10 noyabr 2023 11:00
491

Qarabağın və Şərqi Zəngəzurun möhtəşəm yolları

Bu gün hər kəs Vətən müharibəsindən sonra Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işlərini böyük ruh yüksəkliyi ilə izləyir. Artıq bu ərazilərdə müasir infrastruktur layihələri həyata keçirilir, dəmir yolları, avtomobil yolları, tunellər çəkilir, elektrik enerjisi, su təchizatı və digər mühüm işlər görülür, "ağıllı kənd və şəhərlər" salınır. Üstəlik, iki beynəlxalq hava limanı - Füzuli və Zəngilan hava limanları tikilərək istifadəyə verilib. Hazırda Laçın Beynəlxalq Hava Limanının tikintisi davam edir. Bir sözlə, Qarabağ və Şərqi Zəngəzur Qafqazın ən böyük tikinti meydanına çevrilib.

Uzun illər məcburi köçkün həyatı yaşamış həmvətənlərimiz artıq öz yurdlarına dönürlər. Prezident İlham Əliyevin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində bu günə qədər Laçın, Füzuli şəhərlərinə, Ağalı, Zabux və Talış kəndlərinə keçmiş məcburi köçkünlərin mərhələli şəkildə qayıtmaları təmin olunub. Bu mənada dövlətimiz bütün imkanlarını işğaldan azad olunmuş torpaqlarımızda həyatın canlanmasına səfərbər edib desək, yanılmarıq. Bəli, artıq üç ildir ki, yeni tarixi reallıqlar içərisində yaşayırıq. Təqdirəlayiq haldır ki, erməni vandallarından azad edilmiş ərazilərimizdə ilk bərpa və quruculuq layihələrinin icrası avtomobil yollarının çəkilməsi ilə start götürüb. Özü də müharibənin getdiyi bir dönəmdə. Bu isə o deməkdir ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası istiqamətində əsas prioritetlərdən biri yol infrastrukturunun bərpası olmuşdur. Halbuki, dünyanın heç bir ölkəsində müharibə dövründə, qızğın döyüşlər zamanı yol çəkilməsi ənənəsi demək olar ki, olmayıb. Azərbaycan Vətən müharibəsində hərbi əməliyyatların davam etdiyi günlərdə ilk azad edilmiş yaşayış məntəqələrindən olan Suqovuşan qəsəbəsinə və Talış kəndinə gedən yolların yenidənqurulmasına başladı. Uzunluğu 28,5 km, eni 9 metr olan yol 2 hərəkət zolağından ibarət Tərtər- Çaylı-Suqovuşan-Talış avtomobil yolu 2021-ci il oktyabr ayının 3-də istismara verildi.

Başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürən 101 kilometrlik Zəfər yolu isə Qarabağın tacı sayılan Şuşa şəhərinə qədər uzanır. Füzuli, Xocavənd, Xocalı və Şuşanın ərazilərindən keçməklə inşa edilən Zəfər yolu Füzuli və Şuşa şəhərləri də daxil olmaqla bu rayonların onlarla yaşayış məntəqəsini əhatə edir. Qeyd edək ki, şanlı,  Azərbaycan Ordusunun Şuşa şəhərini mənfur düşməndən azad edərkən istifadə etdiyi mürəkkəb təbii relyefli cığır-yolun əbədiləşdirilməsi məqsədilə tikilən, ali mühəndislik düşüncəsini, yüksək texnoloji imkanları özündə ehtiva edən və Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən Zəfər yolu adlandırılan bu avtomobil yolu 2021-ci il noyabrın 7-də istifadəyə verildi. Yeri gəlmişkən məlumat üçün bildirək ki, iyulun 21-də  dövlətimizin başçısı İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda keçirilən Şuşa Qlobal Media Forumunun açılış mərasimində demişdir: “Bu yol nə sovet dövründə, nə də ki, işğal dövründə mövcud deyildi. Bu yol bizim qəhrəmanlarımızın cəsarəti və ruhu sayəsində açılıbdır”.  Bəli, Zəfər yolu şəhidlərimizin qanı ilə yazdığı şanlı tarixin şahididir. Müzəffər ordumuz məhz həmin yolla Şuşa şəhərinə daxil olduğundan bu yolun həm də rəmzi mənası vardır. Odur ki, bu yol Azərbaycanın müasir tarixində ordumuzu şanlı qələbəyə aparan yol kimi həkk olunub. Bu mənada həmin yol müqəddəs yoldur. Bir il ərzində inşası icra olunan və dünyada analoqu olmayan bu yol, həm də dövlətimizin gücünü, onun malik olduğu imkanları bütün dünyaya göstərdi. 

2022-ci il oktyabr ayında Şükürbəyli–Cəbrayıl–Hadrut avtomobil yolunun 14,2 kilometrlik Şükürbəyli–Cəbrayıl, 2023-cü ilin may ayında isə 8,2 kilometrlik hissəsinin açılışları oldu. Prezident İlham Əliyevin 2021-ci il 29 aprel tarixli Sərəncamına əsasən inşa olunan bu yol işğaldan azad edilmiş Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazilərindən keçir. Avtomobil yolu Hadrut qəsəbəsi və Cəbrayıl şəhəri də daxil olmaqla həmin rayonların 20-yə yaxın yaşayış məntəqəsini əhatə edir.

2022-ci ilin avqust ayında, həmçinin Laçın şəhərinə daxil olmadan yeni alternativ avtomobil yolunun tikintisi başa çatdırıldı. Qeyd edək ki, əvvəllər Ermənistandan Xankəndinə gedən avtomobil yolu Laçın şəhərinin mərkəzindən keçirdi. Ölkə başçısının göstərişi və tapşırığı ilə qısa müddətdə, daha doğrusu, 10 ay ərzində yolun Azərbaycan ərazisinə düşən 22 kilometrlik hissəsi çəkildi. Ümumiyyətlə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində bütün avtomobil yolları iri yaşayış məntəqələrindən kənar keçməklə layihələndirilir. Bu isə həmin yaşayış məntəqələrində yaşayan əhalinin, həm də yoldan istifadə edən  vətəndaşların rahatlığı baxımından önəmli aspektlərdən biridir.
2023-cü ilin may ayının 5-də  işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayan yol infrastrukturu layihələrindən olan 12,3  kilometrlik 4 hərəkət zolaqlı Füzuli-Hadrut avtomobil yolunun tikintisi tam yerinə yetirildi. Qeyd edək ki, bu yol başlanğıcını Zəfər yolundan götürür və Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yoluna birləşir. Cari ilin mart ayının 18-də isə Tərtər rayonunun işğaldan azad edilmiş Talış, Goranboy rayonunun Tapqaraqoyunlu və Qaşaltı Qaraqoyunlu kəndlərini keçməklə Naftalan şəhərinə doğru uzanan 22 kilometrlik Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası avtomobil yolunun açılışı keçirildi.


Bərdə-Ağdam avtomobil yolunun davamı olan və Ağdam, Ağcabədi, Füzuli rayonlarının ərazisindən keçən 64,8 kilometrlik Ağdam-Füzuli avtomobil yolu ilə yanaşı, Zəngəzur dəhlizinin mühüm elementi olan 123,6 km-lik 1-ci texniki dərəcəli Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd layihəsi üzrə işlərin böyük hissəsi artıq görülüb. Yol boyunca 58 alt keçid, 27 körpü, 12 km uzunluğa malik isə 3 tunelin inşası həyata keçirilir. 2021-ci ilin oktyabrın 26-da  Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda tikinti işlərinin gedişatı ilə tanış olan Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan elə həmin gün bu  avtomobil yolunun təməlini qoyublar. Yeri gəlmişkən qeyd edək ki, ümumi uzunluğu 101,5 kilometr olan Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisinin 2024-cü ilin ikinci yarısında yekunlaşması planlaşdırılır. Yolun çəkilməsində minalanmış ərazilər böyük problemlər yaradaraq prosesi bir qədər yubadıb.
Prezident İlham Əliyevin tapşırığı ilə Qarabağ və Şərqi Zəngəzurda böyük nəqliyyat logistika şəbəkəsinin qurulduğunu vurğulayan nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlının fikrincə, Əhmədbəyli-Füzulu-Şuşa yolu ölkə üçün ən əhəmiyyətli, strateji yollardan biri olacaq: “Bu yol  Zəfər yolumuzun alternatividir. Bu yolun çəkilməsində əsas məqsəd Zəfər yolunda mövcud olan kəskin döngələrin böyük maşınlar və ağır texnikanın hərəkəti üçün bir qədər təhlükəli olmasıdır. Onu da qeyd edim ki, ümumiyyətlə, alternativ yolların salınması təqdirəlayiqdir. Yəni, təcrübələr göstərir ki, bir yolun ümidinə qalmaq özünü doğrultmur”.

Başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Xudafərin su anbarı yaxınlığından keçən hissəsindən götürən və 30-dan artıq yaşayış məntəqəsini əhatə edən Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. Sözügedən yolun Xanlıq yaşayış məntəqəsindən ayrılaraq Qubadlı şəhərinə qədər uzunluğu 14 kilometr olan yeni avtomobil yolunun da inşası icra olunur. Yolların ümumi uzunluğu isə 70,4 kilometrdir. Yeri gəlmişkən, 5 sentyabr 2023-cü ildə Prezident İlham Əliyev “Yeni Qubadlı‒Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Xudafərin‒Qubadlı‒Laçın avtomobil yolunun 33-cü kilometrliyindən başlayan yeni Qubadlı‒Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisinin həyata keçirilməsi məqsədilə 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 20 milyon manat ayrılıb. 
 2025-ci ildə Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd (123,9 kilometr), Toğana-Kəlbəcər-İstisu (81,6 kilometr), Kəlbəcər-Laçın (76,3 kilometr) avtomobil yollarının tikintisi başa çatdırılacaq. Ümumilikdə isə işğaldan azad edilmiş ərazilərimizdə 2026-cı ilə qədər 2300 kilometrə yaxın 20 avtomobil yolu layihəsinin icrası nəzərdə tutulur. 
Mövzu ilə bağlı Milli Məclisin deputatı Məzahir Əfəndiyev bildirdi ki, Qarabağda və Şərqi Zəngəzurda yeni  infrastrukturun yaradılması, o cümlədən yolların çəkilməsi işğaldan azad olunan ərazilərimizi, ümumilikdə regionu yeni inkişaf mərkəzinə çevirməkdədir: “Bu, danılmazdır. Unutmayaq ki, yol mədəniyyət, intibah, rahatlıq, müasirlikdir, ölkənin inkişaf səviyyəsini göstərən əsas faktorlardan biridir.  Yol, həm də ölkənin, kənd təsərrüfatının,  turizmin inkişafına yeni təkan verir. Bir sözlə, yol davamlı inkişafın aydın gələcəyi deməkdir. Bu baxımdan demək olar ki, çəkilən hər yol bölgəyə, ölkəyə yeni nəfəs gətirir. Şübhəsiz, bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağda və Şərqi Zəngəzurda uğurla aparılan yol infrastrukturunun genişləndirilməsi və təkmilləşdirilməsinin məntiqi nəticəsidir”.

Qvami Məhəbbətoğlu, “İki sahil”