14 noyabr 2023 02:37
363

Ağzının sözünü bil, ağayi Mehdi!

Anadangəlmə ağzıəyri olanın düzəldiyini görən olubmu?  Bu suala müsbət cavab verəni hələ görməmişəm, eşitməmişəm. Ola bilər ki, plastik cərrahiyyə əməliyyatı ilə müəyyən qədər düzəldilsin, amma yenə də tamamilə düzələn deyil.  Mehdi Sübhaninin ağzı kimi. Bu adamın da ağzı düzəlmir ki, düzəlmir, baba. Vəzifəsi bunun sözünü ona, onun sözünü buna daşımaq olan olan ağayi Sübhani  danışanda sözünə sərhəd qoymur, “cızıqdan qırağa çıxıb özfəaliyyətə keçir.” Ancaq onun sözü dövlət adından deyildiyi  hesab edildiyi üçün bəzən pis hallanır. Belə məlum olur ki, Mehdi Sübhani danışdıqlarının fərqinə varmır, ağlına gələni üyüdüb tökür. Ancaq o, təsadüfi adam deyil, rəsmi şəxsdir, diplomatdır, danışdığı sözün mənasını, yerini və çəkisini bilməlidir.

Necə ola bilər ki, İran Prezidenti İbrahim Rəisi noyabrın 9-da Daşkənddə azərbaycanlı həmkarı İlham Əliyevlə görüş zamanı Azərbaycanın uzun illərdən sonra öz ərazi bütövlüyünü təmin etməsi, Qarabağın yenidən Azərbaycana qovuşması münasibətilə dövlət başçımızı təbrik edir, lakin bundan bir gün sonra İranın Ermənistandakı səfiri Mehdi Sübhani öz prezidentinin söylədiklərinin əksini bildirir? Yəni, səfir o qədər ağız bahəm edib ki, onu vəzifəyə təyin edən dövlət başçısının fikirlərinə kobudcasına müdaxilə edib və ya onun əksini söyləyib? Bəs o, bunu necə edib? Qısası, İran səfiri Azərbaycanın Qarabağda "etnik təmizləmə" həyata keçirdiyinə işarə edərək, Qarabağda ermənilərin "legitim" haqlarının bərpasının vacibliyindən danışıb və öz Prezidentinin danışıqlarının mənasını heçə endirib.

Əslində İran səfirinin bu mövzuda danışmağa haqqı yoxdur. Birincisi, ermənilər Azərbaycan qanunları ilə yaşamaq istəmədiklərinə və Azərbaycan vətəndaşlığını qəbul etmədiklərinə görə ərazimizi tərk ediblər. Bu, onların seçimidir. Heç kəsi bizimlə birgə yaşamağa vadar edə bilmərik.  İkincisi, Tehran İranda yaşayan hansı etnik qrupun legitim haqlarını və hüquqlarını təmin edib ki, indi iranlı diplomat bizə bu mövzuda "məsləhət" vermək istəyib? İranda yaşayan köklü etniklər-azərbaycanlılar, kürdlər, tatlar, bəluclar və qeyri millətlər demokratik şəraitdə, süd gölündə yaşayırlar bəlkə?

İran Prezidenti ilə bu ölkənin səfirinin bir-birinə zidd açıqlamalar vermələri ondan xəbər verir ki, Tehran Azərbaycanla münasibətlərdə əvvəlki kimi qalıb, yəni, həmişə olduğu kimi, yenə də  səmimi deyil. Əvvəllər  SEPAH generallarının, polkovniklərinin, diplomatlarının və bir çox başqa dövlət məmurlarının Azərbaycana hədə göndərmələri, hökumətin Araz sahillərinə qoşun yeritməsi  qətiyyən dostluq münasibətləri deyildi. Bunu rəsmi Bakı da unutmur. Təsadüfi deyil ki, Azərbaycan Xarici İşlər Nazirliyi iranlı diplomatın təxribatçı fikirlərini dərhal  pisləyib. Azərbaycan Xarici İşlər Nazirliyi diqqəti İran rəsmilərinin və diplomatlarının eyni mövzuda fərqli fikirlərinə çəkib.

Belə görünür ki, İranda dövlətə rəhbərlik edənlərlə ikinci, üçüncü, hətta  dördüncü ranqlı məmurların fikirləri bir-birinə uyğun gəlmir və çox vaxt kəskin ziddiyyət təşkil edir. Bununla belə Prezident və ali dini rəhbər onlarla söz güləşdirən məmurlara öz yerini göstərmək qüdrətində deyillər. “Nümunə” göz qabağındadır, ərköyün və çoxbilmiş səfir öz kürsüsündə rahatca əyləşib və heç nədən qorxusu və ya nigarançılığı yoxdur. Amma ola bilər ki, həmin sözləri səfirə elə rəsmi Tehran özü dedizdirib. Məqsəd erməni qardaşlarını sakitləşdirməkdir. Yəni, dediklərimizdən narahat olmayın, qəlbən sizinləyik. Molla rejimi Azərbaycanla münasibətlərdə belə “eksperimentləri” dəfələrlə sınaqdan keçirib. Ancaq müəllifini ifşa edən belə ağılsız “sınaqlar”  İran hökumətinin nüfuzuna xələl gətirir, onun qeyri-ciddiliyinə dəlalət edir. Onsuz da son illər İran hökuməti dünya dövlətləri arasında nüfuzunu itirməkdən əlavə aqressiv siyasəti ilə özünə xeyli düşmən qazanıb. Düşmənçilik və davakarlıq isə hələ heç kəsə xeyir gətirməyib. Bu sadə həqiqəti qanmaq nə böyük işdir ki?!

Vəli İlyasov, “İki sahil”