14 noyabr 2023 01:36
281

Ermənistan azərbaycanlıların geriqayıtma hüququnu inkar edir

Dövlət başçısı İlham Əliyev bildirir ki, Azərbaycan hazırda birgəyaşayış,  geriqayıtma hüququ ilə əlaqədar aydın və şəffaf proqramı təqdim edib

Tarixi Zəfərimizin üçüncü ili arxada qaldı. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu il xalqımıza Zəfər təbrikini  Xankəndində keçirilən hərbi paraddan çatdırdı.  Zəfər dolu günləri ilə tarixini zənginləşdirən qalib Azərbaycan qalibiyyət rəmzi olan üçrəngli bayrağını bu torpaqda dalğlandırdığı  üçün qürurludur. Cənab İlham Əliyev  qeyd etdi ki, həm mənim, həm sizin, həm Azərbaycan xalqı, həm də bütün dünya azərbaycanlıları üçün bundan böyük xoşbəxtlik ola bilməz.

Bu məqama da xüsusi diqqət yönəldildi ki, dörd il bundan əvvəl Xankəndi şəhər stadionunda Ermənistanın baş naziri çıxış edərkən təkəbbürlə demişdi: “Qarabağ Ermənistandır və nöqtə”. Biz ona, onun kimilərinə və onların arxasında duranlara döyüş meydanında qan tökərək, şəhidlər verərək göstərdik ki, o, səhv yolda idi: «Biz göstərdik ki, Qarabağ Azərbaycandır, döyüşərək, vuruşaraq, heç nəyə baxmayaraq və bu gün hər kəs bilməlidir ki, bizimlə bundan sonra heç kim zarafat etməsin. Ermənistan rəhbərliyi əgər revanşist fikirlərlə yaşayırsa, Ermənistanın arxasında dayanan manipulyasiyaya öyrəşmiş ölkələr əgər yenə də Azərbaycan üçün hansısa məkrli plan qurursa, o, bugünkü parada bir nəzər yetirsin… XXI əsrdə heç bir ordu bizim qədər peşəkarlıq, fədakarlıq göstərməmişdir. Heç bir xalq öz doğma torpağını bu qədər əziz tutub uğrunda ölümə getməyə hazır olmamışdır. Bunu biz hamımız yaxşı bilirik, bunu dünya da bilsin.»

Azərbaycan Zəfəri ilə tarixi ədaləti bərpa etdi.  Bu reallıq daim önə çəkilir ki, keçmişini unutmayan, bu günü ilə qürur duyan və gələcəyə böyük inamla addımlayan xalq tarixin bütün sınaqlarından şərəflə çıxır. Azərbaycan yenilməzliyi, məğrurluğu, tarixinə sahib çıxan xalq olaraq daim dünyanın diqqətindədir. Bu gün qalib Azərbaycanın uğurlarından danışırıq.  Təbii ki, bu uğurlar düşünülmüş və gələcəyə hesablanmış siyasətin, böyük səylərin nəticəsidir. Azərbaycan 30 ildən sonra dünyanın diqqətini qalibiyyətinə, tarixi ədaləti bərpa edərək regionda və dünyada yeni reallıqlar yaratmasına yönəltdi. Dövlət başçısı İlham Əliyevin 2021-ci ildə   Vaqif  Poeziya Günlərinin açılış mərasimindəki çıxışında söylədiyi fikirləri yada salmaq istərdik: «İşğal dövründə bir çoxlarımız - həm keçmiş məcburi köçkünlər, həm bütün Azərbaycan xalqı, o cümlədən də mən dəfələrlə fikirləşirdik ki, dünyada ədalət yoxdur. Çünki ədalət olsaydı, biz bu vəziyyətə düşməzdik. Mən də o cümlədən belə fikirdə idim. Ancaq həyat göstərdi ki, ədalət var, sadəcə, dözümlü olmaq lazımdır, səbirli olmaq lazımdır, ədalətə inanmaq lazımdır və ədalətə nail olmaq üçün çalışmaq lazımdır, hədəfə doğru getmək lazımdır. Ədaləti bərpa etmək üçün fədakarlıq göstərmək lazımdır. Bu gün biz hamımız ürəyimizdə deyirik və açıq deyirik ki, bəli, ədalət var, ədalət bərpa edildi, biz bu gün Şuşadayıq və bundan sonra Şuşada əbədi yaşayacağıq.»

Azərbaycan 30 il dünyadan ədalət gözləməklə yanaşı, bütün sahələrdə inkişafa, tərəqqiyə nail oldu. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, Azərbaycanın sözü ilə imzası arasında heç bir fərq yoxdur. Regionda və dünyada yeni reallıqlar yaradan Azərbaycan bölgədə dayanıqlı sülhün təmin edilməsi məqsədilə Ermənistana sülh təklifini edir, yeni əməkdaşlıq formatlarının yaradılması üçün bu mühüm addıma böyük ehtiyacın olduğu bildirilir. Azərbaycan hər zaman olduğu kimi, bu gün də dünyaya sülh, dostluq, əməkdaşlıq çağırışını edir.

Möhtəşəm Qələbəmiz Heydər Əliyev yolunun Azərbaycana qazandırdığı uğurların məcmusu, gələcək hədəflərin təqdimatı oldu. 30 il  arzusunda olduğumuz hədəfimiz  reallığa çevrildi.

Münaqişənin həllinin  30 il uzanmasında dünya güclərinin  ikili standartlara əsaslanan  siyasəti az rol oynamadı.  Bir tərəfdən Ermənistana maddi və mənəvi dəstək göstərilir, silahlandırılır, işğalçı dövlət olduğu dilə gətirilmir, digər tərəfdən də  münaqişənin sülh yolu ilə həllinin mümkünlüyü barədə fikirlər söylənilirdi. Bu gedişlərin nəticəsi göz önündədir. Dövlət  başçısı İlham Əliyev Xankəndidə keçirilən hərbi paraddakı çıxışında da bu məqamı xüsusi vurğuladı. «O vaxt hələ sülh danışıqlarına müəyyən ümidlər var idi» deyən cənab İlham Əliyev bildirdi ki, ancaq illər keçdikcə bu ümidlər tükənirdi. Ermənistan öz xoşu ilə  torpaqlarımızdan çıxmaq istəmirdi. Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olmuş vasitəçilər faktiki olaraq vəziyyəti dondurmağa çalışırdılar. Hesab edirdilər ki, Azərbaycan xalqı bu vəziyyətlə barışacaq. Ancaq Azərbaycan xalqı heç vaxt bu vəziyyətlə barışmaq fikrində deyildi.

Dövlət başçısı İlham Əliyev ən yüksək tribunalardan bəyan etdi ki. Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Bir qarış torpağımız belə düşmənə verilməyəcək. Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və ola da bilməz. Müzəffər Ali Baş Komandan İlham Əliyevin bəyanatları sırasında bu mühüm çağırış da xüsusi yer tutdu ki, Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına icazə verməyəcəyik. Rəsmi Bakı sülh danışıqları səmərə verməyəcəyi  təqdirdə  münaqişənin həllində hərb variantının istisna edilmədiyini daim bəyan edib. Azərbaycanın tam haqqı var idi ki, torpaqlarını istənilən yolla azad etsin. Münaqişənin nizamlanması üçün möhkəm hüquqi bazanının mövcud olmasına baxmayaraq bu sənədlərin  kağız üzərində qalması daim çoxsaylı suallarına yaranmasına səbəb olmuşdur. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası ilə bağlı dövlət başçısı İlham Əliyev ən yüksək tribunalardan bəyan edirdi ki, nə üçün bəzi dövlətlər üçün bu qətnamələr 1-2 saat ərzində icra edilir, Azərbaycana gəldikdə isə 27 il gözlədik.

Təbii ki, bu, dünyanın aparıcı dövlətlərinin ikili standartlara  əsaslanan siyasətinin nəticələri idi. Postmünaqişə dövrünün reallıqları fonunda BMT-də islahatların zəruriliyi, eyni zamanda, Təhlükəsizlik Şurasının tərkibinin genişləndirilməsi məsələlərinin gündəmə gətirilməsi də səbəbsiz deyil. Dünyada sülhün və təhlükəsizliyin təminatında mühüm rol oynayan qurumun qəbul etdiyi qətnamə 27 il kağız üzərində qalır. Təəccüblü deyilmi? Maraqlar ədaləti və beynəlxalq hüququ üstələyirsə, bu halda həmin qurumlara qarşı etimad mühitinin mövcudluğundan danışmağa lüzum varmı?  44 günlük İkinci Qarabağ müharibəsində BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini təkbaşına icra edən Azərbaycan bir daha sübut etdi ki, ədalət və beynəlxalq hüquq deyilən məfhumlar var, sadəcə onların tətbiqi üçün vahid mexanizm olmalıdır.    

Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndi paradından bir daha bu reallığı çatdırdı ki, əgər Ermənistan rəhbərliyi və onun arxasında o vaxt və bu gün duran bəzi xarici qüvvələr mənim sözlərimə qulaq assaydılar, İkinci Qarabağ müharibəsinə ehtiyac qalmazdı: «Mən dəfələrlə deyirdim, Ermənistan rəhbərliyinə müraciət edərək deyirdim ki, əgər siz bizim torpağımızdan çıxmasanız, döyüş meydanında bizimlə üz-üzə gələcəksiniz və sizin arxanızda kim istəyirsə dursun, bu, bizi haqq yolumuzdan döndərə bilməz. 44 günlük Vətən müharibəsi bunu bir daha göstərdi.»

Müharibəyə görə məsuliyyət yalnız Ermənistanın  deyil, həmçinin onu beynəlxalq hüquqa riayət etməyə məcbur edə bilməyən və ya bunu etmək istəməyənlərin üzərinə düşür. Nəticədə Azərbaycan bu qətnamələri beynəlxalq hüququn normaları çərçivəsində özü həyata keçirdi. Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrini özü yerinə yetirdi. BMT-nin Nizamnaməsi əsas götürüldü. 51-ci maddə hər bir ölkənin özünümüdafiə hüququnu tanıyır.

Həmsədrlərin ermənilərin tərəfini saxlamaları, işğal faktına göz yummaları açıq-aydın nəzərə çarpırdı. Bununla da işğalçının cəzasız qalması bölgənin təhlükəsizliyinə böyük təhlükə yaradırdı. Nəticəsiz danışıqlar, vasitəçilərin əhəmiyyətsiz, ikili standartlara söykənən bəyanatları prosesin uzanmasına xidmət edirdi. Təbii ki, Azərbaycan da münaqişə ətrafında vəziyyətin sona qədər bu cür davam etməsi ilə razılaşmırdı və nəticə göz önündədir. Şübhəsiz ki, belə bir şəraitdə Azərbaycanın yeganə yolu qəti mövqe nümayiş etdirərək münaqişənin hərbi vasitə ilə həllinə üstünlük verməsi idi. Azərbaycan əks-hücüm əməliyyatlarına haqq-ədalət uğrunda qoşuldu, 30 il düşmən tapdağında qalan torpaqlarını azad etmək naminə müharibə apardı. Ən əsası öz torpaqlarında döyüşdü.

İkinci Qarabağ müharibəsi ölkə Prezi­denti, Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik baca­rığını, çətin, ağır şəraitdə düzgün qərar vermək istedadını bir daha bütün dünya­ya nümayiş etdirdi. Döyüş meydanında, siyasi müstəvidə, istənilən formatda gücümüzü, müstəqilliyimizi göstərdik. Dövlət başçısı İlham Əliyev 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanması ilə bağlı   xalqa müraciətində bildirmişdir ki,  gün gələcək müharibə dövrünün ictimaiyyətə çatdırıla biləcək bəzi məqamları yəqin ki, açıqlanacaq: «Ola bilsin ki, mən də hansısa məsələnin üstündən o pərdəni götürə bilərəm. Onda hər kəs görəcək ki, biz nə qədər böyük sınaqlardan çıxdıq, nə qədər böyük təzyiqlərə məruz qaldıq. Demək olar ki, gündəlik rejimdə, dayanın, dayanın, dayanın, dayanın. Amma biz qabağa getdik. Çünki mən xalqın dəstəyini hiss edirdim, xalqın inamını görürdüm. Məni heç nə dayandıra bilməzdi. Çünki mən bilirdim ki, biz haqlıyıq. Biz öz ərazi bütövlüyümüzü bərpa edirik, öz torpaqla­rımızı qaytarırıq.»

Prezident İlham Əliyev noyabrın 13-də ATƏT Parlament Assambleyasının prezidenti Pia Kaumanı qəbul edərkən də bu kimi məsələlərə  xüsusi diqqət göstərdi.  Görüşdə Cənubi Qafqaz regionunda vəziyyətlə və ATƏT Parlament Assambleyasının rolu ilə bağlı fikir mübadiləsi aparıldı.

Dövlətimizin başçısı qeyd etdi ki, Cənubi Qafqaz regionunda artıq yeni reallıqlar yaranıb. Regionda baş vermiş son hadisələr Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam etmiş işğalı və hərbi təcavüzü kontekstində nəzərdən keçirilməlidir. Bu işğal və təcavüzün nəticələrinə baxılmadan regionun gələcəyi ilə bağlı baxışların irəli sürülməsi düzgün yanaşma olmaz. Prezident İlham Əliyev bildirdi ki, Ermənistan Azərbaycan torpaqlarının işğalını əbədiləşdirməyə çalışırdı. İşğal dövründə həyata keçirilmiş vasitəçilik missiyaları tamamilə uğursuz olmuş, işğal və təcavüzün nəticələrini aradan qaldırmamışdır.  44 günlük Vətən müharibəsindən sonra imzalanmış 2020-ci il 10 noyabr Bəyanatından irəli gələn öhdəlikləri Ermənistan yerinə yetirmədi. Belə ki, Ermənistan nəinki Qarabağdakı silahlı qüvvələrini ərazidən çıxarmamışdı, hətta həmin ərazini hərbi texnikanın, silahlı qüvvələrinin şəxsi heyətinin və minaların daşınması üçün məqsədyönlü şəkildə istifadə edirdi. Həmçinin Ermənistan Şərqi Zəngəzurla Naxçıvan arasında əlaqənin yaradılması ilə bağlı öz öhdəliklərini yerinə yetirmədi. Artıq bu məsələlər keçmişdə qaldı. Hazırda regionun sülh gündəliyi üçün çox yaxşı imkanlar var.

Dövlətimizin başçısı vurğuladı ki, 44 günlük Vətən müharibəsindən sonra sülh müqaviləsi və onun əsasını təşkil edən prinsiplər təşəbbüsü ilə də məhz Azərbaycan çıxış edib. Azərbaycan Cənubi Qafqazda davamlı sülhün tərəfdarıdır və regional sülh gündəliyini, Ermənistanla münasibətlərin normallaşdırılmasını və sülh müqaviləsinin imzalanmasını dəstəkləyir. Azərbaycan hazırda birgəyaşayış və geriqayıtma hüququ ilə əlaqədar aydın və şəffaf proqramı təqdim etsə də, azərbaycanlıların Ermənistana geri qayıdışı ilə bağlı geriqayıtma hüququnu Ermənistan inkar edir və bununla əlaqədar olaraq hər hansı bir baxış ortaya qoymayıb.

Göründüyü kimi, dövlət başçısı İlham Əliyevin hər bir çıxışı, keçirdiyi görüşlər işğal və postmünaqişə dövrünün reallıqlarının, eyni zamanda, regionun gələcəyi ilə bağlı hədəflərin təqdimatıdır. Tarixi Zəfərimizdən dərhal sonra Azərbaycan regionda davamlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərində yeni səhifənin açılması üçün qarşı tərəfə sülh təklifini edirsə, bu, ölkəmizin bölgənin gələcəyi ilə bağlı hədəflərinin təqdimatıdır. Artıq Qarabağdakı ermənilərin reinteqrasiyası prosesinə başlanıb və ermənilərlə birgəyaşayış reallaşır.

Yeganə Əliyeva, «İki sahil»