26 mart 2018 14:51
5619

Xalq-iqtidar birliyi ölkəmizin uğurlu inkişafını müəyyən edir

Dövlətimizin başçısı cənab İlham Əliyevin qeyd etdiyi kimi, xalqın iradəsi, dövlətin qətiyyəti, davamlı islahatlar Azərbaycana möhtəşəm uğurlar qazandırıb, dünya miqyasında tanıdıb

“Həyat və yaxın tarixin mənzərəsi göstərir ki, sabitlik əsas amildir və sabitlik necə təmin edilməlidir? Ancaq düzgün siyasətlə. O siyasət ki, onun mərkəzində xalq dayanır, ölkə vətəndaşı dayanır. Biz məhz bu siyasəti aparırıq. Mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun problemləri, onun qayğıları, onun rifahı dayanır. Xalq-iqtidar birliyi Azərbaycanda sabitliyi şərtləndirən əsas amildir, bu gün var və gündən-günə güclənir. Bu gün Azərbaycan dünya miqyasında ən sabit ölkələrdən biridir və o ölkədir ki, xalq-iqtidar birliyi onun uğurlu inkişafını müəyyən edir. Çünki bizim siyasətimiz ictimaiyyət tərəfindən dəstəklənir və ictimaiyyət də görür ki, bizim siyasətimiz real, konkret nəticələrə gətirib çıxarır.” Dövlətimizin başçısı İlham Əliyevin çıxışlarında əsas diqqət göstərdiyi məsələ bütün uğurlara yol açan sabitlik amilidir. Son 14 ildən artıq dövr ərzində  ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən cənab İlham Əliyev həyata keçirdiyi siyasətin önündə sabitliyin, təhlükəsizliyin qorunmasını saxlayaraq bildirir ki, sabitlik olmadan heç bir ölkə inkişaf edə bilməz. Bir məqamı da nəzərə alsaq ki, demokratiya sabitliyin və qanunun aliliyinin təmin olduğu şəraitdə inkişaf edir, bu halda Azərbaycanın uğurları təqdirəlayiqdir. Sabitliyin təminatında, ölkədə mövcud ab-havanın yüksək səviyyədə olmasında  isə əsas faktor xalq-iqtidar birliyi, həmrəyliyidir.

Bu fikir beynəlxalq səviyyədə də qeyd edilir ki, xalqın Prezidentinə inamının böyük olduğu ölkədə narazılıqlardan bəhs etmək qeyri-mümkündür. Həyata keçirilən təkmil islahatların uğurlu nəticələrini gündəlik həyatlarında hiss edən xalqımız irəli sürülən təşəbbüsləri dəstəkləməklə  Azərbaycanın hərtərəfli inkişafına öz töhfələrini verirlər.  Cənab İlham Əliyev 2003-cü ildə Prezident kimi fəaliyyətə başladığı ilk gündən bəyan etmişdir ki, iqtisadi inkişaf əsasdır: “Çünki hər şey iqtisadiyyat üzərində qurulub. Azərbaycanın iqtisadiyyatı möhkəm olarsa, bütün məsələləri həll etmək imkanımız olacaqdır. Artıq bu istiqamətdə  çox böyük işlər görülübdür... Vəzifəmiz bundan ibarətdir ki, bu ənənələri inkişaf etdirək.” Dövlətimizin başçısı eyni zamanda bildirmişdir ki, sosial-iqtisadi göstəricilər təkcə rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmalıdır. Yəni insan amili dövlət siyasətinin əsasıdır. Daim özünə diqqət və qayğının şahidi olan xalqımız həyata keçirilən siyasətə dəstəklərini cənab İlham Əliyevin ətrafında sıx birləşməklə təsdiqləyirlər.  Azərbaycanın regionda sabitləşdirici faktor kimi tanınması və nüfuz qazanmasında da  xalq-iqtidar birliyinin rolu böyükdür.

Siyasi və iqtisadi islahatların paralel şəkildə aparılması davamlı uğurlara yol açır. Bu gün Azərbaycanın demokratiya təcrübəsi digər ölkələrə nümunə göstərilir. Demokratikləşmə prosesinin sürətləndirilməsinin ölkənin hərtərəfli inkişafında  əsas olduğunu önə çəkən dövlətimizin insan hüquq və azadlıqlarının qorunması, mətbuat azadlığının təmin edilməsi, seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi, vətəndaşların sərbəst toplaşmaq azadlıqlarının,  siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının normal fəaliyyətlərinin təminatı istiqamətində  atdığı addımların nəticələri göz önündədir. Milli Konstitusiyamızın qəbulundan ötən 22 ildən artıq dövr ərzində sənədə 3 dəfə əlavə və dəyişikliklərin edilməsi ilə bağlı referendumun keçirilməsi, əfv fərmanlarının imzalanması, Amnistiya aktlarının qəbulu,  Seçki Məcəlləsinin təkmilləşdirilməsi istiqamətində atılan addımlar, mətbuat azadlığının təminatına, eyni zamanda, jurnalist məsuliyyətinin və peşəkarlığının artırılmasına yönələn davamlı tədbirlər, həmçinin “Siyasi partiyalar haqqında” yeni qanunun qəbulu, vətəndaş cəmiyyəti quruculuğu prosesində qeyri-hökumət təşkilatlarının rolunun artırılması üçün 30 faizdən artıq maliyyəsini xaricdən alan ictimai birliklərin seçkiləri izləmələrinə qoyulan qadağanın aradan qaldırılması və s. kimi önəmli tədbirlər  bir daha bu reallığı təsdiqləyir ki, Azərbaycanın demokratiya təcrübəsi nümunədir,  öyrənilməsi  vacibdir. Ən əsası seçkilərdə mütərəqqi təcrübələrin tətbiqi beynəlxalq səviyyədə təqdir olunan addımlar sırasındadır.

Məhz ölkəmizin demokratik dəyərlərə verdiyi önəmi sözdə deyil əməldə təsdiq etməsinin nəticəsidir ki, Azərbaycan 2001-ci ildə Avropa Şurasına tamhüquqlu üzv qəbul olundu və ötən dövr ərzində qurum qarşısında götürdüyü öhdəlikləri yüksək səviyyədə yerinə yetirməsi qəbul etdiyi “Azərbaycanda demokratik təsisatların inkişafına dair” qətnamədə öz əksini tapıb.  Ölkə Prezidenti  çıxışlarında bu məqamı  bəyan edir ki,  Azərbaycanın atdığı addımlar hansısa təşkilata, dövlətə xoş gəlmək deyil, uğurlu gələcəyimiz üçündür. Bu fikir də qeyd olunur ki,  demokratik inkişaf baxımından ən öndə gedən ölkələrin təcrübəsinə diqqət yönəltsək görərik ki, onların əksəriyyətində  iqtisadi inkişaf çox yüksək səviyyədədir,  dünyada  inkişaf etmiş ölkələr kimi tanınırlar. Bizim də məqsədimiz ondan ibarətdir ki, Azərbaycan inkişaf etmiş ölkələr sırasına daxil olsun.  Bunun üçün bütün imkanlar mövcuddur: şəffaf siyasət, siyasi islahatlar, iqtisadi güc, təbii ehtiyatlar, əlverişli coğrafi məkan. 2011-ci ildə ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə  qəbul edilən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası   bu istəyin reallaşdırılmasının fundamental  mexanizmi kimi dəyərləndirilir. Konsepsiyanın hazırlanması zamanı dünya təcrübəsinin  araşdırılması, bu işə xarici mütəxəssislərin cəlb olunması, dövlət və ictimai təşkilatlarla geniş müzakirələr aparılması bir daha bu reallığı təsdiqlədi  ki, Azərbaycan dövləti  islahatları dövrün tələbinə uyğun yeniləşdirməklə yanaşı, qabaqcıl ölkələrin təcrübəsindən bəhrələnməkdə maraqlıdır və bunu əməli işdə sübut edir. 

Azərbaycan beynəlxalq təşkilatlara üzv qəbul olunmaqla, eyni zamanda, həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün  tribunanı əldə edir. Bilavasitə demokratik dəyərlərin inkişafı ilə məşğul olan AŞPA-nın hər  sessiyasında Azərbaycanda həyata keçirilən demokratik islahatların yüksək dəyərləndirilməsi də bu təbliğatın real faktlara əsaslanmasından irəli gəlir. Qurumun Azərbaycan üzrə həmməruzəçiləri mütəmadi olaraq ölkəmizdə olur, aparılan islahatlarla yaxından tanış olaraq, hazırladıqları hesabatlarında reallıqların əksini tapmasına çalışırlar. Amma bir məqamı da etiraf edək ki, qurumun özündə birləşdirdiyi  47 ölkənin hər birinin   Azərbaycana münasibəti eyni ola bilməz. Bu fakt inkaredilməzdir ki, ölkəmizin sürətli demokratik, iqtisadi inkişafını qısqanclıqla qarşılayan xarici  qüvvələr var. Onlar hər vəchlə inkişafa  kölgə salmaq üçün qeyri-ciddi fikirlər səsləndirir, ətrafında geniş müzakirələr aparırlar. Əsas odur ki, belə əsassız, məqsədli kampaniyaları reallıqlarımızla  cavablandırırıq. Azərbaycan demokratiya yolunda inamla irəliləyir, demokratiya strateji kursumuzun əsasını təşkil edir, heç bir qüvvə ölkəmizi bu yoldan döndərə bilməz. 2013-cü ilin  yanvarında Avropa Şurasının qış sessiyasında “siyasi məhbus”larla bağlı  hesabatın gündəmə gətirilməsi də antiazərbaycan  qüvvələrin çirkin niyyətlərinə işıq saldı. Amma ölkəmizin xeyrinə atılan addım bir daha yalanın, qərəzin  həqiqət üzərində qələbəsinin mümkünsüzlüyünü ortaya qoydu. Dövlətimizin  başçısı İlham Əliyev çıxışlarında Azərbaycana qarşı qərəzli kampaniyanın aparılmasından bəhs edərkən bu məqamı xüsusi qeyd etmişdir:  “2013-cü ilin əvvəlində Avropa Şurası Parlament Assambleyasında da əlamətdar hadisə baş vermişdir.  Yanvar ayında sessiyada Azərbaycana qarşı  əsassız, qərəzli, ikili standartlar əsasında təşkil edilmiş hücum fiaskoya uğramışdır. Assambleyada  böyük əksəriyyət antiazərbaycan kampaniyasına qoşulmamışdır, bu, kampaniyanın təşəbbüskarlarını, o cümlədən pərdəarxası təşəbbüskarlarını məyus etmişdir və Azərbaycanın haqlı mövqeyini müdafiə etmişdir. Siyasi amillərlə şərtlənən qətnamənin layihəsi keçmədi, Azərbaycanın mövqeyi üstünlük təşkil etdi. Beləliklə, Azərbaycan beynəlxalq arenada növbəti qələbə qazanmışdır.” Ölkə Prezidenti bu mühüm hadisəni  ədalətin təntənəsi kimi dəyərləndirərək qeyd etmişdir ki,  haqq-ədalət həmişə zəfər çalmalıdır: “Azərbaycan öz prinsipial, ədalətli mövqeyini nümayiş etdirdi və Assambleyanın qərarı antiazərbaycan qüvvələrinə vurulan ən böyük zərbələrdən biridir.  Hesab edirəm ki, bundan sonra onlar və onların arxasında dayanan antiazərbaycan qruplaşmalar özləri üçün nəticə çıxaracaqlar.”

Göründüyü kimi, reallığı inkar etmək qeyri-mümkündür.  Ölkəmizdəki   sabitlik, davamlı inkişaf və vətəndaş cəmiyyətinin formalaşması  ilə xarakterizə edilən iqtisadi tərəqqi Azərbaycanda demokratik təsisatların  inkişafı üçün etibarlı zəmin yaradır. Yuxarda qeyd etdiyimiz kimi, ölkəmizdə ən mütərəqqi prinsiplərə, beynəlxalq təcrübəyə, demokratiyanın tələblərinə əsaslanan institut yaranıb. Seçki sistemi təkmilləşdirilir. Məlumdur ki,  2003-cü ilin mayında  Seçki Məcəlləsi  Azərbaycan hökuməti ilə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, Avropa Şurası Venesiya Komissiyasının birgə rəyi əsasında qəbul olunub.  Sonrakı dövrlərdə də dövlətimiz beynəlxalq əməkdaşlıq sayəsində bu sənədə əlavə və dəyişikliklər edərək, dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənilməsində maraqlı olduğunu sübut edib.  Eyni zamanda  Avropa Şurası Venesiya Komissiyası ilə birgə əməkdaşlıq  nəticəsində “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna əlavə və dəyişikliklər edilib, “Siyasi partiyalar haqqında” yeni qanun bu birlik, əməkdaşlıq sayəsində  qəbul olunub.  2016-cı ildə ölkəmizdə keçirilən ümumxalq səsverməsinə çıxarılan əlavə və dəyişikliklər bir daha  Azərbaycan dövlətinin təkmilləşmədə, yeniləşmədə nə qədər maraqlı olduğunu, ən əsası demokratik prinsipləri inkişafın əsası kimi dəyərləndirdiyini  nümayiş etdirdi.  Ümumxalq səsverməsinə çıxarılan  əlavə və dəyişikliklərin  böyük əksəriyyəti insan hüquq və azadlıqlarının qorunmasına, digər qismi isə idarəetmə sistemində təkmilləşməyə  xidmət edir. Bu da onu təsdiqləyir ki, insan amili dövlət siyasətinin əsasında dayanır. Konstitusiyamızda əksini tapan maddələrin üçdə iki hissəsi insan hüquq və azadlıqlarının qorunmasına yönəlib. O da məlumdur ki, 2009-cu ildə Konstitusiyaya  edilən əlavə və dəyişikliklər sırasında “Dövlətin ali məqsədi” maddəsinə edilən əlavə bir daha vətəndaş amilinə dəyəri nümayiş etdirmişdir. Həmin əlavəyə əsasən dövlətin ali məqsədi insan hüquq və azadlıqlarının qorunması ilə yanaşı, onların layiqli həyat səviyyəsini təmin etməkdir.

Dövlətimizin hərtərəfli inkişafa xidmət edən islahatları zamanın, dövrün tələblərinə uyğun olaraq təkmilləşdirməsi, hər bir yeniliyin  ayrı-ayrı sahələrin inkişafına yönələn qanunlarda öz əksini tapması Azərbaycanın  ən islahatçı ölkə kimi beynəlxalq maliyyə qurumlarının hesabatlarında yer almasını şərtləndirir. Bu uğurumuza bir əlavə də var ki, Azərbaycan dünyanın 10 xoşbəxt ölkəsi sırasındadır. Təbii ki, bu xoşbəxtliyi ölkəmizə, xalqımıza qazandıran ulu öndər Heydər Əliyevin əsasını qoyduğu düşünülmüş və məqsədyönlü siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidir. Cənab İlham Əliyev ənənəvi keçirilən Davos İqtisadi Forumunun 48-ci iclasında bildirmişdir ki,  Azərbaycan iqtisadiyyatı rəqabətlilik qabiliyyətinə görə Dünya İqtisadi Forumu tərəfindən 35-ci yerə layiq görülürsə, bu, ölkədə azadlıqların təmin olunmasının yaxşı göstəricisidir: “Davos Forumu bu yaxınlarda siyasətçilərə inamla bağlı yeni bir hesabat yaymışdır və Azərbaycan orada 20-ci yerdədir. İnkişaf etməkdə olan dövlətlərdə hərtərəfli inkişafa dair digər bir hesabatda Azərbaycan 3-cü yerdədir. Yəni, bəzi QHT-lərin təqdim etməyə çalışdıqları məlumatlar doğru olsaydı, biz bu uğurlara nail ola bilməzdik. Biz məsələnin mahiyyətinə və real vəziyyətə baxmalı, Azərbaycanla bağlı müəyyən gözləntiləri və siyasi motivləri reallıqdan ayrı tutmalıyıq.”

Göründüyü kimi, 14 illik zaman Azərbaycanın inkişaf tarixinə hər sahədə önəmli səhifələr yazıb. Bu səhifələrin şərtləndirən əsas amillər təbii ki, xalqın iradəsi, dövlətin qətiyyəti, zamanın tələblərinə uyğun olaraq təkmilləşən islahatlar, ən əsası insan amilinə verilən dəyərdir. “Hakimiyyətin əsas mənbəyi xalqdır” söyləyən cənab İlham Əliyev bildirir ki, irəli sürülən təşəbbüslərin xalq tərəfindən dəstəklənməsi atılan addımların davamlılığı üçün stimuldur. Bu məqam da  vurğulanır  ki, nə zaman xalq görülən işlərdən razı qalarsa, onda mən də razı olaram.

Xalq 2003-cü ildən ötən 14 ildən artıq dövr ərzində bu razılığını ölkədə keçirilən seçki proseslərində ifadə edib. 2008 və 2013-cü il prezident seçkiləri bu dəstəyin bariz nümunəsidir. 2013-2018-ci illərin uğurları isə 11 aprel prezident seçkilərinin uğurla, cənab İlham Əliyevin qələbəsi ilə başa çatacağına böyük əminlik yaradır. Azərbaycan bu seçkilərlə, eyni zamanda, demokratik inkişafına yeni səhifə əlavə edəcək. Demokratik dəyərlərə sadiqliyini uğurlu addımları ilə təsdiqləyən Azərbaycanda  dövlətimizin başçısı İlham Əliyev Yeni Azərbaycan Partiyasının VI qurultayında bildirdiyi kimi,  bütün azadlıqlar təmin edilir və edilməlidir. Bu bizim siyasətimizdir: “Gələcək illərdə də demokratik inkişafla bağlı yeni addımlar atılacaqdır, siyasi islahatlar davam etdiriləcəkdir. Son illər ərzində bu istiqamətdə gözəl nəticələr əldə edilib və bu, daimi prosesdir. Biz çalışmalıyıq ki, dünyanın demokratik baxımdan ən inkişaf etmiş ölkələrinin standartlarına yaxınlaşaq və bunu edəcəyik. Bu gün də vəziyyət çox yaxşıdır, müsbətdir. Bütün azadlıqlar - söz, mətbuat, sərbəst toplaşma azadlığı tam təmin edilir və ediləcəkdir. Bu bizim prinsipial siyasətimizdir. Mən tam əminəm ki, əgər biz Azərbaycanı inkişaf etmiş ölkəyə çevirmək istəyiriksə, - biz bunu istəyirik, - mütləq siyasi və iqtisadi islahatlar paralel xətlə davam etdirilməlidir.”

Yeganə Əliyeva, “İki sahil”