək səviyyədə  qorunmursa, uğurdan danışmaq qeyri-mümkündür.  1995-ci ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanan və referendum yolu ilə qəbul olunan Konstitusiyamıza 2003-cü ildən bu günə qədər iki dəfə  əlavə və dəyişikliklərin edilməsi məqsədilə  ümumxalq səsverməsinin keçirilməsi də insan amilinə verilən dəyəri ortaya qoyur. 2009 və 2016-cı illərdə keçirilən ümumxalq səsverməsində müzakirəyə çıxarılan əlavə və dəyişikliklərin böyük əksəriyyəti insan hüquqlarının qorunmasına xidmət edir. 2016-cı il referendumunda təqdir olunan əlavə və dəyişikliklər idarəçilik sistemində  təkmilləşməyə xidmət edən vitse-prezidentlik institutunun yaradılması,  prezidentlik müddətinin 5 ildən 7 ilə artırılması, həmçinin yaş məhdudiyyətinin aradan götürülməsi və s. kimi məsələlər   oldu.

Ölkədəki ab-havanın nümayişi olan seçkilərin  yüksək səviyyədə, demokratik, azad və  şəffaf keçirilməsi üçün atılan addımlar da göz qabağındadır.  Dünyada ilk təcrübələr olan barmağın gözəgörünməyən mürəkkəbə boyanması,  seçki məntəqələrində veb-kameraların quraşdırılması, “exit-poll”un keçirilməsi mütərəqqi təcrübəyə dövlətimizin həyata keçirdiyi siyasətdə xüsusi önəm verildiyinin göstəricisidir.  Seçki Məcəlləsinə mütəmadi  olaraq  əlavə və dəyişikliklərin edlməsi də bu diqqətdən  irəli gəlir. Hər bir seçki  ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayan Yeni Azərbaycan Partiyasının qələbəsi ilə başa çatıb. Xalq-iqtidar birliyinin sarılmazlığı, xalqın həyata keçirilən siyasətə dəstəyi  ölkə əhalisinin cənab İlham Əliyevin ətrafında sıx birləşməsində özünü nümayiş etdirir.  Bu uğurumuz beynəlxalq sorğu təşkilatlarının keçirdiyi sorğuların nəticələrində də özünü göstərir. Belə ki, ölkəmizə keçirilən hər bir seçki prosesindən öncə ABŞ-ın “Gellap İnternasional” təşkilatı xalqın hakimiyyətə inam və etimadını öyrənmək üçün sorğular təşkil edir.  Sorğuların nəticələri xalqın həyata keçirilən siyasətə böyük inamını nümayiş etdirir. Xatırladaq ki, bu sorğular ümumilikdə Cənubi Qafqaz regionu ölkələrini əhatə edir. Azərbaycanda həyata keçirilən siyasətin alternativsizliyi regionun digər ölkələrində də etiraf olunur.  Xalqımız tam əmindir ki, 2018-ci il prezident seçkiləri də Yeni Azərbaycan Partyasının namizədi cənab   İlham Əliyevin qələbəsi ilə tarixə yazılacaq. Dövlətimizin başçısı İlham Əliyevin Novruz bayramı münasibətilə ümumxalq şənliyində  böyük  əminliklə söylədiyi bu fikirləri xatırlatmaq istərdik: “Əminəm ki, 2018-ci il də, ondan sonrakı illər də ölkəmiz üçün uğurlu olacaq. Azərbaycan uğurla inkişaf edəcək, qarşıda duran bütün vəzifələr icra ediləcək və ölkəmiz bundan sonra da bir çox ölkələr üçün nümunə olacaqdır.”

Ölkəmizdəki sabitlik, iqtisadi  inkişaf beynəlxalq münasibətlər sistemində yeri və roluna da öz müsbət təsirini göstərib. Son 14 ildə dövlətimizin başçısı İlham Əliyevin xarici ölkələrə səfərlərinin, iştirak etdiyi beynəlxalq əhəmiyyətli tədbirlərin miqyasına diqqət yetirsək,  Azərbaycanın beynəlxalq münasibətlər sistemində  yeri və rolunu aydın görərik. Xarici siyasətimizin mühüm uğuru Azərbaycanın 2011-ci ildə 155 ölkənin dəstəyini qazanaraq BMT-nin  Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsidir. Azərbaycan, həmçinin  2003-2005 və 2017-2019-cu illər üçün BMT-nin İqtisadi və Sosial Şurasının,  2006-2009-cu illər üçün isə BMT-nin İnsan Hüquqları Şurasının üzvü seçilib. Cənab İlham Əliyevin Sərəncamı ilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm İli”, 2017-ci ili isə “İslam Həmrəyliyi İli” elan edilməsi də ölkəmizin ikitərəfli və çoxtərəfli əməkdaşlığa verdiyi töhfələrdən qaynaqlanırdı. Azərbaycan 2015-ci ildə İlk Avropa Oyunlarına, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməklə, eyni zamanda, dünyaya dostluq, əməkdaşlıq, birlik, həmrəylik mesajını ünvanladı. İslamofobiya meyillərinin gücləndiyi, İslam dininə qarşı təhdid-böhtan kampaniyasının aparıldığı bir zamanda Azərbaycandan ünvanlanan sülh mesajı dünyanın düşündürən mühüm məsələlərdən oldu. Müstəqil siyasəti,  dinamik inkişafı, yüksək tolerantlığı ilə diqqət çəkən Azərbaycan dünyada sözünün də  imzası qədər çəkisi olduğunu uğurlu addımları ilə nümayiş etdirir.  Dövlətimizin başçısı İlham Əliyevin dünyanın nüfuzlu təşkilatlarının tribunasından böyük inam və qətiyyətlə səsləndirdiyi bəyanatlaır da siyasətimizdə müstəqil olduğumuzu, heç bir dövlətin, təşkilatın diktəsi ilə oturub-durmadığmızı dünyaya çatdırır.

Azərbaycanın 2016-cı ildə “İnklüziv cəmiyyətlərdə  birgəyaşayış: sağırış və məqsəd” şüarı altında  BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna ev sahibliyi etməsi dünyanın ən nüfuzlu ali qurumunun, dünya ölkələrinin Azərbaycana ola hörmətinin, etimadının, ölkəmizin dünya siyasətində, beynəlxalq münasibətlər sistemində yeri və roluna, habelə multikultural dəyərlərin təşviqi və sivilizasiyalararası, mədəniyyətlərarası dialoqun inkişafına töhfələrinə verilən qiymətin real ifadəsidir. Həmin ildə cənab İlham Əliyevin  ABŞ-da keçirilən və dünya üçün mühüm əhəmiyyət kəsb edən IV Nüvə Təhlükəsizliyi Sammitinə ABŞ-ın keçmiş  Prezidenti Barak Obama tərəfindən dəvət edilməsi Azərbaycanın xarici siyasətinin mühüm uğuru kimi qiymətləndirildi. Azərbaycanın böyük güclərin də qatıldığı sammitdə iştirakı ölkəmizin dünyada nüfuz sahibi olması və təhlükəsizlik sahəsində etibarlı tərəfdaşa çevrilməsinin bariz bir nümunəsidir. Azərbaycan özü müharibə şəraitində olmasına baxmayaraq, daim dünyada sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində əlindən gələn dəstəyi göstərib. Xüsusən də, beynəlxalq antiterror koalisiyasında, o cümlədən Əfqanıstanda həyata keçirilən sülhməramlı missiyada fəal iştirak edir. Bununla yanaşı, Azərbaycan dünyada davam edən münaqişələrlə bağlı ən yüksək tribunalardan daim öz qəti mövqeyini səsləndirib, haqqın tərəfində olduğunu bəyan edib və sülhün, təhlükəsizliyin təmin olunmasının vacibliyini vurğulayıb. Bütün bunlar ölkəmizin beynəlxalq münasibətlər sistemində rolunu və əhəmiyyətini xeyli dərəcədə artırıb.

2017-ci ilin fevralında dünyanın diqqətlə izlədiyi və beynəlxalq aləmdə müzakirəyə çevrildiyi ABŞ Silahlı  Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Gozef Danfort və Rusiya müdafiə nazirinin birinci müavini, Rusiya Silahlı Qüvvələrinin baş qərargah rəisi Valeri Qerasimovun görüşünün Bakıda keçirilməsi də  ölkəmizə olan marağın, verilən dəyərin, beynəlxalq nüfuzunun göstərici  idi. Həmin ərəfədə dövlətimizin başçısı İlham Əliyevin Fransaya səfəri olmuşdu. Xarici  siyasətimizin əsas məsələsi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədr dovlət kimi ABŞ, Fransa və Rusiyanın mövqeynin ölkəmizi üçün xüsusi əhəmiyyət kəsb etdiyini nəzərə alsaq, qeyd olunan görüşün, eyni zamanda, ölkə Prezidenti İlham Əliyevin Fransa səfərinin önəm daha aydın görünür.  Cənab İlham Əliyevin Fransa Şirkətlər Hərəkatının biznes şurasının üzvləri ilə görüşündə Ermənistan prezidentinin bu ölkəyə səfəri zamanı səsləndirdiyi uttopik fikirlərə  münasibətini də  xatırlatmaq istərdik: “O innovasiyalar barədə danışdı, deyirdi ki,  Ermənistan innovaasiyalar ölkəsidir. Açığını deyim, biz Azərbaycanda buna gülürdük, çünki çox məşhur bir deyim var - əgər bu qədər ağıllısansa, niyə bu qədər kasıbsan... Ermənistan prezidenti fransız şirkətlərinə nağıl danışmaq əvəzinə, yaxşı olardı ki,  diqqəti əhalisinin yarısından çoxu gələcək üçün heç bir perspektivi olmayan, yoxsulluq həddindən də aşağı yaşayan ölkədəki dəhşətli iqtisadi vəziyyətə cəmləsin... Əgər bu ölkə  belə yaxşı və cəlbedici olsaydı, ola bilsin ki, insanlar qalmağı tərk etməkdən üstün tutardılar.”

Dövlətimizin başçısı İlham Əliyevin xarici ölkələrə hər bir səfəri Azərbaycan əməkdşalığa böyük töhfə olmaqla yanaşı, reallıqlarımızın təbliğində, Dağlıq Qarabağ probleminin müzakirəsində mühüm əhəmiyyət kəsb edir. Təkcə ötən il üçün ölkə Prezidentinin xarici ölkələrə səfəri ilə bağlı  açıqladığı statistikaya diqqət yetirmək kifayətdir.  15-dən artıq  səfər olub.  Bu səfərlərin hər biri ölkəmiz üçün faydalı olmuşdur. Azərbaycan bu səfərlərin fonunda  öz mövqeyini birbaşa xarici tərəfdaşlara çatdırır. Rəsmi səfərlərdə və beynəlxalq tədbirlərdə  dövlətimizin başçısının çıxışları  Azərbaycanın siyasətini əks etdirir, əldə etdiyimiz uğurları, eyni zamanda, Ermənistan-Azərbaycan,  Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini  bir daha dünya ictimaiyyətinə çatdırır.

2018-ci ilin arxada qalan aylarında cənab İlham Əliyevin xarici ölkələrə səfərlərinin, iştirak etdiyi beynəlxalq tədbirlərin də say tərkibinə, keçirilən görüşlərdə müzakirə olunan məsələlərə diqqət yetirdikdə Azərbaycanın artan nüfuzu daha aydın görünür. Ölkə Prezidenti İlham Əliyevin ənənəvi olaraq hər il keçirilən Davos  İqtisadi Forumunun 48-ci iclasında iştirakı,  fevralda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısı, bu günlərdə VI Qlobal Bakı Forumu  Azərbaycanın beynəlxalq əməkdaşlığa töhfələrinə bir daha işıq saldı. Dövlətimizin başçısı Novruz şənliyində bu mühüm hadisəyə də diqqət yönəltmişdi ki, gələn ay Bakıda Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin konfransı keçiriləcək. Bu da qlobal, mötəbər beynəlxalq tədbirdir. Bu tədbirin Azərbaycanda keçirilməsi Qoşulmama Hərəkatı və təşkilata üzv ölkələr tərəfindən ölkəmizə  verilən növbəti dəstəyin təzahürüdür.

Dövlətimizin uğurlu  xarici siyasətinin, qətiyyətinin göstəricisi  diplomatiyada qazandığı uğurların miqyasıdır. Ötən  il cənab İlham Əliyevin Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyəti ilə görüşünü yada salaq.  Görüş zamanı   dövlətimizin başçısı İlham Əliyevin  avropalı parlamentarlara ünvanlanan açıq, məntiqli sözlərini,  iradlarını təşkilatın təmsilçiləri də etiraf etdilər. Qurumla Azərbaycanın  gələcək inkişafına  aydınlıq gətirən, ədalətsiz olaraq Azərbaycanı guya insan hüquqlarının pozulması ilə ittiham edən Avropa Parlamentində ölkəmiz əleyhinə  kampaniyanı ikili standartların növbəti  mərhələsi kimi qonaqların diqqətinə çatdıran cənab  İlham Əliyev fikirlərini real faktlar əsasında açıqlayaraq  bildirmişdir ki, təşkilatla əməkdaşlığımız qarşılıqlı maraqlar və  hörmətə əsaslanır. “Biz heç nə olmamış kimi davrana bilmərik. Biz buna aydınlıq gətirməliyik. Biz bunu aradan qaldırmaq üçün nə edə biləcəyimizə nəzər salmalıyıq. Əgər bu, belə qalsa və heç nə baş verməsə biz nə barədə danışa bilərik?” söyləyən ölkə Prezidenti İlham Əliyev bildirmişdir ki,  Avropa Parlamenti ilə münasibətlərdə böhran vəziyyətinin əmələ gəlməsinə baxmayaraq, əlaqələrin qarşılıqlı maraq əsasında inkişafında maraqlıyıq. 

Prezident İlham Əliyevin 2017-ci ilin fevralında Brüsselə səfərini xatırlayaq.  Bu səfərdə Aİ-nin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi barədə bir daha rəsmi bəyanat verildi. Bu mövqe, Aİ-nin tərəfdaş ölkələrdəki bütün münaqişələrin həllinə vahid yanaşması 2017-ci ilin noyabrında Şərq Tərəfdaşlığının Brüssel Sammitində bir daha təsdiqləndi.  Avropa İttifaqının Şərq Tərəfdaşlığının bütün ölkələrinin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün dəstəklənməsi üzrə Aİ-nin öhdəliklərinin dəqiq vurğulandığı “Xarici siyasət və təhlükəsizlik haqqında qətnamə” qəbul edildi. Bununla da  Aİ Ukrayna, Gürcüstan, Moldova və Azərbaycan ərazilərindəki münaqişələrin həllinə vahid yanaşmanı aydın nümayiş etdirdi.

Xarici siyasətdə uğurlarımız sırasında dövlətimizin başçısı İlham Əliyevin ötən il BMT-nin Baş Assambleyasının 72-ci sessiyasında iştirakını və dünyaya bir mesaj kimi dəyərləndirilən çıxışını qeyd etməliyik. Cənab İlham Əliyev dünyanın ikili siyasəti fonunda yaranan problemlərə diqqəti yönəldərək, bildirmişdir ki, beynəlxalq hüququn norma və prinsipləri bütün dövlətlərə eyni şəkildə tətbiq olunmalıdır. BMT-nin qətnamələrinin icrasının vacibliyi bir daha vurğulanaraq, qeyd edilmişdir ki, təxribatlara yol verilməməli, əks halda bu kimi cəhdlərin qarşısı hər zaman böyük qətiyyətlə alınacaq.

Diplomatik uğurlarımız və iqtisadi tərəqqi fonunda güclənən hərbi qüdrətimiz yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini  yaxınlaşdırır. Ötən  ilin mühüm uğuru olan Cocuq Mərcanlıya qayıdış böyük qayıdışın başlanğıcı kimi dəyərləndirildi. Bu əminliyimizə əsas yaradan dövlətimizin uğurlu siyasəti və bu siyasətə həm ölkə, həm də dünya miqyasında verilən dəstəkdir.  2017-ci ilin son ayında  “Şərq Tərəfdaşlığı” proqramının sifarişi əsasında ölkəmizdə sorğu aparılmışdır.  Həmin sorğuya əsasən ölkəmizdə həyata keçirilən siyasətin alternativsizliyi bir daha təsdiqlənmişdir.  Ölkə əhalisinin 82 faizi həyata keçirilən siyasəti dəstəkləməklə, Azərbaycanın gələcəyinə böyük inamla baxdığını bildirmişdir. 

Son 14 ildən artıq dövrdə  Azərbaycanın ictimai-siyasi, xarici siyasət sahəsində qazandığı uğurların çox az bir hissəsinə baxış keçirdik.  Bu günümüzün əsas reallığı budur ki, Azərbaycan  sabitlik fonunda  davamlı uğurlara imza atır, beynəlxalq qurumların hesabatlarında liderliyini qoruyur. “Bizim xarici siyastimiz açıqdır” söyləyən cənab İlham Əliyev  atılan hər addımda milli maraqlarımızın öndə dayandığını bildirir, beynəlxalq hüququn norma və prinsiplərinin önəmini açıqlayır.  Beynəlxalq əməkdaşlıq, diplomatik uğurlarımız, eyni zamanda xarici siyasətimizin önündə dayanan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə yol açan  amillərdir.  “Biz uğurla inkişaf edirik” söyləyən cənab İlham Əliyev bu əminliyi də ifadə edir ki, gələcəyə nikbinliklə baxmaq üçün kifayət qədər amil vardır. “Xalq”, “millət” anlayışları ön planda olanda istənilən problem öz həllini tapa bilər. Bizim siyasətimiz milli maraqlar üzərində qurulub. Bizim siyasətimiz müstəqilliyin möhkəmlənməsinə istiqamətləndirilib. Bu gün Azərbaycan müstəqil dövlət kimi dünya miqyasında özünə layiqli yer tutub. Bütün hədəflərə çatmaq üçün müstəqil siyasətimiz davam etməlidir.

Yeganə Əliyeva, “İki sahil”