15 noyabr 2023 22:57
236

Şəhidini və qazisini yüksək tutan dövlətin bayrağı enməz

Azərbaycanda bu kateqoriyadan olan insanlara ən yüksək qayğı mövcuddur

Milli Məclisin plenar iclaslarında 2024-cü ilin Dövlət büdcəsinə dair müzakirələrdə iştirak edən maliyyə naziri Samir Şərifov bildirib ki, yeni dövlət büdcəsində sosial xərclər 2023-cü ildəkindən xeyli çox olacaq. Milli Məclisin sədri Sahibə Qafarova isə bununla bağlı konkret rəqəmlər səsləndirib: «Dövlət büdcəsinin layihəsi müasir dövrün çağırışları nəzərə alınmaqla tərtib edilib. Büdcənin sosialyönümlü olmasına xüsusi diqqət yetirilib. Belə ki, gələn il sosialyönümlü xərclərin cari ilə nisbətən 1 milyard 35 milyon manat və ya 7 faiz çox olması nəzərdə tutulur. Dövlət büdcəsinin digər prioritetləri sırasında təhsil, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri, müdafiə potensialının gücləndirilməsi və Silahlı Qüvvələrin maddi-texniki təminatı da vardır.»

Yeni büdcədə xüsusilə ölkənin həssas qruplarına aid olan şəhid ailələrinə və qazilərə dövlət dəstəyi, eyni zamanda onlara ayrılmış pensiya və təqaüdlərin artırılması nəzərdə tutulur. Təbii ki, belə artımlar hər il Prezident İlham Əliyevin təəşəbbüs və göstərişlərinə əsasən reallaşır. Bu isə bir daha göstərir ki, ölkə başçısının sosial siyasətində ən önəmli istiqamətlərdən biri də şəhid ailələrinin və müharibə əlillərinin rifah halını yüksəltmək, onların sosial problemlərinin həllinə nail olmaqdır. Xüsusilə, onların mənzil-məişət şəraitləri hər il davamlı olaraq yaxşılaşdırılır. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu ilin əvvəlindən 250, postmüharibə dövründə 3700, ümumilikdə isə indiyədək 13000-dən çox şəhid ailəsi və müharibə əlili mənzil və ya fərdi evlə təmin edilib. Ötən müddətdə 7400 müharibə əlilinə avtomobil verilib. Vətən müharibəsindən sonra avtomobillə təmin edilən əlillərin sayı isə 164 olub. Bunların davamı olaraq Prezident İlham Əliyevin 2021-ci il 25 yanvar tarixli Sərəncamına uyğun olaraq bu kateqoriyadan olan insanlara 2021-2025-ci illərdə daha 11 min mənzil və ya fərdi evin verilməsi nəzərdə tutulub.

Digər önəmli fakt isə odur ki, bu gün Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə, veteranlarına Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən də yüksək diqqət və qayğı göstərilir. Məhz müharibədə yaralanan qazilərimiz Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunurlar. Şəhid ailə üzvlərinə dövlət tərəfindən müəyyənləşdirilmiş pensiya və müavinətlər vaxtlı-vaxtında ödənilir. Həmçinin həlak olmuş hərbi qulluqçuların ailələrinə 11 min manat birdəfəlik sığorta ödənişinin verilməsi, yas mərasiminin təşkili üçün həlak olmuş şəxsin valideynlərinə 3000 manat məbləğində maliyyə yardımının ödənilməsi, aylıq olaraq şəhid ailəsinə 500 manat Prezident təqaüdünün verilməsi, şəhid uşaqlarının təhsil haqqını ödəməkdən azad olunması kimi humanist tədbirlərin həyata keçirilməsi şəhid ailələrinə dövlət qayğısının bariz nümunəsidir.

Bundan başqa, Azərbaycan dövləti tərəfindən Birinci Qarabağ müharibəsi əlillərinə də yüksək səviyyədə diqqət və qayğı göstərilməkdədir. Belə ki, Prezident İlham Əliyevin 23 dekabr 2021-ci il tarixli Fərmanına əsasən, 1991-1997-ci illərdə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar hərbi xidmətdə olarkən xəsarət alması nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərə veriləcək birdəfəlik ödəmə I dərəcə əlilliyə görə 8800 manat, II dərəcə əlilliyə görə 6600 manat, III dərəcə əlilliyə görə 4400 manat təşkil edib. Artıq icrası başa çatmış bu yeni sosial dəstək proqramı müharibə əlillərinin sosial müdafiəsinə daha bir qayğının ifadəsidir.

Eyni zamanda, 2023-cü ildən etibarən müharibə əlillərinin təqüdləri 15 faiz artırılmışdır. Belə ki, hazırda birinci qrup müharibə əlilləri 400 manat, ikinci qrup müharibə əlilləri 350 manat, üçüncü qrup müharibə əlilləri isə 300 manat məbləğində təqaüd alırlar. Bundan başqa, birinci dərəcə əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edənlərə isə 80 manat məbləğində Prezident təqaüdü ödənilir. Əlilliyi müəyyən edilmiş şəxslər ölkə hüdudları daxilində pulsuz sanatoriya-kurort müalicəsi ilə təmin edilirlər. Həmçinin şəhid ailələrinin üzvləri və müharibə veteranlarının aktiv məşğulluq tədbirləri çərçivəsində son iki ildə 50 minədək insan işlə təmin olunub, 8 min nəfərdən çox özünüməşğulluq proqramına, 56 mindən çox insan isə ictimai işlərə cəlb edilib. Postmüharibə dövründə 24 min şəxsə 33 min xidmət göstərilib.

Prezident İlham Əliyevin 2020-ci ilin dekabrın 8-də imzaladığı Fərmanla yaradılan «YAŞAT» Fondu da müharibə əlillərinə və şəhid ailələrinə önəmli maliyyə dəstəyi göstərir. Fondun vəsaiti Azərbaycan Respublikası vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar (ianələr), habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır. Eyni zamanda, 2023-cü ilin aprelin 19-da dövlət başçısı Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan «YAŞAT» fonduna 5 milyon manat ayırdı. Bu isə şəhid ailələrinin və qazilərin sosial- məişət problemlərinin həllini sürətləndirmək üçün əlavə maliyyə mənbəyidir.

Bu da bir gerçəklikdir ki, Azərbaycan dövlətinin şəhid ailələrinə və müharibə əlillərinə göstərdiyi yüksək diqqət və qayğı bir çox ölkələrdə nümunə göstərilir. Məhz bu amili diqqətə çatdıran Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda bu sahədə görülmüş işlər nümunəvi xarakter daşıyır: «Mən ölkəmizi hansısa bir başqa ölkə ilə müqayisə etmək istəmirəm. Ancaq həyat və gördüyümüz işlər onu göstərir ki, bu sahədə Azərbaycanda aparılan siyasət ən humanist siyasətdir, ən ədalətli siyasətdir və vicdanlı siyasətdir. Çünki Vətən uğrunda öz canlarını fəda etmiş qəhrəman övladlarımızın ailə üzvləri dövlət tərəfindən qayğı ilə əhatə olunmalıdır və biz bunu bu gün əyani şəkildə görürük. Öz sağlamlığını itirmiş, yaralanmış qazilər bütün dövlət orqanları tərəfindən daim qayğı ilə əhatə olunmalıdır və biz bunu təmin edirik».

Bir sözlə, şəhidlərə və qazilərə verilən dəyər dövlətin və millətin ləyaqət simvoludur. Eyni zamanda, bu, bir həyat fəlsəfəsidir ki, şəhidini və qazisini yüksək tutan millət və dövlət yenilməz. Bu mənada, biz bir dövlət və millət olaraq bundan sonra da bir çox qələbələrimizlə tarix yazmağa davam edəcəyik.

Elçin Zaman, «İki sahil»