12 noyabr 2023 10:11
301

Tarixi Qələbəmiz Konstitusiyamızın ölkəmizin bütün ərazisində tətbiqinə imkan yaradıb - Kamran Bayramov

"Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi, hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi. İnsan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə ümdə vəzifə olaraq qoydu. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkəmizin tarixində dördüncü Konstitusiyasıdır. Azərbaycanın Konstitusiya quruluşunun tarixi SSRİ dövrünə təsadüf edir. Azərbaycanın ilk Konstitusiyası 1921-ci ilin mayın 19-da, SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası isə 1925-ci il martın 14-də qəbul olunmuşdu. 1978-ci ilin aprelin 21-də qəbul edilmiş son Konstitusiya da, əvvəlki konstitusiyalar kimi, SSRİ Konstitusiyasına uyğunlaşdırılmışdı.
28 il bundan əvvəl Azərbaycanın müasir tarixində müstəqillik, suverenlik, demokratiya və dünyəvilik kimi vacib dəyərlərin əbədi və dönməz olduğunu bəyan edən ölkəmizin əsas qanunu - Konstitusiyası qəbul edildi. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya komissiyası tərəfindən müstəqil Azərbaycan Respublikasının Konstitusiyası layihəsi hazırlanmışdır. 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda seçicilərin 86 faizi iştirak etmiş və onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs vermişdir. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Dövlət başçımız qeyd etmişdir ki, Xalqımızın Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış Konstitusiya müasir dünyanın sivil dəyərləri və qanun yaradıcılığı təcrübəsinə, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə, milli və ümumbəşəri prinsiplərə söykənərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaratmışdır."

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirib.

Deputat qeyd edib ki, 1995-ci ildə referendum yolu ilə qəbul edilmiş Konstitusiya xalqımızın inkişafı naminə müasir, müstəqil, demokratik, dünyəvi, hüquqi dövlət quruculuğu mərhələsinə keçidi reallaşdırdı. Ulu Öndər Heydər Əliyev bu barədə danışarkən deyirdi: "Bu Konstitusiyanın ən əsas mahiyyəti ondan ibarətdir ki, Azərbaycan Respublikasının tam müstəqilliyini təmin edir, ölkəmizin ərazi bütövlüyünü təmin edir, Azərbaycan xalqının hüquqlarının toxunulmazlığını təmin edir, vətəndaşlarımızın hər birinin hüquqlarının qorunmasını təmin edir və Azərbaycan xalqının, respublikamızın bölünməzliyinin, hakimiyyətin heç bir qüvvə tərəfindən mənimsənilə bilməzliyini təmin edir".


Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən başlıca və mühüm hadisələrindən biri olmaqla yanaşı, Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin inkişafında ən böyük və əhəmiyyətli xidmətlərindən biri oldu. Bu tarixi sənəd müstəqil dövlət quruculuğunun tənizmlənməsini, demokratik inkişafın təşviq edilməsini, vətəndaş cəmiyyətinin bərqərar olunmasını özündə ehtiva etdi, ölkədə mükəmməl və mütərəqqi qanunvericilik bazasının formalaşdırılmasına yol açdı.

K.Bayramov vurğulayıb ki, Konstitusiyanın qüvvədə olduğu 28 illik dövr ərzində onun müddəalarının həyata keçirilməsində zəngin təcrübə toplandı, ölkəmizin ali qaninvericilik sənədində əks olunmuş konsepsiyalar inkişaf etdirilərək güclü sosial dövlətin yaradılmasına, inkişaf etmiş iqtisadiyyatın qurulmasına, vətəndaşlarımızın hüquqlarının səmərəli müdafiəsinə xidmət edən çoxsaylı normativ hüquqi aktlar qəbul edildi. Cəmiyyətimizin sürətli inkişafı ölkənin əsas qanununun da təkmilləşdirilməsini zəruri etdi. Belə ki, Azərbaycan Konstitusiyasında bir neçə dəfə dəyişikliklər edilib və əlavələr olunub. 2002-ci il avqustun 24-də referendum yolu ilə Konstitusiyanın 24 maddəsində 29, 2009-cu il martın 18-də isə 25 maddəyə 30-dan artıq əlavə və dəyişiklik olunub. Bu dəyişikliklər Azərbaycan dövlətinin sosial-iqtisadi bazasının daha da güclənməsindən, vətəndaşların hüquq və azadlıqlarına daha etibarlı təminat verilməsindən, sosial dövlət prinsiplərini təsbit etmək imkanlarının daha da genişlənməsindən irəli gəlirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyada üçüncü dəfə əlavələr və dəyişikliklər edilib. Konstitusiyanın 29 maddəsində edilən 41 əlavə və dəyişiklik müxtəlif sahələri əhatə etməklə, ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquqları və azadlıqlarının daha səmərəli təmin edilməsinə, insan hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsinə güclü zəmin yaratmışdır.

K.Bayramov diqqətə çatdırıb ki, Azərbaycanın Konstitusiyası müasir dövlət quruculuğu üçün tələb olunan bütün prinsipial məqamları özündə əks etdirir. Bu gün müstəqil dövlətimiz Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətli inkişaf dövrü yaşayır. Elə konstitusiyamızda da təsbit olunmuş ərazi bütövlüyümüzün təmin edilməsi kimi ən vacib amil Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan ordusu tərəfindən təmin olundu. 44 günlük Vətən müharibəsində qazandığımız Zəfər nəticəsində 30 ilə yaxın işğal altında qalmış torpaqlarımız işğaldan azad olundu və tarixi ədalət bərqərar oldu. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Vətən müharibəsi zamanı ölkəmizin haqq səsinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istiqamətində fəal iş apardı. Vətən müharibəsi dövründə dünyanın bütün Konstitusiya məhkəmələrinə ünvanladığı bəyanatlarda Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının mütəmadi xarakter aldığı vurğulanıb, bu təxribatlar nəticəsində Azərbaycanın Qarabağ bölgəsindən uzaqda yerləşən şəhərlərinin ağır artilleriya atəşinə məruz qalması, həm hərbi, həm də, mülki əhali arasında itkilərə səbəb olduğu qeyd edilib. Bəyanatda, həmçinin, diqqətə çatdırılıb ki, BMT, Avropa Şurası, ATƏT, Avropa İttifaqı və digər beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələrdə Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu açıq şəkildə təsdiq edilir. Sevindirici haldır ki, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Vətən müharibəsində tarixi Qələbənin qazanılması və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması Konstitusiyamızın ölkəmizin bütün ərazisində tətbiqinə imkan yaradıb.