14 noyabr 2023 02:16
236

Şuşa 2026-cı il üçün ECO-nun «Turizm paytaxtı» elan edilib

Noyabrın 9-da Özbəkistanın paytaxtı Daşkənddə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısında qeyd edildiyi kimi, Cənubi Qafqaz bölgəsinə sülh və rifah gətirərək beynəlxalq birliyin maraqlarına xidmət edəcək Zəngəzur dəhlizinin açılması regionun nəqliyyat sektorunun inkişafı üçün yeni imkanlar yaradacaq

Müstəqilliyini bərpa etdikdən sonra xarici siyasətində bütün dövlətlərlə qarşılıqlı anlaşma prinsiplərinə sadiq qalan Azərbaycan təmsil olunduğu beynəlxalq təşkilatlarda da ikitərəfli və çoxtərəfli əməkdaşlığı bu istiqamətdə davam etdirir. 1992-ci il noyabrın 28-də İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv olan ölkəmiz ötən müddətdə qurumda təmsil olunan dövlələrlə əlaqələrini genişləndirmiş, fəallığını artırmışdır. Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi iqtisadi islahatları düzgün və mükəmməl idarəetmə prinsipləri əsasında davam etdirən, mükəmməl proqram və layihələri reallaşdırmaqla, Azərbaycanın inkişaf modelini formalaşdıran, beynəlxalq iqtisadi əməkdaşlığın genişlənməsinə xidmət edən Prezident İlham Əliyev faydalı təşəbbüsləri ilə bu təşkilatın işində də yaxından iştirak edir. Son 20 ildə milli iqtisadiyyatımızın şaxələndirilməsi, ardıcıl və davamlı inkişafın, makroiqtisadi sabitliyin təmin olunması istiqamətində görülən işlərin nəticəsidir ki, ölkəmizdə akkreditə olunmuş bir sıra beynəlxalq maliyyə institutları ilə Azərbaycan Hökuməti arasında qarşılıqlı etimada və hörmətə əsaslanan əməkdaşlıq formalaşıb. İqtisadi inkişafı, investisiya cəlbediciliyi ilə diqqətçəkən respublikamız dünya iqtisadiyyatına daha sürətlə inteqrasiya edən ölkələr arasında da fərqlənir. Etibarlı tərəfdaş kimi dünyanın enerji və nəqliyyat xəritələrinin yenilənməsinə önəmli töhfələr verən Azərbaycanın maliyyə institutlarının hesabatlarında ilk sıralarda yer alması ölkə iqtisadiyyatının dinamik inkişafı ilə birbaşa bağlıdır. Xüsusilə Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatında rolu artan Azərbaycanın region ölkələrini birləşdirən İqtisadi Əməkdaşlıq Təşkilatındakı fəallığı da yüksək qiymətləndirilir. ECO-nun 9-cu və 12-ci Zirvə toplantılarının müvafiq olaraq 2006 və 2012-ci illərdə respublikamızda keçirilməsi, Bakı bəyannamələrinin qəbulu ölkəmizə maraqdan qaynaqlanır.

Ölkəmizin təşkilatla əlaqəsini «Azərbaycan İƏT-in fəal üzvüdür. İƏT-ə üzv dövlətlərlə münasibətlərimiz dostluq və qarşılıqlı hörmətə əsaslanır. Biz, həmçinin beynəlxalq platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində İƏT-ə üzv dövlətlərlə səmərəli əməkdaşlıq edirik» sözləri ilə xarakterizə edən Prezident İlham Əliyev ” qarşılıqlı əməkdaşlıq üçün önəmli platforma olan bu təşkilatın fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı müzakirələrdə fəallıq göstərir, maraqlı təşəbbüsləri ilə diqqəti cəlb edir.
ECO-nun Zirvə toplantılarına ev sahibliyi edən Azərbaycanda keçirilən daha bir tədbir tarixi hadisə kimi yaddaşlarda qaldı. 2023-cü il oktyabrın 10-da qurumun Nazirlər Şurasının Şuşada təşkil olunan 27-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı 2026-cı il üçün ECO-nun «Turizm paytaxtı» elan edildi.

İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına təbrik məktubunda otuz ildən sonra ərazilərimizdə mövcud olan «boz” zona»nın aradan qaldırılmasını, separatizmə son qoyulmasını beynəlxalq hüququn və ədalətin təntənəsi adlandıran Prezident İlham Əliyev bölgədə sabitliyin tərəfdarı və sülh təşəbbüslərinin müəllifi kimi tanınan Azərbaycanın 3+3 əməkdaşlıq formatını Cənubi Qafqazın əməkdaşlıq məkanına çevrilməsi üçün yaranan tarixi şərait kimi dəyərləndirmiş, Füzuli şəhərində artıq inşası başa çatmış məktəbə və tikilməkdə olan yaradıcılıq mərkəzinə görə qardaş Özbəkistana və Qazaxıstana təşəkkürünü bildirmişdir. Məktubda, həmçinin milli prioritetlərimizdən olan Böyük Qayıdış” Proqramının, «yaşıl enerji»” zonası elan edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəlməsinin təşkilata üzv dövlətləri üçün də böyük əhəmiyyət daşıdığı qeyd olunub. Etibarlı tranzit ölkə olan Azərbaycanın nəqliyyat-logistika infrastrukturunun ECO ölkələri üçün açıq olduğu bildirilir. Qeyd olunduğu kimi, İran İslam Respublikasının ərazisi vasitəsilə Naxçıvan Muxtar Respublikasına çıxış imkanı yaradacaq avtomobil və dəmir yolunun çəkilməsi barədə bu ölkə ilə razılıq əldə olunmuşdur. Azərbaycan, eyni zamanda, Şimal-Cənub Nəqliyyat Dəhlizinin ötürücülük qabiliyyətinin daha da genişləndirilməsi üzərində fəal çalışır.

Noyabrın 9-da Özbəkistanın paytaxtı Daşkənddə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısında çıxış edən dövlət başçımız Azərbaycan iqtisadiyyatının dinamik inkişafından söz açaraq bildirmişdir ki, son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dolları həcmində sərmayə qoyulub və bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür ki, bu göstəriciyə ölkəmizdə yaranan münbit sərmayə iqliminin nəticəsində nail olunmuşdur.”

Dünya ölkələrinin maraq göstərdiyi və Azərbaycanın təşəbbüsü olan «yaşıl enerji» potensialı bir çox beynəlxalq təşkilatlar kimi ECO-nun da diqqət mərkəzindədir. Zirvə toplantısında Azərbaycanın enerji resusları haqqında ətraflı danışan Prezident İlham Əliyev diqqətə çatdırmışdır ki, neft və qaz ehtiyatları ilə zəngin olan, bərpa olunan enerji sektorunun inkişafına diqqəti artıran Azərbaycan yaxın gələcəkdə yaşıl və hidrogen enerjisi ixracatçısına çeviriləcək.
«Azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda 2021-2023-cü illər ərzində 170 meqavat gücündə hidroelektrik stansiyalar istifadəyə verilib. 2024-cü ilin sonuna qədər bu rəqəm 270 meqavata çatacaq. Bir neçə ildən sonra erməni işğalından azad edilmiş ərazilərdə hidroelektrik stansiyaların ümumi gücü 500 meqavat təşkil edəcək»” söyləyən dövlət başçımız görüləcək işlər barədə ətraflı məlumat vermişdir.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanın təşəbbüslərini ECO-ya üzv dövlətlər arasındakı tərəfdaşlığın genişlənməsinə böyük töhfə adlandırmışdır: «Bakıda Təmiz Enerji Mərkəzinin və Regional Elektrik Bazarının təşkili istiqamətində əməli tədbirlər həyata keçirilir, həmçinin ekologiya sahəsində də yüksək səviyyəli dialoq platforması yaradılıb. Turizm sektorunda əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə ilk dəfə olaraq tur-operatorlar şəbəkəsi formalaşdırılıb və Təhlükəsiz Turizmin İnkişafı Proqramı təsdiq edilib”.»

ECO-nun Baş katibi Xusrav Nozirinin «Biz, həmçinin turizm potensialının inkişafına diqqət yetiririk. «Turizm paytaxtlar»ı” konsepsiyası çox mühüm təşəbbüsdür. İndiyədək 6 şəhər, o cümlədən Tacikistanın Düşənbə, İranın Sari və Ərdəbil, Özbəkistanın Şəhrisəbz, Türkiyənin Ərzurum və Azərbaycanın Şuşa şəhərləri «Turizm paytaxtlar»ı” seçilib. Çox zəngin mədəni irs və təbiətimizin gözəllikləri ideyalarının təbliği məqsədilə turizm sahəsinin seçilməsi müntəzəm yanaşma olacaq» sözləri ölkəmizin təbii sərvətlərinə, gözəl, səfalı güşələrinə maraqdan qaynaqlanır.
 Zirvə toplantısında dünyanın aparıcı yaşıl enerji şirkətləri olan xarici investorlarla imzalanan sazişlərin və anlaşma memorandumlarının əhəmiyyətindən bəhs edən Prezident İlham Əliyevin «Bu ilin oktyabr ayında Azərbaycanda «Masdar”» şirkəti tərəfindən inşa edilmiş 230 meqavat gücündə Qaradağ Günəş Elektrik Stansiyasının açılışı olub. Bu, Xəzər dənizi və Qafqaz regionunda ən böyük günəş elektrik stansiyasıdır» sözlərini təsdiqləyən faktlar yetərincədir. Azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda 2021-2023-cü illər ərzində 170 meqavat gücündə hidroelektrik stansiyalar istifadəyə verilib. 2024-cü ilin sonuna qədər bu rəqəm 270 meqavata çatacaq. Bir neçə ildən sonra erməni işğalından azad edilmiş ərazilərdə hidroelektrik stansiyaların ümumi gücü 500 meqavat təşkil edəcək.

Azərbaycanın 20 faizə yaxın ərazisini təqribən 30 il ərzində işğal altında saxlayan Ermənistanın etnik təmizləmə siyasətinin qurbanı olan bir milyondan artıq azərbaycanlının məruz qaldıdığı erməni vandalizmi, vəhşiliyi diqqətə çatdırılmışdır. 2020-ci ildə Azərbaycan BMT Nizamnaməsindən irəli gələn legitim özünümüdafiə hüququndan istifadə edərək Vətən müharibəsində Ermənistanı döyüş meydanında məğlubiyyətə uğratdı və BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il ərzində kağız üzərində qalmış dörd qətnamənin icrasını özü təmin etdi. Vurğulanmışdır ki, Ermənistan işğal altında saxladığı Azərbaycanın doqquz şəhərini və yüzlərlə kəndini yer üzündən silmiş, İslam dininə məxsus mədəni və tarixi irsimizi dağıtmış və təhqir etmişdir. Erməni vandalları 67 məsciddən 65-ni tamamilə dağıtmış, bəzilərindən isə tövlə kimi istifadə olunmuşdur. Bu il sentyabrın 19-20-də keçirilmiş birgünlük antiterror tədbirləri nəticəsində Qarabağdakı qanunsuz separatçı rejimə ölümcül zərbə vuran, ədaləti bərpa edən Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyi tam bərpa olundu.

Zirvə toplantısında ölkəmizin malik olduğu iqtisadi potensialdan, regional inkişafa, həmçinin təşkilata üzv ölkələr arasında logistik əlaqələrin daha da möhkəmlənməsinə verilən töhfələrdən ətraflı bəhs edildi, bərpa olunan enerji sektorunun inkişafı istiqamətində görülən işlər statistik rəqəmlərlə diqqətə çatdırılmışdır.

Prezident İlham Əliyev tranzit-nəqliyyat və logistika sahələrində etibarlı tərəfdaşa çevrilən Azərbaycanın Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri vasitəsilə ötürmə qabiliyyətinin genişləndirilməsinin ECO məkanının nəqliyyat təhlükəsizliyinin möhkəmlənməsi üçün nə dərəcədə faydalı olduğunu «Azərbaycan son illərdə Avrasiyanın əsas, etibarlı nəqliyyat və logistika mərkəzlərindən biri kimi özünü sübut edib. Yalnız iki ölkəyə deyil, eyni zamanda, Cənubi Qafqaz regionuna sülh və rifah gətirərək beynəlxalq birliyin maraqlarına xidmət edəcək Zəngəzur dəhlizinin açılması regionun nəqliyyat sektorunda yeni imkanlar yaradacaq. Bu gün Azərbaycanda istər ölkə səviyyəsində, istərsə də beynəlxalq səviyyədə əldə edilən bütün uğurlar yeni çağırışlara cavab verən mükəmməl və dayanıqlı idarəetmə modelinin tətbiqinin bariz nümunəsidir» sözləri ilə açıqlanmışdır.

Zirvə toplantısında Azərbaycanın bölgədə sabitliyin təminatı üçün göstərdiyi fədakarlığı yüksək qiymətləndirən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fikrini «Qarabağda 30 ildən artıq davam edən işğalın tamamilə aradan qaldırılması ilə bölgəmizdə davamlı sülhə bir addım daha yaxınlaşdığımızı görürük. Ermənistanın Azərbaycan qarşısındakı öhdəliklərini yerinə yetirməsi bunu asanlaşdıracaq. Azərbaycanın qərb bölgələri ilə Naxçıvanı birləşdirəcək nəqliyyat xətlərinin ən yaxın dövrdə yaradılması da xüsusi strateji əhəmiyyət kəsb edir”» sözləri ilə də təsdiqləmişdir.

Xuraman İsmayılqızı, «İki sahil»