11 noyabr 2023 19:17
4863

Xalq-Lider birliyi

Tarix şəxsiyyətlər yetişdirir. İsbata ehtiyacı olmayan digər həqiqət də ondan ibarətdir ki, şəxsiyyətlər də tarix yaradır. Burada qarşılıqlı asılılıq mövcuddur. Bu asılılığın unikallığı ondadır ki, tarix özünün mürəkkəb çağlarını yaşayarkən daha səxavətli olur. Dühalar doğulur. Onlar da tarixə borclu qalmırlar. Missiyaları xilaskarlıq olur. Tarixin, dövlətin və millətin xilaskarı missiyası. Həmin missiyanı müasir Azərbaycan dövlətçiliyi tarixində ümummilli lider Heydər Əliyev yerinə yetirdi. Zəmanəmizin dühası, ilk növbədə, Azərbaycanın itirilmiş dövlətçiliyini bərpa etdi, ölkəni permanent xaos vəziyyətindən çıxardı, vətəndaş müharibəsinin qarşısını aldı, ölkədə milli intibaha nail oldu, bütün sahələrdə dinamik inkişaf tendensiyalarının əsasını qoydu. Azərbaycanda siyasi sabitlik və inkişaf dövrü başlandı.
Azərbaycan xalqı dövlətçilik qarşısında müstəsna və misilsiz xidmətlərinə görə Heydər Əliyevə əbədi olaraq minnətdardır. Həm də ona görə minnətdardır ki, Ulu Öndərin şah əsəri olan müstəqil Azərbaycan artıq 16 ildir ki, etibarlı əllərdədir, davamlı və dinamik inkişaf tempi ilə irəliləyir. Zəmanəmizin dühasından “Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”, - qiymətini alan Prezident İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır. İlham Əliyevin rəhbərliyi altında Azərbaycan son 16 il ərzində özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır. Prezident İlham Əliyev Azərbaycan tarixinə yeni missiya ilə qədəm qoymuşdur. Bu missiyanın fəlsəfəsi daha əvvəl “Əsl siyasət konkret, real iş görməkdən ibarətdir”, - deyərək ictimai fəaliyyətə başlayan Prezidentin 16 il öncə söylədiyi “Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam, hər bir Azərbaycan vətəndaşının qayğı və problemlərinin həlli yolunda bütün bacarıq və qabiliyyətimi əsirgəməyəcəyəm” fikirləri ilə real məzmun kəsb etməyə başladı.
 Bu mərhələnin başlanğıc nöqtəsi 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində İlham Əliyevin xalqın mütləq əksəriyyətinin səsini toplayaraq (76,86 %) dövlət başçısı seçilməsi ilə qoyuldu. Prezidentliyinin ilk 5 ili ərzində İlham Əliyevin dövlətçiliyimiz tarixində yeni missiyasının həll etməli olduğu vəzifələrə Azərbaycanda bir çadır şəhərciyinin belə qalmayacağı, məcburi köçkünlərin sosial müdafiəsinin təşkilinin əsas məsələ olacağı, yoxsulluğun aradan qaldırılması üçün daha səmərəli tədbirlər görüləcəyi, 600 min yeni iş yerinin açılması istiqamətində qısa zamanda real nəticələr əldə olunacağı, regionların iqtisadi inkişafı və aqrar islahatların ikinci mərhələsi ilə bağlı dövlət proqramlarının hazırlanacağı, sahibkarlığa dövlət qayğısının artırılacağı, transmilli layihələr çərçivəsində ölkənin yeni infrastrukturunun yaradılmasına nail olunacağı kimi məsələlər daxil idi.

İlham Əliyevin Prezidentlik fəaliyyətinin qeyd edilən dövrü ərzində sadalanan bütün istiqamətlər üzrə nəzərəçarpacaq nailiyyətlər əldə olundu. 610 min yeni iş yerinin açılması, neft gəlirlərindən istifadə olunmaqla qeyri-neft sektorunun inkişaf etdirilməsi, sahibkarlığın inkişafına əlverişli şəraitin yaradılması, əhalinin aztəminatlı hissəsinin sosial müdafiəsinin gücləndirilməsi, hər bir azərbaycanlı ailəsi üçün rifahın və təhlükəsizliyin təmin edilməsi, dövlət strukturlarının işinin səmərəli, dünya standartlarına uyğun şəkildə qurulması, rəhbər işçilərin məsuliyyətinin artırılması, milli birliyin və həmrəyliyin möhkəmləndirilməsi, beynəlxalq standartlara cavab verən demokratik parlament seçkilərinin keçirilməsi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsiplərinə uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə imkan verən müstəqil xarici siyasət kursunun yeridilməsi, Avropa və dünya strukturlarına inteqrasiyanın davam etdirilməsi həmin siyasətin real göstəriciləri hesab oluna bilər.
 Növbəti seçkilərdə də xalqın mütləq əksəriyyətinin etimadı nəticəsində prezident seçilən İlham Əliyev iqtisadiyyatın bundan sonra da inkişaf etdirilməsi, siyasi islahatların keçirilməsi və ölkənin modernləşdirilməsini ölkəmizin qarşısında duran başlıca vəzifələr kimi müəyyənləşdirdi. İqtisadiyyatın şaxələndirilməsi, siyasi islahatlar, modernləşmə, enerji sektorunda asılılığın azaldılması, təhsil və güclü sosial siyasət ölkəmizin strateji xətti olaraq irəli sürüldü. Optimal məqsəd və vəzifələrin müəyyən edilməsi və onların yerinə yetirilməsi yollarının düzgün tapılması nəticəsində Azərbaycan hətta dünya iqtisadi-maliyyə böhranı illərində analoqu olmayan iqtisadi inkişaf tempinə nail ola bildi. Bu inkişaf kursu sistemli və davamlı xarakter kəsb edir.
Sabitlik, təhlükəsizlik və inkişaf bu mərhələni xarakterizə edən əsas meyarlardır. Sözün həqiqi mənasında, son 16 il ərzində ölkəmizdə sabitlik və əmin-amanlıq hökm sürməkdədir. Azərbaycan bu gün müsəlman dünyasında bir sabitlik adası kimi məşhurdur. Təkcə sabitliyin olmaması kifayətdir ki, dövlət xaos və anarxiyaya yuvarlansın. Qonşu regionlarda və dünyada baş verən qanlı münaqişələr, toqquşmalar, müharibələr, risklər və təhdidlər fonunda ölkəmizdə həyat tərzinə çevrilmiş sabitlik mühiti bizim tarixi nailiyyətimiz və sərvətimizdir. Sabitliyimiz təhlükəsizliyimizi şərtləndirir. Sabitlik və təhlükəsizliyimizin təminatçısı Azərbaycan xalqı və onun hakimiyyətlə olan monolit birliyidir. Səfərbər olunmuş cəmiyyət və vətəndaş həmrəyliyidir. Bu birliyin kökündə dayanan əsas amil xalqın Prezident İlham Əliyevə olan inamı, etimadı və etibarıdır. Prezidentin xalqının sevgisini qazanmasını şərtləndirən əsas amil isə, onun hər hansı beynəlxalq siyasi dairənin və ya böyük dövlətin diktəsi altında deyil, məhz öz xalqının mənafeyindən irəli gələn bir siyasəti həyata keçirməsidir.

Bu yolda iqtisadi müstəqillik həlledici amildir. İqtisadi müstəqilliyimiz siyasi müstəqilliyimizi şərtləndirir. Fikrimizi nəzəri mülahizələr, konkret faktlar və arqumentlərlə əsaslandırmağa çalışaq. Bu, bir həqiqətdir ki, Prezident İlham Əliyev tərəfindən iqtisadiyyatın şaxələndirilməsi, siyasi islahatlar, modernləşmə, enerji sektorunda asılılığın minimuma endirilməsi, təhsil və güclü sosial siyasət ölkəmizin strateji xətti olaraq müəyyən edilib. Optimal məqsəd və vəzifələrin müəyyən edilməsi və onların yerinə yetirilməsi yollarının düzgün seçilməsi nəticəsində Azərbaycan hətta dünya maliyyə-iqtisadi böhranı illərində belə analoqu olmayan iqtisadi inkişaf tempinə malik olub. 2003-cü ildən indiyədək ölkəmiz öz müstəqilliyini daha da möhkəmləndirib, sosial-iqtisadi, siyasi-diplomatik və hərbi quruculuq sahələrində çox böyük uğurlara imza atıb. Ölkə iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft iqtisadiyyatı 2,8 dəfə, sənaye 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə, qeyri-neft ixracı 4,1 dəfə artıb. 2004-cü ildə ölkənin valyuta ehtiyatları 1,8 milyard dollar təşkil edirdisə, hazırda bu göstərici 50 milyard dolları ötüb. Bu illər ərzində ölkə iqtisadiyyatına 270 milyard dollardan artıq sərmayə qoyulub ki, bunun da təxminən yarısını xarici investisiyalar təşkil edir.

İlham Əliyev hələ 16 il əvvəl bəyan edib ki, prezident seçiləcəyi təqdirdə regionların inkişafına prioritet məsələ kimi baxacaqdır. Onun bu istiqamətdə atdığı mühüm addımlar onun sözü ilə əməlinin eyni gücə malik olduğunu növbəti dəfə təsdiqlədi. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı artıq 3 Dövlət Proqramı qəbul olunub və onların uğurlu icrası təmin edilib. Növbəti 4-cü Dövlət Proqramının icrasına başlanılıb, ilk növbədə, infrastruktur layihələrin icrasına start verilib. Bu, bir həqiqətdir ki, energetika hər bir dövlətin iqtisadiyyatının bel sütunudur. Təsadüfi deyildir ki, İlham Əliyev ölkəmizdə elektrik stansiyalarının mövcud olmasına “dövlətimizin uğurlu və sürətli inkişafının əsas amili kimi” yüksək qiymət verib. 2003-cü ildən bəri 30 elektrik stansiyası tikilib. Bu stansiyaların generasiya gücü 2500 meqavata bərabərdir. Məlumat üçün onu da qeyd edək ki, 2004-cü ilədək Azərbaycanda 9 elektrik stansiyası var idi və ölkəmiz elektrikə olan tələbatı əsasən idxal hesabına ödəyirdi. Hazırda isə özümüzü elektrik enerjisi ilə tam təmin edir və onun ixracını həyata keçiririk. Bu məqsədlə həm ölkə ərazisində, həm də 3 qonşu ölkə ilə - Rusiya, İran və Gürcüstanla elektrik xətlərini birləşdirmişik. Gürcüstan vasitəsilə Türkiyəyə də elektrik enerjisinin ixracı imkanları yaranmışdır. Bu il elektrik stansiyalarının generasiya gücünün 2900 meqavata çatdırılması nəzərdə tutulur. 2004-cü ildə ölkədə qazlaşdırmanın səviyyəsi cəmi 51 faiz təşkil edirdisə, hazırda bu göstərici 95 faizə yaxınlaşıb. Bütün şəhərlər 100 faiz qazla təmin edilib. 16 il əvvəl ölkəmizdə əhalinin fasiləsiz olaraq içməli su ilə təminatı 26 faiz təşkil edirdi. Hazırda bu göstərici 67 faizi ötüb. Bakıda 81 faiz, bölgələrdə isə analoji göstərici 43 faizə bərabərdir. Bu sahəyə də perspektivdə böyük sərmayə qoyuluşu nəzərdə tutulur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tarix yazan və qalib liderlərdəndir. Eyni zamanda, İlham Əliyevin spesifik cəhətlərindən biri də Onun patriotluq və quruculuq məharətidir. Cənab İlham Əliyevin siyasi xəttinə, fəaliyyətinə nəzər saldıqda liderlik potensialının, edə biləcəklərinin sərhədlərini müəyyən etmək, təsəvvürə gətirmək mümkün deyil. Prezident İlham Əliyev nadir şəxsiyyətlərdəndir ki, siyasi liderliklə yanaşı, zəfər qazanmış lider obrazını da Özündə birləşdirir. Bu isə İlham Əliyevin potensialının daha bir hüdudsuzluğunun göstəricisidir. Məhz buna görə də O, ən çıxılmaz məqamlarda, bəzən başqaları üçün həlli mümkünsüz görünən məsələlərdə belə qətiyyətlə məsuliyyəti Öz üzərinə götürür və məqsədinə çatır. İlham Əliyev Prezident və siyasi Lider olaraq, dövlətin məsuliyyətini daşımaqla yanaşı, beynəlxalq və qlobal məsələlərdə də ciddi təsir gücünə malikdir. Müasir dünyanın nüfuzlu siyasi liderlərindən biri olan Azərbaycan Prezidenti dəfələrlə milli maraqlar məsələsində güzəştsiz mövqedə olduğunu sübut edib. Bu da Onu digər siyasi xadimlərdən fərqləndirən əsas liderlik xüsusiyyətlərindəndir. İlham Əliyevi başqalarından fərqləndirən bir çox üstün keyfiyyətləri var. Siyasətdə sistemlidir, səbrlidir, soyuqqanlıdır, təmkinlidir və dəqiqdir. Onun nəyi nə zaman edəcəyini, sadəcə, Özü bilir. Zəfərlə başa çatan Vətən müharibəsində də bir daha sübut etdi ki, hər şeyi doğru zamanda, doğru edir. İlham Əliyev milli məsələlərdə güzəştə getməyən Liderdir. O, hakimiyyətə gələndən böyük zəfər gününə qədər, 17 il ərzində usanmadan, heç bir güzəştə getmədən Qarabağ məsələsində düşmən Ermənistana, onun havadarlarına, supergüclərə qarşı qətiyyətlə mübarizə apardı, Azərbaycanın haqq səsini dünyaya çatdırdı. İlham Əliyev hakimiyyətə gələrkən xalq qarşısında söz verdiyi kimi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həlli istiqamətində Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu yüksək peşəkarlıq və uğurla davam etdirdi. Sonda hədəfinə çatdı, ata vəsiyyətini yerinə yetirdi, işğal olunmuş Azərbaycan torpaqlarını azad etdi. Azərbaycan Prezidenti müharibəyə kimi ən geniş beynəlxalq arenalarda, ən yüksək kürsülərdən dəfələrlə bütün dünyaya bəyan etdi ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, Azərbaycan bu məsələdə heç bir güzəştə getməyəcək. Prezidentin 18 sentyabr 2006-cı ildə Antalyada keçirilən Türkdilli Dövlətlərin və Topluluqların 10-cu Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayında qətiyyətlə dediyi “Azərbaycan torpaqları danışıqların mövzusu ola bilməz” fikri Onun Dağlıq Qarabağ məsələsində nə qədər prinsipial, güzəştsiz olduğunun göstəricisidir. Bu prinsipiallığı Onun yalnız Ermənistana, hörümçək toru kimi dünyaya yayılmış erməni lobbisinə qarşı yox, həm də ikili standartlara, düşmənə himayədarlıq edən supergüclərə, dövlətlərə qarşı qətiyyətli mübarizəsi idi. “Biz heç bir zaman Dağlıq Qarabağa müstəqillik verilməsi ilə razılaşmayacağıq və erməni tərəfi də bunu əla bilir. Amma ağıllı kompromis mümkündür, Dağlıq Qarabağda əhalinin təhlükəsizliyinin, həyat fəaliyyətinin, özünüidarəsinin təmin olunması, Azərbaycan tərəfindən müxtəlif investisiya layihələrinin həyata keçirilməsi. Dağlıq Qarabağın hüdudlarından kənardakı ərazilərin azad olunması şərti ilə iki xalq arasında qarşılıqlı yolla sülh, bax, biz münaqişənin həllini belə görürük. Bunlar hazırda üzərində işlədiyimiz və vasitəçilərin irəli sürdüyü təkliflərlə uzlaşır. Dediyim kimi, Azərbaycanın ərazi bütövlüyü ətrafında kompromis ola bilməz”. Bu, İlham Əliyevin yenilməyən qətiyyəti idi. Buna görə də Onun 3 oktyabr 2019-cu ildə Soçidəki “Valday” forumunda çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinə toxunaraq dediyi fikir dillər əzbəri oldu: “Mən Ermənistan baş nazirinin, təəccüb doğuran “Qarabağ Ermənistandır və nöqtə” bəyanatına toxunmaq istərdim. Birincisi, bu, yumşaq desək, yalandır. Qarabağ aranlı-dağlı bütün dünyada Azərbaycanın ayrılmaz hissəsi kimi tanınmışdır. Ermənistanın özü bu qanunsuz qurumu tanımır. Qarabağ əsl Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”.
İlham Əliyev var gücüylə məsələnin qansız, müharibəsiz həllinə çalışır, amma hər zaman müharibə yolunun da istisna olmadığını vurğulayırdı. O, tam əminliklə bildirirdi ki, istənilən yolla Azərbaycanın suverenliyi, ərazi bütövlüyü bərpa ediləcək. Dedi və etdi! Dağlıq Qarabağ məsələsinə ikili standart tətbiq edən ölkələri açıq dillə, kəskin tənqid edən İlham Əliyev 15 noyabr 2003-cü ildə Avropa Parlamentinin Cənubi Qafqaz üzrə məruzəçisi Per Qartonu qəbul edərkən, “ATƏT-in Minsk qrupu uzun illərdir ki, bu məsələ ilə məşğul olur, amma əfsuslar olsun ki, heç bir nəticə əldə edilməmişdir. Hesab edirəm ki, bu münaqişənin həll olunması üçün ilk növbədə ikili standartlar siyasətinə son qoyulmalıdır, işğalçı dövlətdən işğal etdiyi torpaqlardan geri çəkilməsi tələb olunmalıdır”.
Azərbaycan Prezidenti 2004-cü ildə BMT Baş Məclisinin 59-cu sessiyasında Qarabağ məsələsi ilə bağlı mövqeyini, qətiyyətini açıq şəkildə ortaya qoydu: “Beynəlxalq qurumun bir çox hallarda problemə qeyri-konstruktiv münasibəti münaqişənin aradan qaldırılmasına, sülhün əldə olunmasına deyil, əksinə Ermənistanın Azərbaycana qarşı növbəti ərazi iddiaları irəli sürməsinə, ümumilikdə regionda vəziyyətin daha da gərginləşməsinə zəmin yaradır. Belə ki, Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatına üzv qəbul olunduğu gündən etibarən dünya birliyi ölkələrini Ermənistanın yeritdiyi işğalçılıq, soyqırımı və etnik təmizləmə siyasətinin qarşısını almağa, dövlətimizin beynəlxalq hüquq normalarına əsasən, təsbit olunmuş hüquqlarının, məcburən daimi yaşayış yerlərini tərk etmiş vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsində konstruktiv mövqe tutmağa çağırsa da, beynəlxalq qurumların fəaliyyətsizliyi üzündən heç bir nəticə alınmamışdır”. Bütün diplomatik danışıqlarda İlham Əliyev dəfələrlə vurğulayırdı ki, əgər sülh danışıqları nəticə verməzsə, lazım gələrsə Azərbaycan öz ərazi bütövlüyünü hərbi yolla bərpa edəcək. Bu səbəbdən də Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğının nəticəsində Azərbaycan Ordusu dünyanın ən güclüləri sırasına yüksəldi.
Bunun nəticəsidir ki, 27 sentyabr 2020-ci il Azərbaycan, region, hətta dünya üçün yeni tarixə çevrildi. Ermənistan növbəti dəfə təxribat törədərək yeni torpaqlar işğal etmək üçün Azərbaycana hücum etdi. Elə həmin gün Prezident İlham Əliyevin Sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi və dövlət başçısı iclasda qətiyyətlə dedi: “Bildiyiniz kimi, bu gün səhər tezdən Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı növbəti hərbi təxribat törətmişdir. Bu təxribat nəticəsində itkilərimiz var, həm mülki əhali, həm də hərbçilər arasında. Bu, bir daha onu göstərir ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti davam edir və bu siyasət Ermənistanın faşist mahiyyətini bütün dünyaya göstərir. Səhər tezdən məlumatı alan kimi, Mən Müdafiə naziri, digər aidiyyəti qurumların rəhbərləri ilə əlaqə saxladım, müvafiq göstərişlər verdim və bu göstərişlər əsasında hazırda Azərbaycan Ordusu genişmiqyaslı əks-hücum əməliyyatına başlamışdır”.
Bundan sonra Prezidentin bir çağırışı ilə Azərbaycan xalqı Ali Baş Komandanla həmrəylik, birlik, inam, etibar, yüksək vətənpərvərlik, əzmkarlıq nümayiş etdirərək bir nəfər kimi dövlət başçısının yanında olduğunu göstərdi. Əli silah tutan hər kəs ordu sıralarına yazılmaq üçün növbəyə durdu. Bu, yeni şanlı tarixin başlanğıcı, İlham Əliyevin uğurlu siyasətinin nəticəsi və böyük Liderin qələbəsi idi. Bu siyasətin, bu birliyin nəticəsində yenilməz Azərbaycan Ordusu 44 gün ərzində işğal olunmuş torpaqları azad, düşməni isə darmadağın etdi. Dövlət-xalq-ordu birliyi, İlham Əliyev siyasəti, xalqın Liderinə olan inamı, Azərbaycan əsgərinin yüksək peşəkarlığı qarşısında Ermənistan kapitulyasiyaya məcbur oldu.
Prezident İlham Əliyev Azərbaycanın haqlı mövqeyini bütün dünyaya faktlarla çatdırdı

Bəzi ölkələr və onların media quruluşları tərəfindən Azərbaycana qarşı qərəzli informasiya müharibəsi başladıldı. Məkrli ermənipərəst jurnalistlərin Prezidentə verdiyi təxribat xarakterli suallar, əslində, onların təmsil etdikləri dövlətlərdəki ermənipərəst dairələrin mövqeyi idi. Hər tərəfdən Azərbaycana, onun Liderinə hücumlar edilirdi. İlham Əliyev isə öz növbəsində, verdiyi təmkinli, soyuqqanlı cavablarla onları susdurur, hücumları dəf edir, Azərbaycanın bu mübarizədə haqlı olduğunu bir daha bütün dünyaya faktlarla sübut edirdi. Beləliklə siyasi arenada, döyüş meydanında olduğu kimi, İlham Əliyev informasiya cəbhəsində də rəqibləri, Azərbaycanın haqq işinə qərəzli yanaşanları dərhal və faktlarla susdururdu. Prezident müsahibələrində birbaşa dövlətlərin adını çəkərək cəsarətlə onların Dağlıq Qarabağ münaqişəsinə qərəzli, ikili standartlarla yanaşmasını sərt üslubda tənqid edirdi. Ali Baş Komandan Azərbaycan üçün yeni bir tarix yazılan bu dönəmdə o qədər uzaqgörən və çevik siyasət yürüdürdü ki, kimsə, heç bir güc Azərbaycanı sübutlarla, faktlarla beynəlxalq hüququ pozmaqda, ədalətsizlikdə ittiham edə bilməzdi. Müharibə ərzində İlham Əliyevin hər bir çıxışı xalqın əzmkarlığını, mübarizə ruhunu yüksəldirdi. Prezidentin çıxışları uşaqdan böyüyə dillər əzbərinə çevrildi. Hər kəs Prezidentin verəcəyi qələbə mesajlarını səbirsizliklə gözləyirdi. Bu Lider-Xalq birliyinin, inamın, sevginin yüksək göstəricisi idi. Artıq Prezidentin çıxışlarında göstərdiyi yumruq qələbənin, dövlət-xalq-ordu həmrəyliyinin simvoluna çevrilmişdi. 44 gün sonra noyabrın 10-da Qarabağda hərbi əməliyyatların dayandırılması və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatı imzalandı. Bu, düşmənin kapitulyasiyası, məğlub tərəfin yalvarışı, aman diləməsi, Azərbaycanın və onun Liderinin isə qəti qələbəsi idi.
Dekabrın 10-da “Dəmir yumruq” - Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəsinə həsr olunmuş Zəfər paradı dosta qürur, düşmənə göz dağı oldu. Özəlliklə müharibə boyu əsl dostluq, qardaşlıq nümayiş etdirərək, hər kəsə qarşı bizi qətiyyətlə, səmimiyyətlə müdafiə edən, Azərbaycanın yanında olduğunu bildirən, ölkəmizin haqqının müdafiəsində kimsəyə güzəştə getməyəcəyini bəyan edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu Zəfər paradında İlham Əliyevlə birlikdə olması bütün dünyaya xüsusi mesaj oldu. Danılmaz faktdır ki, iki dövlət arasındakı bu tarixi yaxınlaşmada, səmimiyyətdə də məhz İlham Əliyev siyasətinin, liderliyinin böyük rolu var. Beləliklə, İlham Əliyev həm siyasi arenada, həm də döyüş meydanında zəfər qazanan, Azərbaycan torpaqlarını 30 illik işğaldan 44 günə azad edən, ərazi bütövlüyümüzü bərpa edən böyük Sərkərdə kimi tarixə düşdü. Yeni tarix yazıldı, Azərbaycanda yeni mərhələ başladı, İlham Əliyev Azərbaycanın zəfər və qəhrəmanlıq simvoluna çevrildi!
 Prezident İlham Əliyev sosialyönümlü dövlətin formalaşması və inkişafı kursunu həyata keçirir. Bu siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun sosial rifahı dayanır. Həmin siyasətin sayəsində ölkəmizdə işsizlik 5 faiz, yoxsulluq isə 5,4 faizə enib. Təsadüfi deyil ki, 2020-ci ilin dövlət büdcəsində də sosial xərclər bütün xərclərin 38,5 faizini təşkil edir. Ölkəmiz nümunəvi ictimai və sosial xidmət sahələrində innovativ yanaşmaları ilə dünyanın bir çox dövlətlərini qabaqlayır. Həmin nümunəvi xidmətin ən bariz nümunəsi olaraq ölkə başçısı İlham Əliyevin təşəbbüsü isə 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyinin təsis edilməsini və onun himayəsi altında fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərini qeyd etmek olar. Bu günədək ölkə üzrə “ASAN xidmət” mərkəzlərinə daxil olan müraciətlərin sayı 35 milyona yaxındır. 2019-cu ilin 9 ayı ərzində keçirilən rəy sorğularına əsasən vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,4 faiz təşkil edib. Bu baxımdan “ASAN xidmət”in Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına layiq görülməsi də təsadüfi sayılmamalıdır.
 Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onu sosial rifahı dayanır. Dövlətimizin siyasəti sosialyönümlüdür və əhalinin həssas qruplarına xüsusi diqqəti ilə seçilir. Eyni məntiqlə Prezident İlham Əliyev şəhid ailələri, müharibə veteranları və əlillərinə daim xüsusi qayğı ilə yanaşır. 2018-ci il 11 aprel tarixində keçirilən prezident seçkilərində növbəti qələbə qazandıqdan sonra İlham Əliyevin imzaladığı ilk Fərmanın - 2018-ci il 19 aprel tarixli Fərmanının şəhid vərəsələrinə birdəfəlik ödəmənin (11 min manat) verilməsi ilə bağlı olması həssas qrupların sosial müdafiəsinin gücləndirilməsinin onun növbəti prezidentlik dövründə də siyasətinin başlıca istiqamətlərindən olduğunu təsdiq etdi. 2019-cu il 28 yanvar tarixli Fərman isə birdəfəlik ödəmə verilməsi nəzərdə tutulan şəhid vərəsələrinin əhatə dairəsinin genişlənməsinə səbəb oldu. Beləliklə, hər iki Fərmanın icrası olaraq, 12268 şəhidin vərəsələrinə ödəmə verilməsi (bunun üçün 135 milyon manat vəsait ayrılıb) nəzərdə tutulub. Ötən ilin noyabrın əvvəllərindən artıq 6200-ə yaxın şəhidin vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunub. 2019-cu il ərzində digər vərəsələr də birdəfəlik ödəmə ilə təmin ediləcəklər. 2019-cu il 28 yanvar tarixli Sərəncamla şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün mənzillərin alınması məqsədilə 35 milyon manat ayrıldı. “2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaqdır”,- deyə bəyan edən Prezident İlham Əliyevin bu sözləri onun uğurlu sosial islahatlar paketinin nailiyyətləri kimi, əhalinin rifah halının yaxşılaşdırılması sahəsində cari ilin ötən dövründə ciddi addımların atılması ilə real təsdiqini tapıb. Prezidentin aylıq təqaüdlərinin aprelin 1-dən orta hesabla 100 faiz artırılması təmin edildi, əlavə olaraq bir sıra kateqoriyalardan olanlar üçün Prezidentin aylıq təqaüdləri təsis olundu. Sərəncamın icrası üçün əlavə olaraq illik 400 milyon manat ayrılması nəzərdə tutulur ki, bu da sosial müavinət və təqaüdlərin verilməsinə yönələn illik vəsaitin 2 dəfə artırılması deməkdir. Eyni zamanda, 2019-cu il 26 fevral tarixli Sərəncamla məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün aylıq müavinət 50 faiz artırılaraq 60 manata çatdırılmaqla, bu müavinəti alan 500 mindən çox məcburi köçkünün rifahına mühüm dəstək verildi. 2019-cu il 14 fevral tarixli Sərəncamla 110 minədək tələbənin təqaüdlərinin ciddi şəkildə artırılması da təmin olundu. Ölkədə vətəndaşların sosial problemlərinin həllini öz siyasətində prioritet kimi müəyyən edən Prezident İlham Əliyevin 2019-cu il 28 fevral tarixli Fərmanı devalvasiyanın təsirlərini aradan qaldırmağa və problemli kreditlərin həllinə də şərait yaratdı. Ölkənin sosial həyatı üçün olduqca mühüm olan, 800 mindən artıq insanın problemli kredit narahatlığını aradan qaldıran bu addım Azərbaycan Prezidentinin yüksək humanizmini, onun daim ölkə vətəndaşının yanında olduğunu bir daha nümayiş etdirdi. 2019-cu il 19 fevral tarixli Fərman isə istismarına icazə verilməmiş çoxmənzilli yaşayış binalarının sakinlərindən ibarət 350-400 min insanın mənafelərinin təmin olunmasına xidmət etməklə, Azərbaycanın sosialyönümlü dövlət siyasətinin əsasında humanizm prinsiplərinin dayandığının növbəti təsdiqi oldu.

 Ötən dövr ərzində Prezident İlham Əliyevin sosial islahatlar paketi 4 milyon 200 min vətəndaşın rifahında əhəmiyyətli rol oynayan mühüm addımların atılmasına imkan verdi. Bu addımlar büdcə xərclərinin əlavə olaraq 3,7 milyard manat artmasını şərtləndirdi. Ölkə əhalisinin ən həssas təbəqəsi olan, doğma yurdlarından didərgin salınmış soydaşlarımıza diqqət və qayğı, onların qarşılaşdıqları problemlərin aradan qaldırılması dövlət siyasətinin prioritetini təşkil edir. 2003-cü ildən bu günədək Prezident İlham Əliyev qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, onların məşğulluğunun təmin edilməsi ilə bağlı 70-dən çox fərman və sərəncam imzalayıb, bir çox proqramlar qəbul edilib. Dövlət səviyyəsində bu istiqamətdə atılan addımlarla yanaşı, Heydər Əliyev Fondu da fəaliyyətində qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə xüsusi diqqət yetirir.
Bütövlükdə, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu fəaliyyət iki istiqamətdə aparılır. Birincisi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin siyasi həlli tapılanadək müvəqqəti olaraq məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsidir. Bu sahədə aparılan işlər nəticəsində artıq 300 min qaçqın və məcburi köçkün yeni mənzillərə köçürülüb, 103 yeni qəsəbə salınıb. Son bir ildə Bakı, Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində 5 yeni yaşayış kompleksi istifadəyə verilib. 2018-ci ildə 5800-dən çox məcburi köçkün ailəsinin mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Cari ildə isə 7 mindən çox məcburi köçkün ailəsinə yeni mənzillər verilib. Heydər Əliyev Fondunun təşəbbüsü ilə ilk dəfə olaraq, özəl sektorun vəsaiti hesabına Bakı şəhərinin Qaradağ rayonu ərazisində 1026 mənzilli “Qobu Park” və 1300 yerlik “Qobu Park-2” yaşayış kompleksi inşa olunaraq istifadəyə verilib. Görülən fəaliyyətin nəticəsi olaraq, 16 il ərzində məcburi köçkünlər arasında yoxsulluq həddi 75 faizdən 12 faizədək azalıb.
Digər istiqamət isə dövlət qurumları və beynəlxalq təşkilatların iştirakı, onların rəy və təklifləri, beynəlxalq təcrübə nəzərə alınmaqla "Böyük Qayıdış” proqramının hazırlanmasıdır. Bu istiqamətdə atılan ilk iki addım kimi, Cocuq Mərcanlı kəndini və əvvəllər Dağlıq Qarabağın inzibati ərazisi olmuş Tərtər rayonunun Şıxarx qəsəbəsini göstərmək olar. Dövlətin məqsədi odur ki, "Böyük Qayıdış” proqramı tam icra olunsun. Əminik ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu məsələ tam həllini tapacaq. Məcburi köçkünlər beynəlxalq hüquqda təsbit olunduğu kimi, könüllü surətdə və ləyaqətlə öz torpaqlarına qayıtmaq hüquqlarından istifadə edəcəklər.
Bu xeyirxah missiya - məcburi köçkün və qaçqınlara xüsusi həssaslıq və qayğı ilə yanaşılması siyasəti Prezident İlham Əliyevin ən yaxın məsləkdaşı, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən də uğurla həyata keçirilir. Onun Birinci vitse-prezident təyin edildikdən sonra ilk görüşünü məcburi köçkünlərlə keçirməsi də bu qəbildən olan insanlara diqqət və qayğıdan xəbər verir. Məlum olduğu kimi, 2017-ci il martın 9-da Mehriban Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirə keçirilmişdi. İlk müşavirənin, məcburi köçkünlərin sosial problemlərinə həsr edilməsi doğma yurdlarından didərgin salınmış soydaşlarımızda ata-baba ocaqlarına qayıdacaqlarına böyük inam yaradıb.
“Bilirsiniz, düşünürəm ki, rəhbərin mütləq quru insan olması ideyası da müəyyən dərəcədə stereotipdir. Məsuliyyətli – bəli, prinsipial – bəli, iradəli – bəli. Quruluq, sərtlik vacib keyfiyyət deyil. Mənim üçün insanlarla işləmək bacarığı, sənin baxışlarını prinsipcə bölüşən, sənin ardınca getməyə hazır olan həmfikirlər komandası yaratmaq bacarığı daha vacibdir. Çünki onlar anlayırlar ki, sənin işlərin xeyirxahlığa yönəlib. Çox vacibdir ki, bəyan və elan edilənlər həqiqətən baş verənlərlə üst-üstə düşsün. Çünki insanlar hər şeyi görürlər, hər şeyi anlayırlar”, - deyən Mehriban xanım Əliyeva öz çoxtərəfli fəaliyyəti ilə üzərinə düşən olduqca mühüm vəzifələrin öhdəsindən məhz böyük məsuliyyəti, prinsipiallığı və iradəsi hesabına layiqincə gəlir. İnsanlarda ləyaqət, intellekt və mehribanlıq kimi 3 vacib keyfiyyəti xüsusi olaraq dəyərləndirən ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyeva özü həmin uca insani dəyərlərin daşıyıcısı olaraq ölkə və beynəlxalq ictimai fikirdə olduqca yüksək reytinqə malikdir. Mehriban xanım Əliyeva bu gün xoşbəxtdir ki, xalqın ümidini və inamını şərəflə doğruldur, öz misilsiz fəaliyyəti ilə Prezident İlham Əliyevin gücünə güc qatır. Bu həqiqəti xalqımız və Prezidentimiz görür və dəyərləndirir. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın qazandığı iqtisadi uğurlar beynəlxalq hesabatlarda da yüksək qiymətləndirilir. 

 Bu, bir həqiqətdir ki, dövlətin xarici siyasətinin onun daxili siyasətinin davamı olması da mütləq əksəriyyətin inandığı həqiqətlərdəndir. Məsələyə bu prizmadan yanaşdıqda Prezident İlham Əliyevin 16 il ərzində həyata keçirdiyi uğurlu daxili siyasət nəticə etibarilə Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsi mənafeyinə xidmət göstərib. Təkcə daxili siyasətdə deyil, xarici siyasətdə də varislik prinsipi qorunub saxlanılmışdır. Başqa sözlə, Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin müəllifi olduğu çoxvektorlu və balanslı xarici siyasət kursunu sürətlə dəyişən dünyanın geosiyasi reallıqlarına adekvat olaraq çevik, innovativ və hücum taktikasına əsaslanmaqla davam etdirir. Milli dövlətçilik maraqlarının müdafiəsi həm ikitərəfli, həm də çoxtərəfli formatda həyata keçirilən bu siyasətin başlıca məzmununu təşkil edir. Həmin siyasətin uğurunu təmin edən çoxsaylı parametrlər sırasında birinci mövqedə dayanan amil Prezident İlham Əliyevin beynəlxalq siyasətin aktoru statusuna yüksəlməsi reallığı ilə bağlıdır. Bu statusuna tam adekvat olaraq İlham Əliyev həm daxili, həm də xarici siyasət kursunun həyata keçirilməsi prosesində dərin zəka, iti fəhm, analitik və innovativ düşüncə tərzi, sistemli analiz qabiliyyəti, prinsipiallıq və qətiyyət nümayiş etdirir. Hər dövlət başçısına nəsib olmayan bu unikal şəxsi keyfiyyətlərin daşıyıcı olan Prezident İlham Əliyev harada çıxış etməsindən və mövqe bildirməsindən asılı olmayaraq, şahmat dili ilə desək, həmişə ağ fiqurlarla oynayır və artıq start vəziyyətində qarşı tərəf və ya tərəflər üzərində ilkin üstünlüyünü təmin etmiş olur. Həmin “siyasi şahmat lövhəsi”ndə siyasət qrossmeysterinin - Prezident İlham Əliyevin rəqibinə “mat” elan etməsi labüddür. Bu zaman problemə sistemli və ardıcıl yanaşma tərzi, səlis və məntiqli ifadə üslubu, auditoriya ilə işləmək və onu ələ almaq qabiliyyəti, səs diapazonundan düzgün istifadə məharəti və nəhayət ecazkar cəzbetmə potensialı və bənzərsiz xarizması ilə dövlət başçısı ən qatı siyasi opponentlərini də “tərksilah” etməyə və onları “siyasi hipnoz” vəziyyətinə salmağa müyəssər ola bilir. 
 Azərbaycan Prezidenti İlham Əliyev dünyanın fövqəldövlətinin rəhbəri ilə görüşdən unikal diplomatik manevr hesabına faktiki olaraq imtina etdi. Bununla da hələ 23 yaşında ikən SSRİ Xarici İşlər Nazirliyinin məşhur Beynəlxalq Münasibətlər İnstitutunda diplomatiya ixtisasının incəliklərini tədris etməsinin təsadüfi olmadığını bir daha sübut etdi. Bununla da, əslində, bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan öz miqyası etibarilə böyük dövlət olmasa da belə, lakin sözünün mənası və çəkisi böyükdür. Qətiyyəti, iradəsi böyükdür, Prezidenti və xalqı arasındakı birliyi böyükdür. Son nəticədə, böyük dövlətlər arxasında xalqı dayanan Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsini nəzərə almaq məcburiyyətində qaldılar. Türkiyə-Ermənistan sərhədləri bu günə kimi bağlıdır. Onların açılması bağlanmasına səbəb olan amillər aradan qaldırıldıqdan sonra mümkündür. Bu, hər iki qardaş dövlətin rəhbərləri olan İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın zamanın sınağından şərəflə çıxmış ortaq mövqeyidir.

Prezident İlham Əliyevin bütün diplomatik addımları milli maraqlardan çıxış etməklə zərgər dəqiqliyi ilə hesablanmışdır və bir çox hallarda siyasi opponentlərin intellekti imkan vermir ki, onlara vaxtında düzgün adekvat reaksiya versinlər. Belə unikal və uzağagedən siyasi məqsəd daşıyan addımlardan birini Prezident İlham Əliyev 2011-ci ilin iyun ayında atdı, Azərbaycan Qoşulmama Hərəkatına üzv oldu. Bu xəbəri eşidən kimi radikal siyasi ünsürlər hay-həşir qaldırdılar ki, mövcud iqtidar Azərbaycanı Avratlantik məkana inteqrasiya xəttindən uzaqlaşdırır. Bu, az qala dövlətçiliyimizin itirilməsinə bərabərdir və s. Sonralar həmin ünsürlər öz aralarında etiraf etmək məcburiyyətində qaldılar ki, İlham Əliyevin bu siyasi gedişinin arxasında dayanan əsl mətləbi vaxtında dərk edə bilməyiblər. Mətləb isə ondan ibarət idi ki, mahir diplomat və dövlət xadimi olan İlham Əliyev Azərbaycanın dünyanın nəhəng universal beynəlxalq təşkilatı olan BMT TŞ-yə üzv olmasını əsas siyasi hədəf kimi müəyyən etmişdi. Bu hədəf xarici siyasət fəaliyyətinin çeviklik əmsalının kəskin artımı hesabına reallaşa bilərdi. Bu halda tərkibində 193 dövlətin olduğu BMT-dən sonra sayca ikinci mövqedə dayanan Qoşulmama Hərəkatına (QH) (120 dövlət) üzvlük həmin məqsədin reallaşması üçün əlavə və geniş imkanlar pəncərəsi aça bilərdi. Elə belə də oldu. 2011-ci il oktyabrın 24-də BMT TŞ-yə keçirilən seçkilərdə QH üzvləri Azərbaycanın lehinə səs verdilər. Azərbaycan 155 səs ilə iki il müddətinə BMT TŞ-nin qeyri-daimi üzvü seçildi. Azərbaycan Respublikası müstəqilliyinin 20-ci ildönümündə tarixinin növbəti şanlı səhifəsini yazdı. Onun müəllifi böyük intellekt, iradə və qətiyyət sahibi olan Prezident İlham Əliyev idi. Prezident İlham Əliyevin müəyyən etdiyi müstəqil xarici siyasət kursu dünyada bir-birinə qarşı duran qütblər tərəfindən də müsbət qiymətləndirilir. Azərbaycanın müxtəlif güc mərkəzlərindən bərabər məsafədə mövqe seçməsi, ikitərəfli münasibətlərdə bərabər hüquq, qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq prinsiplərinə sadiq qalması, eyni zamanda, ikitərəfli əməkdaşlığın heç bir halda üçüncü tərəfi hədəfə almaması reallığı beynəlxalq aləmdə dövlətimizə və onun rəhbərinə olan loyal münasibətin formalaşmasını şərtləndirən əsas amillərdir. Əsas səbəb odur ki, Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil və qətiyyətli siyasət dünyanın əsas güc mərkəzləri tərəfindən ehtiramla qarşılanır.

“Biz Azərbaycanı müasir, sürətlə inkişaf edən, şəffaflığı öz siyasətində bayraq edən ölkə kimi görmək istəyirik və buna nail olacağıq. Heç kim bu işdə bizə mane ola bilməz”

Orxan İsmayılov,
YAP Xətai rayon təşkilatının fəalı