10 noyabr 2023 10:40
364

Üçtərəfli Bəyanat Azərbaycanın parlaq diplomatik Qələbəsidir

Vətən müharibəsində Azərbaycanın Qələbəsini, Ermənistanın isə hərbi kapitulyasiyasını rəsmiləşdirən 10 noyabr Üçtərəfli Bəyanatının imzalanmasından üç il ötür. Bu Bəyanat uzun illər davam edən işğala son qoydu, münaqişənin hərbi mərhələsi başa çatdı. Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən qaytarıldı, 44 günlük müharibə Azərbaycanın tarixi Qələbəsi ilə nəticələndi. Düşmənin hərbi texnikası tamamilə məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu, yəni ordusu darmadağın edildi. Bu baxımdan, Üçtərəfli Bəyanatın imzalanması Azərbaycanın hərbi yolla qazandığı Zəfərin məntiqi nəticəsi idi.

Döyüş meydanında qazanılmış Zəfər siyasi müstəvidə də Qələbənin qazanılmasını şərtləndirdi. Azərbaycan həm döyüş meydanında, həm də danışıqlar masası arxasında istəyinə nail oldu. Üçtərəfli Bəyanatın birinci maddəsində qeyd olunan tərəflərin hazırda tutduqları mövqelərdə qalması birbaşa Azərbaycanın xeyrindədir. Çünki Ermənistan bu müharibədə hər hansı bir uğur əldə etməyib.

Bu Bəyanat status-kvonu dəyişdi, yəni Azərbaycanın maraqlarına tam uyğun hazırlanıb. Ali Baş Komandan İlham Əliyevin israrlı mövqeyi nəticəsində məğlub və çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi işğal edilmiş bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxmaq və bunun üçün çıxış qrafikini təqdim etməyə məcbur olub. Qarabağa heç bir status verilmir. “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi yoxdur. Qarabağın bütün rayonları digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazimizdir. Laçın dəhlizində təhlükəsizliyin təminatı Azərbaycanın səlahiyyətindədir. Silahlı Qüvvələrimiz Azərbaycanın bütün sərhədlərində Vətənin keşiyini çəkir.

Vətən müharibəsi nəticəsində ərazi bütövlüyümüz bərpa edildikdən sonra dövlətimizin başçısı status məsələsinin artıq tarixdə qaldığını elan edib. Prezident İlham Əliyevin 2021-ci il 7 iyul tarixli Sərəncamı ilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi bölgələri yaradılıb. Bu bölgədə yaşayan ermənilər, əlbəttə, digər vətəndaşlarımız kimi, Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuş bütün hüquq və azadlıqlardan bərabər şəkildə istifadə edəcəklər. Odur ki, Bəyanatda bu məsələ ilə bağlı hər hansı bir müddəanın olmaması düşünülmüş siyasətin növbəti təzahürü idi.

Bütün bunlar yaradılmış yeni reallığın hüquqi və siyasi bünövrəsini müəyyən edib. Bəyanatda Rusiya sülhməramlılarının bölgədə yerləşdirilməsi, kontingentin sayı, hərbi texnika və yerləşmə məntəqəsi dəqiqliklə göstərilib və bu yerləşmənin konkret zaman çərçivəsində həyata keçirildiyi ifadə olunub. Atəşkəsə nəzarətlə bağlı mərkəzin yaradılması müddəası əsasında 11 noyabr 2020-ci il tarixində müvafiq Memorandum imzalanmış və 2021-ci ilin 30 yanvar tarixində işğaldan azad olunan Ağdam rayonu ərazisində Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılışı olub. Bu isə Türkiyənin rəsmi qaydada atəşkəsə nəzarət prosesində iştirakını təmin edib.

Əminlikə deyə bilərik ki, bir çox mühüm məsələləri özündə ehtiva edən və bölgədə sülh və təhlükəsizliyin təmin olunması üçün zəruri çərçivəni müəyyən edən tarixi əhəmiyyətli Üçtərəfli Bəyanat Prezident İlham Əliyevin parlaq diplomatik qələbəsidir.

Meydanəli Yolçiyev,
YAP Daşkəsən rayon təşkilatının sədri