12 noyabr 2023 13:31
249

Milli dövlət bayramları müstəqilliyimizin və vətəndaş həmrəyliyinin təzahürüdür

Azərbaycan Respublikasında Konstitusiyanın qəbulunun maraqlı tarixi vardır. Daxili sabitliyin təmin olunmaması, erməni təhdidləri və xarici təzyiqlər səbəbindən cəmi 23 ay mövcud olmuş Cumhuriyyət dövründə bu məsələ baş tutmamışdı. Azərbaycanda Konstitusiya quruluşu tarixi SSRİ dövrünə təsadüf edir. İlk Konstitusiya 19 mart 1921-ci ildə qəbul edilsə də 1925, 1927, 1931, illərdə Konstitusiyaya əlavə və dəyişiklər edilib, yenisi isə 1937-ci ildə qəbul edilib. Bunlara səbəb Sovet quruluşunun siyasi-ideoloji cəhətdən formalaşma dövrü olduğundan siyasi diskussiyalar Konstitusiyanın da tez-tez dəyişməsinə səbəb olmuşdur. 1977- ci ildə Sovet dövləti yeni ictimai-tarixi mərhələyə keçidi elan etməsi ilə SSRİ- nin yeni Konstitusiyasının qəbulu ilə Azərbaycanda yeni Konstitusiyaya keçdi. Bütün müttəfiq respublikalarda dövlət dilinin rus dili olması hədəf olsa da, Azərbaycanın o vaxtkı rəhbəri Heydər Əliyevin təklifi ilə bizim Konstitusiyamızın 73- cü maddəsi rəsmi dövlət dili olaraq Azərbaycan dilini Konstitusiyada təsbit etmişdir.

1978- ci il 21 aprelində ikinci respublikanın sonuncu Sovet Konstitusiyası bu baxımdan Ümummilli Liderin xalqımız qarşısında ciddi xidmətlərindən biri kimi tarixə düşmüşdür. Müstəqil Azərbaycanda 1991-1993 illərin böhranları dövründə yeni Konstitusiyadan danışmaq mümkün deyildi. 1991-ci ilin 18 oktyabrında dövlət müstəqilliyi haqqındaKonstitusiya Aktı ilə kifayətlənilmişdir.

Yalnız Ümummilli Liderin 1993- cü ilin yayında xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra 1995 - ci ilin 12 noyabrında keçirilmiş ümumxalq səsverməsi, referendumla ilk milli, demokratik Konstitusiyanın qəbulu baş tutmuşdur.Sonralar dövlət başçısının həmin ilin  15 dekabr tarixli Fərmanı ilə ölkəmizdə 12 noyabr Konstitusiya günü kimi qərarlaşmışdır. Müstəqil dövlətçilik tarixinə “Heydər Əliyev Konstitusiyası” kimi daxil olmuş əsas Qanun ölkəmizdə dövlət quruculuğu prosesini tənzimləyən, demokratik cəmiyyətin inkişafına təminat yaradan, onun siyasi, sosial, mədəni-humanitar və iqtisadi sahələrdəki köklü dəyişikliklərini özündə ehtiva edən nəhayət qanunvericiliyin təkmilləşdirilməsində başlıca hüquqi təməl rolunu oynayan mükəmməl, mütərəqqi sənəddir.

Konstitusiyanın əhatə etdiyi başlıca istiqamətlər içərisində müstəqilliyimizi, suverənliyimizi və ərazi bütövlüyümüzü qorumaq, cəmiyyətin demokratikləşdirilməsinə və vətandaş cəmiyyətinin bərqərar olmasına nail olmaq, qanunların aliliyini təmin edən hüquqi dünyəvi dövlət qurmaq, bazar iqtisadiyyatına xas olan münasibətlərin formalaşmasını təmin etmək və s. kimi prioritetlər təsbit olunmuşdur.

Yeri gəlmişkən müstəqillik dövründə cəmiyyətin inkişaf dinamikasından irəli gələn ictimai çağırışlara cavab olaraq 2002, 2009, 2016 – ci illərdə Referendum yolu ilə Konstitusiyaya əlavə və dəyişiklər həyata keçirilmişdir.

2002-ci il 24 avqustunda Konstitusiyanın 24 maddəsinə 29, 2009 – cu ilin martın 18- də 25 maddəyə 30, 2016 – ci ilin sentyabrın 26 – da isə Konstitusiyaya üçüncü dəfə əlavə və dəyişikliklər həyata keçirilmiş, belə ki, 29 maddəyə 41 əlavə və dəyişikliklər edilmişdir. Son dəyişiklik nəticəsində yeni təsisat, -Birinci vitse-prezidentlik institutu yaradıldı ki, bu dövlət və hakimiyyət idarəetmə mexanizmində funksional institut olaraq yenilənən respublikanın yeni idarəetmə modeli oldu.

Beləliklə respublikada siyasi-hüquqi təsisatlar surətlə formalaşdırıldı, ölkədə vaxtlı-vaxtında parlament, prezident və bələdiyyə seçkiləri keçirildi, bir çox tarixi hadisələrlə bağlı bayram günləri rəsmiləşdirildi. Bunlardan biri də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu ilin 17 noyabrında imzaladığı sərəncamla 9 noyabrın ölkədə Dövlət Bayrağı günü kimi qeyd edilməsidir. Qısa tarixi rakurs etsək Azərbaycan ərazilərində mövcud olmuş dövlətlərin müxtəlif dövlətlər üzrə bayraqları mövcud olsa da rəsmi Dövlət Bayrağı günü Azərbaycan Xalq Cumhuriyyəti dönəmində olmuş, 1918-1920 ci ilədək dövlət statusunu qorumuşdur.

Bayrağımızdakı üç rəng görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadə müəllifi olduğu “ Türkçülük, müasirlik və İslamçılıq ” düsturuna əsaslanmışdır. Bu da öz növbəsində milli-mənəvi dəyərləri, azadlıq məfkurəsinə və ümumbəşəri ideallara bağlı olduğumuzun göstəricisidir.

Cümhuriyyətin üçrəngli bayrağı ilk dəfə xalqımızın böyük oğlu Heydər Əliyevin Naxçıvana rəhbərliyi dövrünə təsadüf edir. Məhz 1990-cı il Noyabrın 17-də onun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi xüsusi təşəbbüsü və təşkilatçılığı ilə Muxtar Respublikanın Dövlət Bayrağı olaraq qəbul edilmişdir. Məhz Onun sayəsində Azərbaycan SSRİ Ali Soveti üçrəngli bayrağın rəsmi dövlət rəmzi kimi tanınması ilə bağlı vəsatətini təmin etməli olmuşdur.

1995-ci ildə qəbul edilmiş ilk milli, demokratik Konstitusiyamızın 75-ci maddəsinə əsasən, hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə, bayrağına, gerbinə, himninə hörmət etməli, rituallara sayğı göstərməlidir. Dövlət rəmzlərinə sayqısızlığın nümayişi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Belə ki, “ Azərbaycan Respublikası Dövlət Bayrağının istifadəsi qaydaları haqqında“ Azərbaycan Respublikasının 2004-cü il iyun tarixli Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilərək onun istifadəsinə dair tələblər və məhdudiyyətlər müəyyən edilmişdir. Ümummilli Lider Heydər Əliyevin obrazlı ifadəsi ilə desək, “Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını istəyirsə, o, bu bayraq altında birləşməlidir”.

Olkəmizdə rəmzlərlə bağlı aparılan genişmiqyaslı siyasi-ictimai marifçilik, təlim-tədris müəssisələrimizdən tutmuş sosial sferada çalışan çoxsaylı insanlarımız arasında aparılan işləri 2020-ci ildə Vətən müharibəsində, eləcə də 2023-cü ildə bir günlük lokal antiterror əməliyyatında öz sözünü demişdir. Məhz gənclərimizdəki milli-dövlətçilik ruhu unikal qələbəmizi təmin etməklə, yüksək dağlıq şəraitində, sərt havada Şuşanın fəthi dünya hərb tarixində nümunəyə çevrilmişdir.

Milli varlığımızın xüsusi təzahür forması olaraq ölkəmizdə bərqərar olmuş vətəndaş həmrəyliyi əsaslı məfkurənin, Azərbaycançılıq məfkurəsinin Başlıca təzahür forması olaraq milli bayraq toplumun mövcudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığının əsas göstəricisidir. Ölkə Prezidenti İlham Əliyevin sözləri ilə desək, “ Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverənliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cumhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir”

Həsən Bayramov
Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurası və Elm Komissiyasının üzvü,
Pedaqogika elmləri doktoru, professor