22 mart 2018 23:27
1628

Azərbaycan iqtisadi sahədə böyük uğurlara imza atıb

Beynəlxalq səviyyədə təsdiqlənən, özünü təcrübədə doğruldan, mahiyyətinə və coğrafiyasına görə mühüm əhəmiyyət daşıyan “ Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında nəzərdə tutulan hədəflərin davamlı xarakter daşıması, iqtisadi, sosial və ekoloji məsələləri əhatə edən, biliklərə əsaslanan iqtisadiyyatın dinamik inkişafı, müasir dövrün tələblərinə uyğunlaşdırılması diqqətdə saxlanılır.

Novruz şənliklərində iştirak edən, bu bayramı uğurlu nəticələrlə qarşılayan Azərbaycan xalqına xoş arzularını çatdıran cənab İlham Əliyev çıxışında nailiyyətləri əks etdirən statistik rəqəmlərə istinad etmişdir. Dövlət başçımızın “Biz uğurla inkişaf edirik. Azərbaycan iqtisadi sahədə də böyük uğurlara imza atıb. Biz bu bayramı gözəl iqtisadi nəticələrlə qarşılayırıq. İki ayda ümumi daxili məhsul 1,3 faiz, qeyri-neft sektorunda isə 2,3 faiz artmışdır. Sənaye istehsalı 1,4 faiz, qeyri-neft sektorunda isə 8,4 faiz artmışdır. Kənd təsərrüfatı məhsullarının istehsalı təxminən 4 faiz, əhalinin gəlirləri isə 10,2 faiz artmışdır. İnflyasiya 4,7 faizdir. Yəni, bizim nəzərdə tutduğumuz vəzifələr icra edilir. İki ayda valyuta ehtiyatlarımız 2,1 milyard dollar artmışdır və hazırda 44 milyard dollara bərabərdir” sözləri təsdiqləyir ki, 1993-cü ildən başlayaraq taleyüklü problemərin həllinə yönələn, son 14 ildə daha da sürətlənən islahatların istiqamətləri kimi coğrafiyası da genişlənir, bölgədə sabitliyin təminatına xidmət edir, region dövlətlərinin də iqtisadi yüksəlişinə təsir göstərir.

“Azərbaycan-İran-Gürcüstan, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Rusiya üçtərəfli və nəhayət Azərbaycan-İran-Gürcüstan-Türkiyə dördtərəfli formatlar yaranmışdır. Qeyd etməliyəm ki, bütün bu çoxtərəfli formatların təşəbbüskarı Azərbaycan olmuşdur. Bu, bölgədə sabitliyi möhkəmləndirir, əməkdaşlığı gücləndirir və bu formatlarda iştirak edən ölkələrin iqtisadi maraqlarını təmin edir. Müzakirə olunan məsələlər siyasi, iqtisadi, mədəni, nəqliyyat və digər sahələri əhatə edir” söyləyən dövlət başçımızın apardığı qətiyyətli siyasətin nəticəsidir ki, dünya iqtisadiyyatının tərkib hissəsi olan Azərbaycan  qarşılıqlı əməkdaşlığa sadiq dövlət kimi nümunə göstərilir.

İllərlə çəkilən zəhmətin, siyasi iradənin, dövlət başçısının ölkəyə müdrik rəhbərliyinin nəticəsidir ki, inkişafın Azərbaycan modeli nümunə göstərilir.

Artan neft gəlirlərinin bazar iqtisadiyyatının əsas tələb və şərtlərindən olan qeyri-neft sektorunun formalaşdırılmasına yönəldilməsi,  özəl bölmənin təkmilləşdirilməsi, ən sürətli iqtisadi inkişaf dinamikası Azərbaycanın həm regional, həm də qlobal miqyasda nüfuzunun artmasına və onun yeni geoiqtisadi oyunçuya çevrilməsinə şərait yaradır. İqtisadi şaxələndirmənin, qeyri-neft sektorunun formalaşdırılması istiqamətində həyata keçirilən əhatəli islahat və layihələrin yeni keyfiyyət və kəmiyyət baxımından müasir tələblərə uyğun davam etdirilməsinin nəticəsidir ki, Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda gedən prosesləri yüksək dəyərləndirir. Davos Dünya İqtisadi Forumunun hesablamalarına əsasən, Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə 2017-ci ildə iki pillə irəliləyərək, dünya miqyasında 35-ci yerdə qərarlaşıb.

Xarici iş adamlarının respublikamıza sərmayə yatırmasının nəticəsidir ki, dünya bazarında Azərbaycan brendi ilə tanınan keyfiyyətli məhsullarımızın sayı artmaqdadır. “Bizim ixrac potensialımız artır. 2017-ci ildə ixrac 19 faiz artmışdır, qeyri-neft ixracımız isə 24 faiz artmışdır... İdxal isə təqribən cəmi 1 faiz artmışdır və bu da təbiidir. Çünki, ilk növbədə, Azərbaycan öz daxili tələbatını daha böyük həcmdə daxili istehsal hesabına təmin edir, digər tərəfdən vətəndaşların alıcılıq qabiliyyəti artır. Beləliklə, idxalın sabit səviyyədə qalması hesab edirəm ki, çox böyük nəticəmizdir” söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, makroiqtisadi vəziyyətimizin yaxşılaşdırılması, manatın məzənnəsinin sabit səviyyədə saxlanması üçün sadalananlar çox mühüm amillərdəndir. Qazanılan iqtisadi uğurlar sosial islahatların tətbiqini də sürətləndirir. İqtisadi, sosial islahatların paralel aparılmasının məntiqi nəticəsi isə ölkə əhalisinin yaşayış tərzinin yüksəlməsi, məşğulluq səviyyəsinin artırılması ilə nəticələnir. 2017-ci ildə 221 min yeni iş yerinin açılması, ölkəmizdə işsizliyin aşağı səviyyədə saxlanması istiqamətində nəzərdə tutulan proqnozlar artıq reallaşıb. Hazırda Azərbaycanda işsizlik 5, yoxsulluq isə 5,4 faiz səviyyəsindədir.

Pensiya-sığorta sisteminin 2020-ci ilədək texniki cəhətdən yüksəldilməsi, pensiyaların, orta aylıq əmək haqqının artırılması dövlət siyasətinin əsasını təşkil edən insan amilinə diqqətdir. Son günlərdə əmək haqqı və pensiyaların artımı ilə bağlı imzalanan sərəncamlar dövlət başçısının ölkə əhalisinə qayğısının yeni təzahürüdür. Prezident İlham Əliyevin davam etdirdiyi siyasətin məntiqi uğuru olan Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi ilə sosial sahələrdə mühüm nailiyyətlər qazanılmışdır. Sosial-iqtisadi sahələrdə əldə edilən nailiyyətlərin “Fitch Ratings”, “Moody^s”, “Standart& Poor^s” kimi beynəlxalq reytinq agentlikləri tərəfindən yüksək qiymətləndirilməsi davam etdirilən düşünülmüş siyasətin ifadəsidir. Dünya Bankının adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə ölkəmiz “ yuxarı orta gəlirli” ölkələr kateqoriyasına daxil olmuş, BMT-nin İnkişaf Proqramının İnsan İnkişafı ilə bağlı hesabatına əsasən respublikamız “ orta insan inkişafı” ölkələri qrupunu tərk edərək “ yüksək insan inkişafı” ölkələri qrupunda qərarlaşması iqtisadi və sosail sahədə qazanılan nailiyyətlərə verilən qiymətdir.

Azərbaycan qazını Avropaya çıxaracaq marşrutların alternativ variantları ətrafında müzakirələrin aktuallaşması ölkəmizin dünya birliyində artan və möhkəmlənən mövqeyini göstərir. Etibarlı tərəfdaş olan ölkəmiz neft-qaz, nəqliyyat sahəsində qlobal  əhəmiyyət daşıdığı üçün xarici bazarlara çıxış imkanları da artır. Azərbaycanın maliyyə imkanlarının artması ilə daha mütərəqqi, beynəlxalq əhəmiyyətli layihə və islahatların həyata keçirilməsi nəzərdə tutulur. Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, “Əsrin müqaviləsi”nin müddətinin 2050-ci ilədək uzadılması, “Cənub Qaz Dəhlizi”nin inşası ilə bağlı işlərin sürətləndirilməsi, TANAP-ın cari ildə istifadəyə verilməsi ölkə iqtisadiyyatını daha da gücləndirəcək.

Tam əminliklə söyləmək olar ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında nəzərdə tutulan vəzifələrin əksəriyyəti reallaşıb. Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılması, nəqliyyat, tranzit və loqistika infrastrukturunun təkmilləşdirilməsi, bölgələrin tarazlı inkişafı, informasiya cəmiyyətinə keçidin təmin olunması, insan kapitalının inkişafı, səmərəli sosial müdafiə sisteminin qurulması, institusional islahatların davam etdirilməsi, mədəni irs və ətraf mühitin qorunması məsələlərini əhatə edən bu proqram və islahatlar orta, uzun müddətli hədəfələrə çatmaq üçün bələdçidir.

Qeyd olunduğu kimi, məhz həmin hədəfələrə çatmaqla qlobal miqyasda çağırışlara cavab verəcək innovasiya və modernləşmə fəaliyyəti keyfiyətcə yeni müstəviyə qaldırılır. Strateji vəzifə isə biliklərə əsaslanan iqtisadiyyatın yaradılması və inkişaf etdirilməsidir.

2013- 2023-cü illərdə ÜDM-nin  artırılmasını başlıca hədəf kimi diqqətdə saxlayan  Prezident İlham Əliyev bunun üçün yeni müəssisələrin yaradılmasını iqtisadi inkişaf, yeni iş yerlərinin açılması , yoxsulluq səviyyəsinin daha aşığı salınması baxımından günün tələbi kimi qarşıya qoyur.

Təbii resurslar baxımından zəngin potensiala malik ölkəmizdə son illərdə həyata keçirilən dövlətin yanacaq və enerji siyasəti gələcək üçün təminatdır. Bu uğurlar bir daha təsdiqləyir ki, artıq Azərbaycanda keçid dövrü başa çatmış, sərbəst bazar münasibətlərinin qanunauyğunluqlarına malik yeni sosial-iqtisadi sistem formalaşmış, təkmilləşmişdir. Mərhələlər üzrə həyata keçirilən regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının həyata keçirilməsində də məqsəd Azərbaycanı daha çox inkişaf etmiş ölkələr səviyyəsinə çatdırmaqdır.

İnkişafın əsas istiqamətlərindən olan iqtisadiyyatın şaxələndirilməsi, neft gəlirlərinin səviyyəsindən asılı olmayaraq qeyri-neft sektorunu genişləndirmək, rəqabət qabiliyyətini yüksəltmək, ixrac imkanlarını genişləndirmək istiqamətində aparılan siyasət özünü doğruldur. “Əminəm ki, 2018-ci il də, ondan sonrakı illər də ölkəmiz üçün uğurlu olacaq. Azərbaycan uğurla inkişaf edəcək, qarşıda duran bütün vəzifələr icra ediləcək və ölkəmiz bundan sonra da bir çox ölkələr üçün nümunə olacaqdır” söyləyən cənab İlham Əliyev yenə də uğurlar lokomotivinin ən mahir, etibarlı idarəedicisi kimi Azərbaycan xalqını gələcəyə inamla aparacaq.

Xuraman İsmaylqızı, “İki sahil”