23 mart 2018 22:08
1659

Strateji məqsəd Azərbaycanı daha da gücləndirməkdir

Strateji məqsəd Azərbaycanı daha da gücləndirmək, qüdrətini artırmaq, müstəqilliyini möhkəmləndirməkdir

Bütün siyasi kampaniyalar xalq-iqtidar birliyinin, vətəndaş həmrəyliyinin göstəricisi olmaqla ölkənin iqtisadi, sosial həyatında baş verən hadisələrin qiymətləndirilməsi, inkişafın strateji istiqamətlərinin müəyyənləşdirilməsi, nəzərdə tutulan vəzifələrin reallaşdırılması baxımından da əhəmiyyətlidir.

Seçki Məcəlləsində nəzərdə tutulan prosedurlarda fəallıq göstərən seçicilər imzatoplama mərhələsindən başlayaraq, təbliğat kampaniyası, səsvermə günündə belə bülletenlərdə adı yazılan namizədlərə  Vətən, xalq, respublikanın qüdrətlənməsi naminə  gördüyü işləri nəzərdə tutaraq qiymətləndirir, ictimai rəyi nəzərə alaraq  seçimini edir.

“Biz strategiyamızı müəyyən etmişik və növbəti onillik üçün strateji inkişaf planlarımızı hazırlamışıq: 2013-2023-cü illəri əhatə edən inkişaf planı” söyləyən Prezident İlham Əliyevin son 14 ildəki fəaliyyətinə göstərilən etimad dövlət başçımızın prezident seçkilərində, ümumxalq səsverməsi olan referendumlarda  qazandığı seçici dəstəyi, etimadı, qarşıdakı illərdə Azərbaycanı daha yüksək gəlirli ölkəyə çevirmək bardəki vədinə sadiqliyidir. Prezident İlham Əliyevin Sərəncamına əsasən təsdiq olunan, qarşıdakı onillər üçün planlaşdırılan inkişafın istiqamətlərini bütün parametrlər üzrə əks etdirən “Azərbaycan -2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında ölkəmizin strateji inkişaf istiqamətləri daha möhtəşəmdir.

 2013-2018-ci illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı ilə bağlı üçüncü Dövlət Proqramının qəbulu ilə daha böyük nailiyyətlərə imza atan Azərbaycanın Dünya İqtisadi Forumunun hesabatında bir ildə iki pillə irəliləyərək 35-ci yerdə qərarlaşması bir daha təsdiqlədi ki, uğurlarımızın əsasında düşünülmüş, müstəqil siyasət, düzgün müəyyənləşdirilmiş strategiya dayanır. O islahatlar ki, əsasını insan amili, əhalinin rifahının yaxşılaşdırılması kimi ümdə məsələlər təşkil edir.

Beynəlxalq ictimai rəy: Azərbaycan dünyada nümunəvi ölkələrdəndir

Təməli 24 noyabr 2003-cü ildə imzalanan “Azərbaycan Respublikasında sosial -iqtisadi inkişafın sürətləndirilməsi haqqında” Fərmanı ilə qoyulan, reallığa və praqmatizmə əsaslanan çoxşaxəli islahatları əhatə edən regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının qəbulu ilə Azərbaycana siyasi, iqtisadi, sosial dividentlər qazandıran nailiyyətlər, ölkəmizə nüfuz qazandıran uğurlar ümummilli lider Heydər Əliyev siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyevin əməyi və xidmətlərinin məntiqi nəticəsi olmaqla Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasını sürətləndirdi.

Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda ötən illərə statistik rəqəmlərə istinad etməklə nəzər salan Prezident İlham Əliyevin vurğuladığı kimi, müvafiq dövrdə davamlı tərəqqisi ilə gələcək yolunu Azərbaycanın inkişaf modelinə uyğun təkmilləşdirən ölkəmiz bütün sahələrdə önəmli uğurlara imza atır, diplomatiyada qazandığı nailiyyətləri ilə dünya birliyində nüfuzu möhkəmlənir, respublikamızda aparılan siyasi-iqtisadi islahatlar dünya birliyi tərəfindən yüksək qiymətləndirilir, maliyyə qurumlarının reytinqlərində Azərbaycanın adı qabaqcıl dövlətlər sırasında çəkilir. Ən əsası isə mənbəyi Azərbaycan xalqının iradəsi, xalq-iqtidar birliyinin məntiqi nəticəsi olan təhlükəsizlik, sabitlik təmin edilir. Bu inkişafı təsdiqləyən beynəlxalq ictimai rəy belədir: “ İnkişaf parametrlərinə, vətəndaş həmrəyliyinə, islahatların əhəmiyyətinə görə Azərbaycan dünyada nümunəvi ölkələrdən biridir.” On dörd ildə qazanılan iqtisadi göstəricilər də ümumi inkişafımızın uğurlu dinamikasını əyani şəkildə göstərir. Bu illərdə çoxşaxəli iqtisadiyyat  3,2, qeyri-neft iqtisadiyyatı isə 2,8 dəfə artmışdır. Sənaye sahəsində 2,6 kənd təsərrüfatında 1,7 dəfə artım olmuşdur. Qeyri-neft ixracımız 4,1 dəfə yüksəlmişdir.

2004-cü ildən sonra həyata keçirilən düşünülmüş siyasətin, həyata keçirilən islahatların nəticəsidir ki, əvəllər 1,8 milyard dollar olan valyuta ehtiyatlarımız Azərbaycanın təşəbbüsü ilə reallaşan enerji layihələrinin həlli, regional inkişaf proqramlarının tətbiqi , qeyri-neft sektorunun təkmilləşdirilməsi ilə 42 milyard dollara çatdırılıb.

İqtisadi böhran dövründə, neftin qiymətinin aşağı olduğu keçən ildə düzgün siyasət, maliyyə sahəsində nizam-intizamın gücləndirilməsi nəticəsində valyuta ehtiyatlarımız 4,5 milyard dollar artırmışdır. On dörd ildə ölkə iqtisadiyyatına 231 milyard dollar sərmayə qoyulmuşdur.

Müstəqillik dövründə Azərbaycana yatırılan sərmayənin 93 faizi son 14 il ərzində qoyulmuşdur. ÜDM-də qeyri-neft sektorunun payı artmışdır. Bu, onu göstərir ki, bizim iqtisadi inkişafımız, sadəcə olaraq, neftin, qazın istehsalı ilə bağlı deyil.

14 ildə regional inkişaf proqramlarının icrasının uğurlu nəticələrindən biri də ölkədə elektirik təsərrüfatının inkişaf etdirilməsidir. 2003-cü ildə Prezident seçilərkən ümumi inkişafa başlamağın yollarından danışan cənab İlham Əliyev ilk növbədə, infrastruktur layihələrinin həllinə diqqəti artırdı. İqtisadiyyatın bel sütünu adalndırılan elektrik təsərrüfatına böyük investisiyalar qoyuldu. Aparılan düzgün siyasət nəticəsində son 14 il ərzində ölkəmizdə generasiya gücü 2500 meqavata bərabər olan 30 elektrik stansiyası inşa edildi. Əvvəllər enerji idxal edən Azərbaycan hazırda enerji ixrac edən ölkələr sırasındadır. Azərbaycanda qazlaşdırmanın səviyyəsi 100 faizə çatdırıldı. İnsanları narahat edən içməli su və kanalizasiya problemləri davamlı proses kimi diqqətdə saxlanıldı. Son illərin töhfəsi olan Bakı -Oğuz-Qəbələ su kəmərinin çəkilişi, Taxtakörpü, Şəmkirçay, Göytəpə və Tovuzçay su anbarlarının inşası ilə paytaxt sakinlərinin içməli suya olan ehtiyacı ödənilmiş, yüz min hektarla torpaq sahəsi əkinə yararlı hala gətirilmişdir. Respublikamızda ən çox diqqət yetirilən sahələrdən biri də , ümumi inkişafın göstəricisi olan magistral və kəndarası yolların çəkilişinə diqqətin artırılmasıdır. Son 14 il ərzində 12 min 300 kilometr yol çəkilmiş, 443 körpü tikilmişdir.

Dövlət siyasətinin əsasını insan amilinə diqqət və qayğı təşkil edir

İqtisadi inkişafın sosial islahatların həlli üçün etibarlı baza olduğu əhalinin sosial müdafəsi istiqamətində həyata keçirilən islahatların həlli ilə təsdiqlənən ölkəmizdə insan amilinə diqqətin nəticəsidir ki, vətəndaşların həyat səviyyəsi yaxşılaşır. Ölkəmizdə məşğulluq səviyyəsinin yüksəlməsi, işsizlik probleminin aradan qaldırılması istiqamətində aparılan siyasətin nəticəsidir ki,  iş yerlərinin yaradılması Azərbaycanda daimi proses kimi diqqətdə saxlanılır.

Görülən işlərin nəticəsində bu gün Azərbaycanda işsizlik 5 , yoxsulluq isə 5,4 faiz səviyyəsindədir. Halbuki birinci proqramın icrasına başlayanda ökə üzrə yoxsulluğun səviyyəsi 50 faiz idi, indi isə 5,4 faizdir.

“Bax, budur, bizim əsas iqtisadi göstəricilərimiz. Eyni zamanda, sosial sahəyə çox böyük diqqət göstərilmişdir. Maaşlar 14 il ərzində beş dəfədən çox, pensiyalar səkkiz dəfədən çox artıb və bir çox önəmli sosial layihələr icra edilib” sözləri ilə sosial infrastrukturla bağlı böyük işlər görüldüyünü diqqətə çatdıran dövlət başçımızın vurğuladığ kimi, hər biri milyon manatlarla vəsait tələb edən sosial layihələr investisiya proqramında da üstünlük təşkil edir,

Bizneslə məşğul olan sahibkarlara göstərilən maddi, mənəvi dəstəyin artırılması istiqamətində ciddi islahatlar aparılmışdır.

Sahibkarlara güzəştli şərtlərlə 2 milyard manatdan çox kreditlər verilmişdir. Güzəştli şərtlərlə verilən bu kreditlərdən istifadə olunaraq yeni müəssisələr, iş yerləri yaradılır. Bölgələrdə emal müəssisələrinin açılması ilə əhalinin məşğulluq səviyyəsi yüksəldilir. Prezident İlham Əliyevin vətəndaşlara göstərdiyi xidmətin ifadəsi olan əhalinin enerjiyə, suya, qaza olan borclarının dövlət tərəfindən ödənilməsi, sovetlərin dövründən qalan istiqrazların qiymətli kağız bazarının məzənnəsinə uyğun qaytarılması xüsusilə aztəminatlı ailələrin büdcələrinə yardım kimi dəyərləndirildi, əhali tərəfindən razılıqla qarşılandı. 2016-cı il 11 apreldə imzalanan Fərman əsasında yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması, aztəminatlı ailələr üçün uzunmüddətli güzəştli şərtlərlə mənzillərin tikilməsi əhalinin sosial müdafiəsi istiqamətində atılan ən mühüm addımdır. Son illər ərzində ictimai xidmətlər sahəsində də inqilabi dönüş baş verdi. Azərbaycan brendi olan, sistem xarakterli “ASAN Xidmət” mərkəzlərinin yaradılması rüşvətxorluğa, korrupsiyaya, bürokratiyaya qarşı çox ciddi mübarizə metodu kimi razılıqla qarşılandı. Son beş il ərzində bu mərkəzlərdə 20 milyona yaxın müraciət qəbul edilmişdir və “ASAN Xidmət” mərkəzlərini bəyənmə əmsalı 100 faizə yaxındır. Dövlət başçımızın imzaladığı əfv fərmanlarının və amnistiya aktlarının tətbiqi ilə minlərlə vətəndaş azadlığına qovuşub.

Ölkəmizin texnoloji cəhətdən inkişafı üçün böyük addımlar atılmış, ölkə əhalisinin 80 faizinin genişzolaqlı internetdən istifadəsi təmin olunmuşdur. Ölkədə demokratik islahatlar davam edir, söz, mətbuat, vicdan azadlığı qorunur, əqidəsindən asılı olmayaraq bütün partiyaların, qeyri-hökumət təşkilatlarının siyasi kampaniyalarda iştirakı üçün qanunlar çərçivəsində şərait yaradılır. “Azərbaycan kosmik dövlətə çevrilib. Bunu hələ bir neçə il bundan əvvəl təsəvvür etmək belə çətin idi. Hazırda bizim iki peykimiz var - telekommunikasiya və əraziləri müşahidə peykləri. Üçüncü peyk bu il orbitə buraxılacaq. Azərbaycan dünyanın məhdud olan kosmik klubunun üzvüdür. Bu, texnologiyadır, təhsildir, biznesdir və inkişafdır” söyləyən Prezident İlham Əliyevin səyi ilə ölkəmizdə ən müasir texnologiyaların istehsalatda, məişətdə , təhsildə, səhiyyədə, kənd təsərrüfatı və sənayedə tətbiqi üçün ciddi addımlar atılır.

Avropanın əsas neft-qaz ixracatçısı Azərbaycan
mühüm enerji, nəqliyyat, logistika mərkəzidir

1994-cü ildə imzalanan “Əsrin müqaviləsi”nin davamı kimi dəyərləndirilən, müddəti 2050-ci ilədək uzadılan  “Azəri-Çıraq- Günəşli” neft yataqlarının işlənməsinə dair imzalanan müqavilənin yenilənməsi ilə  qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq formatı genişləndi, tərəfdaşların sayı artdı.  Müqavilənin yenilənməsi mərasimində çıxış edərək Azərbaycanın təşəbbüsü ilə reallaşan layihələrin bütün tərəfdaşların iqtisadiyyatının inkişafına göstərdiyi təsiri həm də qarşılıqlı əməkdaşlıq üçün başlıca şərt kimi dəyərləndirən Prezident İlham Əliyevin “ Azərbaycan bu gün o ölkələrdəndir ki, öz hesabına yaşayır. Bizim kifayət qədər böyük valyuta ehtiyatlarımız var, iqtisadiyyat dinamik şəkildə inkişaf edir, iqtisadi şaxələndirmə, neft-qaz amilindən asılılığının azaldılması istiqamətində çox önəmli addımlar atılmışdır və ölkəmizin gələcək inkişafı üçün nə siyasi, nə iqtisadi, nə hər hansı bir başqa maneə və ya problem yoxdur.

Azərbaycan bundan sonra ancaq uğurla inkişaf edəcək, ölkəmizin böyük potensialı var. Son illər ərzində biz bu potensialı gücləndirmişik və bu potensialın inkişafında “Əsrin kontraktı”nın xüsusi rolu vardır” söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, suveren Azərbaycan iqtisadi müstəqilliyi sayəsində uğurlara nail olmuş, güclü siyasi iradə, qətiyyət nümayiş etdirilmişdir. 2002-ci ildə Heydər Əliyevin iştirakı ilə təməli qoyulan, 2006-cı ildə Türkiyənin Ceyhan limanında istifadəyə verilən Bakı-Tbilisi-Ceyhan neft kəməri əsrin möcüzəsi adlandırıldı. Növbəti enerji layihəsi olan Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə Azərbaycan qazı Avropaya çatdırıldı. “Şahdəniz”” qazının ilk hissəsinin Türkiyəyə ixrac edilməsinə başlanıldı. 2012-ci ildə İstanbulda Azərbaycan ilə Türkiyə arasında TANAP layihəsinə imza atıldı və bu gün TANAP, “Cənub Qaz Dəhlizi” uğurla icra edilir. Yenilənən müqavilənin Azərbaycan üçün daha əlverişli olduğunu diqqətə çatdıran Prezident İlham Əliyevin bildirdiyi kimi, şərtlərə görə, xarici investorlar tərəfindən ölkəmizə 3,6 milyard dollar həcmində bonus ödəniləcək. SOCAR-ın payı 11,6 faizdən 25 faizə qaldırılacaq və Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edəcək.

 Artıq etiraf olunur ki, “Əsrin müqaviləsi”” “ imzalanmasaydı, Azərbaycanda neft-qaz sahəsinə, “Şahdəniz”” yatağına heç bir sərmayə qoyulmazdı. BTC, BTƏ neft-qaz kəmərləri tikilməsəydi “Cənub Qaz Dəhlizi” icra olunmazdı. Reallaşan Bakı-Tbilisi-Qars nəqliyyat dəhlizi inşa edilməzdi.  Yəni “Əsrin müqaviləsi”nin imzalanması ilə həyata keçirilən ulu öndər Heydər Əliyevin neft strategiyasını yenilənən kontrakt üçün də etibarlı təməl adlandırmaq olar. Beləliklə, Azərbaycanın təbii resurslarının dünya bazarlarına çıxarılması təşəbbüsünün reallaşması ilə kifayət qədər böyük şəbəkə formalaşdı. “Cənub Qaz Dəhlizi”nə marağın artması ilə Azərbaycan müasir dövrdə neft və qazı hasil və ixrac edən ölkəyə çevrildi. TANAP, TAP, “Cənub Qaz Dəhlizi” ilə bağlı müzakirələr intensivləşdi. Ötən ilin tarixi hadisələrindən olan Azərbaycanda iki milyard ton neft hasil olunması münasibətilə təntənəli mərasim keçirilməsi də Azərbaycanın qazandığı uğurları bir daha təsdiqlədi.

Enerji layihələri qədər əhəmiyətli olan,  Çindən Avropaya daşınan yükləri 12-15 günə, yəni dəniz nəqliyyatından iki dəfə tez çatdırılmaqla təhlükəsizliyin təminatında da mühüm əhəmiyyətə malik Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi polad magistral kimi sarsılmaz dostluğun ifadəsidir. Beynəlxalq nəqliyyat dəhlizinin rəqabətqabiliyyətliliyinin yüksəldilməsinə sanballı töhfə olan, dünyanın 100 möhtəşəm layihəsi siyahısına daxil edilən, ilk mərhələdə  1 milyon sərnişin, 6 milyon ton yük daşınması planlaşdırılan, sonrakı illərdə sərnişinlərin sayı 5 milyona, yüklərin həcmi 17 milyon tona çatdırılması nəzərdə tutulan dəmiryolunun Çindən başlayaraq, Orta Asiyadan keçməklə Cənubi Qafqaz, Türkiyə, Balkanlar və Avropaya uzanaraq geniş bir cografiyanı əhatə etməsi perspektivlərin daha uğurlu olacağından xəbər verir.

“Modern İpək Yolu” və ya “Orta dəhliz” adlandırılan BTQ

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olan ölkələr arasında sürətli nəqliyyat imkanları yaradaraq iqtisadi və ticarət əlaqələrimizin inkişafına böyük töhfə verəcəkdir. Ən başlıcası isə maiyyə böhranının hələ də davam etdiyi müasir dövrümüzdə dövlətlərarası iqtisadi münasibətlərin möhkəmlənməsi, qarşılıqlı faydalı əməkdaşlıq üçün əlavə imkanlar yaranacaq. Etiraf olunduğu kimi, sivilizasiyalararası dialoq mərkəzi, multikultural, tolerant respublika kimi tanınan Azərbaycanın dünya birliyinə açılan dəmir qolları adlandırılan BTQ XXI əsrin möcüzələrindən sayılır. Xəzərdə yükdaşımalarının təşkili üçün böyük gəmiqayırma zavodunun tikilməsi, nəqliyyat infrastrukturunun önəmli hissəsi olan Ələt Beynəlxalq Dəniz Ticarət Limanının inşası düşünülmüş siyasətin nəticəsidir. İldə 15 milyon ton yük və 100 min konteyner qəbul edəcək limanda işlərin yekunlaşması nəticəsində  yükdaşıma 25 milyon ton və 1 milyon konteynerə çatdırılacaq. Ölkəmizdə nəqliyyat sektoruna qoyulan sərmayə artıq çox güclü infrastruktura gətirib çıxarıb. Bu infrastruktur ölkəmiz, bölgə və dünya üçün böyük əhəmiyyət kəsb edir.

Çoxşaxəli və qarşılıqlı əməkdaşlıq ünvanı:
Azərbaycan diplomatiyası

Sivilizasiyalararası dialoq mərkəzi kimi tanınan Azərbaycanın özünü doğruldan, dəstəklənən xarici siyasəti beynəlxalq hadisələrə təsir imkanları baxımından da əhəmiyyətlidir. Ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq tədbirlərdə müzakirə olunan bəşəri əhəmiyyətli  məsələlər, humanitar forumlar, dialoqlar dövlət başçımızın xarici ölkələrə rəsmi və işgüzar səfərləri diplomatiyamızın uğuru adlandırmaq olar.

Təkcə ötən ilin göstəriciləri sübut edir ki, regionda, dünyada sülhün_ əmin-amanlığın tərəfdarı olan Azərbaycan təmsil olunduğu bütün tədbirlərdə beynəlxalq hüququn qorunması üçün maraqlı təklifləri ilə diqqəti cəlb edir. 2017-ci ildə 14 ölkəyə reallaşan 21 səfəri çərçivəsində15 ölkənin, tanınmış beynəlxalq təşkilatların rəhbərləri ilə görüş keçirən Prezident İlham Əliyev məntiqli, qarşılıqlı etimada hesablanan çıxışları ilə siyasi iradə və qətiyyətini,  müasir dünyamızın çağırışlarına hazır olduğunu, qarşılıqlı etimada əsaslanan iki və çoxtərəfəli əməkdaşlığa üstünlük verdiyini nümayiş etdirmişdir. Ötən ay Dünya Davos İqtisadi Forumunda keçirdiyi görüşləri ilə enerji və nəqliyyat mərkəzi kimi tanınan Azərbaycana marağı artıran dövlət başçımız siyasi hazırlığı, yüksək intellekti ilə də diqqəti cəlb etmişdir. İslam Əməkdaşlıq Təşkilatının və Avropa Şurasının üzvü kimi Şərqlə Qərb dəyərlərinin milli maraqlarımız baxımından tətbiq olunduğu ölkəmizdə  “Multikulturalizm İli”nin, “İslam Həmrəyliyi İli”nin elan edilməsi, 2009-cu ildə Bakının “İslam Mədəniyyətinin Paytaxtı” elan olunması, cari ildə bu etimadın Şərq dünyasının ən qədim məskənlərindən sayılan  Naxçıvana nəsib olması da beynəlxalq aləmdə möhkəmlənən nüfuzumuzun ifadəsidir. 2008-ci ildən etibarən maraqla davam etdirilən “Bakı prosesi” də Şərq və Avropa dövlətlərinin eyni ortamda əməkdaşlığının təzahürüdür.

Müdafiə qüdrətimiz: Aprel döyüşləri, Lələtəpə,
Cocuq Mərcanlı, beynəlxalq müdafiə sərgiləri...

Hər bir ölkədə inkişaf proseslərinin davamlılığını təmin edən başlıca amillərdən biri də qarşıda duran hədəflərin düzgün müəyyənləşdirilməsidir

Fərəhləndirici haldır ki, aparılan islahatlar ordu quruculuğunda da uğurla davam etdirilir. Beynəlxalq hərbi ekspertlərin də etiraf etdikləri kimi, Azərbaycanın Silahlı Qüvvələri regionda ən güclü ordular sırasındadır.

Ermənistanla təmas xəttində üstünlüyü əldə edən və düşmənə sarsıdıcı zərbələr vuran Azərbaycan Ordusunun təminatını daha da gücləndirmək məqsədilə yaradılan Müdafiə Sənayesi Nazirliyinin (MSN) müəssisələrində silah, sursat və hərbi vasitələrin istehsalının genişləndirilməsi və keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Aprel döyüşləri zamanı düşmənin canlı qüvvəsinin və döyüş texnikalarının məhv edilməsində MSN-in müəssisələrində istehsal olunan silah və sursatlardan istifadə, müdafiə təyinatlı məmulatların həcminin artması, “Tufan”, “İldırım” və “Qasırğa” milli zirehli maşınların, “İstiqlal”, xüsusi təyinatlı “Yalquzaq”, “Mizrak” raket sisteminin tətbiqi bu gün də düşməni təşvişdə saxlayır.

Beynəlxalq müdafiə sərgilərində iştirak edən ekspertlərin yerli istehsalımız olan hərbi avadanlıqlara marağı Azərbaycanın müdafiə qüdrətinin də təsdqidir. Hazırda Azərbaycan 10-dan çox ölkəyə ölkəmizdə istehsal olunan müdafiə təyinatlı məmulatlar ixrac edir. Aprel döyüşlərində Ermənistanın silahlı qüvvələrinə ağır zərbə vuran, Lələtəpədə bayrağımızı dalğalandıran, Cocuq Mərcanlını işğaldan azad edən Azərbaycan əsgər və zabitləri NATO-qüvvələrinin sülhyaratma missiyasının tərkibində də Azərbaycanı layiqincə təmsil edirlər.

 Azərbaycan 2014 və 2016-cı illərdə “ADEX” adı altında beynəlxalq müdafiə sərgilərinə ev sahibliyi etdi. Dünyanın 44 ölkəsindən 250-yə yaxın şirkət və rəsmi nümayəndə heyəti iştirak etdiyi “ADEX-2016” sərgisində 260 adda “Made in Azerbaijan” məmulatı nümayiş etdirildi

Birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları,
Formula-1 olimpiadalar, beynəlxalq yarışlar ... Birlik, qardaşlıq bayramları

Azərbaycanın idman tarixinə zəfər, dostluq, qardaşlıq bayramı kimi yazılan Birinci Avropa Oyunları, IV İslam Həmrəyli Oyunları, Formula-1 son illərdə  Azərbaycana şöhrət gətirən beynəlxalq idman bayramlarından bir neçəsidir.

Uğurlu göstəricilərinə görə dünya iqtisadiyyatının aparıcı dövlətlərindən olan Azərbaycanı  idman ölkəsi kimi tanıdan Birinci Avropa Oyunlarında respublikamızın idmançıları 56, Rio Yay Olimpiya Oyunlarında 18 medal qazanaraq medalların sayına görə müsəlman ölkələri sırasında birinci yeri qazanması ölkəmizin iqtisadi potensialını , insan resurslarının zənginliyini , gənclərimizin istedad və bacarığının məntiqi nəticəsidir. 54 müsəlman ölkəsinin təmsil olunduğu İslam Həmrəyliyi Oyunlarında idmançılarımızın 75 qızıl, 50 gümüş, 37 bürünc medal qazanması çəkilən zəhmətin, fədakarlığın bəhrəsi kimi hamını heyran etdi. Dəfələrlə yüksəklikdə dalğalanan bayrağımız Azərbaycanın varlığını göstərməklə müstəqilliyimizin əbədilik rəmzi kimi də hər bir azərbaycanlını qürurlandırdı. Bakıda və regionlarda keçirilən idman yarışları, olimpiadalar, muğam, mahnı festivalları dünyanın diqqətini Odlar diyarına çevirir. Cənnətməkan ölkəmizlə tanışlığa can atanların hesabına gəlir mənbəyi olan turizmin inkişafı genişlənir.

Təbii ki, qısa xülasə olan bir yazıda Prezident İlham Əliyevin siyasi iradəsinin, qətiyyətinin, dövlətçilik təcrübəsinin bəhrəsi olan uğurları tam əhatə etmək mümkün deyil. Bu inkişafa ən dəyərli qiymət Azərbaycanın dünyada möhkəmlənən reytinqi, ölkəmizə artan maraq, enerji və nəqliyyat layihələrində iştirak etmək istəyənlərin artan sayı...  siyasi, iqtisadi müstəqilliyimizin sayəsində mümkün olmuşdur. Uğurlarımızın müəllifi isə “Eyni zamanda, bizim əsas strateji məqsədimiz, hədəfimiz ölkəmizi daha da gücləndirməkdir, Azərbaycan dövlətinin qüdrətini artırmaqdır, müstəqilliyimizi möhkəmləndirməkdir” söyləyən, dünya siyasətçiləri arasında liderliyini qoruyan Prezident İlham Əliyevdir.

Xuraman İsmayılqızı, “İki sahil”