06 noyabr 2023 13:51
113

“Böyük Turan”nın “Astana”sında

Astanada  Türk Dövlətləri Təşkilatının “Türk əsri” çağırışı altında keçirilmiş  10-cu  Zirvə görüşü türk dövlətlərinin birliyinin sarsilmaz olduğunu bir daha dünyaya nümayiş etdirdi. İlk növbədə onu qeyd edək ki Türk Dövlətləri Təşkilatı regional təşkilat olmaqdan çıxaraq dünyada illərlə mövcud olan nüfuzlu təşkilatlarla bir sırada dayanan təşkilata çevrilmişdir. Artıq bu təşkilat öz sözünü deyən və dediyinin arxasında dayanan real gücə çevrilmişdir. Azərbaycan regionda yeni reallıqlar yaratdığı kimi Türk Dövlətləri Təşkilatı da dünyada yeni reallıqlar yaratmağa nail olub.

Şübhəsiz ki, bu təşkilatın yaranmasında Azərbaycan fundament rolunu oynamışdır. Türk dövlətlərinin bir araya gəlməsində Azərbaycanın birləşdirici rolu danılmazdir. Azərbaycan- Türkiyə qardaşlıq münasibətinin müttəfiqliyə çevriləsi bu təşkilatın gələcək inkişafına öz müsbət təsirini göstərir və göstərməkdədir. Hazırki dövrdə regional və etnik münaqişələrin mövcudluğu  eləcə də bir sıra dövlətlərarası münasibətlərin kəskinləşdiyi zamanda türk xalqlarının və dövlətlərinin birliyi vacib məsələdir və təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək gərəkdir. Türk Dünyası Təşkilatının 5 əsas- Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və 2 müşahidəçi üzvü var-Macarıstan və Türkmənistan. Gələcəkdə sıraların daha da genişləndirilməsinin vacibliyinə diqqət yetirən ölkə başçısı İlham Əliyev türk dövlətlərinin birliyinin, qarşılıqlı münasibətlərinin və fəaliyyətlərinin vacibliyinə diqqət yetirərək söyləmişdir:” Türk dünyası böyük bir ailədir. Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, mədəni, energetika, rəqəmsal transyformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı təhlükəsizlik, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq.”

Daha sonra Cənab İlham Əliyev çıxışında bir nüansa xüsusi diqqət yetirərək qeyd etmişdir ki, “Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir.Etnik və mədəni köklərimiz dilimiz ortaq keçmişimiz münasibətlərimizin təməlini təşkil edir. 2009-cu ildə Naxçıvanda keçirilən Zirvə görüşünü yada salan ölkə başçısı onu da bildirdi ki ötən müddət ərzində müxtəlif sahələrdə əməkdaşlığımız təsisatlanıb, Türk Dövlətləri Təşkilati uğurlu inkişaf yolu keçib. Bu gün təşkilatımız beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malikdir.

Bu illər ərzində Azərbaycan Türk dövlətlərinin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoymuşdur. Birgə sərmayə fondlarının yaradılması prosesinə başlanılmışdır. Azərbaycan-Özbəkistan İnvestisiya Fondu və Azərbaycan-Qırğızıstan İnkişaf Fondu yaradılıb.Azərbaycanın Türk dövlətləri ilə ticarət dövriyyəsi 40 faiz artmışdır.

Azərbaycan Şərq-Qərb nəqliyyat   dəhlizinin dayanıqlı fəaliyyətinə öz dəyərli töhfəsini verir.

2020-ci ilin sentyabrında Azərbaycanın Ermənistana qarşı apardığı uğurlu hərbi əməliyyatlar, daha sonra antiterror əməliyyatları, xüsusilə 23 saatlıq lokal antiterror əməliyyatı haqqında bəhs edən  cənab prezident  Azərbaycanın öz süverenliyini və ərazi bütövlüyünü tamamilə bərpa etdiyini,hazırda işğaldan azad olunmuş ərazilərdə aparılan iri miqyaslı abadlıq və quruculuq işlərini diqqətə çatdırdi.Qeyd olundu ki, bugünədək  abadlıq işlərinə dövlət budcəsindən 7 milyard ABŞ dolları həcmində vəsait sərf olunub. Növbəti il ən az 2.5 milyard ABŞ dollarının ayrılacağı nəzərdə tutulub.

Prezident 2026-cı ilədək Qarabağa və Şərqi Zəngəzura 140 mindən çox vətəndaşın dönməsinin nəzərdə tutulduğunu bildirib.

Qeyd edək ki, işğaldan azad olunmuş bölgələrdə aparılan quruculuq işlərinə Türk Dövlətləri Təşkilatının üzvü olan qardaş Özbəkistan və Qazaxıstan dövlətləri də öz töfhələrini vermişlər.  Özbəkistan tərəfindən Füzuli şəhərində məktəb, Qazaxıstan tərəfindən isə yaradıcılıq mərkəzi inşa olunmuşdur. Hesab edərəm ki, artıq Türk Dövlətləri Təşkilatı gələcəkdə daha cox beynəlxalq səviyyəli humanitar və digər xarakterli təşəbbüslərlə çıxış edərək öz yerini və mövqeyini daha da möhkəmləndirəcək.

Zibaxanım Cəfərli,
YAP Xətai Rayon təşkilatının "Məhsəti 3" ərazi partiya təşkilatının sədr müavini